Futbol kralsız qaldı
Braziliyanın qəhrəmanı və milyonların kumiri Pele dünyasını dəyişdi
Bir çoxları tərəfindən bütün zamanların ən böyük oyunçusu hesab edilən və futbol kralı adlandırılan Edson Arantis du Nasimentu - Pele 82 yaşında vəfat edib. Bu barədə BBC telekanalı xəbər verib.
İngiltərə millisinin və "Mançester Yunayted"in keçmiş kapitanı Bobbi Çarlton bir dəfə demişdi ki, futbol Pele üçün icad edilib.
Həqiqətən də, bir çox şərhçilər və azarkeşlər üçün böyük braziliyalı futbolun ən parlaq təcəssümü və tarixin ən yaxşı oyunçusudur.
Meydandakı ildırım sürəti onun qapıya vurduğu dəqiq zərbələrlə vəhdət təşkil edirdi.
Pele təkcə idmançı deyil, həm də sağlam ətraf mühit üçün mübarizə aparan, yoxsulların həyatını yaxşılaşdıran ictimai xadim idi.
Vətəni Braziliyada o, milli qəhrəmana, dünyada isə milyonların idman kumirinə çevrilmişdi.
Bir ulduzun doğuluşu
Braziliya futbolunun uğuru qızğın cənub temperamenti, yeniyetmələrə il boyu top qovmağa imkan verən isti iqlim və əhalinin böyük hissəsinin yoxsulluğu ilə əlaqələndirilir. Sadə bir ailədən olan hər bir oğlan uşaqlıqdan bilir ki, onun üçün uğur qazanmağın ən etibarlı yolu yaxşı futbolçu olmaqdır.
Məhz bu, 1940-cı ildə Braziliyanın cənub-şərqindəki Tres Korakoins şəhərində anadan olmuş Edson Arantis du Nasimentunun - Pelenin qət etdiyi yoldur.
Valideynləri övladının adını amerikalı ixtiraçı, "elektrik kralı" Tomas Edisonun şərəfinə qoyublar, çünki bundan az əvvəl evlərinə işıq çəkilmişdi.
Sonra ailə Bauru şəhərinə köçüb. Orada oğlan kafedə işləyib. Atası ona futbol oynamağı öyrədir, amma valideynləri o qədər kasıb olar ki, top ala bilmirlər və gələcək Dünya çempionu içərisinə əski doldurulmuş köhnə corabı təpikləməklə məşq edir.
Sadəcə Pele
Bu ləqəbi ona məktəb dostları veriblər və nə onlar, nə də Pele özü bunun nə demək olduğunu izah edə bilməyiblər.
Yeniyetmə ikən yerli həvəskar komandalarda oynamağa başlayıb.
O vaxt qapalı futbol arenaları Braziliyada populyarlıq qazanırdı. Gənc Pele o cür meydançaları açıq stadiondan çox bəyənirdi və xatırlayırdı: "Mən orada suda balıq kimi idim. Qapalı meydançalarda daha sürətli düşünməlisən".
O, Minas-Jerais ştatının üç çempionatında şəhərin "Atletik" klubunun yeniyetmələrdən ibarət komandasının kapitanı kimi meydançaya çıxıb və artıq həmin zaman onun parlaq istedadı hamıya bəlli olub.
1956-cı ilin iyununda məşqçi Valdemar de Brito 15 yaşlı Peleni peşəkar "Santos" klubuna dəvət edərək komandanın rəhbərliyinə bu oğlanın dünyanın ən yaxşı oyunçusu olacağını söyləyib.
Sürətli uğur
Bir il sonra Pele "Santos"un əsas komandasında yer alıb, ilk oyunda qol vurub və mövsümün sonunda Braziliya Futbol Liqasının bombardiri olub.
Daha 10 aydan sonra o, milliyə cəlb olunub və Rio-de-Janeyrodakı məşhur "Marakana" stadionunda Argentinaya qarşı ilk beynəlxalq matçını keçirib. Həmin oyunda braziliyalılar 1:2 hesabı ilə məğlub olublar.
Braziliyalıların yeganə qolunun müəllifi Pele idi. Bununla da o, futbol tarixində milli komandalar matçında qol vuran ən gənc oyunçu oldu.
Dizindən zədə aldığı üçün idman rəhbərləri onu 1958-ci il Dünya Çempionatına aparmaq istəmirdilər, lakin komanda yoldaşları onları razı saldılar. Pelenin Dünya çempionatlarında ilk oyunu SSRİ yığmasına qarşı olub.
Dünya zəfəri
Uelslə 1/4 final matçında Pele rəqibin qapısına yol taparaq növbəti rekorda imza atıb və Dünya çempionatlarında qol vuran ən gənc oyunçu olub.
Braziliyalıların 2:1 hesabı ilə qalib gəldiyi Fransa ilə yarımfinalda o, ikinci qolu vuraraq qələbəni təmin edib.
Finalda İsveçlə qarşılaşmada Pele iki qol vurub və braziliyalılar 5:2 hesabı ilə qalib gələrək ilk dəfə Dünya çempionu olublar. Sonradan onlar daha dörd dəfə Dünya Kubokunu qazanaraq tarixin ən uğurlu futbol komandasına çevriliblər.
Evə qayıdan Pele "Santos" ilə birlikdə Braziliya çempionluğunu qazanaraq, növbəti dəfə liqanın bombardiri olub. Həmin mövsümdə o, 58 qol vurub, bu da indiyədək Braziliya milli çempionatlarının rekordudur.
"Mançester Yunayted" və "Real" da daxil olmaqla bir-biri ilə yarışan varlı klublar dünyanın ən yaxşı futbolçusu ilə müqavilə bağlamağa çalışıblar. Buna cavab olaraq Braziliya hökuməti xüsusi fərmanla Peleni milli sərvət elan edib və onun xarici klublarda oynamasına qadağa qoyub.
Xəyal komandası
1962 və 1966-cı Dünya Kuboklarında Pele özünü tam gücü ilə sübut edə bilməyib. O, bütün komandaların müdafiəçilərinin əsas hədəfi olub, onunla sərt və kobud şəkildə davranıblar, zədələr üzündən hər iki çempionatı başa vura bilməyib.
Lakin 1970-ci ildə Meksikada keçirilən Dünya çempionatı 30 yaşlı bombardir üçün həqiqətən də zəfər idi. O, italyanlarla final da daxil olmaqla dörd qol vurub.
Braziliya millisi üçüncü dəfə Jül Rime kubokuna sahib çıxıb və onu əbədi saxlamaq hüququ qazanıb. Bu günə qədər Pele milli komanda ilə üç dəfə Dünya çempionu olan tarixdə yeganə futbolçu olaraq qalır. 1969-cu ildə o, peşəkar karyerasında 1000-ci qolunu vurub.
Tarixin ən böyük idmançısı
Pele peşəkar karyerası ərzində 1363 matçda 1281 qol vurub, o cümlədən "Santos"un heyətində 1116 oyunda 1091, millidə isə 92 oyunda 77 dəfə fərqlənib ki, bu da dünya rekordudur.
Onu meydanı qolsuz tərk etməyən oyunçu adlandırırdılar, baxmayaraq ki, bu, bir qədər şişirdilmişdi.
1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi Peleni tarixin ən böyük idmançısı elan edib. O, həmçinin FİFA-ya görə 20-ci əsrin ən yaxşı futbolçusu və bütün dövrlərin simvolik dünya komandasının üzvüdür.
Pele Braziliya millisinin heyətində son matçını 1971-ci il iyulun 18-də Rio-de-Janeyroda Yuqoslaviya komandasına qarşı keçirib, "Santos"un heyətində isə 1974-cü ildə son oyunu olub.
Həyat çətinlikləri, nazir, səfir və qlobal brend
Özünün dediyinə görə, 1960-cı illərin ortalarında Pele maliyyə məsləhətçiləri ucbatından ciddi pul problemi ilə üzləşib və borca düşüb.
Həmin vaxt Braziliyada hakimiyyətdə olan hərbçilər idmançının solçulara simpatiyası ilə bağlı ona qarşı araşdırma aparıblar.
1975-ci ildə hər kəs üçün gözlənilmədən Pele Nyu Yorkun "Kosmos" klubu ilə müqavilə imzalayıb və o dövrdə dünyanın ən yüksək maaş alan futbolçusu olub. O, bunu maliyyə vəziyyətini yaxşılaşdırmaq və "bu gözəl oyunu" ABŞ-də populyarlaşdırmaq üçün etdiyini bildirib. Peledən əvvəl ABŞ-də yalnız Amerika futbolu tanınırdı, onun Avropa futbolu ilə (amerikalılar buna sokker deyirlər) çox az oxşarlığı var idi.
1976-cı ildə "Kosmos" Şimali Amerika Futbol Liqasının çempionluğunu qazanıb və Pelenin gəlişi ilə klubun tamaşaçı sayı onqat artıb.
İdmandan ayrıldıqdan sonra ləqəbini ticarət nişanına çevirib və bir dəfə zarafatla deyib ki, dünyada yalnız üç həqiqətən böyük brend var: Isa, Koka-Kola və Pele…
Pele 1990-cı illərdə BMT-nin ətraf mühit üzrə səfiri və 1995-1998-ci illərdə UNESCO-nun xoşməramlı səfiri olub. Braziliyanın idman naziri vəzifəsində çalışıb və futbolda korrupsiya ilə mübarizə aparmağa çalışıb.
1981-ci ildə o, Silvestr Stallone və Maykl Keynlə birlikdə "Qələbəyə doğru qaçış" filmində rol alıb. Pelenin ictimai fəaliyyəti Rio-de-Janeyroya 2016-cı il Yay Olimpiya Oyunlarına evsahibliyi etmək hüququnun verilməsində mühüm rol oynayıb.
1998-ci ildə Kraliça II Yelizaveta Bukingem sarayında keçirilən mərasimdə onu Britaniya İmperiyası Ordeninin Komandoru rütbəsinə qaldırdı, baxmayaraq ki, o, britaniyalı olmadığına görə "ser" önşəkilçisindən istifadə edə bilmirdi. Pele üç dəfə evlənib və beş övladı var. Şayiələrdə ona romanlar və qeyri-qanuni uşaqlar aid edilir, lakin bunların heç bir sübutu yoxdur.
Üçqat Dünya çempionunun dəfn mərasimi yanvarın 3-də karyerasının böyük hissəsini keçirdiyi Santos stadionunda olacaq.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!