10 Aprel 2022 02:46
2540
SİYASƏT
A- A+

İlham Əliyev siyasəti - Zəfərə aparan yol

 

Hər bir xalqın, dövlətin strateji yolunu, siyasi taleyini, perspektivlərini müəyyənləşdirən həlledici anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq istiqlaliyyət ideyasına və məfkurəsinə sadiqliyini, mübarizə əzmini, siyasi potensialını, zəngin dövlətçilik ənənələrini, eləcə də unikal, bənzərsiz milli dəyərlərini dünyaya nümayiş etdirən, tarixin ictimai-siyasi yaddaşına əbədi həkk etdirən Azərbaycan xalqı da bu baxımdan istisna deyil.

Azərbaycanın timsalında strateji dönüş nöqtəsi adlandırılan, milli inkişafı, intibahı, tərəqqini və yüksəlişi təmin edən bir çox mühüm amil var, bir çox tarixi an və məqam var, amma həlledici faktorlar sırasında liderlik fenomeni xüsusi yer tutur. Xüsusilə də 1991-ci ildə formal müstəqillik əldə etsə də, ilk illərdə suverenliyini təmin etməmiş, dövlətçiliyin ictimai-siyasi dayaqlarını gücləndirməmiş Azərbaycanın öz siyasi taleyinin sahibi olan qüdrətli dövlətə çevrilməsini, tarixi nailiyyətlər qazanaraq tərəqqi və qələbə zirvəsinə yüksəlməsini mümkün edən amil liderlik fenomeni olmuşdur. Başqa sözlə, güclü, nüfuzlu, qətiyyətli, milli maraqlara və milli-mənəvi dəyərlərə əsaslanan siyasət yürüdən liderlər - Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin strateji fəaliyyəti sayəsində Azərbaycanın adı nüfuzlu dövlətlər sırasında çəkilməyə başlanmış, üçrəngli bayrağımız qələbə zirvəsində qürurla və əzəmətlə dalğalanmış, qalib dövlətin vətəndaşları - müzəffər xalqın nümayəndələri olmaq milli qürurunu yaşamışıq. Ümummilli Liderimizin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı artıq hər birimizin milli şüarına çevrilmiş, milli-siyasi şüurumuza əbədi yazılmışdır!

 

Xalqın seçimi - dövlətin yüksəlişi

 

Təbii ki, bu nailiyyətlər lider-xalq birliyi, xalqın öz qətiyyətli, milli maraqlara, müasir çağırışlara adekvat siyasət həyata keçirən, dövlətin strateji mənafelərini üstün tutan Liderini birmənalı və prinsipial olaraq dəstəkləməsi sayəsində mümkün olmuşdur. 11 aprel 2018-ci il tarixində keçirilmiş prezident seçkilərinin nəticələri də bu gerçəkliyin daha bir əyani ifadəsi, növbəti bariz nümunəsidir.

Seçkilərdə xalqımızın iradəsi əsasında cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, təbii ki, gözlənilən - proqnozlaşdırılan idi. Çünki o zamana qədər son 15 ildə (2003-2018) Heydər Əliyev siyasətini uğurla, uzaqgörənliklə davam etdirən cənab İlham Əliyev Azərbaycanın iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini təmin etmiş, mürəkkəb şərtlər və şərait fonunda, sərt geosiyasi mübarizə və rəqabətin aparıldığı vəziyyətdə yaxşı perspektivlər - gələcəyə nikbin baxış formalaşdırmışdı. Bu dövrü ehtiva edən statistika məlum, mənzərə aydındır. Xalq Heydər Əliyev yoluna, İlham Əliyevin siyasətinə ona görə bir daha “hə” demişdi ki:

- 2003-2018-ci illər ərzində həyata keçirilən səmərəli iqtisadi siyasət nəticəsində ümumi daxili məhsul 3,3 dəfə, büdcə gəlirləri 18,4 dəfə, strateji valyuta ehtiyatları 26,6 dəfə artmışdır. Xarici ticarət dövriyyəsinin 6,1 dəfə, ixracın həcminin 7,8 dəfə artması  isə Azərbaycanın iqtisadi potensialının yüksəlməsini təmin etmişdir;

- Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” tezisi söz ilə əməlin vəhdətini ifadə edir. 2003-2018-ci illər ərzində həyata keçirilən nümunəvi sosial siyasətin nəticələri də bu reallığı təsdiqləyir. Həmin dövrdə əhalinin nominal gəlirləri 9,3 dəfə, minimum əməkhaqqı 14,4 dəfə, əhalinin banklardakı əmanəti 33,2 dəfə, maaşlar təxminən 7 dəfə, pensiyalar 9,3 dəfə artmışdır. 2 197 352 yeni iş yerinin açılması, işsizliyin səviyyəsinin 9,2 faizdən 4,9 faizə, yoxsulluğun səviyyəsinin isə 44,7 faizdən 5,1 faizə endirilməsi İlham Əliyevin sosial siyasət modelinin effektivliyini əks etdirən faktlardan idi;

- İnnovasiyalara və müasir texnologiyalara əsaslanan iqtisadiyyat quruculuğu, sistemli, kompleks xarakterli islahatlar 2003-2018-ci illərdə Azərbaycanın qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyinin güclənməsini təmin etmişdi. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci pillədə qərarlaşması, MDB məkanında liderliyini qoruyub saxlaması, dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınması, innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olması Azərbaycan Prezidentinin yeni reallıqlara - modern tendensiyalara əsaslanan dövlət quruculuğu siyasətinin təzahürü və nəticəsi idi;

- Həmin müddət ərzində iqtisadiyyatın neft-qaz sektorunun inkişaf etdirilməsi Azərbaycanın həm tərəqqisinə, həm də dünyada etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması, 2018-ci ildə Bakıda “Cənub qaz dəhlizi” layihəsinin, Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışının olması Azərbaycanın strateji valyuta ehtiyatlarının, maliyyə imkanlarının, regional və beynəlxalq enerji təhlükəsizliyində rolunun artmasını, həmçinin iqtisadi və siyasi əlaqələrinin genişlənməsini şərtləndirdi;

- Cənab İlham Əliyev dayanıqlı, dinamik iqtisadi sistem formalaşdırmaq və inkişafın ardıcıllığını təmin etmək üçün qeyri-neft sektorunun yüksəlişini strateji prioritetlərdən biri kimi müəyyənləşdirdi, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etdi. Neft gəlirlərindən səmərəli istifadə edilməsi bu prosesə çox mühüm töhfə verdi. Paralel olaraq infrastrukturun yenilənməsi və təkmilləşdirilməsi Azərbaycanın inkişafına əlavə təkan verdi. 30-dan çox elektrik stansiyasının tikilməsi, 15 min kilometr yeni yol çəkilişi, yeddi hava limanının tikilməsi, Xəzər dənizində ən böyük yeni ticarət limanının inşası, dəmir yolu infrastrukturunun yenilənməsi, su və qaz təchizatının yaxşılaşdırılması bu kontekstdə xüsusi qeyd edilməlidir;

- Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını bir nömrəli milli məsələ və xarici siyasət kursunun əsas strateji istiqaməti kimi müəyyənləşdirən Prezident İlham Əliyev hücum diplomatiyası həyata keçirməklə Azərbaycan reallıqlarının təbliğ, erməni yalanlarının isə ifşa olunması ilə bağlı mühüm nailiyyətlər qazanılmasını təmin etdi. Xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər bu kimi qurumlarda səmərəli, fəal diplomatik işin aparılması Azərbaycana mühüm üstünlüklər qazandırdı. 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi olmaqla yanaşı, Ermənistanın işğalçı və terrorçu siyasətinin dünya ictimaiyyətinin diqqətinə daha dolğun çatdırılması baxımından müstəsna əhəmiyyətə malik oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni bu, özlüyündə böyük bir göstəricidir. Birinci növbədə, ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20 yaşı tamam olmuşdu. Digər tərəfdən, bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət edən amillərdən biri idi. Çünki dünya birliyinin mütləq əksəriyyəti bizə inandı, bizə etimad göstərdi və bizə öz səsini vermişdi”. Təbii ki, Azərbaycan bu etimadı doğrultdu, BMT TŞ-dəki fəaliyyəti ilə humanizm dəyərlərinə, dünyanın müxtəlif regionlarındakı münaqişələrin aradan qaldırılması üçün göstərilən səylərə verdiyi dəstəyi, önəmi nümayiş etdirdi. Ölkəmizin sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirildi, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edildi ki, burada Azərbaycanın strateji fəaliyyəti və fəallığı yüksək qiymətləndirildi;

- 2003-2018-ci illəri əhatə edən dönəm həm də Azərbaycan Ordusunun hərbi potensialının, gücünün artması, vətənpərvərlik ruhunun yüksəlməsi ilə səciyyələndi. Prezident İlham Əliyevin uğurlu, səmərəli və nümunəvi ordu quruculuğu siyasəti nəticəsində silah-sursat, texnika ilə təchizat, döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasına daxil oldu və öz sözünü döyüş meydanında dedi. 2016-cı ildə Ermənistanın diversiya-təxribat cəhdləri nəticəsində baş vermiş dördgünlük Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızı azad etmək gücündə, əzmində və iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu 2000 hektara yaxın ərazini, o cümlədən Lələtəpə və Talış yüksəkliklərini azad etməklə həm də “güclü Ermənistan ordusu” mifini darmadağın etmiş oldu. Şübhəsiz ki, 4 günlük döyüşlərdən 44 günlük müharibəyə gedən yolda atılan hər bir addım Azərbaycanın tarixi Qələbəsinə - möhtəşəm Zəfərinə etibarlı zəmin formalaşdırdı;

- Prezident İlham Əliyev fiziki, mənəvi cəhətdən sağlam, vətənpərvər gəncliyin yetişməsi və milli ruhda tərbiyəsi, bu kontekstdə qara qızılın intellektual kapitala çevrilməsi istiqamətində də Azərbaycanın yeni strateji yol xəritəsini müəyyənləşdirdi, qarşıda duran məqsəd və hədəflərə çatmaq üçün sistemli fəaliyyəti təmin etdi. Keyfiyyətli təhsilə əlçatanlığın gücləndirilməsi, xaricdə təhsil imkanlarının genişləndirilməsi, milli həmrəyliyin əsasını təşkil edən azərbaycançılıq ideologiyasının təşviqinə və təbliğinə xüsusi diqqət yetirilməsi, Azərbaycanın idman ölkəsinə çevrilməsi və digər mühüm istiqamətlərdə atılan addımlar respublikamızın intibahını, yüksəlişini və tərəqqisini sürətləndirdi.

 

Söz ilə əməlin vəhdəti

 

Şübhəsiz ki, 11 aprel 2018-ci il tarixində keçirilmiş seçkilərin nəticələri təkcə siyasi-hüquqi reallıqları ifadə və ehtiva etmir, həm də strateji əhəmiyyətə malikdir. Çünki Azərbaycan xalqının cənab İlham Əliyevə növbəti dəfə inam ifadə etməsindən - etimad göstərməsindən sonra istər daxili, istərsə də xarici siyasətdə çox mühüm addımlar atıldı, qarşıda duran yeni strateji hədəflərin reallaşdırılması istiqamətində növbəti mərhələ başlandı. 

Cənab İlham Əliyev andiçmə mərasimində “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” ,- deyə qətiyyətlə bəyan və ifadə etmişdi. Zaman Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirməsinə şahidlik etdi - cənab

İlham Əliyev bir daha sübuta yetirdi ki, Onun sözü imzası qədər dəyərli, dəyərli olduğu qədər də keçərlidir. 

2018-ci ildən başlayaraq görülən işlər nəticəsində:

- Azərbaycanın iqtisadi sistemi gücləndirildi, yeni qlobal təsirlərə və şoklara davamlı hala gətirildi, maliyyə imkanları genişləndirildi, strateji valyuta ehtiyatlarının artması tendensiyası davam etdi;

- Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar sistemli fəaliyyət davam etdirildi, reallaşdırılan tədbirlər bölgələrdə iqtisadi fəallığın artmasına, əhalinin rifahının yüksəlməsinə təkan və töhfə oldu;

- Cənab İlham Əliyev andiçmə mərasimində yeni islahat dalğasının anonsunu vermişdi. Qısa müddət ərzində çoxşaxəli institusional və digər xarakterli reformalar idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə, ən əsası, Azərbaycan dövlətinin milli gücünün artmasına etibarlı zəmin, əlverişli şərait formalaşdırdı;

- İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın yaranması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın mühüm prioritetləri reallaşdırmasına, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan verdi;

- Çoxşaxəli reformalar kursu inam və etimad ünvanı olan, ümumxalq partiyası kimi Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən isə Zəfərə aparan Yeni Azərbaycan Partiyasını da əhatə etdi. Hakim və alternativsiz siyasi qüvvə olan YAP-ın ötən il martın 5-də baş tutmuş VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoydu. Qurultayda qəbul edilən qərarlar və ötən müddət ərzində mühüm addımların atılması, müxtəlif tədbirlərin keçirilməsi partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi, ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. Bu, həm də milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən dövlətin strateji maraqlarının müdafiəsi naminə sağlam ictimai rəyin formalaşması baxımından önəmlidir. Görülən işlər həm gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsi, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həm də partiyamızın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmlidir. Partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də milli-strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar yaradır;

- Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strateji kursunun nəticəsi olaraq xalqımızın həmrəyliyinin daha da gücləndirilməsi Azərbaycanın qüdrətinin artmasını təmin etməklə yanaşı, ölkəmiz üçün yeni perspektivlər açıb. Azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, paralel olaraq respublikamızda müxtəlif xalqların nümayəndələrinin sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşaması, islahatlar nəticəsində siyasi qüvvələrin ümummilli məsələlərdə vahid platformada birləşməsi və digər amillər milli birliyin əsaslarını gücləndirib;

- Əhalinin sosial müdafiəsinin mütəmadi olaraq möhkəmləndirilməsinə xidmət edən sosial siyasətin reallaşdırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması və digər məqsədyönlü addımlar vətəndaş məmnunluğunun artmasını şərtləndirib;

- Azərbaycanın dünya miqyasında reputasiyası güclənib. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat və enerji layihələrinin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Respublikamızın həmçinin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və sədrlik etməsi Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji əhəmiyyətinin göstəricisidir. Təsadüfi deyil ki, bu gün ölkəmiz həm müstəqil siyasət yürüdən regional güc mərkəzi, həm nüfuzlu və etibarlı tərəfdaş, həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır, beynəlxalq təşkilatlara rəhbərlik, mötəbər tədbirlərə isə evsahibliyi edir. Prezident İlham Əliyevin səmərəli fəaliyyəti və yüksək təşəbbüskarlığı sayəsində Azərbaycan ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynayıb, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verib. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-cu ildən isə həmin təşkilata uğurla sədrlik etməsi bu qəbildən olan nümunələr sırasındadır. Ona görə də nüfuzlu strateji araşdırma mərkəzləri, beynəlxalq ekspertlər tərəfindən ifadə edilən rəylərdə Şərqlə Qərb arasında mənəvi-siyasi və mədəni-intellektual körpü rolunu oynayan Azərbaycanın beynəlxalq əməkdaşlıq prosesinə fundamental töhfələr verməsi olduqca yüksək dəyərləndirilir;

- Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət kursu ilə yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində ölkəmiz qarşıya qoyduğu bir çox hədəflərə nail olub. Xüsusilə də Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında reallaşdırılan layihələr vətəndaş məmnunluğunun artmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, ölkəmizin müsbət imicinin beynəlxalq aləmdə daha da möhkəmlənməsində əvəzsiz rola malikdir. Həmçinin Azərbaycan mədəniyyətinin, ölkəmizin zəngin tarixi irsinin qlobal arenada sistemli şəkildə təbliğ olunması, multikulturalizmin və tolerantlıq ənənələrinin təşviqi, sivilizasiyalar arasında dialoqun inkişafına xidmət edən strateji tədbirlərin həyata keçirilməsi olduqca önəmli və faydalıdır;

- Nəhayət, bütün andiçmə mərasimlərində olduğu kimi, 18 aprel 2018-ci il tarixli inaqurasiyada da Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriliyinə toxunan cənab İlham Əliyev qətiyyətli Lider, cəsur Sərkərdə, polad iradəli Ali Baş Komandan kimi fəaliyyətini davam etdirərək 2 il 7 ay sonra bu ali məqsədə nail olaraq strateji hədəfə çatdı və torpaqlarımız işğaldan azad edildi! Sözsüz ki, bu, xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi, müstəsna siyasi hadisə və dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi, eyni zamanda, Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.

 

Qələbə formulu - güclü dövlət konsepsiyası

 

Çox vacib məqamlardan biri  Böyük yolun - Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin bu tarixi, möhtəşəm, bənzərsiz və şanlı qələbəyə necə nail olması - milli Zəfərin necə qazanılmasıdır. Şübhəsiz ki, torpaqlarımız döyüş meydanında Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olundu. Lakin məsələnin mahiyyəti daha dərin, məzmunu daha genişdir. Daha dəqiq desək, Prezident İlham Əliyevin milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət konsepsiyası Azərbaycanı tarixi Zəfərə aparan amil oldu. Yəni ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müstəqillik illərində həyata keçirilən uğurlu və ardıcıl strateji kursun məntiqi nəticəsidir.

Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasət sayəsində Azərbaycanın milli gücünün və iqtisadi potensialının artırılmasına, torpaqların işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu.

Paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında - hərb səhnəsində təmin etməsini şərtləndirdi.

Azərbaycan öz hədəfinə - ərazi bütövlüyünün bərpasına doğru hücum xarakterli, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə irəlilədi. Müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, sürətli yüksəlişin təmin edilməsi Azərbaycanın haqq işində qətiyyətli və birmənalı mənəvi-siyasi dəstək qazanılması baxımından xüsusi əhəmiyyətə malik oldu. Qərəzli dairələrin məkrli planlarının iflasa uğradılması, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması münaqişənin həlli istiqamətində ölkəmizin mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Hücum diplomatiyasının tərkib hissəsi kimi uğurlu informasiya strategiyasının tətbiq olunması, mərkəzlərin Azərbaycana qarşı qara piar kampaniyasının fiaskoya uğradılması da mövqeyimizi möhkəmləndirən və təsir imkanlarımızı artıran çox önəmli amillərdən biri oldu.

Bütün bunlar Azərbaycana ərazi bütövlüyünün bərpası üçün çox mühüm üstünlüklər qazandırdı və son sözü döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu dedi .

 

XXI əsrin üçüncü onilliyi - yeni hədəflər və perspektivlər

 

Şübhəsiz ki, qalib xalq olaraq yaşamaq məğlub toplum kimi siyasi varlığını süründürməkdən şərəfli olmaqla yanaşı, daha çətin və daha məsuliyyətlidir. O səbəbdən hərb meydanında qazanılmış Zəfəri strateji prosesə çevirmək və Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirmək vacibdir, tarixi zərurətdir.  Xüsusilə də nəzərə almaq gərəkdir ki, bu Qələbə təkcə torpaqlarımızın işğaldan azad olunması - Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli tərəqqinin yeni mərhələsinin başlanğıcı, yeni şanslar, yeni fürsətlər, yeni perspektivlər deməkdir.

Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparılması, həmin torpaqlarda layiqli və dayanıqlı məskunlaşmanın təmin olunması üçün Böyük Qayıdışın həyata keçirilməsidir. Bu istiqamətdə mühüm addımlar atılır, həmin ərazilərdə müasir texnologiyalardan istifadə olunur, innovasiyalar tətbiq edilir, yeni infrastruktur yaradılır, beynəlxalq əməkdaşlıq çərçivəsində investisiya cəlb olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanından irəli gələn vəzifələrin icrası da diqqət mərkəzində saxlanılır. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə ardıcıl işlərin görülməsi, iqtisadi potensialdan səmərəli istifadə olunması milli inkişafın sürətlənməsinə əlavə təkan olacaq.

Bununla yanaşı, regionda kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Bu, Azərbaycanın həm tranzit, həm də ixracatçı ölkə kimi mövqeyini möhkəmləndirəcək, Şərqdən Qərbə, Asiyadan Avropaya doğru geniş coğrafiyada Azərbaycanın geosiyasi nüfuz zonasının, işbirliyi və inteqrasiya dairəsinin genişlənməsini təmin edəcək.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri, ikitərəfli münasibətlər formatında və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər zamanı qətiyyətli mövqe sərgiləməsi göstərir ki, ölkəmizin mövqeyi dəyişməzdir, respublikamız bütün strateji hədəflərinə doğru addım-addım irəliləyir, öz gücü ilə milli məqsədlərə nail olmaq iqtidarında olduğunu nümayiş etdirir. Cənab İlham Əliyev tarixin ən güclü Azərbaycanının Lideri kimi tarix yazmağa davam edir, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir çağırışlara adekvat cavab verən suveren ölkə kimi irəliləməsini təmin edir.

Nəzər yetirdiyimiz faktlar - istinad etdiyimiz reallıqlar, o cümlədən 2018-ci ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, qüdrətli, söz - nüfuz sahibi olan Azərbaycan reallığı Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Əsrə bərabər inkişaf və Zəfər yolu isə Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni strateji nailiyyətlərə və zirvələrə doğru aparır.

 

Tahir BUDAQOV,

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video