20 Avqust 2022 02:11
1704
SİYASƏT
A- A+

Hədəf qüdrətli dövlət, yüksək rifah cəmiyyəti yaratmaqdır

 

İlham Əliyevin yeni inkişaf strategiyası bu məqsədlərin reallaşması üçün mühüm yol xəritəsidir

 

Son illərdə Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini təmin edib. Dünya qlobal iqtisadi böhranla üzləşdiyi zamanda Azərbaycanın əksər sahələrdə əldə etdiyi uğurlar iqtisadi müstəqilliyin yaratdığı reallıqdır. Məhz dövlətin iqtisadi imkanlarının artması ilə bir çox sosial problemlər ardıcıl şəkildə həll olunur, insan kapitalının davamlı inkişafı təmin edilir. 
Əlbəttə ki, bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların nəticəsində reallaşır. Dünyada ən islahatçı Prezident statusu alan İlham Əliyevin hər zaman qarşıdakı illər üçün müəyyənləşdirdiyi inkişaf prioritetləri xalqın sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın istənilən böhrandan az itki ilə çıxmasını təmin edib. Prezidentin təsdiq etdiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da qarşıdakı onillik üçün hərtərəfli yüksəlişin təminatçısı hesab olunur.

 

Keyfiyyətcə yeni olan strateji inkişaf mərhələsi başlayıb

 

Bu bir həqiqətdir ki, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan respublikamız hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir.
Prezidentin müəyyənləşdirdiyi yeni strategiyada qarşıdakı hədəflər və yüksəlişin istiqamətləri öz əksini tapıb. Sənəddə qeyd edilir ki, Azərbaycan postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.
Məhz bu məqsədlə "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunub və bu prioritetlərə söykənən "2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası" hazırlanıb. Bu strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcək.
Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq nüfuzunun artmasına, ölkənin iqtisadi potensialının gücləndirilməsinə və əhalinin sosial rifah halının əhəmiyyətli yüksəldilməsinə səbəb olub. Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb. İqtisadiyyatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə effektiv istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb. Bütün bu nəticələrin əldə olunmasında dövlətin səmərəli idarəetməsi həlledici rol oynayıb.
Növbəti strateji dövr üçün "Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti"nə çevrilməkdən ötrü üçün mövcud sosial-iqtisadi modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə yenilənəcək. Bu əsasda qəbul edilmiş "Azərbaycan - 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcək. Bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək. 

 

Milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq

 

Ümumiyyətlə, yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 
Birinci mərhələdə (2022-2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaq. 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaq.
Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlıq təmin olunacaq, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək. Makroiqtisadi və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlığı - irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcək. 
Beləliklə, yeni strategiya, demək olar ki, bütün sahələrdə yüksəlişin təminatçısı olacaq: 
- əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək;
- bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq;
- özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq;
- şəhərlə kənd arasında yaşayış standartlarındakı fərqlər azaldılacaq;
- gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq;
- elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcək;
- əhalinin davamlı savadlanması üçün "ömürboyu öyrənmək" mexanizmi yaradılacaq;
- işğaldan azad edilmiş ərazilərə böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq;
- Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək;
- ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video