28 Aprel 2022 01:08
1221
SİYASƏT

Hərbi qələbədən diplomatiya zəfərinə

 

İlham Əliyev Ermənistanı yeni reallıqlara uyğunlaşmağa məcbur edir

 

Cənubi Qafqazın bugünkü reallıqları iki il əvvəlkindən tamamilə fərqlənir. Vətən müharibəsindəki qələbəsi ilə gündəmi kökündən dəyişən Azərbaycan artıq beynəlxalq ictimaiyyəti də yeni reallıqlar ətrafında səfərbər edib.

Ən mühümü də odur ki, hazırkı müzakirələrdə, dialoqlarda Ermənistanın iddialarına, tələblərinə əhəmiyyət verən yoxdur. Bu vəziyyətdə İrəvanın özü də anlayır ki, Bakının münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərinə arxa çevirməsi perspektivdə ona baha başa gələ bilər.

 

Azərbaycanla Avropa İttifaqının mövqeləri uzlaşır

 

Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təklifləri konstruktivdir. Təsadüfi deyil ki, Brüssel formatında aparılan müzakirələrdə Avropa İttifaqının ortaya qoyduğu mövqe də Azərbaycanın regionda təhlükəsizliyin və rifahın təmin edilməsinə hesablanmış təşəbbüsləri ilə uzlaşır. Aİ də hesab edir ki, artıq gələcəyə baxmaq, yeni reallıqlar çərçivəsində münasibətləri normallaşdırmaq lazımdır. Qurumun Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına verdiyi dəstəyi, bu məsələləri daim diqqətdə saxlaması da bunu təsdiq edir.

Ona görə də bir müddət əvvəl Bakının irəli sürdüyü prinsiplərə Ermənistanın etiraz etməyə bəhanəsi qalmadı. Çünki bu prinsiplərə etiraz etmək sülhə, təhlükəsizliyə qarşı çıxmaq olardı ki, bu da hazırkı reallıqlar şəraitində Ermənistanın onsuz da beynəlxalq miqyasdakı mənfi reputasiyasını daha bərbad vəziyyətə salardı. Aydındır ki, Ermənistan İkinci Qarabağ müharibəsində yalnız darmadağın olunmadı. Bu qələbə ilə Azərbaycan  Ermənistanın işğalçı dövlət olduğunu dünyaya bəyan etdi. Uzun illər beynəlxalq ictimaiyyətə yalan məlumatlar sırıyan Ermənistan və dünya erməniliyi haqlı olaraq belə bir sual qarşısında qaldı ki, işğalçı deyildinsə, niyə Azərbaycan tərəfindən darmadağın edildin. Və ya işğalçı deyildinsə, erməni diasporunun kök atdığı bir-iki ermənipərəst dövlət istisna olmaqla, niyə beynəlxalq səviyyədə müdafiə olunmadın?

Bu baxımdan Azərbaycanın qətiyyətli və haqlı mövqeyi Ermənistanı yeni reallıqlara uyğun mövqe qoymağa məcbur edir. Çünki Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təşəbbüsləri həm də beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.  Ümumiyyətlə isə, Brüssel formatı Azərbaycanın hərbi qələbədən sonra diplomatiya müstəvisində də zəfərlə irəliləməsindən xəbər verir.

 

Ermənistana verilən son şans

 

Azərbaycan üçtərəfli razılaşmalara müvafiq olaraq münasibətlərin normallaşdırılmasına xidmət edən konkret fəaliyyət ortaya qoyur. Bu barədə Prezident İlham Əliyevin Aİ Şurasının rəhbəri Şarl Mişellə telefon danışığında da məlumat verildi. İlham Əliyev Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə "Bakı-Yerevan" formatında danışıqlara hazır olduğunu vurğulayıb.

Azərbaycanın regionda kommunikasiyaların bərpası istiqamətində fəaliyyəti də respublikamızın münasibətlərin normallaşdırılması yönümündəki konstruktiv və nəticəyönümlü təşəbbüslərinin təsdiqidir.  Aprelin 26-da Rusiya Baş nazirinin müavini Aleksey Overçuku qəbul edən Prezident İlham Əliyev bu sahədə görülən işlər barədə danışaraq bildirib ki,  dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsi  tikilib və gələn il inşa işləri tamamlanacaq. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.

Göründüyü kimi, Bakı xoş məram nümayiş etdirir. Ermənistan isə bunlardan nəticə çıxarmalıdır. Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın təklifləri fonunda Ermənistana xəbərdarlıq edərək bildirib: "Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".

Bir neçə gün əvvəl dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Ermənistanın yol verdiyi təxribat, İrəvanın özündə revanşistlərin mitinqləri göstərir ki, bu ölkədə hələ də reallığı başa düşmək və ya qəbul etmək istəməyənlər var. Həmin revanşistlərin yanaşmalarının Ermənistanı hansı vəziyyətə saldığı göz önündədir. Ona görə də erməni cəmiyyətinin yeganə yolu Azərbaycanın yaratdığı reallıqlarla bağlı konstruktivlik nümayiş etdirməkdir. Bunun əksi isə səfalət içində sürünmək və Azərbaycanın "dəmir yumruğ"una tuş gəlməkdir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video