09 Avqust 2022 16:34
589
CƏMİYYƏT
A- A+

Himalay Məmişov: birdəfəlik ödəmələrin verilməsində son dərəcə humanist yanaşma var

 

Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində insan və vətəndaş amilinin dayandığının şahidi oluruq. Həmin siyasətin mərkəzində həssas qrupdan olanlara göstərilən dövlət qayğısı xüsusilə seçilir. Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, müharibə nəticəsində əlil olanlar, aztəminatlı ailələr, pensiyaçıların həm maddi-rifah halının, həm onlara göstərilən xidmətlərin keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması sahəsində mütəmadi olaraq tapşırıqlar verilir və həmin tapşırıqlara uyğun olaraq islahatlar aparılır. Ötən müddətdə bu sahədə üç böyük islahat zərfinin həyata keçirilməsinin şahidi olduq. Bu il üçüncü islahat zərfi həyata keçirilir. Birdəfəlik ödənişlərin verilməsi üçüncü islahat zərfinin sonuncu həlqəsidir və bu proqram da uğurla icra olunmağa başlanılıb.

Bir neçə ay idi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti güc strukturları ilə birlikdə siyahıların hazırlanması, ödənişlərin maksimum proaktiv şəkildə vətəndaşlara çatdırılması üçün tədbirlər görürdü. 2018-ci ildə Prezident İlham Əliyev növbəti müddətə dövlət başçısı seçiləndən sonra imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödənişin verilməsi ilə əlaqədar idi. Həmin Fərmana uyğun olaraq, Birinci Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin verilməsi proqramı uğurla yerinə yetirildi. Bunun davamı olaraq müharibə zamanı əlillik qazanan şəxslərə birdəfəlik ödənişlərin verilməsi proqramı 1997-ci il avqustun 2-dək olan dövrü əhatə edir, çünki həmin dövrədək hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanun qəbul olunub və hərbi xidmətə cəlb edilən şəxslər müvafiq qaydada dövlət təminatına alınaraq sığortalanıb. Həmin müddətə qədər isə hərbi xidmətə cəlb olunmuş, yaralanmış, xəsarət almış, müharibədə iştirak etməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin sığorta təminatı olmadığından dövlət həmin yükü öz üzərinə götürdü. Hazırki birdəfəlik ödəmə ilə faktiki olaraq sığorta ödənişləri həyata keçirilir və bu, sığorta ödənişi məbləğində ödənilən vəsaitdir. Dövlət başçısının Fərmanına əsasən birinci dərəcəli əlilliyi olanlar 8800 manat, ikinci dərəcəli əlilliyi olanlar 6600 manat, üçüncü dərəcəli əlilliyi olanlar üçün 4400 manat məbləğində birdəfəlik ödəmə verilir. Bu, hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunda müəyyən edilən məbləğlərdir. Eyni zamanda, dövlət başçısı tərəfindən müvafiq Fərmana uyğun olaraq komissiya yaradılıb və həmin komissiya siyahıların müəyyənləşdirilməsi ilə məşğul olub. Bu, çox çətin bir prosesdir, çünki həmin məlumatları arxivlərdən araşdırıb çıxarmaq və təhlil etmək lazımdır. Onların bəziləri rus dilində olduğundan tərcümə etmək, həmin sənədlərin elektronlaşması üzərində iş aparmaq lazım idi. İndiyə qədər 15 min nəfərə yaxın şəxsin sənədləri elektronlaşdırılıb. Onlardan 11 min nəfərə qədərinin sənədləri təhlil olunub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazalarında olan məlumatlarla üzləşdirilib və onlara proaktiv qaydada ödənişlər təyin olunub. Bu, o deməkdir ki, ödəniş təyin olunanlar heç bir ünvana getmədən və hər hansı bir bürokratik çətinliklə üzləşmədən və sənəd toplamadan ödənişləri əldə edə biləcəklər. Burada bir məqam da məsələyə vətəndaş məmnunluğu prizmasından yanaşılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ödəniş alanlar öz kartları vasitəsilə birdəfəlik ödənişlərini əldə edə bilərlər, nazirlikdən hər hansı ödəniş almayanlar isə Azərbaycan Beynəlxalq Bankının müvafiq filiallarından öz kartlarını əldə edə bilərlər. Bundan 24 saat sonra onların kartlarına birdəfəlik ödənişlər köçürülür.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə heyətinin sədri Himalay Məmişov deyib.

İdarə heyətinin sədri ötən əsrin 90-cı illərində ordu sıralarında döyüşsə də, bu barədə müvafiq sənədi olmayanlar və əlilliyi olsa da, reabilitasiyadan sonra sağalanların ödəniş alıb-almayacağı məsələsinə toxunaraq deyib: “İşin gedişində bəzi hərbçilərin sənədlərinin arxivlərdə aşkar olunmaması halları ilə qarşılaşırıq. Bu gün onların sənədlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazalarında və yerli arxivlərində olmaması, eləcə də Müdafiə Nazirliyinin arxivlərində aşkarlanmaması halları var. Belə olanda onlara proaktiv ödənişlərin həyata keçirilməsi mümkün olmur və həmin şəxslərin müraciəti əsasında onlara ödəniş verilməsi məsələsinə baxılır. Əgər onların özlərində bu məlumatlar varsa, xidmət etdikləri müvafiq güc strukturuna müraciət edilməklə sənədlər elektronlaşdırılır. Hərbçi özündə olan sənədi həmin qurumun hərbi-həkim komissiyasına təqdim edir, komissiya sənədləri elektronlaşdırır, altsistemə daxil edir və bundan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi araşdırmalar aparır. Əgər o, vaxtilə və ya hazırda əlilliyi olan şəxsdirsə və nazirliyin bazalarında bu barədə məlumat varsa, proaktiv qaydada təyinat aparılır və onun özünə məlumat verilir. Əgər bazada onun haqqında məlumat əldə etmək olmursa, onda həmin məlumatların vətəndaş tərəfindən yenidən təqdim olunması lazım gəlir.

Vaxtilə əlliliyi olan və sonradan reabilitasiya olunanlara birdəfəlik ödənişlərin verilməsində son dərəcə humanist yanaşma var. Yəni, ödəniş alacaq şəxslərin dairəsində həmin dövrdə xəsarət alan və bununla əlaqədar əlilliyi müəyyən edilənlərlə bərabər, vaxtilə əlilliyi olub, sonradan reabilitasiya olunmuş, yəni təkrar əlilliyi müəyyən edilməmiş, vaxtilə bu ödənişi əldə etsə, lakin hazırkı məbləğlərdən az almış şəxslərə və hətta vəfat etdikləri təqdirdə onların vərəsələrinə də birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Digər tərəfdən isə əgər şəxsin vaxtilə bir neçə dərəcə üzrə əlilliyi olubsa, bu halda şəxsə ən ağır əlillik dərəcəsinə uyğun olaraq ən yüksək məbləğ ödənilməlidir. Qaydalarda bu istiqamətdə humanist yanaşma var. Bu, məhkəmə qətnamələri ilə də eyni qaydadadır. Əgər məhkəmə qətnaməsində də müəyyən əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişinin verilməsi məbləği daha az məbləğdə nəzərdə tutulubsa, yenə də qaydalarda nəzərdə tutulmuş, yəni dövlət başçısının Fərmanında nəzərdə tutulmuş məbləğdə sığorta ödənişi veriləcək”.

Sui-istifadə hallarının qarşısının alınması mexanizmi barədə danışan sədr deyib: “Bu Fərman ödənişlərin verilməsi zamanı müharibə zamanı xəsarət alıb əlilliyi müəyyən edilmiş şəxsləri deyil, eyni zamanda həmin dövrdə hərbi xidmətdə olarkən xəstələnməsi və yaxud xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxsləri də əhatə edir. Qeyri-döyüş şəraitində, yəni müharibə dövründə hərbi hissədə olan şəxslər də xəsarət alıb, xəstələnib və bununla əlaqədar əlilliyi müəyyən olunubsa, onlara da birdəfəlik ödənişlərin verilməsi nəzərdə tutulur. Fərmanda məsələyə humanist yanaşma sərgilənməklə maksimum daha çox insanın əhatə olunması prizmasından yanaşılıb. Bundan başqa həmin dövrdə müharibədə iştirak etməmiş və ya həmin dövrdə hərbi xidmətdə olmamış şəxslərin saxta sənədlərlə müraciət edib birdəfəlik ödənişləri alması hallarına qarşı tələb olunan sənədlər siyahısında hərbi-həkim komissiyasının qərarı var. Komissiyanın verdiyi sənəd şəxsin həmin dövrdə xidmət etdiyini və qaydalarda nəzərdə tutulan səbəblərdən xəsarət almasını göstərir. Həmin sənədə əsasən müraciət edənin hərbi xidmətdə olduğunu və yaxud döyüş əməliyyatlarında iştirak etdiyini müəyyən edirik. Həmin sənədlərin arxivdə aşkarlanması saxtalaşdırma ehtimalının olmadığını göstərir. Sənədlər müraciət edən şəxsin özü tərəfindən təqdim olunanda məlumatlar müvafiq məlumatlarla üzləşdirilir. Aparılan üzləşmələr yekunlaşandan sonra sənədlər elektron bazaya daxil edilir. Bazalarda məlumatı olmayanlar həmin sənədləri təqdim etdikdən sonra bir müddət gözləməlidirlər. Təqdim edilən məlumatlar təhlil olunaraq mütləq qaydada bazalara daxil olunacaq. Əgər hər hansı bir sual yaranırsa, məsələni aydınlaşdırmaq üçün bununla əlaqədar müraciət edən vətəndaşla bilavasitə əlaqə saxlanılır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video