05 Fevral 2023 01:36
759
Mədəniyyət
A- A+

Fatma xanım Kəminə

 

270 illik tarixə malik qədim Şuşada formalaşan mədəniyyət, maarifçilik mühiti, ziyalıların yetişdirilməsi məsələsi araşdırıldıqca yeni faktlar üzə çıxır. Şəhərin tanınmış nəsilləri, zadəgan və mülkədarları, el sənətkarları, xüsusilə musiqi sahəsində görkəmli adamları, tarixi şəxsiyyətlər, hərbçilər, şair və yazıçılar, habelə  qırmızı terrorun qurbanı olmuş talelərlə yaxından tanış ola bilirik. Bu zaman istər-istəməz Şuşanın ədəbi-mədəni həyatında xidmətləti olmuş bəzi seçilmiş ziyalıların fəaliyyəti ilə qürur duyuruq. Onlardan biri də Xurşidbanu  Natəvanın müasiri, yaxın rəfiqəsi, ağlına və qabiliyyətinə görə el arasında dərin ehtiram bəslənilən şair Fatma xanım Kəminədir.
Sorağını müəyyən tədqiqat əsərlərindən və yaddaşlarda yaşayan xatirələrdən aldığımız Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində ziyalı ocağında - Mirzə Bəybaba Tahirzadənin ailəsində dünyaya gəlmişdi. Şairin atası Mirzə Bəybaba Fəna şair olmuş və "Fəna" təxəllüsü ilə şeirlər yazmışdı. Fatma xanımın ilk sənət müəllimi də elə atası olub desək, yanılmarıq.
Fatma xanım ilk təhsilini mollaxanada alıb, fars dilini mükəmməl öyrənib, sonralar biliyini artırmaq üçün Türkiyəyə gedib, bir neçə il İstanbulda oxuyub. Kəminə klassik Azərbaycan, fars və özbək poeziyasının ənənələri əsasında öz poetik dəstxətini formalaşdırmış, ilk növbədə Füzuli lirikasının təsiri ilə şeirlər yazmışdır. Dövrünün "Məclisi-üns" və "Məclisi-fəramuşan" kimi məşhur ədəbi məclislərinin fəal iştirakçısı olmuşdur. Ədəbiyyatşünaslar onun şair kimi püxtələşməsində, yaradıcılıq istiqamətlərinin müəyyənləşməsində bu məclislərə toplaşan Xan qızı Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəhim Fəna və başqa Qarabağ şairlərinin böyük rolu olduğunu vurğulayırlar. Fatma xanım Kəminə şeir-sənət məclislərindən tanıdığı bu ədəbi simalarla yaxından yaradıcılıq əlaqələrində olmuşdur. 
Böyük maarifçi, görkəmli pedaqoq və ictimai xadim F.Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında Fatma xanımın şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirərək, onu "Qarabağın üçüncü şaireyi-möhtərəməsi" adlandıraraq yazırdı: "...Həqiqətdə çox gözəl, zərif bir can idi və zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi-əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayim və xoşrəftar bir nadireyi-zəmanə idi".
Şairin müxtəlif toplularda, əlyazma kitablarında, arxivlərdə qorunub saxlanan və tədqiqatlarda xatırlanan əsərlərini dəyərli yazıçı-alim  Əzizə Cəfərzadə toplayaraq 1971-ci ildə "Gənclik" nəşriyyatında çap etdirmişdir.
Tanınmış yazıçı-alim və pedaqoq Əzizə Cəfərzadə kitaba yazdığı ön sözdə bildirir ki,  Fatma xanım Kəminənin qəzəllərində məhəbbət və gözəllik tərənnüm olunur, insanı ucaldan hisslər vəsf edilir. Onun məhəbbətdən bəhs edən qəzəlləri hisslərin təbiiliyi və dərinliyi, arzuların romantik vüsəti ilə yaddaşlara hopur.
Kəminənin poetik yaradıcılığı əsasən qəzəllərdən ibarətdir. Azərbaycan və fars dillərində qələmə aldığı bu əsərlərdə şair klassik Şərq poeziyasının ənənəvi mövzularından kənara çıxmasa da, burada özünəməxsus qəlb dünyasını yarada bilmişdir. 
Firidun bəy Köçərlinin araşdırmalarından məlum olur ki, Fatma xanımın divanı da olmuşdur. M.Müctəhidzadə "Riyazül-aşiqin" əsərində Fatma xanım Kəminəyə yüksək qiymət verərək, onu Məhsəti, Nigar xanım, Nurcahan bəyim kimi şairlərlə bərabər tutmuşdur. Bununla yanaşı, onun divanı olduğunu və bu divanı şəxsən özü gördüyünü də qeyd etmişdir.
Şuşa şairlərindən İsgəndər Rüstəmbəyov da Kəminənin divanı olduğunu təsdiq edib. O göstərir ki, hələ 1883-cü ildə Kəminə öz divanını "oxuyub feyziyab olmaq üçün bəylərə göndərmişdir." Bəylər onun divanını oxuduqdan sonra Kəminəyə öz fikirlərini bildirmək qərarına gəlmiş və bu iş Süleyman bəy adlı bir şairə həvalə olunmuşdur. O da öz növbəsində əsərdən razılıq əlaməti olaraq
Ey şairə, ərbabi-süxən, ismi Kəminə,
Fəxrüşşüərasan, sənə yox burda qərinə-mətləli   qəzəlini yazmışdır. 
Fatma xanım Kəminə Şuşada böyük nüfuza malik idi. O, kişilərin iştirak etdiyi məclisdə təkcə üzüaçıq oturmaqla kifayətlənməzdi, həm də yeri gələndə öz fikrini, sözünü sonadək qətiyyətlə ifadə və müdafiə edə bilirdi.
XIX əsr Qarabağ şairlərinin görkəmli nümayəndəsi M.M.Nəvvab da Fatma xanım Kəminə haqqında həmişə yüksək fikirdə olmuş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir. 
Araşdırmalardan göründüyü kimi, Fatma xanım Kəminənin əsərlərinin bir hissəsini də fars dilində yazdığı qəzəllər təşkil edir. Onun qəzəllərini farscadan tərcümə edən M.Sultanov bildirib ki, Fatma xanım Kəminə fars bədii dilinə çox dərindən bələd olub. Bu səbəbdən də yazdığı saqinamə və qəzəllərinin əksəriyyəti fars şairlərinin əsərlərindən üstündür.
Fatma xanım əsərlərində ictimai motivlərə də yer verib. O, zəmanədən, dövrandan şikayət edib. 
Fatma xanım Kəminə Qarabağın Saracıq kəndindən olan Sadıq bəy Mirzeynal oğlu ilə ailə həyatı qurmuşdur. Bu izdivacdan ailənin  beş övladı dünyaya gəlmişdir. Dövrünün tanınmış ziyalılarından olan Fatma xanım Kəminə ömrünün sonlarında iflic olub və 1898-ci ilin sentyabrında Şuşada haqq dünyasına qovuşub.

Rəhman SALMANLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video