09 Dekabr 2022 01:44
261
SİYASƏT
A- A+

Etirazlar İran rejimini vahiməyə salır

 

Ölkəni bürüyən kütləvi aksiyalarda indiyədək 458 nəfərin öldürüldüyü bildirilir

 

İranın bir çox şəhərlərində etiraz nümayişləri davam edir. Gənc qız Məhsa Əmininin ölümünə cavab olaraq sentyabrın 17-dən sonra ölkəni genişmiqyaslı narazılıq aksiyaları bürüyüb. Əxlaq polisinin binasında baş vermiş ölüm hadisəsindən sonra sosial problemlərdən və insan hüquqlarının pozulmasından əziyyət çəkən onlarla şəhərin sakinləri küçələrə axışıb.
Dünən, dekabrın 8-də İslamşəhr şəhərində etirazçılar Dövlət Televiziya və Radiosunun binasına qumbara atıblar. Bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb. Təfərrüatlar açıqlanmır.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı İİHT 22 yaşlı Məhsa Aminin ölümündən sonra İslam Respublikasını bürüyən kütləvi etirazlarda indiyədək 458 nəfərin öldüyünü bildirib. Təşkilat ölkənin 31 əyalətindən 26-da etiraz aksiyalarının qurbanları ilə bağlı son məlumatları təqdim edib. İİHT-nın məlumatına görə, ölüm hallarının əksəriyyəti Sistan-Bəlucistan əyalətində qeydə alınıb. Orada nümayişlər zamanı 128 nəfərin həlak olduğu bildirilir. Ölkə üzrə ölənlərin 63-ü yeniyetmə yaşına çatmayıb, 29-u isə qadındır.
İran mediası isə iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin 60-a yaxın əməkdaşının həlak olduğunu bildirib. 
Bu arada İranda nümayişlərdə iştiraka görə ilk ölüm hökmü icra edilib. Ölkənin ədliyyə sisteminə məxsus "Mizan Onlayn" saytının xəbərinə görə, Muhsin Şikari Tehrandakı Səttar Xan küçəsində keçirilən etiraz aksiyaları zamanı "vətəndaşları bıçaqla hədələmək" və "təhlükəsizlik işçisini yaralamaq" ittihamı ilə noyabrın 20-də İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib. Hakimlər onu "odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyatı dayandırmaq, təhlükəsizlik rejimini pozmaq, Bəşiç milis qüvvələri ilə toqquşma, mühafizəçiyə xəsarət yetirmək, qorxu və dəhşət salmaq" kimi maddələrlə təqsirli biliblər. Daha sonra İranın Ali Məhkəməsi  hökmü təsdiqləyib.
Muhsin Şikari Məhsa Əmininin ölümündən sonra etirazlarla bağlı edam edilən ilk vətəndaş olub. Bu günə kimi 11 nəfər etirazlarda iştiraka görə edam cəzasına məhkum edilib.
Növbəti edam isə Qum şəhəri və Kərəc şəhərinin Rəcayişəhr zindanlarında reallaşıb. Burada iki məhkum dar ağacından asılaraq edam edilib.
İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, edam edilən şəxslərin kimliyinin hələlik elan olunmadığı bildirilir. Edam barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası heç bir məlumat yaymayıb.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.
Yayılan digər məlumatda bildirilir ki, dekabrın 8-də Xiyav (Meşginşəhr) şəhərində yaşayan Hafiz Xosrəvi təhlükəsizlik məmurları tərəfindən həbs edilib. Fəalın ailəsinin dediyinə görə, məmurlar onun həbs səbəbləri barədə heç bir açıqlama verməyiblər.
Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan fəal Cəfər Fəthiyə işgəncə verilərək ondan məcburi etiraf alınıb və İran İnqilab Keşikçiləri Korpusuna bağlı media orqanlarında yayımlanıb. Bundan bir neçə gün öncə başqa fəallar Əkbər Fəthi və Səid İlxani də saxta etiraf verməyə məcbur ediliblər. Qeyd edək ki, Cəfər Fəthi noyabrın 20-də başqa bir neçə fəalla birlikdə təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Bu arada İranın sabiq Prezidenti Məhəmməd Hatəmi instaqram səhifəsində ölkə hakimiyyətini sərt tənqid edib. O, açıqlamasında bildirib ki, "mövcud vəziyyətin davam etməsi sosial çöküşün əsaslarını hər an daha da genişləndirir. İran İslam Respublikasının idarəetmə üsulu "düzgün deyil və yanlışdır". Hatəmi həmçinin "xalqın pis vəziyyətini görməməyi və ya inkar etməyi" tənqid edib.
Son məlumata görə, İİR Prezidenti İbrahim Rəisi ölkədə üç aya yaxındır davam edən etiraz aksiyaları çərçivəsində İranın ali dini lideri Əli Xamneyinin ünvanına səsləndirilən  "Lənət olsun diktatora!" şüarının işlədilməsini tənqid edib.
O bildirib ki, etirazla iğtişaş arasında böyük fərq var: "Etirazçılar konstruktivdir, iğtişaş isə dağıdıcıdır. Etirazlara qulaq asmaq lazımdır".
Rəisi əmin edib ki, inflyasiyanın azalması ilə paralel olaraq İran əhalisinin vəziyyəti də yaxşılaşacaq. Amma bunu zaman göstərəcək. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video