24 Iyun 2022 23:41
465
SİYASƏT
A- A+

Hərbçi: Komandolar döyüş tapşırıqlarını hər zaman yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar  


AZƏRTAC-ın müxbiri komando hərbi hissənin hərbçilərinin bəziləri ilə həmsöhbət olub

 

 

2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək tarixi uğura imza atdı. Erməni işğalında olan bir neçə yaşayış məntəqəsi, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsi düşmən işğalından azad edildi. Hadrutun işğaldan azad edilməsi tarixi nailiyyət olmaqla yanaşı, həm də Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını daha da artırdı, Zəfərə gedən yolda strateji üstünlük qazandırdı. Hadrut Qarabağ inzibati ərazisinə daxil olduğu üçün ermənilər bu qəsəbənin itirilməsi ilə barışa bilmirdilər. Düşmən anlayırdı ki, Azərbaycan Ordusu artıq Şuşaya da nəzarəti ələ keçirəcək. Belə də oldu. Hadrut zəfərindən sonra Ordumuzun Şuşaya yolu açıldı. Ermənilərin güclü müqavimətinə baxmayaraq, Şuşa da işğaldan azad edildi.

Hadrutun işğaldan azad olunması hərbi strateji baxımdan da əhəmiyyətli idi. Bu səbəbdəndir ki, Ermənistan ordusunun müharibə zamanı ən çox müqavimət göstərdiyi ərazilərdən biri də Hadrut idi. Döyüş zamanı qarşı tərəf bir neçə dəfə böyük qüvvə ilə hücuma keçsə də, qəhrəman hərbçilərimiz düşmənin hücumunu dəf edərək ona sarsıdıcı zərbələr edirdi və onları geri çəkilməyə məcbur etdi.

Bu gün işğaldan azad olunmuş yaşayış məntəqələrdə Azərbaycan bayrağı dalğalanır və əsgərlərimiz şərəflə Vətənə xidmət edir.

Müdafiə Nazirliyinin xətti ilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104-cü ildönümü ilə əlaqədar hərbi hissəyə səfər edən jurnalistlər burada komandoların hazırlığı ilə tanış olublar.

Komando hərbi hissəsinin şəxsi heyəti taktiki-xüsusi təlimlər keçirib. Təlimlər əsasən, əldə edilən kəşfiyyat məlumatlarına görə, şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazidə aparılıb. Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi idi.

AZƏRTAC-ın müxbiri Vətən müharibəsində iştirak etmiş və hazırda xidmətini davam etdirən komando hərbi hissəsinin hərbçilərinin bəziləri ilə həmsöhbət olub.

Hərbi qulluqçu Sərxan Məmmədov müxbirimizə müsahibəsində deyib: “Komando hərbi hissəsində xidmət etmək qürurvericidir. Biz yüksək səviyyəli təlimlərdə iştirak etdik və təcrübə qazandıq. Komandirlərin və yüksək rütbəli zabitlərin bizə diqqət və qayğısı nəticəsində döyüş hazırlığımızı getdikcə artırırıq və bundan sonra daha da yüksəldəcəyik. Komando olaraq, qarşımıza qoyulan döyüş tapşırıqlarını hər zaman vaxtında, dəqiq və uğurla yerinə yetirməyə hazırıq”.

Sərxan Məmmədov bildirib ki, bu hərbi hissədə xidmət etmək digərlərindən fərqlidir, çox şərəflidir və daha da məsuliyyətli olmağı tələb edir: “Çünki torpaqlarımızı işğaldan azad etdiyimiz zaman biz bu ərazilərdəki döyüşlərdə iştirak etmişik. Biz burada şəhidlər vermişik və bu torpaqları onların qanı bahasına almışıq”.

Komando hərbi hissəsində xidmət etməyin şərəf və qürurverici olduğunu söyləyən hərbçi Rahib Muradov qeyd edib: “Komando olmaq fərqli bir peşəyə sahib olmaqdır, xüsusi bir sənət deməkdir. Həmçinin hər yerdə və hər zaman düşməni əzməyə hazır olmaqdır. Ümumiyyətlə, burada xidmət etmək şərəfli işdir”.

Keçdiyi təlimlər barədə danışan Rahib Muradov bildirib ki, mütəmadi olaraq peşəkarlıqlarını artırmaq, düşmənin gözlənilməz hücumunun qarşısını almaq üçün təlim və kurslarda iştirak edirlər.

Hərbçi İlkin Şirinov işğaldan azad olunan ərazilərdə xidmət etməyin şərəfli olduğunu vurğulayıb: “Komandonun döyüş qabiliyyəti hər zaman yüksəkdir və bütün gözlənilməz vəziyyətə hazırdır. Biz döyüş hazırlığımızı hər zaman yüksək səviyyədə saxlayırıq. Hər yerdə və hər cür şəraitdə döyüş tapşırıqlarını vaxtında və dəqiq icra etməyə hazırıq. Özümə şərəf bilirəm ki, komando hərbi hissəsində xidmət edirəm. Hərbçi olmaq istəyən gənclərə burada xidmət etməyi məsləhət görürəm”.

Xatırladaq ki, ötən il dekabrın 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hərbi hissənin açılışında iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video