02 Oktyabr 2022 01:26
1172
SİYASƏT
A- A+

Hərb tariximizin SUQOVUŞAN Zəfəri

 

İki il öncə azad edilən mühüm strateji əhəmiyyətə malik ərazimizdə indi möhtəşəm layihələr reallaşdırılır

 

3 oktyabr 2020-ci il...
Sentyabrın 27-də başlayan Vətən müharibəsinin 7-ci günüdür... 
"Dəmir yumruq" əməliyyatının ötən hər günündə cəbhədən xoş xəbərlər gəlir. Ordumuzun Cəbrayıl və Füzuli rayonlarının 5 kəndini və Murovdağ zirvəsini işğaldan azad etməsi hər kəsi qürurlandırır. Oktyabrın 3-də isə Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına daha bir müjdəli qələbə xəbəri verir: "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"
İşğaldan azad olunmuş torpaqlarımızda ucalan bayrağımız düşmənin bağrına od vurur. Elə həmin gün Madagizin tarixi adı da bərpa edilir. 
"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!", - deyə daha bir paylaşım edən Prezident tarixi adı, ədaləti bərpa edir. İşğaldan azad edilmiş digər yaşayış məntəqələrimiz kimi, Suqovuşanın da yeni - azad, işıqlı günləri başlandı.

 

Suqovuşanın azad edilməsi müharibənin gedişatında önəmli rol oynayırdı

 

Qısa arayış: Suqovuşan kəndi 1923-cü ildə Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib. 1943-cü ildə isə şəhər tipli qəsəbə statusu alıb. 1992-ci ildə  Ağdərə rayonu ləğv edildiyindən onun ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölünüb və Suqovuşan Tərtər rayonuna birləşdirilib. Qəsəbə 1992-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilsə də, 1994-cü ildə Ermənistan silahlı bölmələri tərəfindən yenidən işğal edilib.
Suqovuşanda düşmənin güclü istehkamları qurulmuşdu. Bu baxımdan burada müdafiə xəttini yarmaq ordumuza növbəti uğurlu əməliyyatlara yol açırdı. Prezident İlham Əliyev də Suqovuşana səfərində bu məsələyə diqqət çəkmişdi. 
Dövlət başçısı qeyd etmişdi ki, Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbədə mövqelərimizin möhkəmlənməsi bizə gələcək əməliyyatlarımızda üstünlük verirdi: "Düşmən yəqin ki, və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi". 

 

"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan Vətən oğulları

 

Təbii ki, düşmənin güclü istehkamlarının, hərbi mövqelərinin məhv edilməsi doğru manevr, hazırlıq tələb edirdi. Azərbaycan Ordusunun şücaətli oğulları isə heç nədən qorxmayaraq, "Vətən sağ olsun!" deyərək, canları, qanları bahasına olsa da, Vətənin hər qarışını düşmən tapdağından azad etməyə hazır idilər. Elə bu yolda canlarından keçib, şəhidlik zirvəsinə yüksələnlər də az olmadı. Suqovuşan qəsəbəsi və Tərtərin Talış kəndi ilə bərabər, ordumuz oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, eyni zamanda Füzulinin Aşağı Əbdürrəhmanlı yaşayış məntəqələrini də işğaldan azad etdi. 
İkinci Qarabağ savaşından sonra Prezident İlham Əliyev müharibə iştirakçıları, o cümlədən Suqovuşan savaşçılarını mükafatlandırdı.  
Bu məqsədlə "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilərək, Vətən müharibəsindəki qələbə ilə əlaqədar yeni orden və medallar təsis olundu.  Onlardan biri də "Suqovuşanın azad olunmasına görə" medalı idi.
Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncamına uyğun olaraq, qəsəbənin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş 10647 hərbi qulluqçu bu medal ilə təltif edilib.

 

Yenidənqurma və bərpa...

 

Ərazilərimiz işğaldan azad edildikdən sonra həmin ərazilər minalardan təmizləndikcə yenidənqurma və bərpa işlərinə başlanıldı. 
Prezident İlham Əliyevin iştirakı ilə təməlqoyma tədbirləri həyata keçirildi, müxtəlif quruculuq layihələrinin icrasına start verildi. Suqovuşanda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu yenidən quruldu. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik verilişi xətti çəkildi, hava xətləri bərpa edildi. 
Eyni zamanda qəsəbə elektrik enerjisi ilə təmin olundu. Gücü 4,8 meqavat olan "Suqovuşan-1" və gücü 3 meqavat olan "Suqovuşan-2" stansiyalarında təmir-bərpa işləri aparıldı. Ən əsası, Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik olan Suqovuşan su anbarında təmir işlərinə başlanıldı. Ermənilərin işğalı dövründə istismara məruz qalmış su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtərçay üzərində yerləşən anbar Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının suvarma suyu ilə təmin edilməsində mühüm rol oynayır. 
Xatırladaq ki, Suqovuşan və Sərsəng su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək olub. Ermənistanın işğalından sonra isə bu su anbarı ermənilərin ekoloji terroruna məruz qalırdı. 
Ermənilər yay mövsümündə suyu kəsir, əhalini, kəndlilərin əkin sahələrini susuz qoyurdular. Qışda isə suyu açıb buraxaraq süni daşqın yaratmaqla, ərazilərimizi su basmasına şərait yaradırdılar. 

 

İşğaldan azad olunan ərazilərdə ilk idman tədbiri

 

Suqovuşan həm də işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə  yadda qalıb. Belə ki, bu il mart ayının 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı keçirildi. 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. 
May ayında isə Suqovuşanda avarçəkmə üzrə "Prezident kuboku-2022" turnirinin açılış mərasimi oldu və yarışların birinci günü orada keçirildi. Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə apardılar. 

 

Suqovuşanın turizm potensialı

 

Suqovuşan həmçinin turizm potensialı yüksək olan ərazilərimizdəndir. Elə bu baxımdan İlham Əliyev mart ayında qəsəbədə Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyub. Tədbirdə qeyd olunub ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra orada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.
Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırlarının salınması, oturacaqlar, söhbətgahların quraşdırılması, həmçinin turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyektinin yaradılması nəzərdə tutulub. Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlərin ilin sonunadək başa çatdırılacağı, növbəti mövsümdə turistlərə xidmət göstərəcəyi planlaşdırılır. 
Məlumatlara görə, inşaat işlərinin aparılması üçün ilkin olaraq 5 hektar ərazi ayrılıb.
Dövlət Turizm Agentliyi tərəfindən isə Suqovuşan qəsəbəsinin turizm resursları əsas götürülməklə, mövcud su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması qərarlaşdırılıb, qəsəbənin rekreasiya imkanlarının artırılmasını və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən "Suqovuşan Turizm İnkişaf Konsepsiya" sənədi hazırlanıb. Sözügedən sənəddə Suqovuşanda əsasən qısamüddətli turist səfərlərinin ehtiyaclarını qarşılayacaq turizm xidmətlərinin, su anbarı ətrafında mövcud olan turizm resurslarından istifadə edərək infrastrukturun yaradılması təklifləri öz əksini tapır.
Bildirilib ki, Suqovuşanda turizm və ictimai-iaşə xidmətlərinin inkişafı əhalinin ehtiyaclarına uyğun xidmət sferasının yaradılması və inkişafına təkan verəcək. Bu isə öz növbəsində regionda turizmyönümlü sahibkarlıq subyektlərinin sayının artmasına, kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradacaq. 2040-cı ilə qədər Tərtər rayonunun gəlirlərinin 4 faizinin turizmin gəlirləri hesabına formalaşacağı proqnoz olunur ki, bunun da əsas hissəsi Suqovuşanın payına düşür. Gəncə istiqamətindən yerli turistlərin Suqovuşana davamlı olaraq səfərləri gözlənilir. Bundan əlavə, Suqovuşan Gəncə və ətraf zonalar üçün yeni və kəşf olunmamış rekreasiya zonası kimi çıxış edəcək. Suqovuşanda turizmin inkişafının ətraf bölgələrin iqtisadi inkişafına da birbaşa müsbət təsiri olacağı proqnozlaşdırılır. Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına, əhalinin turizmdən gəlir əldə etməsinə müsbət təsir göstərəcək. 
Naftalan-Talış-Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsinin region turizminin inkişafında mühüm rolu olacaq. Sözügedən yol infrastrukturunun Naftalan turistlərinin Suqovuşana səfərlərini optimallaşdırmaqla yanaşı, Gəncə şəhərindən qısa müddət ərzində turist marşrutlarının təşkilini mümkün edəcək. Yeni yolun istismara verilməsi Suqovuşanla yanaşı, ona yaxın olan ərazilərin inkişafına da təkan verəcək, ərazinin "əlçatan turizm destinasiyası"na çevrilməsinə imkanları artıracaq. Belə ki, respublikanın qərb istiqamətindən səfər edən yerli və xarici turistlər üçün Naftalan-Suqovuşan yolu, Bakı istiqamətindən hərəkət edən turistlər üçün Bakı-Tərtər-Suqovuşan yolu Suqovuşana əlçatanlığın təmin edilməsi üçün mühüm rol oynayır.

 

Suqovuşanın hərbi əhəmiyyəti

 

Milli Məclisin deputatı Sahib Alıyev deyir ki, Suqovuşan İkinci Qarabağ müharibəsində ən çox şəhid verdiyimiz torpaqlarımızdandır. Bu, heç də səbəbsiz deyil: "Düşmənin ən güclü istehkamları burada idi və himayədarları onların mövqelərini ən çağdaş izləmə texnikası ilə təmin etmişdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ötürdüyü texnikanın da böyük hissəsi canlı qüvvə ilə yanaşı, orada cəmləşdirilmişdi". 
Sahib Alıyev bildirir ki, Murovun və Suqovuşanın azad edilməsi ilə, əslində, İkinci Qarabağ savaşının taleyi həll edildi. Bu ərazilərin işğaldan azad edilməsi Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə bitəcəyinin müjdəsi idi. Düşmənin ən çox hazır şəkildə durub gözlədiyi nöqtə də bura idi, çünki 2016-cı ilin Aprel döyüşləri məhz orada baş vermişdi. Onlar bilirdilər ki, növbəti dəfə döyüşlər Suqovuşanda gedəcək. 
Deputat deyir ki, düşmənin bu ərazidə yerləşən hərbi birləşmələri son dərəcə hazırlıqlı idi. Suqovuşanın azad edilməsi Azərbaycan üçün hərbi strateji baxımdan vacib idi.
Regionun turizm potensialından söz açan Sahib Alıyev deyir ki, Suqovuşan su anbarının Sərsəng qədər su ehtiyatı olmasa da, məhz buranın azad edilməsi ilə Tərtərdə və digər ərazilərimizdəki su çatışmazlığı problemi qismən də olsa həllini tapdı: "Gələcəkdə Suqovuşanda turizm obyektləri açılandan sonra hər bir azərbaycanlı ora ayaq basdıqca ilk növbədə bu torpaqların azad edilməsində canlarından keçən şəhidlərimizə rəhmət oxuyacaqlar. Əslində, əbədi yaşamaq elə adının çəkilməsi, unudulmamasıdır".
Hərbi ekspert Ədalət Verdiyev də deyir ki, Suqovuşanın azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri bir həftəyə qədər çox ağır əks-hücum əməliyyatlarında iştirak edib. Onun sözlərinə görə, bu ərazidəki savaş İkinci Qarabağ müharibəsində  şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Bu döyüşlər nəticəsində düşmənin ciddi sayda canlı qüvvə və texnika itkisinə məruz qalması onun potensialının zəifləməsinə gətirib çıxardı. Suqovuşan su anbarının nəzarətimizə keçməsi isə düşmənin enerji təchizatı sisteminə ciddi ziyan vurdu. Döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin iki tank taqımına qədər zirehli texnikasını məhv edib, bir tank taqımını isə texnikaları ilə birlikdə qənimət götürüb. Bundan əlavə, həmin ərazidə artilleriya zərbələri ilə düşmənin 10-a qədər müxtəlif texnikası məhv edilib, düşmənə aid hərbi infrastruktur Azərbaycan Ordusunun nəzarətinə keçib. 
Ekspert deyir ki, Suqovuşanın azad edilməsi ən əsası onun tarixi adının bərpa edilməsi ilə nəticələndi: "Suqovuşanın azad edilməsindən sonra mülki əhalinin ən çox raket zərbələrinə məruz qaldığı Tərtər şəhəri də düşmən atəşindən qismən uzaqlaşdırılmış oldu. Başqa sözlə, Suqovuşanın azad olunması Tərtərə atılan raketlərin sayının azalmasına gətirib çıxartdı". 

 

Əbədiləşən Zəfərin izi

 

Beləliklə, sentyabrın 27-də haqq və ədalət uğrunda, ərazi bütövlüyümüzü təmin etmək istiqamətində başlayan Vətən savaşının elə ilk günündəcə 6 kənd mənfur düşməndən azad edilmişdi. Daha sonra isə növbədə düşmənin illər ərzində güclü istehkamlar qurduğu, bir gün sahiblərinin qayıdacağı, 2016-cı il Aprel döyüşlərinin xofu ilə ayağını bərk-bərk basaraq dayandığı Suqovuşan idi. Sentyabrın 27-dən oktyabrın 3-nə qədər isə başqa yaşayış məntəqəsi azad edilməmişdi, çünki düşmən mövqeləri burada möhkəm olduğu üçün yeni plana hazırlıq gedirdi. Yenə haqq yerini tapdı. Azərbaycan Ordusu düşmənin "alınmaz, dağılmaz" hesab etdiyi istehkamları darmadağın edərək irəli getdi. O gündən etibarən isə illər ərzində hər bir meşəsi, dağı, daşı belə solmuş torpaqlarımız qarış-qarış azad edildi, öz sahiblərinə qucaq açdı. Bununla da Zəfər yolumuz başladı, ta ki 8 noyabra - o alınmaz qalanın fəthinə qədər.
..İllər keçəçək, işğaldan azad olunan bütün ərazilərimizdə həyat öz axarına qayıdacaq, amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Zəfər izi əbədi olaraq o torpaqlarda qalacaq.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video