26 Yanvar 2023 00:51
379
İQTİSADİYYAT
A- A+

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

 

Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in beş əsas istiqamətindən biri kimi müəyyən edilib. 
Eyni zamanda "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişafı ayrıca hədəf kimi göstərilib.
İqtisadiyyat Nazirliyi bildirir ki, İKT sahəsinin inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksəkixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və "Sosial sığorta haqqında" qanunda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər edilib.
Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və  torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad ediliblər. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.
Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 01.01.2023-cü il tarixdən 3 il müddətinə 8000 manatadək aylıq gəlir olduqda 0 faiz, 8000 manatdan artıq gəlirlərə münasibətdə 5 faiz və 01.01.2026-cı il tarixdən 7 il müddətinə aylıq gəlirin 5 faizi məbləğində tutulacaqdır.
"Sosial sığorta haqqında" qanunda dəyişikliyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi  fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərə isə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlər üzrə qüvvədə olan qanunda göstərilən qaydada  (14.3-cü və 14.4-cü maddələrə) ödənilməsi müəyyən edilib. 
Sığortaolunanlar bununla əlaqədar hər il yanvar ayının 15-dək öz seçimləri barədə yazılı məlumatı sığortaedənə təqdim edirlər və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir.
Qəbul edilmiş dəyişikliklər ortamüddətli perspektivdə İKT sektoruna canlanma gətirəcək, nəticə etibarilə sahibkarlığın inkişafına ciddi təkan verəcək, bu sahədə Azərbaycanı regionun mərkəzinə çevirəcək, habelə İKT sahəsində digər ölkələrlə müqayisədə iqtisadi mühitini cəlbedici etməklə yanaşı, İKT məhsullarının innovativliyinin və keyfiyyətinin artırılmasına dəstək olacaq.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video