18 May 2022 02:15
886
SİYASƏT

İLHAM ƏLİYEV babalarımız Şah İsmayılın, Nadir şahın qələbə bayrağını Qarabağda dalğalandırdı

 

Dünya Qızılbaşları Müzəffər Komandanın "dəmir yumruğ"u ətrafında mütəşəkkil şəkildə birləşir

 

"Əsrlər sonra baba yurdum Azərbaycana, əcdadım Əliqulu xanın yaşadığı Qarabağa, Şuşaya ayaq basanda qəlbimdə heyrətamiz duyğular oyandı... Bu hisslər məni 400 il əvvələ apardı...

Şuşanı gəzərkən sanki ulu babalarımın şad olan ruhları da mənimlə birgə addımlayırdı. Hərdən mənə elə gəlirdi ki, əcdadlarım kimi mən də Qarabağın qızılı rəngli atının üstündə Cıdır düzündə çapıram. Həmin gün həyatımın ən qürurlu anlarını yaşadım və ömrümdə heç vaxt özümü belə xoşbəxt hiss etməmişdim".

Hazırda Kanadada yaşayan tibb elmləri doktoru, əslən azərbaycanlı Arşi Qızılbaş illər sonra Vətənə dönüşünün, xüsusən də əcdadlarının yaşadığı Qarabağın tacı sayılan Şuşaya səfərinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zəfər qurultayında iştirakının onda yaratdığı böyük fəxr və qürur hissini bizimlə bölüşür.

 

400 ildən sonra Vətənə qayıdışın qüruru

 

ABŞ-ın Harvard Tibb Məktəbinin məzunu olan Arşi Qızılbaş Amerikada tibbi klinik araşdırmalar üzrə fəaliyyət göstərən "Delta Health" firmasının baş direktoru, həmçinin Dünya Qızılbaş Qlobal İrsi Şura Təşkilatının (Qizilbash Global Heritage Şura) Amerika regionları üzrə rəhbəridir. 

Əcdadlarının yurduna səfər Arşinin həyatında silinməz izlər qoyub və özünün təbirincə desək, həyatındakı ən böyük arzusu reallaşıb. Qarabağın, Şuşanın ecazkarlığı, doğmalığı ömür səhifələrində unudulmaz anlara çevrilib: "Həyatımın ən qürurlu anlarını yaşayıram. İllər sonra əcdadlarımın yurduna səfərlə ən böyük arzumu gerçəkliyə çevirdim. Buna görə də qüdrətli Azərbaycanın Müzəffər Komandanı İlham Əliyevə minnətdaram".

Arşi Qızılbaş bir etnik azərbaycanlı kimi İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Şuşada keçirilməsi, 65-dən çox ölkədən 400-dən artıq soydaşımızın bu mütəşəkkil toplantıda iştirakını yüksək qiymətləndirir. Sözlərinə görə, dünya Qızılbaş irsinin nümayəndələri müxtəlif ölkələrdə - Kanadada, Amerikada, Pakistanda, Əfqanıstanda yaşasalar da, nəbzləri hər zaman Azərbaycanla döyünür. Azərbaycanın hər bir uğuru, qələbəsi onları da qürurlandırır.

Qarabağın işğalı nəticəsində el-obasından didərgin salınan Azərbaycan vətəndaşlarının artıq məcburi köçkün sayılmadıqları kimi, dünyadakı Qızılbaş irsinin nümayəndələrinin də vətənsizlik "statusunun" ləğv olunduğunu söyləyən Arşi Qızılbaş deyir ki, onlar bu günləri əsrlərlə gözləyiblər: "Qarabağın işğalı ilə bir milyondan çox  azərbaycanlı yurdundan didərgin düşüb 30 il məcburi köçkün həyatı sürdülər. Dünyanın müxtəlif ölkələrində yaşayan Qızılbaş irsinin nümayəndələri də elə eyni ağrı-acını, qəm-qüssəni, yurd həsrətini əsrlərlə yaşadılar. Yəni sizlərin Qarabağ həsrəti 30 il çəkdisə, biz bu günləri 400 il gözlədik, Vətən nisgilimiz 4 əsrə bərabər oldu. Uzun zaman gözlədik, səbir etdik. Sonunda Uca Tanrı Azərbaycana cənab İlham Əliyevin timsalında elə bir qüdrətli sərkərdə, xilaskar lider nəsib etdi ki, yürütdüyü siyasətlə bütün dünya azərbaycanlılarını "dəmir yumruq" ətrafında sıx birləşirdi. Qızılbaşların tarixi vətəni Qarabağı azad etdi".

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı zəfərini də qiymətləndirən Arşi Qızılbaşın fikrincə, bu tarixi qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qüdrətli ordusudur: "İndi biz Qızılbaşlar dünyanın istənilən yerində qürurla gəzirik, çünki qalib xalqın nümayəndələriyik. İlham Əliyev dünya siyasi arenasında qətiyyətli, prinsipial siyasətçi olmaqla yanaşı, savaş meydanında da əsl sərkərdə olduğunu sübut etdi. Son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı. Müzəffər Komandan kimi böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı. Ən əsası isə İlham Əliyev babalarımız Şah İsmayılın, Nadir şahın qaldırdığı qələbə bayrağını Qarabağda dalğalandırdı. Dünya Qızılbaşları da Müzəffər Komandanın "dəmir yumruğ"u ətrafında sıx birləşir".

İndi  Arşi Qızılbaşın bir arzusu da var. Qızılbaş ailəsinə mənsub hər kəsin doğma yurdları olan Qarabağı ziyarət etmələridir. Şəxsən özü isə Qarabağ və Şərqi Zəngəzurun inkişafı istiqamətində görülən işlərə dəstək vermək niyyətindədir. Buna görə də yenidən qurulan bölgədə xüsusən, səhiyyə sahəsinə öz dəstəyini göstərmək üçün bir daha Azərbaycana səfər etməyi planlaşdırır.

 

Qızılbaşlar dünyaya  necə yayılıblar?

 

Tarixdən məlum olduğu kimi, Qızılbaşlıq Azərbaycanda yaranıb. Bu tayfanın hakim mövqedə olduğu Səfəvilər dövləti həm də "Qızılbaşlar dövləti" adlandırılıb. Səfəvilər dövləti bugünkü Azərbaycan, İran, İraq, Ermənistan, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib. Bu da onu deməyə əsas verir ki, qızılbaşlar bu ərazilərdə kök salaraq dünyanın dörd bir yanına səpələniblər.

XV əsrin ikinci yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türk tayfalarının tarixində yeni bir səhifə açıb. Qızılbaşlar əvvəlcə şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsaq, qaradağlı, sonralar isə bayat, qaramanlı, baharlı, alpaut, ərəşli, qazaxlı və başqa türk tayfalarını birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.

Tariximizin iki mərhələsində Azərbaycan torpaqlarından böyük köç baş verib. Bunlardan biri Şah Təhmasib tərəfindən Moğol imperatoruna göndərilən 12000 qızılbaş döyüşçüsü, digəri isə Nadir Şah Avşar tərəfindən Hindistan və Əfqanıstanın istilası zamanı ora apardığı Cavanşirlər, Bayat və Avşar boylarıdır. Hazırda isə dünyanın müxtəlif ölkələrində milyonlarla Qızılbaş məskunlaşıb.

Pakistanda qızılbaşların sayı və rolu daha çoxdur. Qızılbaşlar bu ölkəyə prezident, nazirlər, generallar, səfir, hakim bəxş ediblər. Bu gün də Pakistan ordusunda xidmət edən qızılbaş generallar və yüksəkrütbəli zabitlər var.

Pakistan və Hindistan ərazisində Azərbaycan türkləri 15-20-ci yüzilliklərdən bəri yaşayırlar. Onların çoxu 19-cu yüzillikdə Əfqanıstandan köçənlərdir və burada da Əfqanıstanda olduğu kimi, qızılbaş soyadını daşıyırlar. Özbəkistana Azərbaycan türklərinin - qızılbaşların köçü 16-19-cu yüzilliklərdə baş verib. Oradakı icmanın təmsilçilərinin bir çoxu 1785-1830-cu illər arasında indiki Türkmənistanda yerləşən tarixi Mərv şəhərindən köçürülən əslən Gəncəli Qacarlardır.

 

Dünya  Qızılbaşlarını  bir  araya  toplayan  gəncin  uğurlu  missiyası

 

Əsrlər öncə Azərbaycanın tarixi torpaqlarından köçən soydaşlarımızın yenidən bir araya gəlməsi, təşkilatlanması üçün ciddi səylər göstərilir. Onların vahid mərkəzdə birləşməsini təmin etmək üçün yaradılan Dünya Qızılbaş Qlobal İrsi Şura Təşkilatında xaricdə yaşayan soydaşlarımız, xüsusən də gənclər təmsil olunurlar.

Bu vacib təşəbbüsün müəllifi isə gənc vətənpərvər Babək Hüseynlidir. Babək İngiltərədə təhsil alıb, London şəhərində aktiv diaspor fəaliyyəti ilə məşğul olub. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdıb müxtəlif özəl və dövlət qurumlarında çalışıb.

Qızılbaşların baş məskənlərindən sayılan Qarabağda, Xocavənd rayonunda vətənpərvər ailədə doğulan Babəkin əmisi, Birinci Qarabağ müharibəsində igidliyi, qəhrəmanlığı ilə düşmənə gözdağı verən Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovdur. Atası Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun özünümüdafiə taborunun komandiri olmuş Eyvaz Hüseynov çoxsaylı döyüş əməliyyatlarına rəhbərlik etmiş, həmçinin 2016-cı il Aprel döyüşlərində və Vətən müharibəsində də yenidən hərbi mundiri geyinərək haqq savaşına qatılmışdı. Əmiləri Əbülfət və İlyas Hüseynovlar da torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə iştirak edən qəhrəmanlardır. Həm Babək Hüseynli, həm də qardaşı Cavidan Hüseynli II Qarabağ müharibəsində iştirak etmişlər.

İndi Babək Hüseynli sələflərinin Qarabağ yürüşünü, qəhrəmanlıq salnamələrini zehni, təşkilatçılıq bacarığı ilə davam etdirir, çox mühüm əhəmiyyətli xoşməramlı missiyanı üzərinə götürərək Azərbaycan tarixinə töhfə verir.

Onunla qızılbaşların sayı, yaratdığı təşkilat, qarşıda duran məqsədlər, planlar barədə söhbətləşdikdə bəlli oldu ki, əvvəllər Pakistan, Hindistan, Əfqanıstan, Türkmənistan və Özbəkistanda yaşayan soydaşlarımızın sayı ilə bağlı dəqiq rəsmi məlumat olmayıb. Türkmənistan və Özbəkistandakı soydaşlarımızın statistikası, əsasən, sovet və postsovet dövründə Azərbaycandan oraya köçənləri ehtiva edir. Lakin bu ölkələrdə daha qədim və köklü icmalarımız var ki, onlar indiyəcən "kəşf edilməyib".

Müxtəlif ölkələrdə yaşayan qızılbaş nəslinin davamçılarını əvvəlcə "Feysbuk" sosial şəbəkəsi üzərindən bir araya toplayan Babək Hüseynli bu təşəbbüsün daha böyük hədəflərə doğru irəlilədiyini deyir. O, dünyada qızılbaş adı altında yaşayan azərbaycanlıların soy yaddaşının yaradılması ilə bağlı işlərin başladığını, yüzlərlə soydaşımızın məlumatlarının (ad, soyad və əlaqə nömrələri) toplandığını bildirir. Hazırda "Feysbuk"da yaratdığı "Qizilbash Global Heritage Şura" səhifəsi də bu məqsədlərə xidmət edir.

"Qizilbash Global Heritage Şura" səhifəsində 20-dən artıq ölkədən minlərlə həmvətənimiz aktiv fəaliyyət göstərir, müxtəlif sahələrdə fikir və informasiya mübadiləsi aparırlar. Qrup üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Əcnəbi ölkədə doğulub oranın bir parçasına çevrilmiş və qloballaşma dövrünün reallıqlarını yaşayan bu gənclər indi soy-köklərinə bağlılıq göstərir, qızılbaş mahiyyətləri və Azərbaycan əsilli olmaları ilə qürur duyurlar: "Əsas məqsədimiz Azərbaycanı, dilimizi, tariximizi, zəngin mədəniyyətimizi tanıtmaq, dünyanın hər yerində Azərbaycana bağlı insanların sayını artırmaqdır".

Babək Hüseynli və Arşi Qızılbaşın birgə təşəbbüsü ilə yaradılan Qızılbaş Qlobal İrsi Şura Təşkilatı bu ilin fevral ayının 10-da Kanadada rəsmi qeydiyyatdan keçib. Şuranın prioritet fəaliyyət istiqamətləri Pakistan, Hindistan, Əfqanıstan, Türkmənistan və Özbəkistanda yaşayan, eyni zamanda bu ölkələrdən dünyanın müxtəlif istiqamətlərinə köçmüş, orada yaşayan Qızılbaş əsilli soydaşlarımıza ölkəmizi, dilimizi, tariximizi, zəngin mədəniyyətimizi tanıtmaqla, dünyanın hər yerində Azərbaycana bağlı insanların sayını artırmaq, Azərbaycan Səfəvi dövlətinin əsas özəyini təşkil edən dünya qızılbaşlarını bir yerə cəmləmək, Azərbaycanın şanlı tarixi, mədəniyyəti ilə tanış etmək və ölkəmizin beynəlxalq aləmdə etibarını artırmaqdır.

 

Prezident Zəfər qurultayında gənclərin üzərinə mühüm vəzifələr qoydu

 

Babək Hüseynli həmçinin Şuşada İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zəfər qurultayı və orada qəbul edilən qərarları çox yüksək qiymətləndirərək deyir ki, dövlət başçısının Azərbaycan diasporuna, xaricdə yaşayan soydaşlarımıza verdiyi tapşırıqlar icra olunarsa, çox uğurlu nəticələr verəcək.

Onun fikrincə, 400-dən artıq soydaşımız qarşısında qətiyyətli, iftixarlı çıxışı ilə dünyaya mesaj verən Müzəffər Komandan İlham Əliyevin konseptual xarakter daşıyan nitqi eyni zamanda diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva edib: "Zəfər qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanırdı. Prezident İlham Əliyev hər zamankı kimi əsl reallıqları açıqlayıb bizlərə doğru yol göstərdi. Xilaskar liderin hər bir hikmətli fikri Azərbaycan diasporunun fəaliyyəti üçün həm də yol xəritəsi oldu. Cənab Prezident xaricdə yaşayan hər bir azərbaycanlı, diaspor üzvləri üçün postmünaqişə dövrünün reallıqları fonunda görüləcək işlərin əsas istiqamətlərini, fəaliyyət platformasını müəyyənləşdirdi. Dövlət başçısı tövsiyələri, tapşırıqları ilə xüsusən biz gənclərin üzərinə mühüm vəzifələr qoydu. İnanıram ki, Zəfər qurultayı Azərbaycan diasporunun fəaliyyətinin güclənməsində böyük rol oynayacaq".

Babək həmçinin deyir ki, Bakıya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Qızılbaş Qlobal İrsi Şurasının müxtəlif ölkələrində yaşayan bir qrup üzvü ilə onlayn formatlı görüşü də keçirilib. Görüşdə təşkilatın fəaliyyət istiqaməti, indiyə qədər həyata keçirilən proseslər barədə komitə sədri və üzvlərinə geniş məlumat verilib. Çoxsaylı Azərbaycan diasporunun sırasında yeni təşkilat kimi Qızılbaş Qlobal İrsi Şura Təşkilatının yaradıcılarına və üzvlərinə uğurlar arzulayan Fuad Muradov vurğulayıb ki, xalqımızın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin çox böyük önəmi var. Sədr həmçinin təşkilatla komitənin gələcək əməkdaşlıq perspektivləri haqqında mühüm məqamlara diqqəti cəlb edib. Görüşdə qərara alınıb ki, səmərəli əməkdaşlıq davam etdirilsin və təşkilatın müxtəlif ölkələrdə yaşayan üzvləri Azərbaycanla daha sıx əlaqələr qurulması istiqamətində öz töhfələrini versinlər.

Babək Hüseynlinin fikrincə, bu görüş təşkilatın fəaliyyət istiqamətində daha səmərəli işlərin görülməsi üçün müsbət impuls verib. Əlaqələrin daha da genişlənməsi, diaspor komitəsi ilə iş birliyi Azərbaycan tarixinə mühüm töhfələrin verəcəyini deməyə əsas yaradır. 

 

Arzular, istəklər reallığa çevriləcək

 

Göründüyü kimi, dünyanın bir çox ölkəsinə səpələnmiş Qızılbaşlar bir araya gələrək təşkilatlanırlar. Onların daha sıx əlaqələrinin yaranması işində təşəbbüs göstərən, daim araşdırmalar aparan, yorulmadan çalışan insanlara bu çətin və məsuliyyətli işlərində uğurlar azulayırıq.

Əminik ki, indiyədək bu istiqamətdə yorulmaz fəaliyyət göstərən Babəkin dünyadakı Qızılbaş irsini bir araya toplayıb tariximizə vermək istədiyi töhfəsi uğurlu nəticələr verəcək.  

Arşi Qızılbaşın arzusu da reallığa çevriləcək. Bir gün dünyada yaşayan Qızılbaşlar ailəsinin hər bir üzvü babalarının yurdu olan Azərbaycana, xüsusən də Qarabağa səfər edib, əcdadlarının yaşadıqları torpağı bağırlarına basıb onların ruhlarını şad edəcəklər.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video