01 Dekabr 2021 00:53
333
SİYASƏT

Hərbi qələbənin siyasi-diplomatik təntənəsi

 

Bir il əvvəl işğaldan azad olunan Laçına indi yeni həyat bəxş edilir

 

Dekabrın 1-i xalqımızın Vətən müharibəsindəki zəfər salnaməsinin növbəti əlamətdar günlərindən biridir.

Ötən ilin məhz həmin tarixində üçtərəfli Bəyanatın şərtlərinə əsasən 44 günlük müharibədə darmadağın edilmiş Ermənistan ordusunun qalıqları Laçın rayonundan çıxarılmışdı. Bu gün Laçının azadlığının birinci ildönümü tamam olur.

Laçının 1992-ci ilin may ayında işğal olunması Azərbaycanda gedən hakimiyyət çəkişmələrinin, iqtidara can atan qüvvələrin milli xəyanətlərinin nəticəsi idi. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Şuşa, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın strateji mövqeyi  ilə ermənilərin işğalçılıq planlarının qarşısında böyük sipər idi. Ona görə də düşünmək olardı ki, Xocalıdan və Şuşadan sonra dərs götürən Azərbaycanın o zamankı rəhbərliyi güclü strateji mövqeyi olan bu rayonun işğal edilməsinə imkan verməyəcəkdir. Lakin Laçın da Xocalı və Şuşa kimi düşmənin qarşısında müdafiəsiz qaldı. Laçının işğalı ilə düşmən strateji üstünlüyünü daha da artırdı, Ermənistandan Qarabağa gedən yollara nəzarəti ələ keçirdi. Bununla da Azərbaycanın digər rayonlarının işğalı üçün münbit şərait formalaşdı. Ötən il dekabrın 1-də Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev xalqa müraciətində bu barədə demişdi: “Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi”.

Ermənilər strateji mövqeyi olan Laçını danışıqlar yolu ilə azad etmək fikrində deyildilər və bunun üçün Azərbaycana qəbulolunmaz şərtlər irəli sürürdülər, hətta rayona eybəcər bir ad da uydurub qoymuşdular. Lakin Azərbaycan xalqı inanırdı ki, işğal altındakı bütün torpaqlarımız, o cümlədən Laçın da işğaldan azad ediləcək. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi xalqımızın ən böyük arzusunun həyata keçməsi ilə əlamətdar oldu. Müharibə günlərində şəhər və rayonlarımız işğaldan azad olunduqca azadlığın tezliklə Laçına da çatacağına əminlik yaranırdı. Özü də nəinki laçınlılar, bütün xalqımız Laçının azad olunması müjdəsini gözləyirdi. 2020-ci il noyabr ayının 9-da Ali Baş Komandan İlham Əliyev özünün “Tviter” hesabında Laçının Güləbird, Səfiyan və Türklər kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi. Müzəffər Ordumuzun düşməni darmadağın edərək Laçının cənub ərazilərinə gəlib çıxması  göstərirdi ki, rayonun tam azad olunacağı gün uzaqda deyil.

Şuşanın azad edilməsindən sonra  Ermənistanın hakimiyyət orqanları dərk etdilər ki, onların Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolları yoxdur. Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat düşmənin məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu. Bəyanata əsasən bir güllə belə atılmadan 2020-ci il noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın işğaldan azad edildi. Bu, Ali Baş Komandan İlham Əliyevin tarixi siyasi-diplomatik qələbəsi kimi xalqımızın zəfər salnaməsinə həkk olundu. Laçının azad olunması Vətən müharibəsindəki qələbənin siyasi-diplomatik təntənəsi idi.

Hazırda işğaldan azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.  Laçının bərpası, sakinlərinin öz doğma torpaqlarına qayıtmaları dövlət başçısının diqqət mərkəzindədir. Böyük qayıdışın ilk addımlarından olan infrastrukturların bərpası Laçında da sürətlə həyata keçirilməkdədir. Təsadüfi deyil ki, işğaldan azad olunan ərazilərdə başa çatdırılan ilk infrastruktur layihələrindən biri Laçının Güləbird kəndindəki su elektrik stansiyasıdır.

Prezident İlham Əliyevin sərəncamına əsasən 72,8 kilometr uzunluğunda Kəlbəcər-Laçın avtomobil yolu inşa edilir. Laçında beynəlxalq hava limanının inşası isə bütün bölgənin beynəlxalq statusunu artıracaq, gələcək sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının böyüklüyünü göstərir.

Laçını azad edən Prezident İlham Əliyev ona yeni həyat bəxş edir. Bütün azad olunmuş rayonlarımız, o cümlədən Laçın qısa müddətdə yenidən qurulacaq, keçmiş məcburi köçkünlər doğma el-obalarına qayıdacaqlar. Azərbaycanın bu dilbər rayonu tezliklə tarixi şöhrətini bərpa edəcək.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video