Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
- Hər gün səhər buraya idman etməyə gəlirəm. Bu gün isə vacib işlərim olduğundan gəlişim günorta saatlarına düşüb. Elə bil sizi gözləyirmişəm...
Əgər fikir vermisinizsə, son illərdə Bakıda salınan əksər parklarda idman qurğuları quraşdırılır. Bu, mənim kimi idmansevərlər üçün çox yaxşı haldır. Təbii ki, zalda da idman edirəm. Amma havalar isinəndə açıq havada, yaşıllıq olan yerlərdə məşq etmək daha yaxşı təsir edir insana...
Bakı sakini Samir Qurbanovla həmsöhbət olduğumuz məkan paytaxtımızda Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Paşanın adını daşıyan Atatürk parkıdır.
Burada müşahidə apardığımızı və fotolar çəkdiyimizi görən Samir Qurbanovun bizi görüb yaxınlaşaraq söhbətə başlaması ilə fərqinə varırıq ki, gəzə-gəzə parkın idman qurğularının quraşdırıldığı əraziyə gəlib çıxmışıq.
Sevindirici hal isə o idi ki, uşaqdan-yaşlıya hər kəs bu qurğularda idman edirdi. Elə paytaxt sakini ağsaqqal Cavad dayı da söhbətə qoşularaq "yaşıma baxmayın, mən də tez-tez burada idman etməyə gəlirəm. Nəvələrimlə parka gəzməyə çıxanda fürsətdən istifadə edib sağlamlığımın qeydinə qalıram" deyir.
Sakinlərin də, qonaqların da razılıq etdiyi istirahət mərkəzi
Sakinlərin razılıq etdiyi, Bakının növbəti "yaşıl məkan"ı olan Atatürk parkı "Gənclik" metrostansiyasının yaxınlığından başlayıb Atatürk prospekti boyunca uzanır. Bura paytaxtın ən çox ziyarət edilən məkanlarından biridir.
Nərimanov rayonunda yerləşən bu parkda əsaslı yenidənqurma işləri 2019-cu ildə həyata keçirilib. Həmin vaxta qədər parkdakı şərait ərazidə yaşayanları, burada istirahət edənləri qane etmirdi. Sakinlər asudə vaxtlarını keçirmək üçün başqa ərazilərdə yerləşən yaşıllıq sahələrinə üz tutmalı olurdular. Odur ki, Prezidentin tapşırığı ilə Atatürk parkının tam şəkildə yenidən qurulması, abadlaşdırılması ilə əlaqədar layihə sənədləri hazırlandı. Həmin layihə əsasında park ən müasir standartlara uyğun yenidən qurularaq sakinlərin, qonaqların istifadəsinə verildi.
Onu da qeyd edək ki, Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün paytaxtda görülən abadlıq işləri, yeni parkların, meşə massivlərinin, xiyabanların salınması, yenidən qurulması istiqamətində görülən işlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Dövlət başçısının təşəbbüsü ilə yaradılan və ya onun tapşırıqlarına əsasən əsaslı təmir olunan sosial obyektlərin, ictimai yerlərin, bağların, parkların açılışlarında şəxsən iştirakı, təmir-bərpa işlərindən sonra yeni vəziyyətlə yerində tanış olması bunun bariz nümunəsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2019-cu il oktyabrın 1-də Atatürk parkındakı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdular.
Yenidənqurma işləri nəticəsində parkın landşaft dizaynı yenilənib. Parkı gəzdikcə hər yaş qrupuna uyğun müvafiq işlər görüldüyünü müşahidə edirik. Bu, çox vacib məqamdır. Elə bu baxımdan park kiçikdən-böyüyə hər kəsin istirahət etmək üçün sevərək üz tutduğu "yaşıl məkan"lardan biridir.
Tutuquşuların "yaşıl məkan"ı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Əsaslı təmirdən sonra Atatürk parkına tutuquşular da buraxılıb. IDEA-nın "Urban Ecology" ("Şəhər ekologiyası") layihəsi çərçivəsində parkda məskunlaşdırılmış 10 yaxalıqlı tutuquşu da Bakı şəhərinin iqlim şəraitində yaşaya və çoxala bilən növdür.
"Urban Ecology" layihəsi çərçivəsində Bakı və onun ətrafındakı ictimai yerlər şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilir, eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Təbii ki, bu parkın da ən rəngarəng yeri gülüş səslərinin eşidildiyi balaca sakinlər üçün nəzərdə tutulan guşədir. Uşaq əyləncə hissəsində valideynləri, nənə-babaları ilə parka gələn uşaqların sevincinin həddi-hüdudu yoxdur.
Nəvəsi ilə parkda istirahət edən Sənubər nənə də burada yaradılan şəraitdən razılıq edir. Bildirir ki, yaşayış yerlərinə yaxın ərazilərdə belə istirahət yerlərinin, bağların olması çox yaxşı haldır. Şəhərdə ağaclığın, yaşıllığın olması vacibdir. Görürsüz, bu saatlarda belə evdə dinc qalmayan dəcəllərlə çölə çıxanda kölgəlik tapıb sərinlənə bilirik".
Parkda olduğumuz müddətdə müşahidələrimiz əsasında asudə vaxt keçirənlərin məmnun olduqlarını hiss edirik. Elə biz də ziyarətçilərdən biri olaraq buradakı halımızdan məmnun idik.
7 mindən çox bitkinin yer aldığı park
Parka ziyarətçi axınını təmin edən əsas məqam isə təbii ki, buradakı yaşıllıqlardır. Gündən-günə gözəlləşən, "yaşıl şəhər"ə çevrilən Bakının "yaşıl məkan"larından olan 6,5 hektar sahəyə malik parkda 7 mindən çox həm xarici, həm də yerli mənşəli bitki var ki, onlar da günəşin qızmar şüalarından parka üz tutanları qoruyur və insanların kölgəlikdə istirahətini təmin edir.
Ağacların, bitkilərin qorunması üçün yenidənqurma işləri zamanı yaşıllıqların vaxtlı-vaxtında suvarılması məqsədilə su təminatı da unudulmayıb. Belə ki, parkın su təchizatını təmin etmək üçün 4 subartezian quyusu qazılıb, 3 yerdə yeraltı çən qoyularaq suvarma üçün nasos məntəqələri tikilib. Əsaslı təmir işləri nəticəsində park yeni avtomatik suvarma sistemi ilə təchiz edilib.
Parkda həmçinin xüsusi günlərdə bayram tədbirlərinin təşkili, konsertlərin keçirilməsi də nəzərə alınaraq ayrıca meydança salınıb.
Qeyd edək ki, paytaxt Bakının beynəlxalq əhəmiyyətli COP29-a evsahibliyi edəcəyi ərəfədə şəhərdəki digər parklar və bağlardakı kimi burada da ehtiyac yaranan bəzi təmir-bərpa, abadlıq işləri görülür.
Bakının "yaşıl məkan"ları ilə bir-bir yaxından tanış olduqca görürük ki, paytaxtımız həqiqətən də bağlar və parklar şəhərinə çevrilir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, icra olunan layihələr nəticəsində Bakı daha da abadlaşır, müasirləşir və yenilənərək gözəlləşir. Bütün bunlar paytaxtın gözəlliyi, abadlığı ilə yanaşı, həm də vətəndaşların rahatlığı üçündür. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Bakının hər bir guşəsi abad, gözəl olmalıdır. Vətəndaşlar üçün çox gözəl imkanlar yaradılmalıdır.
Biz isə parkın əvvəlki vəziyyətini gözlərimiz önündə canlandırıb bugünkü vəziyyəti ilə müqayisə etməyə çalışırıq. Getdiyimiz daha neçə-neçə "yaşıl məkan"ları bir daha xatırlayırıq.
Elə bu əsnada Prezidentin Atatürk parkında görülən işlərlə tanış olduğu vaxtda sakinlərlə görüşündə onlardan birinin görülən işlərin onda yaratdığı təəssüratla bağlı işlətdiyi bənzətməni artıq başa düşürük - Bakı dünyanın gözmuncuğudur...
Əsmər QARDAŞXANOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"
Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir
Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər
Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib
Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
Norveç terror təhlükəsi səviyyəsini artırıb
Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib
BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər
Rusiyalı idmançı Barselonada həlak olub
Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil
İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb
Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib
Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur
Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
Kamikadze məhv edildi
“Nobel”in favorit namizədləri açıqlandı
Rusiyalı alpinistlərin cəsədləri tapıldı
Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!