15 Oktyabr 2025 08:00
4116
SİYASƏT
A- A+
Əzəmətli yüksəliş, möhtəşəm Zəfər, beynəlxalq ehtiram

Əzəmətli yüksəliş, möhtəşəm Zəfər, beynəlxalq ehtiram


Bunlar son iyirmi iki ilin möcüzələridir


Azərbaycanın son onilliklərinin tarixi xalqın və onun liderlərinin zəngin irsinin, bir-birini əvəzləyən uğur və zəfərlərin məcmusunda ifadə olunur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin möhtəşəm qayıdışı ilə əsası qoyulan, 2003-cü ildə Prezident İlham Əliyevə dərin xalq etimadı ilə davam etdirilən müasir Azərbaycan tarixi uğurlu liderlik fəlsəfəsinin ən gözəl nümunəsi hesab olunmağa layiqdir. Düşünürəm ki, cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başlamasının 22-ci ildönümü bu fikirləri səsləndirmək üçün əlverişli fürsətdir. 


Xalqın müdrik seçimi


Xalqın taleyini təyin edən mühüm amillər sırasında doğru seçim haqqının müstəsna əhəmiyyətinin isbata ehtiyacı yoxdur. Bu haqq Azərbaycanın müasir tarixində dəfələrlə sınaqdan çıxmış, demək olar ki, aksioma çevrilən həyat fəlsəfəsi statusuna sahib olmuşdur. Zaman müstəqil Azərbaycanın tarixində təsadüfi seçimlərin gətirdiyi fəlakətlərin şahidi olduğu kimi, müdrik seçimlərin əvəzsiz rolunu da dəfələrlə sübuta yetirə bilmişdir. Ölkəmizdə insanlar müstəqilliyin qorunub saxlanmasına, seperatizmin, anarxiyanın, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına, iqtisadi tənəzzülün cilovlanmasına görə 1993-cü ildə böyük siyasətçi, dahi insan Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışına vəsilə olan müdrik xalq seçiminə minnətdarlığını dəfələrlə ifadə edib və bu gün də etməkdədir.

Müasir tariximizdə yeni, əzəmətli dönüş nöqtəsinə təkan olan digər müdrik seçim nümunəsi isə 2003-cü ilin oktyabr ayına təsadüf edir. İlham Əliyevə qətiyyətlə və böyük çoxluqla səs verən insanlarımız növbəti müdrik seçim haqqını yenidən nümayiş etdirməklə Azərbaycanın sıçrayışlı inkişafına misilsiz töhfə verdilər.

2003-cü il seçiminin tarixi və taleyüklü əhəmiyyəti, ilk növbədə, Ümummilli Liderin zəngin siyasi irsinin və idarəçilik sisteminin növbəti illərdə ardıcıl surətdə və yaradıcılıqla davam etdirilməsi zərurətindən irəli gəlirdi. Həqiqət bundan ibarətdir ki, xalq müstəqil Azərbaycan dövlətinin gələcək taleyini, əldə olunan nailiyyətlərin qorunub saxlanılmasını, ölkənin ərazi bütövlüyünün təmin edilməsini və digər həyati əhəmiyyət kəsb edən vəzifələrin həllini Heydər Əliyev siyasətindən ayrılıqda təsəvvür etmir və etmək istəmirdi. Bu fikirlərin təsdiqi qismində mən 2003-cü ilin əvvəllərində o zaman Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Respublikaçılar İnstitutunun sifarişi ilə tanınmış ABŞ şirkəti tərəfindən özlərinin daxili istifadəsi üçün keçirdikləri sosioloji sorğunu xatırlamaq istəyirəm. Sorğunun nəticələrinə görə, xalqın seçkiərəfəsi rəyi qəti şəkildə Heydər Əliyev siyasətinin alternativsizliyi amili üzərində qərarlaşırdı. Bu isə öz növbəsində siyasi varislik problemini 2003-cü il seçkilərinin başlıca siyasi şərti dərəcəsinə yüksəldə bilmişdi.

2003-cü il seçkilərinin mühüm əhəmiyyətini təyin edən digər vacib amil ölkənin qədəm qoymağa hazırlaşdığı yeni inkişaf mərhələsinə uyğun strategiyanın işlənib hazırlanması ehtiyaclarından qaynaqlanırdı. Ulu Öndər Heydər Əliyevin müdrikliyi və titanik fəaliyyəti sayəsində Azərbaycan dərin iqtisadi, siyasi və diplomatik böhrandan çıxaraq əhəmiyyətli inkişaf yoluna qədəm qoymuşdu. Müstəqil Azərbaycan dövlətçiliyi təkcə hüquqi-siyasi reallıq deyil, habelə iqtisadi və sosial gerçəklik olaraq qərarlaşmışdı. Bununla əlaqədar olaraq şərtlərin və vəzifələrin dəyişməsi yeni yanaşma və inkişaf strategiyasının tətbiq edilməsini obyektiv zərurət kimi qarşıya qoyurdu.  

Sadalanan məqamlar siyasi fəallığı ilə cəmiyyətdə kifayət qədər tanınan və rəğbət qazanan İlham Əliyevin ictimai rəydə ən uğurlu namizəd kimi qəbul olunmasına etibarlı zəmanət verirdi. Onun yüksək intellekti, mükəmməl təhsili, dövlət idarəçiliyi sahəsində təcrübəsi ilə yanaşı, Heydər Əliyev siyasətinə sədaqəti xalqın seçiminin formalaşmasında həlledici amil rolunu oynayırdı. 

2003-cü ilin oktyabrın 15-də keçirilən növbəti prezident seçkilərindən 22 il ötür. Arxada qalan illərin ən ibrətamiz və eyni zamanda qürurlandırıcı nəticəsi öz təsdiqini Prezident İlham Əliyevin insanların ona bəslədiyi bütün ümidləri doğrultmasında, Azərbaycan xalqına ləyaqətlə xidmət etməsində, ölkənin inkişafına xüsusi töhfə verən inkişaf strategiyasını işləyib hazırlamasında və uğurla həyata keçirilməsinə nail olmasında tapır. 

Son 22 il ərzində əldə olunan müstəsna nailiyyətlər ölkəmizin yeni tarixinin fundamental əsasını təşkil etməkdədir. Azərbaycanın qüdrətli iqtisadiyyata çevrilməsi, dünyanın ən uğurlu gənc dövləti statusunu qazanması, insanların rifahının əhəmiyyətli dərəcədə yüksəlməsi, ölkənin simasının tanınmaz dərəcədə dəyişməsi və müasirləşməsi, onun regional liderliyinin birmənalı şəkildə etiraf edilməsi, habelə beynəlxalq iştirakçılıq səviyyəsinin artması əsası 2003-cü il seçimində qoyulan dəyişikliklərin məntiqi nəticəsi hesab edilməlidir. 

2003-cü il seçiminin tarixi taleyinin ən parlaq təntənəsi isə özünü Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdə, ölkənin ərazi bütövlüyünün bərpasında, 2023-cü ilin antiterror əməliyyatı sayəsində uzun illər Azərbaycanın ərazisində qanunsuz əməllər törədən seperatçı rejimin kökünün kəsilməsində büruzə verir.

Bu gün inkişaf edən, iqtisadi qüdrəti və diplomatik təşəbbüsləri ilə yüksək beynəlxalq etimada layiq bilinən qalib Azərbaycan 2003-cü ilin müdrik xalq seçiminin bəhrələrindən faydalanır, firavan gələcəyinə doğru inamla irəliləyir. 


Yeni dövrün yeni Lider baxışları


İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin sosial-iqtisadi həyatında köklü və hərtərəfli islahatların obyektiv zərurətə çevrildiyi tarixi dövrə təsadüf edir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlət quruculuğu prosesinin uğurla başa çatması, yeni iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, liberal iqtisadiyyatın qərarlaşması müstəqil dövlət quruculuğu mərhələsinin başa çatmasını əks etdirən əsas məqamlar idi. XXI əsrin əvvəllərində ölkənin yeni inkişaf dövrünə qədəm qoyması və bununla əlaqədar olaraq zamanın ehtiyaclarını və başlıca inkişaf meyillərini əks etdirən strategiyanın cəmiyyətə təqdim edilməsi həyati zərurət kimi dərk edilirdi.

Yeni yanaşma və daha kreativ fəaliyyət formaları tələb edən məqamlar sırasında Heydər Əliyevin dərin zəkasının və iradəsinin məhsulu olan "Əsrin müqaviləsi"nin bəhrə verməyə başlaması Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin işə salınması hesab oluna bilər. Haqqında söhbət gedən sazişin sayəsində Azərbaycan nəinki beynəlxalq iqtisadi inteqrasiya prosesinin fəal tərəfdaşı statusunu qazanırdı, geosiyasi dividendlər əldə edirdi, habelə dövlətin xəzinəsinə on milyardlarla dollar neft vəsaitlərinin daxil olması dövrün maliyyə reallığına çevrilmişdi. Bu imkanların düzgün dəyərləndirilməsi, ən faydalı şəkildə onlardan istifadə edilməsi isə böyük təmkin, uzaqgörənlik və müdriklik kimi keyfiyyətləri nəzərdə tutur.

Ədalət naminə deməliyəm ki, İlham Əliyev cəmiyyətə təqdim etdiyi seçki proqramında yeni dövrün inkişaf strategiyasının ən əsas məqamlarını insanların diqqətinə çatdırmağı bacardı. Yoxsulluğa son qoyulması, işsizliyin aradan qaldırılması üçün radikal addımların atılması, o dövrün ən acı mənzərəsi olan çadır şəhərciklərinin ləğv edilməsi, Qarabağ münaqişəsini ədalətli şəkildə həll etmək naminə ordu quruculuğunun dövlətin və cəmiyyətin əsas prioritetinə çevrilməsi və s. sözügedən proqramın başlıca istiqamətlərini təşkil edirdi.

Sadalanan vəzifələrin hər biri XXI əsrin ilk illərinin ictimai rəyində mühüm yer tutan sosial və iqtisadi xarakterli hədəflər sayılırdı. Başqa sözlə ifadə edilsə, İlham Əliyevin seçki proqramı, əslində, xalqın mütləq əksəriyyətinin istək və arzularını özündə əks etdirən manifest adlandırıla bilər. Ölkə əhalisinin bütün təbəqələri - qadınlar, gənclər, bir milyona yaxın qaçqın və məcburi köçkünlər bu proqramda özlərinin gələcəyə baxışlarını görür, xəyallarında yeni Azərbaycanın əsas konturlarını canlandıra bilirdilər. Bu baxımdan təqdim olunan seçki proqramının ictimai dəstəyinin kifayət qədər yüksək olması elə ilk andan hər hansı şübhə doğurmurdu.

Onu da ayrıca vurğulamaqda fayda olduğunu düşünürəm ki, İlham Əliyevin seçki proqramı gözəl və cəlbedici vəd yox, konkret hədəflərə ünvanlanan fəaliyyət planı təəssüratı yaradırdı. Ölkəyə daxil olmağa başlayan neft pullarının onun reallaşmasının maliyyə əsasları kimi nəzərdən keçirilməsi proqrama ictimai inamı daha da gücləndirən məqam kimi qiymətləndirilməlidir. 

Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin alternativsiz olduğu qədər də daim təkmilləşməyə, yenilənməyə, müasir baxışlarla zənginləşməyə ehtiyac duyulduğunu Prezident İlham Əliyev aydın şəkildə dərk edirdi. Heydər Əliyevə məxsus məşhur "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisinin yaradıcılıqla inkişaf etdirilərək "sürətli iqtisadi yüksəliş müasir dövrün tələbidir" formasında cəmiyyətə təqdim etməsi haqqında söhbət gedən yaradıcı yanaşmanın sadəcə bir ifadəsidir. Məhz bunun sayəsində 2005-2015-ci illər arasında Azərbaycanın iqtisadiyyatı təxminən 3 dəfə artdı, ölkəmiz dünyanın ən uğurlu gənc dövləti statusuna sahib oldu.

Azərbaycanın sürətli inkişafı nəinki ölkənin iqtisadi qüdrətini artırdı, dövlətin dünya birliyində hörmətini yüksəltdi, eyni zamanda cəmiyyətin ictimai fəallıq əmsalına təkan verdi, yeni inkişaf modelinin formalaşmasına vəsilə oldu. Hesab edirəm ki, Azərbaycanın inkişaf modeli Prezident İlham Əliyevin yeni idarəetmə konsepsiyasının ilk və ən parlaq təntənəsi sayıla bilər. 

Prezident İlham Əliyevin nöqteyi-nəzərincə, ölkənin iqtisadi sıçrayışının ən mühüm nəticəsi, eyni zamanda Azərbaycanın inkişaf modelinin xarakterik cəhəti mütləq şəkildə əhalinin rifahının yüksəlməsində özünün ifadəsini tapmalıdır. Bununla əlaqədar olaraq yoxsulluq səviyyəsinin azaldılması yeni siyasətin başlıca hədəfləri sırasında xüsusi yer tutmalı idi və təbii ki, tutmuş oldu. Dövlət başçısının fəaliyyətinin ilk illərində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən təxminən 5 faizə endirildi və beləliklə, sosial sahədə gənc dövlətimizin uğur modelinin tanıtım nişanı rolunu oynaya bildi.

Yüksək iqtisadi inkişafı ölkənin sosial simasının dəyişməsindən ayrı təsəvvür etmək mümkün olmadığı kimi, yeni cəmiyyəti də müasirləşmədən kənarda qavramaq ağlabatan deyil. Ölkənin paytaxtı Bakının simasının qısa vaxtda inanılmaz dərəcədə müasirləşməsi yeniləşən Azərbaycanın sıçrayışlı inkişafının çox qabarıq təzahürü missiyasını uğurla yerinə yetirirdi və bu gün də yerinə yetirməkdədir desək, düşünürəm ki, səhv etmərik. Müasir Bakı, digər bölgələr dövlətin qüdrətinin, cəmiyyətin yeniləşməsinin, habelə Prezident İlham Əliyevin yeni baxışlarının ümumiləşmiş simvolu qismində bugünkü Azərbaycanın dünyaya yeni konsepsiyada təqdimatı kimi qəbul edilir.

İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətini yeni şəraitdə zənginləşdirməsinin ayrıca istiqaməti özünü ordu quruculuğunda daha aydın göstərməkdədir. Ənənəvi ordu quruculuğu formatından çıxaraq ən müasir döyüş üsullarına və texnologiyaya yiyələnən orduya üstünlük verilməsi bu yanaşmanı fərqləndirən xüsusiyyət sayıla bilər. Bunun sayəsində ordumuz həm Azərbaycanın iqtisadi qüdrətini, xalqın vətənpərvərliyini və milli ruhunu, həm də ən yeni hərbi texnikanı özündə birləşdirməklə tarixi Qələbəmizin başlıca təminatçısı vəzifəsini uğurla yerinə yetirməyə nail oldu. 

Müasir dövlət anlayışını təyin edən amillər sırasında diplomatiyanın ayrıca rolu danılmazdır. Heydər Əliyev böyük səyləri nəticəsində Azərbaycan dövlətini özündən əvvəlki hakimiyyətdən miras qalan diplomatik təcriddən çıxara bildi. İlham Əliyev isə Heydər Əliyevin bu tarixi xidmətini daha da inkişaf etdirərək, hücumçu diplomatiya konsepsiyasını irəli sürdü. Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına iki dönəm sədrlik etməsi, müasir dünyanın ən mötəbər tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransına (COP29) evsahibliyi etməsi İlham Əliyev diplomatiyasının böyük uğurlarının yalnız kiçik siyahısıdır. 


Əsrə sığmayan möhtəşəm Zəfər


Müasir Azərbaycan tarixinin ən şərəfli və parlaq səhifəsini Vətən müharibəsində qazanılan əzəmətli Zəfər təşkil edir. Bu Qələbə 200 illik tariximizdə yeni mərhələnin başlanmasının, xalqın öz taleyinə fərqli fəlsəfə prizmasından yanaşmasının, əbədi qəhrəmanlıq və milli dəyanət ideallarının  simvolu sayılır. 

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının bir qisminin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilməsi cəmiyyətin həyatında və dövlətinin fəaliyyətinin motivasiyasında köklü dəyişikliklərlə yadda qalmışdır.  30 ilə yaxın davam edən erməni işğalı dövründə həlledici siyasi amil milli təhlükəsizlik vəzifələrindən qaynaqlanırdı. Eynilə də, hakimiyyət fəlsəfəsi, onun uğur mənbəyi, ictimai dəstəyi və tarixi missiyası problemləri işğala qarşı mübarizə və onun həqiqi vəziyyəti ilə sıx əlaqədə nəzərdən keçirilirdi. Problemin həlli istiqamətində real addımlar ata bilməyən hakimiyyətin yaşamaq ehtimalının ciddi şübhə altında olmasının ictimai rəydən irəli gələn ağır siyasi hökm kimi qiymətləndirilməsi  qaçılmaz idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin tarixi qayıdışına qədər ölkədə baş verən ardıcıl hakimiyyət dəyişiklikləri, əslində, yuxarıda qeyd olunan səbəblər məcmusuna malik olmuşdur. 

Çoxsaylı siyasi böhran və hakimiyyət dəyişiklikləri fonunda Heydər Əliyev iqtidarının dayanıqlılığının əsas səbəbləri sırasında erməni təcavüzünün dayandırılması, atəşkəs rejiminin tətbiq olunması müstəsna rola malikdir. 1994-cü ildə qərarlaşan atəşkəs əvvəla, erməni işğalına qarşı ilk ciddi əks-təsir tədbiri təsiri bağışlayır, ikincisi isə, gələcək revanş üçün həyati vacib zaman qazanmaq fürsəti hesab edilirdi. 

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev özünün siyasi missiyasının Qarabağ münaqişəsinin uğurlu həllindən ibarət olduğunu aydın şəkildə dərk edirdi. Onun seçkiqabağı proqramında "Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olacaq" sözlərində ifadə olunan hərbi doktrinası, əslində, münaqişənin həllinə gələcək prezidentin yanaşmasının həm sərtliyini, həm də kifayət qədər praqmatikliyini  əks etdirirdi. Azərbaycanın ərazi bütövlüyünün uğurlu həlli siyasətinin əsas hədəfinin müasir ordunun yaradılmasına və onun ən yeni silahlarla təchiz edilməsinə yönəldiyi aydın şəkildə sezilməkdə idi.

Milli təhlükəsizliyi qorumaq kimi vacib vəzifəni yerinə yetirən ölkələr və onların rəhbərlərinin atdığı ilk addım, adətən, ordunu gücləndirməkdən ibarət olur. Bu xüsusda Prezident İlham Əliyevin ordu quruculuğuna həssas yanaşması tarixdən məlum olan nəhəng sərkərdələrə xas strateq düşüncəsinin yeni və uğurlu nümunəsi sayıla bilər və sayılmalıdır. Dövlətin hərbi gücü onun yenilməz ordusundadır. Lakin dünya hərb tarixi ordunun sərkərdəsiz, onun strateq düşüncəsindən, müdrikliyindən və qətiyyətindən kənarda yaradılmasına dair bir nümunə belə göstərə bilmir. Yenilməz ordu sərkərdə müdrikliyinin və qətiyyətinin ifadəsi olduğu qədər də nəticəsidir. Bu həqiqət 44 gün davam edən Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Qazanılan möhtəşəm Zəfər İlham Əliyevin rəhbərliyi altında dünyanın müasir və yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun qüdrətinin nümayişi olmaqla yanaşı, həm də dövlət başçısının nəhəng sərkərdə düşüncəsinin  təntənəsinə çevrildi.

Qeyd etməyi vacib sayıram ki, Azərbaycan Qarabağ münaqişəsinin nizama salınması yönündə illər boyu kifayət qədər iradə və qətiyyət göstərib, siyasi-diplomatik imkanlardan, beynəlxalq vasitəçilərin missiyasından faydalanmağa çalışıb.  Bununla belə Qarabağ münaqişəsinin nizama salınması, ədalətin bərpa olunmasında hərbi-siyasi vasitələrdən istifadə olunması ehtimalı heç zaman nəzərdən qaçırılmamışdır. Beynəlxalq vasitəçilərin "Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur" tezisinə qarşı Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən "münaqişənin həllinin hərbi-siyasi yolu var" tezisinin irəli sürülməsi yuxarıda qeyd edilən fikrin ən bariz ifadəsi sayıla bilər. Uzun illər ATƏT-in  Minsk qrupunun həmsədrlərinin öz missiyasına kifayət qədər məsuliyyətlə yanaşmaması və problemin həllinin diplomatik üsulunu tapa bilməməsi hərbi-siyasi yolun qaçılmazlığına inamı artıran əsas amil idi.  Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi, ən müasir silahlarla təchiz edilməsi, əsgər və zabitlərin döyüş qabiliyyətinin və vətənpərvərlik ruhunun yüksəldilməsi aktuallığını nəinki saxlayır, həm də daha böyük məna kəsb edirdi. Azərbaycanın artmaqda olan iqtisadiyyatı isə öz növbəsində ordu quruculuğunun qarşısında yeni imkanlar açırdı.  Bir neçə il ərzində Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsini üstələməsi, hər şeydən əvvəl, bu iki dövlətin imkan və resurslarının ciddi şəkildə fərqləndiyini göstərirdi. Lakin haqqında söhbət açdığımız mənzərəni yalnız imkanlar arasında fərqin nəticəsi kimi qiymətləndirmək düzgün olmazdı. Bu, daha çox seçilmiş yolun və strategiyanın məntiqi yekunu baxımından nəzərdən keçirilməlidir. Həyat, Möhtəşəm Zəfər Prezident İlham Əliyevin bu strategiyasının müdrikliyini və ləyaqətliliyini bütünlüklə sübuta yetirdi. 

Prezident İlham Əliyevin rəhbərliyi altında işlənib hazırlanan düzgün strategiya, formalaşan müasir güclü ordu, Azərbaycanın iqtisadi qüdrəti, əsgər və zabitlərin döyüş ruhu və şücaəti, nəhayət, xalqın birliyi və yüksək milli ruhu 22 ilin ən böyük möcüzəsi olan möhtəşəm Zəfəri təmin etdi. Nəinki işğal edilən torpaqlar geri qaytarıldı, habelə yüz illər ərzində bölgədə dəfələrlə fəlakətlərə səbəb olan millətçi-seperatçı dəstə ləğv edildi. İnanırıq ki, əvvəlki dövrlərdə olan analoji münaqişələrin nizamlanmasından fərqli olaraq, sülh Azərbaycana artıq birdəfəlik gəlib. Vətən müharibəsində Zəfərin və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatının tarixi əhəmiyyəti onilliklərlə deyil, əsrlərlə ölçülən parametrlərə malik olduğu kimi, sülhün əbədiliyinə inam da kifayət qədər ciddi əsaslara istinad edir. Onu möcüzəyə çevirən əsrə sığmayan məna, dəyər və əhəmiyyət kəsb etməsi, Azərbaycanın gücünün və onun lideri İlham Əliyevin qüdrətinin ifadəsi olmasıdır. 


Prezident İlham Əliyevin sülh və əməkdaşlıq təşəbbüsləri


Azərbaycanın son 22 il ərzində möcüzəni xatırladan iqtisadi, sosial, siyasi inkişafı, Qarabağ münaqişəsinin ədalətlə və milli maraqlar baxımından şərəflə həll edilməsi dövlətin beynəlxalq iştirakçılığının əhəmiyyətli dərəcədə həm fəallaşmasına, həm coğrafiyasının genişlənməsinə, həm də forma rəngarəngliyinin zənginləşməsinə böyük imkanlar yaradıb. Ölkənin sürətli transformasiya mərhələsinə daxil olması aydın şəkildə özünü büruzə verməkdədir. İqtisadi gücün hərbi-siyasi gücə, sonuncunun isə yeni iqtisadi imkanlara keçid etməsi tarixi təcrübədə dəfələrlə müşahidə olunub və olunmaqdadır. Azərbaycan nümunəsi bu tarixi qanunauyğunluğu yeni şəraitdə bir daha təsdiq etməklə onu daha da zənginləşdirmişdir. 2005-2020-ci illər arasında ölkənin artan iqtisadi imkanları hərbi-siyasi gücə çevrilərək tariximizin ən şərəfli səhifələrindən olan möhtəşəm Zəfərin qazanılmasına gətirib çıxarmışdır. İndi isə güclü ordu və qalib dövlət amilləri Azərbaycanın regional və beynəlxalq təşəbbüslərinin yolunu açmaqla yeni iqtisadi imkanlarının yaranmasına etibarlı zəmin hazırlayır. Regional lider kimi formalaşan Azərbaycan bu gün Cənubi Qafqazda sülh və əməkdaşlığın etibarlı qarantı rolunu oynamaqdadır. 

Qarabağ münaqişəsinin həll olunması regionun həyatında və regiondaxili münasibətlərdə fərqli meyillərin meydana çıxması ilə müşayiət olunmaqdadır. Münaqişə və qarşıdurma münasibətlərinin sülh gündəliyi ilə əvəzlənməsi üçün qeyri-adi fürsət yaranıb. İbrətamiz haldır ki, 30 il erməni hərbi təcavüzünə məruz qalan, böyük məhrumiyyətlərlə və itkilərlə üzləşən Azərbaycan bu gün keçmiş təcavüzkar da daxil olmaqla regionun bütün xalqlarına əməkdaşlıq çağırışları ilə həqiqi tolerantlıq və praqmatiklik mövqeyi nümayiş etdirir. 

Ayrıca vurğulamaqda fayda var ki, münaqişə və müharibə dövrünün qətiyyətli Lideri missiyasını yüksək ləyaqətlə yerinə yetirən Prezident İlham Əliyev postmünaqişə dövrünün sülhsevər Lideri funksiyasını da eyni uğurla yerinə yetirməkdədir. 2020-ci ilə qədərki Azərbaycanın qələbə gündəliyi sülh və əməkdaşlıq hədəflərinə ünvanlanıb. 

Azərbaycanın hərbi qələbəsinin müəllifi olan Prezident İlham Əliyevin sülh və əməkdaşlıq gündəliyinin qurucusu kimi tamamilə yeni tarixi missiyanı öz üzərinə götürməsi onun Lider müdrikliyinin və uzaqgörənliyinin yeni təzahürü kimi qiymətləndirilməlidir. Qələbənin qazanılmasında gücün alternativi olmadığı kimi, iqtisadiyyatın inkişafı yolunda sülh və əməkdaşlıq kimi amillərin müstəsna rolu da əvəzolunmazdır. 

Qarabağ münaqişəsinin başa çatması, postmünaqişə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin formalaşması ilə yanaşı, ölkənin artan beynəlxalq nüfuzu Prezident İlham Əliyevin yeni təşəbbüslərinə əlavə təkan verir. Avqust ayının 8-də Vaşinqtonda keçirilən görüşlər, paraflanan sənədlər, dünyanın superdövlətinin Azərbaycanın regional inkişaf proqramlarının həyata keçirilməsinə zəmanət verməsi ölkəmizi gözləyən yeni möcüzənin müjdəsi sayıla bilər. 

Zaman Prezident İlham Əliyevin haqqını və haqlı olduğunu dəfələrlə təsdiq edib. Lideri haqlı və güclü olan dövlətin uğur və ucalmağını tale özü niyaz edir. Mən 22 il Azərbaycana uğurlar bəxş edən Prezident İlham Əliyevin yeni nailiyyətlərə öz möhürünü vuracağına dərindən inanıram.


Əli ƏHMƏDOV,

Milli Məclis Sədrinin birinci müavini, 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!