11 Oktyabr 2025 08:40
672
SİYASƏT
A- A+
Gəncə qətliamı qan yaddaşımızdır

Gəncə qətliamı qan yaddaşımızdır


27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin elə ilk günündən qəhrəman döyüşçülərimiz yerdə də, göydə də düşmənin amanını kəsərək onu torpaqlarımızdan qovmağa, bir-bir kənd və şəhərlərimizi azad etməyə başladılar. Rəşadətli Azərbaycan Ordusu Ermənistanın 10 noyabrda kapitulyasiya aktına imza atmasına qədərki cəmi 44 günlük zaman dilimində böyük şücaət və igidlik nümayiş etdirərək 300 yaşayış məntəqəsini, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliyi düşməndən azad etdi. 


Şəhər 5 dəfə raket hücumuna məruz qaldı


İkinci Qarabağ savaşının elə ilk günündən cəsur döyüşçülərimizin qabağında duruş gətirə bilməyən qorxaq və xain düşmən biabırçı məğlubiyyətinin acısını çıxarmaq üçün cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə tuturdu. Necə ki, Birinci Qarabağ savaşında faşist xislətlilər beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq mülki insanlarımızı hədəf alıb soyqırımları törətmişdilər, 44 günlük müharibədə də əllərini dinc  azərbaycanlıların, körpələrin, yaşlıların, qadınların qanlarına buladılar. Özü də bütün bu terrorları elan olunmuş humanitar atəşkəs rejimləri zamanı etdilər. Vətən müharibəsi dövründə Ermənistanın yalvarışları nəticəsində bir neçə dəfə humanitar atəşkəs rejimi elan olunmuşdu. Ancaq vurğuladığımız kimi, yalvarışları sayəsində razılaşdırılıb elan edilmiş atəşkəs rejimlərini hər dəfəsində kobudcasına pozan Ermənistan silahlı bölmələri gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tuturdu.

Azərbaycanın ikinci ən böyük şəhəri və cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən Gəncə də Tərtər, Bərdə, Goranboy və bir sıra digər yaşayış məntəqələrimiz kimi Vətən müharibəsi zamanı böyük savaşın içindəydi. 2020-ci ilin oktyabr ayında təkcə Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən düz beş dəfə ayrı-ayrı zamanlarda bombalandı. Düşmənin dəfələrlə hədəfinə çevrilən şəhər terrora məruz qaldı, sakinləri şəhid oldu, yaralandı. Gəncəyə ilk hücum 4 oktyabrda baş verdi və bu zaman 1 mülki şəxs şəhid oldu, 30-dan çox mülki insan yaralandı. Bir gün sonra həyata keçirilən ikinci raket hücumu nəticəsində 3 mülki şəxs yaralandı. Gəncəyə üçüncü raket hücumu oktyabrın 8-də, dördüncü isə 11 oktyabrda baş verdi və nəticədə 10 mülki şəxs şəhid oldu və 40-dan çox insan yaralandı. Düşmənin mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verdi. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. 

Ümumiyyətlə, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəydi.   


Əbədi ehtiram


Gəncədə raket atəşinə məruz qalmış ərazilərdəki dağılmış binalar həmin dövrdə şəhər sakinlərinin, eləcə də ölkəmizin digər ərazilərindən bura gələn insanlarımızın ziyarətgahına çevrilmişdi. Məsum insanlarımızın şəhadətə ucaldığı yerlərə tər qərənfillər düzülür, həlak olanların ruhu dərin ehtiramla anılır, dualar oxunurdu. 

Şəhərdə düşmənin raket  zərbələrindən birinin endirildiyi ərazidə - yaşayış binalarının yerində 31 yanvar 2022-ci ildə Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoydu. 

Bu il sentyabrın 27-də - Anım Günündə isə dövlətimizin rəhbəri tərəfindən Gəncə Memorial Kompleksinin açılışı həyata keçirildi.

Bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

4 hektar sahəni əhatə edən və orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz - krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.

Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə "XX əsrin əvvəli", "Deportasiya və məcburi köçkünlük", "Soyqırımı və kütləvi qırğınlar", "Atəşkəs və Vətən müharibəsi dövrü", "İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru" və "İşıqlı gələcəyə doğru" mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.

Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada həmçinin 1948-1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.

Növbəti bölmələrdə 1987-1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə - atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.


Keçmişə sayğı, gələcəyə inamla


Həmin gün Prezident İlham Əliyevin Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşməsinin rəmzi mənası var idi. 

Şəhidlərin Anım Günündə dövlətimizin başçısının Gəncədə Ermənistanın terrorçuluğu nəticəsində hər iki valideyni şəhid olan Nilay adlı qızcığazla birlikdə əl-ələ, qürurla addımlaması həm də özündə güclü Azərbaycanı, onun parlaq gələcəyini  simvolizə edirdi.  Bununla qalib lider İlham Əliyev Azərbaycan xalqının əzmkar mübarizəsini, tükənməz inam və iradəsini, sarsılmaz birliyini və əbədi zəfərini dünyaya bir daha bəyan edirdi.

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimindən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşdülər.

Yeri gəlmişkən, bildirək ki, Azərbaycan lideri İlham Əliyev BMT-nin 80-ci sessiyasında ölkəmizin həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə yetirən zaman İkinci Qarabağ savaşında Ermənistanın törətdiyi hərbi cinayətlərə də diqqət çəkdi: "Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi". 

Ölkəmizin rəhbəri eyni zamanda nəzərə çatdırdı ki, Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı: "Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi".

2020-ci ildə torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan,  2023-cü ildə dövlət suverenliyini tam təmin etdi. Xalqımıza qarşı Gəncədə və digər ərazilərimizdə hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslər Bakıda ədalət mühakiməsinə çıxarıldılar. 

Bütün bunlar vətənimizin bütövlüyü uğrunda həlak olan şəhidlərimizin intiqamının alındığının, onların qanlarının yerdə qalmadığının qürurverici faktlarıdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!