26 Iyun 2022 02:37
911
SİYASƏT
A- A+

Hərb salnaməmizin fəxarət ünvanı

 

Müzəffər Azərbaycan Ordusunun maddi-texniki təchizatı və yüksək döyüş qabiliyyəti daim artırılır

 

Azərbaycan müstəqillik qazandıqdan sonra ordu quruculuğu sahəsində daim islahatlar həyata keçirilib. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra hərbi sahədə də dönüşə nail ola bildi. Ulu Öndər vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Dahi şəxsiyyətin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olundu.

2003-ci ildən isə Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesində yeni mərhələ başlandı. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində orduda peşəkarlığın artırılması, onun ən müasir silah və texnika ilə təchizatı daim əsas prioritetlərdən birinə çevrildi.

Torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olması hərbi sahədə islahatları önə çəkirdi. Ötən illər ərzində ordumuz gücləndi. 2016-cı ilin Aprel döyüşləri zamanı rəşadətli ordumuzun göstərdiyi hünər orduda islahatların necə sürətlə getdiyinin əyani sübutu oldu. 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 10-da başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı Zəfərimiz isə Azərbaycan Ordusunun dünya ölkələrinin güclü silahlı qüvvələri ilə bir sırada olduğunu bir daha sübut etdi. Qələbənin şərəfinə  dekabrın 10-da Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalar, həmçinin düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursatı nümayiş olundu.

Müharibədən sonra da hərbi sahənin inkişafı, bu sahədə digər ölkələrlə əməkdaşlıq davam edir. Xüsusən Türkiyə ilə müttəfiqlik fonunda qardaş ölkənin ordu modeli tətbiq olunur, birgə hərbi təlimlər keçirilir.

 

Ordu quruculuğunun müasir mərhələsi

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü  Elman Məmmədov qəzetimizə açıqlamasında deyib ki, bu gün Azərbaycanda ordu quruculuğu çox yüksək səviyyədədir. Təbii ki, torpaqlarımızı işğaldan azad edən qalib ordumuzla fəxr edirik.

Onun sözlərinə görə, bugünkü yüksək döyüş qabiliyyətinə malik ordunun yaradılması üçün ölkəmizə uzun illər lazım olub. Azərbaycanda 1991-cı ilin payızında Müdafiə Nazirliyi yaradılsa da, ancaq adı var idi, heç bir maddi-texniki, silah-sursat bazası, kadr ehtiyatı olmayan qurum kimi yaradılmışdı. Ulu Öndərin hakimiyyətə qayıdışının ilk günlərindən Azərbaycanda ordu quruculuğuna çox ciddi diqqət ayrıldı. Həmin tarixdən ordu quruculuğu geniş vüsət aldı.

Deputat vurğulayır ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ordu quruculuğuna ayrılan diqqət, qayğı göz önündə olub. Azərbaycan hökuməti ordumuzun təminatı, inkişafı, döyüş qabiliyyətinin yüksək səviyyədə olması üçün büdcədən kifayət qədər vəsait ayırır. Bu il də bu məsələyə yenidən baxılıb, orduya ayrılan maliyyə vəsaiti  artırılıb.

Deputat deyir ki, bugünkü Azərbaycan Ordusu  döyüş qabiliyyəti, hazırlıq səviyyəsi ilə dünyanın aparıcı dövlətlərinin orduları sırasında yer alır: "Deyilənlər özünü 44 günlük Vətən müharibəsində də təsdiqlədi. Azərbaycan Ordusu yeni dövrün ədalətli müharibəsini apardı və qalib ordu adını qazandı".

Deputat bildirir ki, Vətən müharibəsində ordumuzun apardığı unikal, hərb elminin ən yüksək nailiyyətlərinə əsaslanan əməliyyatların təcrübəsi bu gün dünyanın bir çox ordularında öyrənilməkdədir.

 

Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malikdir

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də qeyd edir ki, bu gün Azərbaycan Ordusu müasir silahlarla təchiz olunmuş, həm dağ, həm səhra, həm də suda və havada müharibə apara bilən, döyüşkən ordudur.

Deputat bildirdi ki, 104 il öncə yaranan Azərbaycan Ordusu Xalq Cümhuriyyəti süquta uğrayandan sonra dağıldı. 1991-ci ildə müstəqillik bərpa edildikdən sonra isə ölkədə yaranan xaotik vəziyyət, hakimiyyət mübarizəsi ciddi ordunun yaranmasına mane oldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra məhz Azərbaycan Ordusunun yaranması istiqamətində ciddi addımlar atdı. Ordunun  yaranması məsələsi böyük vəsaitlərə bağlıdır. Məhz "Əsrin müqavilə"si imzalandıqdan sonra ondan gələn gəlirin ordu quruculuğuna yönəldilməsi ən önəmli məsələ idi və bu istiqamətdə görülən işlər öz bəhrəsini verdi.

Arzu Nağıyev qeyd edir ki, Ulu Öndərin vaxtilə yaratdığı Hərbi Akademiya, eyni zamanda hərbi məktəblərin milli məzunlarının Azərbaycan Ordusunda təmsil olunması götürülən kursun məqsədyönlü olduğunu göstərdi. Hər cür təhdidin qarşısını almaq üçün həm NATO, həm də digər standartlara uyğun orduya ehtiyac var idi. 44 günlük Vətən müharibəsi, ondan əvvəl Tovuz və Lələtəpə əməliyyatları bir daha göstərdi ki, Azərbaycan Ordusu müasir silahlardan istifadə etmək bacarığına malikdir və ciddi kadr potensialı var. Bu gün hər bir Azərbaycan vətəndaşı döyüşkən ordusu ilə fəxr edir.

Deputat dedi ki, Vətən müharibəsi hibrid müharibənin nə olduğunu, PUA-lardan istifadə etmək üçün ciddi kadr potensialı yetişdirməyin vacibliyini göstərdi: "Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu ilə bağlı atdığı addımlar öz bəhrəsini verdi və verməkdədir. Artıq bu gün ordumuz həm Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan, həm də xaricdən alınan silahlarla silahlanıb və yüksək döyüş qabiliyyəti var".

Arzu Nağıyev ən mühüm məsələlərdən birinin Qarabağ ərazisində Türkiyə standartlarına uyğun komando tipli hərbi hissələrin yaradılması olduğunu qeyd edir. Bu da Türkiyənin Azərbaycanla əməkdaşlığından doğan məsələdir. Türkiyə NATO-nun üzvü olduğundan NATO standartlarını mənimsəyib. Əməkdaşlıq digər dövlətlərlə də davam etdirilir. Hər bir vətəndaş inanmalıdır ki, onun arxasında güclü ordu durur. Ordunun formalaşması üçün əsas məsələ vəsait, ciddi texnika, müasir texnologiyaların olması, dünyada baş verən hadisələri təhlil edib nəticələr çıxarmaq və döyüş ruhunu yüksəltməkdir.

 

Qızıl zəfər tarixini yazan ordu

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir oğlu qəzetimizə açıqlamasında bildirir ki, Azərbaycan Ordusu  mötəbər beynəlxalq reytinq cədvəllərinə görə, dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Onun sözlərinə görə, Azərbaycanın hərbi gücünə görə bərqərar olduğu yer kifayət qədər qənaətbəxşdir, çünki ölkəmizin müstəqillik tarixinin yaşı cəmi 30-a bərabərdir. Deməli, Azərbaycan qısa zamanda dünyanın ən güclü ordularından birinə malik ola bilib.

Deputat xatırladır ki, Ümummilli Lider Heydər Əliyev xalqın xahişi ilə Azərbaycanda ikinci dəfə ali siyasi hakimiyyətə qayıtdıqdan sonra milli ordu quruculuğunun həyata keçirilməsini şərtləndirəcək çox təsirli addımlar atıb. Ölkədə  öncə siyasi sabitlik təmin olundu, milli iqtisadi sistemin elementləri formalaşdırıldı. Təbii ki, milli ordu quruculuğu üçün bu şərtlərin təmin olunması çox vacib idi. Ordu quruculuğunu keyfiyyətli həyata keçirmək üçün böyük maliyyə resurları tələb olunurdu.

Ulu Öndərin siyasi iradəsi, uzaqgörən strateji baxışları sayəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra Azərbaycan iqtisadiyyatına sərmayələr cəlb olunmağa başlanıldı, ölkədə güclü iqtisadi sistem formalaşdı və sürətlə inkişaf etməyə başladı. Beləliklə, ordu quruculuğunu həyata keçirmək üçün resurslar meydana gəldi.

Elşad Mirbəşir oğlu qeyd edir ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycana ordusunu daha müasir tələblərə, ciddi çağırışlara cavab verəcək səviyyədə qurmağa sövq edirdi: "Ulu Öndər də, Prezident İlham Əliyev də hər zaman ordumuzun gücünün torpaqlarımızın hərbi yolla işğaldan azad etməyə çatdığını qeyd edirdilər. Ulu Öndər çox böyük inamla deyirdi ki, biz  öz torpaqlarımızı işğaldan azad edəcəyik, doğma yurdlarımıza qayıdacağıq".

Deputat Ulu Öndərin ideyalarının davamçısı, bu ideyaları müasir dövrün tələbləri ilə zənginləşdirərək həyata keçirən Prezident İlham Əliyevin misli görünməmiş iradə, hərbi-siyasi strategiya keyfiyyətləri nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdiyini vurğuladı. Onun rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu xalqımızın qızıl zəfər tarixini yazdı. Bu, dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan Ordusu dünyanın ən gücü orduları sırasındadır. Azərbaycan torpaqlarını işğaldan azad edən zaman ən müasir hərbi taktika və strategiyadan istifadə etdi. Ordumuzun texniki təchizatı dünyanın heyrətinə səbəb oldu. Hətta dünyanın ən inkişaf etmiş ölkələri belə Azərbaycanın 2020-ci ilin payızında apardığı müharibədən sonra öz müdafiə sistemlərinə yenidən baxmalı olacaqlarını etiraf etdilər. Bunlar onu göstərir ki, Azərbaycanda ordu quruculuğu böyük həssaslıqla, ən müasir tələblərə uyğun şəkildə həyata keçirilir. Prezident İlham Əliyev hər zaman ordunun müdafiə qabiliyyətinin, şəxsi heyətin hazırlıq səviyyəsinin, döyüş qabiliyyətinin yüksəldilməsini, maddi-texniki bazanın yaxşılaşdırılması məsələsini diqqət mərkəzində saxlayır.

Deputat qeyd edir ki, Azərbaycan Ordusuna ayrılan vəsait bütövlükdə az qala Ermənistanın dövlət büdcəsinə bərabərdir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu ən qüdrətli ordular sırasında bərqərar olub.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin ən müasir tələblərə cavab verəcəyi səviyyəyə gəlməsində düzgün yanaşma çox təsirli rol oynayır. Uyğun dövlətlərlə hərbi sahədə əməkdaşlığın həyata keçirilməsi, xüsusən qardaş Türkiyə ilə bu istiqamətdə geniş əməkdaşlığın olması Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş qabiliyyətini şərtləndirən əsas amillərdir. Azərbaycan hərbi sahədə Rusiya, Pakistan, İsrail, Belarus ilə də yaxından əməkdaşlıq edir. Bu ölkələrin də hərbi gücü kifayət qədər yüksəkdir və belə əlaqələr ordunun güclənməsinə hər zaman öz töhfəsini verir.

Elşad Mirbəşir oğlu Prezidentin Azərbaycan Ordusunun daha güclü olmasının vacibliyini hər zaman vurğuladığını və sonuncu çıxışlarının birində güc amilinin təsirli rol oynadığını xatırladıb. "Azərbaycan hər zaman hərbi, iqtisadi, siyasi cəhətdən güclü olmalıdır. Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz  bu gücü hər zaman özündə saxlayır və daha da artırır", - deyə o bildirib.

 

Silahlı Qüvvələrimizin imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb

 

44 günlük Vətən müharibəsində könüllü iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, jurnalist Rəşad Baxşəliyev 2001-2003-cü illərdə taqım komandiri kimi hərbi xidmət keçib. Cəbrayıl, Qubadlı, Xocavənd, Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən R.Baxşəliyev hərbi xidmət keçdiyi dövrlə müharibə dövründəki vəziyyəti müqayisə edərək deyir ki, 2001-2003-cü illərdə islahatlara yeni başlayan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində vətənpərvərlik, döyüş əzmi yüksək olsa da, hərbi təchizat indiki kimi deyildi.

Onun sözlərinə görə, 2000-ci illərin əvvəlində sovet dövründən qalmış hərbi texnikalardan, silah-sursatlardan istifadə edilirdi. Ordumuzun ümumi təminatı bu gün olduğu kimi ən müasir standartlar səviyyəsinə çatmamışdı.

Rəşad Baxşəliyev Vətən müharibəsində tam başqa - istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir qüdrətli ordu gördüyünü vurğulayır: "Vətən müharibəsinədək ordumuzun gücü bəlli idi, paradlarda qoşunların arsenalına hansı hərbi texnikaların daxil edildiyini görmüşdük, ancaq 44 günlük savaş onların döyüş qabiliyyətini ortaya qoydu".

Ehtiyatda olan zabit söyləyir ki, İkinci Qarabağ müharibəsinədək ordumuzun uğurlu Aprel, Günnüt və Tovuz döyüşləri olub, lakin həmin döyüşlərdə Silahlı Qüvvələrin arsenalında olan az qisim hərbi texnika və silah-sursatdan istifadə edilib. 2016-cı ilin Aprel döyüşləri isə Vətən müharibəsinə gedən uğurlu yolun başlanğıcı oldu. Bu döyüşlər zamanı nəinki Ermənistan, dünya da Azərbaycan Ordusunun qüdrətinə, döyüş əzminə əyani şahidlik etdi. Biz həmin vaxt Cocuq Mərcanlının timsalında uzun illərdən sonra ilk dəfə azad vətən torpaqlarına ayaq basdıq. Üçrəngli bayrağımız Lələtəpədə qürurla dalğalandırıldı. Aprel zəfəri işğal altında qalan digər yurdlarımızın da tezliklə azad olunacağının, böyük qələbənin carçısı oldu. Aprelin 2-dən başlayan hərbi əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etsə də, döyüşçülərimizin şücaəti qarşısında geri otuzduruldu. Ümumilikdə bu döyüşlər hər kəsə Azərbaycan Ordusunun öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək əzmində olduğunu göstərdi və orduda, xalqda inam yaratdı.

Hərbçimiz vurğulayır ki, Aprel döyüşləri bizim şanlı qələbəmizin başlanğıcı idi. Bu düşmənə də xəbərdarlıq idi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etmək gücündədir. 2018-ci ilin mayında Naxçıvanın Şərur rayonunun Günnüt kəndinin də işğaldan azad edilməsi, dövlət sərhədi boyunca əlverişli mövqelərimizin ordumuzun nəzarətinə keçməsi ruh yüksəkliyi yaratdı. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi isə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, şəxsi heyətin döyüş ruhunu, əzmini dünyaya nümayiş etdirdi.

Rəşad Baxşəliyev Vətən müharibəsi zamanı işğalçı ölkə qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi, pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunan, döyüşkən və regionun ən güclü nizami ordusu olduğunu deyir: "Qürurverici hal idi ki, müharibə başlayan gündən Silahlı Qüvvələrin şəxsi heyəti qisas və qələbə hissi ilə döyüşə girmişdi. Azərbaycan əsgəri yalnız öz gücünə, peşəkarlığına, xalqına və ən əsası, Ali Baş Komandanı İlham Əliyevə güvənərək ərazi bütövlüyümüzün bərpasına qadir olduğunu dünyaya nümayiş etdirdi".

Müsahibimiz qeyd edir ki, Azərbaycan dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlara, texnikalara sahibdir. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Silahlı Qüvvələrimizin hədəfi son dərəcə yüksək dəqiqliklə vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə tam modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərdəndir. Son bir neçə ilin statistikasına əsasən, Azərbaycan müasir silahlanmaya görə Avropada 2-ci, dünyada 3-cü yerdə qərarlaşıb. Şübhəsiz ki, bütün bu uğurlar həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub. Əgər belə olmasaydı, Azərbaycan BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra və cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi.

Ehtiyatda olan hərbçi hesab edir ki, hərbi sənaye kompleksini də formalaşdıran Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Azərbaycan öz ordusunu istehsal olunan yerli hərbi təyinatlı məhsullarla əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində kompleks islahatlar aparılır.

Müsahibimiz ötən ilin dekabrında yaradılan komando tipli hərbi hissələrdən də söz açıb. O, bu  yeniliyin ordu islahatları sırasında mühüm yer tutduğunu qeyd edir. Onun sözlərinə görə, hərbi əməkdaşlıq sayəsində Türkiyə modelinə uyğun yaradılan komando tipli hərbi hissələrdəki hərbçilərin hər biri Türkiyədə təlim keçiblər. Bu, ordunun düşmənə daha çevik cavab verə biləcək qabiliyyətdə olmasını təmin edir və Silahlı Qüvvələrimizin ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşməsinə şərait yaradır.

 

Dövlət siyasətinin əsas istiqaməti ordu quruculuğudur

 

Ümumiyyətlə, nizami ordu quruculuğu sayəsində ötən əsrin sonlarından Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılan islahatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Ordu quruculuğu sahəsində görülən bütün işlərin, hərbi sahənin inkişafının, bu sahədə kadr potensialının artırılmasının nəticəsini Vətən müharibəsi zamanı rəşadətli ordumuzun şanlı qələbəsi əsasında gördük. Təbii ki, müharibədən sonra da ordunun inkişafı istiqamətində davamlı addımlar atılır.

Prezident İlham Əliyev hər zaman ordu quruculuğunun Azərbaycanın dövlət siyasətində ilk yerdə durduğunu, ordumuzun gündən-günə gücünü artırdığını bildirir. Ordunun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Aparılan təhlillər, mütəxəssislərin müsbət fikirləri həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından Azərbaycan Ordusunun güclü ordular sırasında olduğunu göstərir. 

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video