08 Fevral 2023 02:59
762
SİYASƏT
A- A+

ƏSRİN FƏLAKƏTİ

 

Türkiyə öz tarixinin ən böyük zəlzələlərindən birinin dəhşətli fəsadlarını yaşayır

 

Xəbər verildiyi kimi, fevralın 6-da saat 04.17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal gücündə, ardınca saat 13:24-də isə mərkəzi  Elbistan rayonu olmaqla, 7,6 bal gücündə zəlzələlər baş verib. 
İlk güclü zəlzələdən sonra 243-ə yaxın yeraltı təkanlar olsa da, günorta saatlarında baş verənin birinci təkanla əlaqəli olmadığı bildirilib. Məlumata görə, indiyədək ümumilikdə, 312-dən çox afterşok olub.
Güclü zəlzələlər 10 vilayətdə - Kahramanmaraş, Qaziantep, Malatya, Diyarbakır, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada  böyük miqyasda dağıntılara və insan ölümünə səbəb olub, 5 mindən çox bina dağılıb. Zəlzələlər nəticəsində 5434 nəfər həyatını itirib, 31777 nəfər xəsarət alıb, 8 mindən çox şəxs isə dağıntılar altından xilas edilib. İtkilərin ən çox baş verdiyi vilayət isə Hataydır. Hazırda dağıntılar altında qalanların xilasetmə işləri davam etdirilir. 
Zəlzələ bölgəsində 53 mindən çox xilasedici çalışır. 
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, zəlzələdə axtarış-xilasetmə işlərinə Türkiyə Ordusundan Komando birlikləri də daxil olmaqla, ümumilikdə, 3500 şəxsi heyət qatılıb. Onun sözlərinə görə, A400m təyyarələri daxil olmaqla, 17 təyyarə yardım uçuşları həyata keçirir, 2 "Bayraktar AKINCI" da prosesə qoşulub. 

 

70 ölkədən və 14 beynəlxalq təşkilatdan Türkiyəyə dəstək

 

Zəlzələdən sonra Türkiyədə 4-cü dərəcəli həyəcan elan edilib. Bu isə beynəlxalq yardım zərurətini ehtiva edən siqnaldır. Dünən gün ərzində bir çox dövlət başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verib, yaralılara şəfa diləyib, eyni zamanda yardım təkliflərini də irəli sürüblər. 
Türkiyəyə ilk dəstək göstərən ölkə isə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığı ilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Dövlət başçısının göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşdü və onlar artıq işlərə başlayıb. Daha sonra dövlət başçısının tapşırığı ilə FHN-in yardımlarından ibarət növbəti iki təyyarə də Türkiyəyə göndərildi. Bundan əlavə, Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da qardaş ölkəyə çatıb.
Türkiyə Xarici İşlər Nazirliyinin son məlumatına görə, 65 ölkədən 2769 şəxsi heyət təbii fəlakət bölgəsinə göndərilib.
Yardımla bağlı ilk açıqlama verən ölkələrdən biri də ABŞ idi. Birləşmiş Ştatlar Türkiyəyə yardım üçün 79 nəfərlik xilasetmə heyəti göndərib. 
Avropa İttifaqının Ali Nümayəndəsi və Böhranlar üzrə komissarı birgə bəyanat yayaraq Aİ-nin Türkiyədəki zəlzələdən sonra fövqəladə vəziyyətdə xəritə xidməti göstərmək üçün "Kopernik" peyk sistemini aktivləşdirdiyini bildirib. Qeyd olunub ki,  Aİ Mülki Müdafiə Mexanizmini aktivləşdirdikdən sonra Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Yunanıstan, Niderland, Polşa və Rumıniyadan 10 axtarış-xilasetmə qrupu sürətlə səfərbər edilib. İtaliya və Macarıstan da Türkiyəyə xilasetmə qruplarını təklif edib. Bundan başqa, İsrail həm xilasetmə qrupu olaraq Silahlı Qüvvələrin əsgərlərini və humanitar yardım göndərdiyini, Avstriya kansleri Karl Nehammer tviterdə paylaşım edərək Avstriya yerli yardım təşkilatları üçün Xarici Fəlakət Fondundan 3 milyon avro ayıracağını və zəlzələ bölgəsində xilasetmə əməliyyatlarında Avstriya Silahlı Qüvvələrinin 80-dən çox əsgərinin dəstək verəcəyini bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli  də 76 axtarış-xilasetmə mütəxəssisi, dörd axtarış iti və xilasetmə avadanlığı göndərdiyini açıqlayıb. O qeyd edib ki, Böyük Britaniya həmçinin yerdəki vəziyyəti qiymətləndirmək üçün təcili tibbi yardım qrupu da göndərir və lazım olarsa, Türkiyəyə əlavə dəstək verməyə də hazırdır.
Türkiyəyə yardım məqsədilə Yunanıstanın yanğınsöndürmə xidmətinin xüsusi fəlakətlərin idarə olunması bölməsinin 21 üzvü, iki xilasedici it, bir xilasetmə maşını, 5 həkim və tibb işçisi, geoloqlar və mülki müdafiə ekspertlərindən ibarət heyəti, Gürcüstanın yanğınsöndürənlər və xilasedicilərdən ibarət 60 nəfərlik heyəti göndərilib.
Avropa İttifaqının 19 ölkəsi Türkiyəyə 27 axtarış-xilasetmə və tibbi komanda göndərib. Bu barədə Aİ-nin Böhran idarəetməsi komissarı Yanez Lenarçik paylaşım edib. O, zəlzələdən sonra Aİ-dən ümumilikdə 1150 xilasedicinin və 70 xilasetmə itinin Aİ mülki müdafiə mexanizmi vasitəsilə Türkiyəyə göndərildiyini bildirib.
Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub. Rusiyalı xilasedicilərin köməyinin qəbul edilməsi üçün göstərişin verildiyi qeyd edilib. 
Qeyd edək ki, zəlzələ baş verən bölgələrdə fövqəladə vəziyyət elan olunub, fevralın 6-dan Türkiyədə zəlzələ bölgəsindəki məktəblərdə iki, digər bölgələrdə isə bir həftəlik tətil elan edilib. Tətilin uzadılıb-uzadılmayacağı isə hələ ki, bəlli deyil. Bundan başqa, ölkədə bütün idman yarışları təxirə salınıb. 

 

Elm adamları nə deyir?

 

Son 100 ilin ən böyük fəlakəti adlandırılan zəlzələlər barədə mütəxəssislər də müxtəlif fikirlər səsləndirirlər. Qeyd olunur ki, zəlzələnin olduğu bölgə 1-ci dərəcəli riskli ərazidir. Bildirilir ki, Şərqi Anadoluda zəlzələlər güclü və dərin qatda baş verir. İki ən böyük kritik qırılma xəttinin ortasında baş verən bu zəlzələdə hər 4 sınıq çatı qırılıb. Qeyd olunur ki, zəlzələlərin başvermə ardıcıllığı izlənildiyi halda bunun təsadüfi olmadığı aydınlaşır.
Türkiyənin Elmlər Akademiyasının üzvü Naci Görür bildirib ki, baş verən iki zəlzələ bir-birinə təsir edib. Onun sözlərinə görə, qırılmalardan birində baş verən zəlzələ əlaqəli olduğu digər qırılmalara da keçir. Təsir nəticəsində isə bu qırılmalarda olan enerji daha da yüklənərək yeni bir zəlzələyə səbəb olur. 
N.Görür Mərmərə dənizinin Şimali Anadolu qırılmasının şimal qolunda zəlzələ ehtimalının və cənub qolunda isə yer qatında gərginlik olduğunu vurğulayıb. Mütəxəssis bildirib ki, Balıkəsir, Çanaqqala bölgələrində, İzmir və Muğla bölgəsində zəlzələ  gözləntiləri var. Ərzincan və Bingöl-Karlıova arasında isə zəlzələnin 7 baldan yuxarı olacağı gözlənilir. O qeyd edib ki, bunlar proqnozlar deyil, geoloji məlumatlara görə zəlzələ ehtimalının yüksək olduğu yerlərdir.
İtaliyalı alim isə daha fərqli fikirlərlə çıxış edib. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri Karlo Doqlioni Kahramanmaraşda baş verən zəlzələni qiymətləndirərək qeyd edib ki, bu bölgə seysmik aktivliyin çox yüksək olduğu ərazidir. Onun sözlərinə görə, Türkiyə 150 kilometrlik qırılma xəttində bir neçə saniyədə 3 metr irəliləyib. Doqlioni fikrinə belə aydınlıq gətirib: "Bu gecə Ərəbistan qırılma xətti Anadolu qırılma xəttindən şimal-şərq və cənub-qərb oxu üzrə 3 metr irəliləmiş kimi görünür. Hərəkət qabiliyyəti 3 metrdən çox ola bilər.  Bu, çox böyük  hərəkətdir". 
İnstitut rəhbəri ərazinin Aralıq dənizindəki ən təhlükəli bölgələrindən biri olduğunu vurğulayaraq keçən əsrlərdə burada çox şiddətli zəlzələlər olduğunu xatırladıb. Doqlioni belə zəlzələlərin yenidən baş verə biləcəyini də qeyd edib.

 

Yaşamla dirəniş

 

Türkiyədə zəlzələdən sutkalar keçməsinə baxmayaraq, dağıntılar altından hələ də sağ çıxarılan insanlar var. Onlar yaşamla mübarizə apararaq, dağıntılar altında sağ qalmağı bacarıb. Sağ qalanlar arasında yaşlılar, körpələr də yer alır. 
Kahramanmaraşda bir evin dağıntıları altından 24 saat sonra 14 yaşlı oğlan sağ çıxarılıb. Daha bir möcüzə isə elə bu vilayətdə 15 aylıq körpənin sağ qalmasıdır. Dağıntılar altından gələn səslər əsasında aparılan xilasetmə işləri nəticəsində Məryəm İşıq təxminən 31 saatdan sonra sağ-salamat qurtulub və xəstəxanaya göndərilib.  
Yaşamaq uğrunda mübarizə aparanlardan biri də 30 yaşlı Hülya Yılmaz olub. O, 29 saat sonra 6 aylıq körpəsi ilə birlikdə xilas edilib. 
Şanslılar arasında Mehmet Çinar adlı körpə də olub. Hatayda dağıntılar altında qalan 2 aylıq uşaq sağ çıxarılıb. 
Malatyada dağıntılar altında qalan 20 yaşlı oğlan isə sosial media üzərindən paylaşım edərək sağ olduğunu bildirib və kömək istəyib. Beləliklə, paylaşımı görən dostları əraziyə gələrək onun və anasının dağıntılar altından çıxarılmasına kömək ediblər. 

 

Zəlzələ 13.5 milyon vətəndaşa təsir edib

 

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib ki, zəlzələ 13,5 milyon Türkiyə vətəndaşına birbaşa təsir göstərib. Milyonlarla insanın evi dağılıb, onların sağlamlığına zərər dəyib. Soyuq fevral ayında çöldə gecələməli olanların da sayı az deyil. 
Eyni zamanda bölgədəki xəstəxanalara da zərər dəydiyindən xəsarət alanlar gəmilərlə digər rayonlarda yerləşən tibb müəssisələrinə təxliyə olunurlar. 
Hava şəraitinin şaxtalı və qarlı keçməsi də xilasetmə işləri ilə yanaşı, afterşoklar səbəbindən evində gecələyə bilməyən insanlar üçün çətinliklər yaradır. Sakinlər ərazilərdə qurulan çadırlarda qidalanır və gecələyirlər. 
Hazırda həm xilasedicilər, həm də dağıntılar altında sağ qalanlar, həmçinin öz yaxınları, ailə üzvləri, qohumlarının sağ çıxacağı ümidi ilə həyəcanla gözləyənlər üçün vaxt qızıldan qiymətlidir. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video