29 Sentyabr 2022 00:54
554
SİYASƏT
A- A+

Hərb tarixinin şah əsəri 

 

İkinci Qarabağ müharibəsi, aradan iki il keçməsinə baxmayaraq, beynəlxalq ekspertlərin, supergüclərin və dünyanın aparıcı ordularının hərbi mütəxəssislərinin diqqət mərkəzindədir. Artıq iki ilə yaxındır NATO generalları diqqətlə bu müharibədə Azərbaycanın uğurlarının və Ermənistanın məğlubiyyətlərinin səbəblərini araşdırır və öz ordularında vacib islahatları həyata keçirir, zəruri yeniliklərin tətbiq edilməsi barədə qərarlar verirlər. 


Maraqlısı odur ki, işğalçı Ermənistan elə müharibəyə start verəndə artıq qələbəsini təmtəraqla qeyd edirdilər. Daha maraqlısı o idi ki, bəzi beynəlxalq ekspertlər də, dünyanın aparıcı hərbi analitikləri də qələbə çələngini artıq ermənilərin boynuna atmışdılar. Erməni ekspertləri etiraf edirlər ki, azərbaycanlıların sürətlə irəliləməsi və nəhayət, Hadrutu göz qırpımında ələ keçirməsi erməni ordusunu, sözün əsl mənasında, şoka salmışdı.
"Bi-Bi-Si" hərbi ekspertlərlə apardığı araşdırmada göstərir ki, reallıq ondan ibarət idi ki, Birinci Qarabağ müharibəsindən sonra döyüşən tərəflərdən kimin hansı gücə malik olması heç kimə bəlli deyildi. Amma bilən bilirdi ki, 2000-ci ildən 2010-cu ilə kimi Azərbaycan fəal surətdə silahlanır və hərbi xərclər ÜDM-in 5,1 faizi həcmində idi, ermənilərdə isə bu rəqəm 4,29 faiz təşkil edirdi. Onu da nəzərə alaq ki, ermənilərdə ÜDM-in həcmi Azərbaycandan xeyli aşağı olduğu üçün onları müqayisələndirmək belə düzgün olmazdı. Məsələn, bəzi illərdə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın bütün illik büdcəsini ötürdü. "Bi-Bi-Si"nin müraciət etdiyi hərbi ekspertlər qeyd edirlər ki, müharibəyə bir il qalmış Azərbaycan yenidən silah almağa başladı: "Azərbaycanın hərbi xərcləri dərindən düşünülür, səlis planlaşdırılırdı. Onlar pulu boşuna sovurmadan hərb sənayesində bütün müasir tendensiyaları diqqətlə öyrənir, yalnız lazım olan sursatları alır və Yaxın Şərq müharibələrini dərindən araşdırırdılar. Azərbaycanlılar sonuncu döyüşə nümunəvi tərzdə - münaqişənin hərbi, siyası, iqtisadi və təbliğatçı aspektlərindən mükəmməl sistemlə hazırlaşırdılar". 
Ekspertlər onu da qeyd edirlər ki, 2010-cu ildən ermənilər də hərbi xərclərini kəskin artırdılar. Stokholm sülh problemlərinin tədqiqi institutunun məlumatına görə, 2014-2019-cu illərdə Ermənistan hərbi idxalı 2009-2014-cü illərə nisbətən 3 dəfə artırdı. Düzdür, ermənilər silah alışında bəzən elə səhvlərə yol verirdilər ki, bu, hamının heyrətinə səbəb olurdu. 2019-cu ildə onların 4 ədəd "SU 30cm" alması tənqidə məruz qaldı. İordaniyadan alınan "Osa Ak" zenit sistemləri isə əsl qalmaqal yaratdı. 
Ekspertlər qeyd edirlər ki, Azərbaycan uğurlu taktika və strategiya qura bildi: müharibəyə böyükmiqyaslı total kəşfiyyat əməliyyatları və bütün korpusların hücuma keçməsi ilə başladı. Düşmənin zəif yerlərini təyin edərək Azərbaycan onun gözləmədiyi yerdən müdafiələrini yardı və ildırım sürəti ilə irəli şığıdı. Rusiyalı ekspertlər Azərbaycan hərbi qüvvələrinin döyüş stilində 2018-ci ildə türklərin Suriyanın Afrin şəhərində və İdlib əyalətində keçirdikləri "Zeytun budağı" əməliyyatının üslubunun tətbiq edildiyini söyləyirlər. Erməni hərbi birləşmələrinin ağlına belə gəlmirdi ki, hücum cənub cinahından başlayacaq. Onlar Qarabağın şimalında müdafiələrini daha ciddi qurmuşdular. Həm də ermənilər müharibəyə özləri başlamışdı və buna görə də ola bilsin ki, hücuma keçən tərəf kimi müdafiənin qurulması onlar üçün əhəmiyyətli deyildi. Bir tərəf müharibəyə çox böyük məsuliyyətlə hazırlaşmışdı, digər tərəf isə bağışlanılması mümkün olmayan ambisiyalarına milyon faiz arxayın idi. 
Amerikanın "Popular Mechanics" jurnalı da 44 günlük Qarabağ müharibəsi ilə bağlı araşdırmasında qeyd edir ki, döyüşlərin ilk günündən Qarabağda Ermənistan ordusunun hava hücumundan müdafiə sistemləri Azərbaycanın hava hücumları qarşısında aciz qaldı. 44 gün ərzində Ermənistanın hava hücumundan müdafiə sistemləri tamamilə sıradan çıxarıldı.
Məqalədə Azərbaycanın dünya hərb tarixinə gətirdiyi yenilik qeyd olunur. Bu, pilotsuz texnologiyaların tətbiqidir. Məhz bu müharibədən sonra ABŞ və NATO ölkələri belə hesab edir ki, onlar belə texnologiyaların tətbiqi ilə yeni müharibələrdə üstünlüklər qazana bilərlər.
İstefada olan amerikalı general-leyenant Tomas Şper "Breaking Defense"də dərc olunmuş məqaləsində Qarabağda Azərbaycanla Ermənistan arasındakı müharibənin gələcəyin savaşının necə olacağını anlamağa və görməyə imkan verdiyini bildirir. 
ABŞ-dakı "Heritage Foundation" Strateji Tədqiqat İnstitutunun nəzdindəki Milli Müdafiə Mərkəzinə rəhbərlik edən bu general Qarabağ savaşında Azərbaycanın qələbəsini yüksəktexnologiyalı silahlarla yanaşı, zərbələrin endirilməsi barədə operativ qərar verməyə imkan yaradan sistemlərdən eyni vaxtda istifadə etməsi ilə də səciyyələndirmişdir. Onun fikrincə, silah daşıyan PUA-lar düşmənin böyük sayda zirehli texnikasının məhv edilməsində böyük fayda vermişdir. Hədəflərin tam və sürətli məhvi, habelə ölümsaçan zərbələrin ardıcıllığında gecikmələrə yol verilməməsi xüsusi qeyd olunmalıdır. 
Bir çox dövlətin hərbi mütəxəssisləri artıq belə hesab edirlər ki, Azərbaycan Ordusunun Qarabağda beşinci nəsil müharibə təcrübəsini ortaya qoyması, dronların uğurlu kütləvi istifadəsi Qərbdə ənənəvi qoşun növlərinin silahlanma konsepsiyasını dəyişmək üzərində düşünməyə sövq etmişdir. Belə ki, artıq dronlara qarşı yeni mübarizə vasitələrinin işlənib hazırlanması diqqət mərkəzindədir. Məqsəd dronlara qarşı mübarizə vasitələrinin döyüş meydanında hətta adi sıravi əsgərin də arsenalında olmasıdır. İstər silahlı, istər silahsız dronlar "sürətlə yayılan, bahalı olmayan və yüksək effektivlikli hərbi aktivlərə" çevrilməklə yanaşı, geniş imkanlara malikdir. ABŞ hərbi sənayesi üçün kiçik pilotsuz uçan aparatlara qarşı mübarizə aparmaq ən aktual məsələyə çevrilir. ABŞ dəniz piyadalarının generalı, Yaxın Şərqdə hərbi əməliyyatlar teatrını kurasiya edən Kennet MakKenzi dronların tətbiqinin döyüş qaydalarını analoji olaraq dəyişdirdiyini bildirir. Bu cihazlarla artıq ABŞ-ın rəqibləri onun və müttəfiqlərinin hərbi obyektləri üzərində kəşfiyyat aparmağa və onları izləməyə imkan verir. 
Artıq ABŞ dünyada hərbi dronlar texnologiyası sahəsində inhisara malik deyil. Azərbaycanla Ermənistan arasında gedən müharibənin nəticələri yenə də təhlil olunmaqdadır. Qərbin ekspertləri Azərbaycan Ordusunun bu müharibədə inamlı qələbəsinin, əsasən, pilotsuz aparatlardan istifadə ilə şərtləndirildiyini qeyd edirlər. 
Lakin bu müharibədə Qərbin məşhur generallarının belə görə bilmədiyi unikal vəziyyətlər, dramatik psixoloji situasiyalar və Azərbaycan xalqının genetik yaddaşından qaynaqlanan psixoloji amillər mövcuddur. Eyni zamanda İlham Əliyev kimi ön cəbhədə və siyasi səhnələrdə saysız rəqiblərlə döyüşməyi bacaran tarixi simanın inamla irəli atılması müharibənin aqibətində həllledici rol oynadı. 
Azərbaycan xalqı bu döyüşlərdə həm Ali Baş Komandanın rəşadətindən ilhamlandı, həm də tarixi köklərindən boy verib ucalan igidliklərə sarıla bildi. Qələbənin əldə edilməsində ən vacib məqamlardan biri də xalqımızın tərixi ədaləti bərpa etmək, azğın düşməni işğal edilmiş ərazilərdən qovmaq idi. Bunu da birlikdə bacardıq. Qələbimizin ana sütununu xalq-iqtidar birliyi təşkil etdi. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video