02 Fevral 2023 22:46
955
PARLAMENT
A- A+

“Heydər Əliyev İli” ilə bağlı tədbirlər çərçivəsində Milli Məclisdə dinləmə keçirilib  

 

Fevralın 2-də “Heydər Əliyev İli” çərçivəsində Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoyub və tək çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi anılıb.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Adil Əliyev bildirib ki, 2 fevral tarixi ölkəmizdə ənənəvi olaraq Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Gənclər Günü kimi qeyd edilir. O, 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladaraq, bu il 100 illik yubileyi qeyd ediləcək Ulu Öndərin Azərbaycan gənclər siyasətinin banisi olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərə himayədarlıq edib, onların qayğıları ilə maraqlanıb.

Ulu Öndərin gənclər gününü təsis etməkdə əsas məqsədinin sağlam düşüncəli yeni nəslin formalaşması olduğunu deyən Adil Əliyev bu gün gənclərimizin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiklərini söyləyib. O, Ümummilli Liderin illər əvvəl təməlini qoyduğu gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib.

Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclər siyasətini zamanın tələbinə və ruhuna uyğun şəkildə inkişaf etdirir. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclər sektorunun tərəqqisinə önəmli töhfələr verir. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı böyük Zəfərdə gənclərimizin misilsiz rolu olub.

Qeyd edilib ki, bu gün də gənclərimiz mübarizə meydanında öz sözlərini deyirlər. Hazırda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında gənc aktivistlər yüksək fəallıq göstərirlər.

İdmançı gənclər haqqında da söhbət açan Adil Əliyev bildirib ki, idmançılarımız beynəlxalq yarışlarda hər zaman uğurla iştirak edir, qələbələr qazanır, bayrağımızı ucaldır, Azərbaycanı dünyada təbliğ edirlər.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritetlərdən birinin gənclərin elmli, təhsilli, layiqli vətəndaşlar kimi formalaşmasıdır. Azərbaycan gənclərinin dünyanın qabaqcıl universitetlərində təhsil alması məqsədilə Prezidentin tapşırığı ilə xaricdə təhsillə bağlı xüsusi proqramlar həyata keçirilir, yerli universitetlər və təhsil müəssisələri inkişaf etdirilir. O, bu ənənənin hələ Heydər Əliyevin 1970-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə yarandığını da diqqətə çatdırıb. Vurğulayıb ki, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi onun bu sahəyə verilən misilsiz töhfələrdir.

Adil Əliyev çıxışında yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum barədə fikirlərini də bölüşüb. O, bu terror aktı nəticəsində bir zabitimizin şəhid olduğunu, səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının şücaət göstərərək, silahlı terrorçunu zərərsizləşdirdiyini deyib.

Sonra tədbirdə gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Azərbaycanda gənclər siyasətinin mənəvi və ideoloji əsaslarının Heydər Əliyev tərəfindən qoyulduğunu deyib. Qeyd edilib ki, Gənclər Gününün təsis edilməsi, gənclərin forumlarının keçirilməsi, “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi bu siyasətin tərkib hissəsini təşkil edir.

Bildirilib ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda gənclər siyasətinin infrastrukturu formalaşmağa başlayıb.

Müzakirələr zamanı parlamentin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, komitənin üzvləri Ülvi Quliyev, Etibar Əliyev, Könül Nurullayeva, Müşfiq Cəfərov, Elnur Allahverdiyev, Sevinc Hüseynova, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Gənclər və İdman Nazirliyinin Bakı şəhər idarəsinin rəisi Rafiq Abbasov, Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən qazilər adından Elçin Əhmədov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov, “Yeni çağ” media qrupunun nümayəndəsi Toğrul Allahverdili, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, Avrasiya Universitetindən Fidan Əzizova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Ələkbər Həsənov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) baş katibi Ramin Həbibzadə Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının, bu istiqamətdə qəbul edilən qərarların milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət etdiyini bildiriblər. Çıxış edənlər bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini söyləyiblər.

Tədbirə yekun vuran Adil Əliyev dinləmənin səmərəli keçdiyini söyləyib. O, Gənclər Günü münasibətilə təbriklərini çatdırıb, gənclərə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Sonra tədbir iştirakçıları Milli Məclisin binasının foyesində yaradılmış “Zəfər Guşəsi” ilə tanış olub, Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video