İlham Əliyev Türk Dövlətləri Təşkilatının yeni hədəfləri üçün qarşıdakı dövrün yol xəritəsini müəyyənləşdirdi
"Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir".
Görülən işlər, qarşıdakı strateji hədəflər
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev təşkilatın necə yarandığına, qısa zamanda necə formalaşdığına və getdikcə necə bir güc mərkəzinə çevrildiyinə qısa nəzər yetirdi. Azərbaycan Prezidenti həmçinin hər zaman olduğu kimi görülən işləri qiymətləndirdi və qarşıdakı hədəfləri göstərdi.
Prezidentin də söylədiyi kimi, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və bu il Budapeştdə baş tutmuş görüş mühüm qərarlarla yadda qalıb.
İlham Əliyev qəbul edilən qərarları, həyata keçirilən layihələri yüksək qiymətləndirdi və bildirdi ki, bütün bunlar təşkilatın daha da güclənməsinə xidmət göstərən proseslərdir.
Ümumiyyətlə, TDT-nin Qəbələ zirvəsində Prezident İlham Əliyevin çıxışını həm də təşkilatın qarşıdakı dövr üçün yol xəritəsi də adlandırmaq olar.
Öncə onu vurğulamalıyıq ki, TDT-nin 12-ci Zirvə görüşü, Azərbaycan və türk dünyası üçün əhəmiyyətli bir tarixi an oldu. Bu Zirvə görüşündə Prezident İlham Əliyev yalnız regionda sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətindəki mülahizələrini açıqlamaqla kifayətlənmədi, həm də Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair strateji hədəflərini vurğuladı.
İlham Əliyevin çıxışında önə çıxan bir neçə mühüm məqam vardır. Bu səbəbdən də Türk Dövlətləri Təşkilatının güclənməsi və təşkilata üzv olan ölkələr arasında daha sıx əməkdaşlığın qurulması istiqamətində bir sıra vacib mesajlar verdi.
Türk dünyasının strateji vizyonu və inteqrasiyası
Əvvəlcə, İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcəyinə dair yeni strateji hədəflər ortaya qoydu. Prezident türk dünyasının daha sıx inteqrasiyasının vacibliyini qeyd edərək, üzv ölkələr arasında ticarət, nəqliyyat, enerji və turizm sahələrində əlaqələrin artırılmasının vacibliyini vurğuladı. Bu baxımdan Azərbaycan öz geosiyasi mövqeyindən istifadə edərək, Türk Dövlətləri Təşkilatının iqtisadi gücünü artırmaq və üzv ölkələr arasında ticari əlaqələri gücləndirmək niyyətində olduğunu bəyan etdi.
Nəqliyyat və logistika infrastrukturunun inkişafı
Azərbaycanın "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı irəliləyişlərini diqqətə çatdıran İlham Əliyev bu layihələrin Türk Dövlətləri Təşkilatının üzv ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Dövlət başçısı Azərbaycanın, təkcə öz ölkəsinin deyil, eyni zamanda türk dünyasının nəqliyyat mərkəzinə çevrilməsi məqsədini daşıdığını bildirdi. Bu layihələrin həyata keçirilməsi ilə türk dövlətləri arasında daha asan və sürətli ticarət əlaqələri qurulacağı vurğulandı.
Enerji təhlükəsizliyi və türk dövlətlərinin enerji bazarına təsiri
Prezident İlham Əliyev enerji sahəsində də Türk Dövlətləri Təşkilatının böyük potensiala sahib olduğunu qeyd edərək, Azərbaycanın enerji təhlükəsizliyi məsələsindəki rolunu önə çəkdi.
İlham Əliyev türk dövlətlərinin enerji ehtiyatlarının paylaşılmasının və bu sahədə birgə fəaliyyətin daha da dərinləşdirilməsinin vacibliyini bildirdi. Azərbaycanın Xəzər dənizindəki enerji resurslarının türk dünyasına qazandırılmasını və bu resursların dünyaya daşınması istiqamətindəki səylərinin davam edəcəyini vurğuladı.
Təhlükəsizlik və hərbi əməkdaşlıq
Türk Dövlətləri Təşkilatının həm iqtisadi, həm də təhlükəsizlik baxımından güclü bir struktura çevrilməsi üçün hərbi sahədə əməkdaşlığın artırılmasının vacibliyinə diqqət çəkən İlham Əliyev bu baxımdan üzv ölkələr arasında hərbi təlimlərin, mütəxəssis mübadiləsinin və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etdi.
Dövlətimizin başçısı dedi ki, təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə
25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. "Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm" deyən Azərbaycan Prezidenti vurğuladı ki, bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.
Türk dünyasında təhsil və mədəniyyət əməkdaşlığı
Türk Dövlətləri Təşkilatının təhsil və mədəniyyət sahələrində də böyük potensiala sahib olduğunu qeyd edən İlham Əliyev türk dünyası ölkələri arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu bildirdi. Bu məqsədlə türk dilinin tədrisinin genişləndirilməsi, mədəni mübadilələrin artırılması və birgə layihələrin həyata keçirilməsi planlaşdırılmalıdır.
İqlim dəyişikliyi və ekoloji problemlər
Prezident İlham Əliyev Azərbaycan hökumətinin ekoloji problemlərlə mübarizə sahəsində ciddi addımlar atdığını, türk dünyası ölkələrinin də birgə şəkildə bu məsələyə yanaşmasının vacib olduğunu qeyd etdi. Azərbaycan ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq əməkdaşlığa verdiyi önəmi vurğuladı və Türk Dövlətləri Təşkilatının bu sahədə birgə siyasət yürütməsini təklif etdi.
Türk Dövlətləri Təşkilatının qlobal siyasətdəki rolu
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının qlobal siyasətdə daha aktiv rol alması üçün bütün üzv ölkələrin birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd etdi. Dövlət başçısı türk dünyasının dünya siyasətindəki təsirinin artırılması və bu təşkilatın beynəlxalq arenada daha möhkəm mövqe tutması məqsədilə əməkdaşlığın dərinləşdirilməsinin vacib olduğunu bildirdi.
Qəbələdə keçirilən 12-ci Zirvə görüşü, Türk Dövlətləri Təşkilatının gələcəyinə dair İlham Əliyevin bəyan etdiyi hədəflər, türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını sürətləndirə biləcək mühüm addımların atılması istiqamətində bir çağırışdır. Bu hədəflərin həyata keçirilməsi, türk dövlətləri arasında daha güclü bir əməkdaşlıq qurulmasına və bu əməkdaşlığın qlobal səviyyədə daha təsirli olmasına imkan yaradacaq.
Qəbələ Zirvə görüşü Türk Dövlətləri Təşkilatının gələcək inkişafını təmin edəcək bir çox mühüm sənədin imzalanması ilə yadda qaldı. İmzalanan sənədlər, türk dünyası ölkələri arasında sıx əlaqələrin qurulmasına, birgə strateji layihələrin həyata keçirilməsinə və regional məsələlərə qarşı birgə yanaşmanın inkişafına zəmin yaradacaq. Bu sənədlər türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını daha da irəlilətmək üçün əsaslı bir addım oldu.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"