30 Noyabr 2022 01:41
692
Mədəniyyət
A- A+

Həyat həqiqətlərini bədii dildə qələmə alan yazıçı

 

Bədii yaradıcılığa müharibə illərində başlayıb. O zaman çox gənc idi. 1922-ci il noyabrın 22-də Bakıda dünyaya gələn Hüseyn Abbaszadənin uşaqlıq illəri də o qədər ürəkaçan keçməyib. 1941-ci ildə, on yeddi yaşında isə müharibənin ağrı-acılarını yaşayıb. Orta məktəbi bitirən kimi orduya səfərbərliyə alınıb, Dörd il, 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində döyüş yolu keçib. Müharibədə şücaətlərinə görə, "Qırmızı ulduz" ordeni ilə təltif edilib. İlk şeirləri cəbhə qəzetlərində dərc olunub.

 

Qələbədən arzulara doğru...

 

O illərdə iştirak etdiyi, yaddaşına həkk olunan çətin döyüşlər gənc Hüseyn Abbaszadə üçün yalnız zəngin həyat məktəbi olmayıb, həm də yaradıcılıq yolunun müəyyənləşməsində böyük rol oynayıb.
Müharibənin ağrılarını o həm də canında daşıyırdı. Böyük Vətən müharibəsində ağır yaralanıb. Yaralı vəziyyətdə qatarla Şimali Qafqaza aparılıb. 1945-ci ilin 9 may günü qələbə xəbərini də o zaman eşidib. Müalicə olunub. Bir müddət sonra tərxis edilib və Bakıya qayıdıb. 
Müharibədən yalnız topçu zabit kimi deyil, həm də şair kimi dönən gənc Hüseyn Abbaszadə yarımçıq qalmış arzularını həyata keçirməyə başlayıb. Ali təhsil almaq üçün sənədlərini Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsinə verib və qəbul edilib. 1948-ci ildə  Azərbaycan Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvü olub.
"Pioner" jurnalında əmək fəaliyyətinə başlayıb. Daha sonra "Göyərçin" jurnalının redaksiyasında çalışıb. 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972-1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olub. 1975-1991-ci illərdə  Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışıb.

 

"Dünyadan gör necə insanlar gedib..."  

 

Yaradıcılığa yeni başladığı vaxtlarda Üzeyir bəy Hacıbəyli ilə tanış olması da Hüseyn Abbaszadə üçün ən unudulmaz xatirələrdən biri idi. İstedadlı bəstəkar Ağabacı Rzayevanın Hüseyn Abbaszadənin şeirinə bəstələdiyi mahnını təhlil edən Üzeyir bəy şeirin müəllifini görmək istəyib. O, gənc şairə musiqi mətni yazmağı hər şairin bacarmadığını deyib və  tövsiyə edib ki, bəstəkarlarla daim əlaqə saxlasın.
Şeirləri ilə gəldiyi ədəbiyyat zaman keçdikcə onu daha da cəlb edib, cazibəsinə salıb. Hüseyn Abbaszadə gənclik coşqusu ilə qələmə aldığı şeirlərdən başlanan yaradıcılıq yolunu nəsr əsərləri ilə davam etdirib. Müxtəlif mövzularda hekayələr, povestlər, romanlar yazıb. "Uçurumdan keçən yol", "Dağ dağa rast gəlməz", "Təsəlli", "Meynə", "Çəmbərəkənd balladası", "Ocaqçı", "Köhnə sandıq", "Büllur mürəkkəbqabı və bənövşəyi "Jiquli", "Siz kimsiniz?" və digər əsərlərində həyat həqiqətlərini əks etdirib.
Yazıçının daimi mövzularından biri də müharibə idi. Çoxlarından fərqli olaraq Hüseyn Abbaszadə cəbhə, döyüşlər barədə başqalarından eşitdiklərini, oxuduqlarını deyil, həm də gördüklərini qələmə alırdı. 
H.Abbaszadə həm də bir sıra şair, yazıçı, bəstəkar və alimlər barədə xatirələrini yazıb. Həmin xatirələr yazıçının "Dünyadan gör necə insanlar gedib..."  kitabında toplanıb.
Hüseyn Abbaszadə Azərbaycan tarixində, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, elminin inkişafında böyük xidmətlər göstərmiş bir çox şəxsiyyətləri yaxından tanıyıb, onlarla ünsiyyətdə olub, dostluq edib. Hələ Teatr institutunun tələbəsi ikən Hüseyn Abbaszadə aktyor və rejissor Sidqi Ruhullanın yaradıcılığından diplom işi yazıb.
Dahi bəstəkar Üzeyir bəyi isə o, yeniyetməlik illərində yaxından görmüşdü. Onda on dörd-on beş yaşlarında olub. Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasından bir səhnəni məhəllənin uşaqları ilə səhnələşdirib, küçədə oxuyublar. Yoldan ötən Üzeyir bəy onları görüb. Yaxınlaşıb, "Koroğlu" operasına baxıb-baxmadıqlarını soruşub. Baxmadıqlarını söyləyiblər. Bəstəkar cibindən bilet çıxarıb, uşaqlara verib, onları operaya baxmağa dəvət edib. 
Hüseyn Abbaszadənin qələmə aldığı xatirələrdə eyni zamanda o vaxtların siyasi hadisələrinin ağır kölgəsini, böyük sənətkarların üzləşdikləri ağrı-acıları görmək mümkündür. Yazıçı özü də bu hadisələrdən tamamilə kənarda qalmayıb. 
Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan, böyük nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçı Hüseyn Abbaszadənin kino sahəsində də xidmətləri olub. Əsərləri əsasında çəkilən "Dənizə çıxmaq qorxuludur" (1973) və  "Dörd bazar günü" (1975) filmləri kinosevərlər tərəfindən maraqla qarşılanıb.
Hüseyn Abbaszadə 1979-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına, 1984-cü ildə Dövlət mükafatı laureatına, 1991-ci ildə "Xalq yazıçısı" fəxri adına, 1997-ci ildə "Şöhrət" ordeninə layiq görülüb.
Yazıçı 2007-ci ildə, səksən beş yaşında dünyasını dəyişib.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video