12 Aprel 2022 00:45
2366
SİYASƏT
A- A+

Əsl RƏHBƏR, qüdrətli SƏRKƏRDƏ

 

Dünyada elə  şəxsiyyətlər var ki,  onlar haqqında yazmaq, əslində, mənsub olduqları xalqın, rəhbərlik etdikləri dövlətin müəyyən  dövründən, uğur, qələbə və sınaqlarından  bəhs etmək deməkdir.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun tarixində də  belə şəxsiyyətlər  var!

Onlardan biri də müstəqil Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!

Cənab İlham Əliyev  on doqquz ildir ki,  Azərbaycana rəhbərlik edir.

Dördüncü dəfə xalqın  etimadı və etibarı ilə  prezident seçilməsinin  4 ili tamam olur.

Zaman baxımından  o qədər də çox deyil!

Görülən işlərin  miqyası və möhtəşəmliyi sarıdan isə misilsizdir!

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və dövlətinin qazandığı nailiyyətlər  və qələbələr barədə danışsaq,  cild-cild kitablara sığmaz!

Qısaca söhbət açsaq isə, yalnız görülən işləri  xatırlada bilərik.

Beləliklə, Azərbaycan Prezidenti, xalqın pənahı və sevimlisi  cənab İlham Əliyev hansı nailiyyətlərə imza atıb.

***

Bir maraqlı məqama diqqət çəkmək istəyirik:

 Cənab İlham Əliyev  respublika  əhəmiyyətli  vəzifələrə təyin olunanda və ya seçiləndə belə daim xarizması, intellekti, yaradıcı fəaliyyəti, təşkilatçılıq məharəti və istedadı sayəsində  gördüyü işlərin nəticələrini  dünya miqyasına çıxarmağa, çoxlarının bəhrələnməsinə nail olub!

İlk dəfə biz  İlham Əliyevi  ARDNŞ-in (SOCAR-ın)  birinci vitse-prezidenti vəzifəsində gördük.

O ZAMAN:

* Ərazilərimizin 20 faizi düşmən işğalında idi...

* Sabitlik və əmin-amanlıq tam bərpa olunmamışdı,  hələ  iki dövlət çevrilişinə cəhd baş verəcəkdi...

* Dövlət büdcəsi  yoxsul, qaçqınlar və məcburi köçkünlər  ağır durumda qalmışdı...

* Yeni ordu qurmaq, onu silahlandırmaq,  bazar iqtisadiyyatı prinsiplərini tam bərqərar etmək  vacib vəzifə kimi qarşıda dururdu...

* AXC-Müsavat  cütlüyünün uğursuz iqtidarı ölkədə xaos və anarxiya yaratmış, onların naşılığı və səriştəsizliyi, maddi maraqlarını üstün tutmaları neft danışıqlarını yarıda qoyaraq  dalana dirəmişdi...

Belə ağır məqamda Ulu Öndər Heydər Əliyev danışıqların bütün məsuliyyətini və yükünü  cənab İlham Əliyevə həvalə etdi.

Beləliklə, gərgin və mürəkkəb keçən neft danışıqları prosesində  Azərbaycan xalqının maraqlarını əks etdirən müqavilə layihəsi hazırlandı.

Sonralar  "Əsrin müqaviləsi"  adlanan bu neft kontraktı  hələ də qüvvədədir, Azərbaycana və Avropaya, həm də dünyaya böyük fayda gətirməkdə davam edir.

***

Cənab İlham Əliyevin Azərbaycan  Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi təkcə ölkəmizdə deyil, bütün dünyada  idmanın inkişafına yeni təkan verdi.

Azərbaycanda  yaranmış  ümummilli  böhran idmandan da yan keçməmişdi!

Sovet  dövründə tikilmiş  idman qurğuları və sarayları baxımsızlıq  üzündən dağılmış, respublika stadionu, velotrek "tolkuçka"ya çevrilmişdi...

Daha ölkə daxilində idman yarışları keçirilmir, vəsaitsizlik üzündən beynəlxalq yarışlara idmançılar göndərilmirdi...

"İşsiz" qalan idmançılar və məşqçilər xarici ölkələrə gedərək özgə bayraqları altında çıxış edirdilər...        

Hər şeyə təzədən başlamaq lazım gəlirdi...

İlham Əliyevin Azərbaycan idmanına rəhbərlik etdiyi müddətdə idmanımız  dünya miqyasına çıxdı, ön sırada özünə yer tutdu,  yüzlərlə gənc olimpiya, dünya, Avropa çempionu olaraq bayrağımızı yüksəltdi,  himnimizi səsləndirdi.

Ölkə daxilində qırxdan artıq olimpiya idman kompleksi  tikildi,  Azərbaycan I Avropa Oyunlarının  və  IV İslam Həmrəyliyi  Oyunlarının  təşkilatçısı oldu, beynəlxalq idman  yarışlarının  uğurla keçirildiyi məkana çevrildi.

***

Milli Məclisin  AŞ PA-dakı  nümayəndə heyətinə rəhbərliyi  cənab İlham Əliyevin beynəlxalq aləmdə qazandığı sonrakı uğurlarının ilki oldu.

İlham  Əliyev  beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını necə qorumağın, haqq işini müdafiə etməyin, özünə yeni dostlar qazanmağın, bədxahların isə ağzından vurmağın  əsl nümunəsini yaratdı!

Məhz  bundan sonrakı  dövrlərdə Azərbaycan beynəlxalq qurum və təşkilatlarda fəal iş apararaq yeni nailiyyətlər  qazandı, bölgədə və dünyada söz sahibinə çevrildi.

Hücum diplomatiyasına start verildi.

***

2003-cü ilin oktyabrında cənab  İlham Əliyev  Ulu  Öndərimizin  zəmanəti, habelə xalqımızın  Heydər  Əliyev siyasi kursuna  sarsılmaz inamı və sədaqəti ilə ilk dəfə Azərbaycan  Prezidenti seçildi!

Qısa zaman kəsiyində inam və etimadı  doğrultdu, sınaqlarla dolu rəhbərliyi dövründə  xalqın sonsuz məhəbbətini və etibarını qazandı.

Ölkəyə  rəhbərliyinin hər ilində yeni uğurlar qazandı, cari və perspektiv  problemlərin həlli ilə yanaşı, nisbətən uzaq hədəflərə çatmaq üçün  təməllər yaratmağı, imkanları səfərbərliyə almağı bacardı.

Qeyd edək ki,  İlham Əliyevin prezidentliyinin ilk dövründə  görüləsi işlər və problemlər  kifayət qədər çox idi. 

MƏSƏLƏN:

* bölgələrə elektrik enerjisi fasilələrlə  verilirdi;

* regionlara qaz xətti çəkilmədiyindən böyük çətinliklər yaşanırdı;

* şəhərlərarası  magistral  yollar darısqal, dağılmış və bərbad vəziyyətdə idi;

* sahibkarlıq formalaşmamışdı, işsizlik baş alıb gedir, kəndlər boşalırdı;

* qaçqın və məcburi köçkünlər çadır şəhərciklərində,  ictimai binalarda ağır vəziyyətdə yaşayırdı;

* sürətlə ordu qurmaq, onu silahlandırmaq tələb olunurdu;

* transmilli layihələri  maliyyələşdirməkdə  ciddi çətinliklər mövcud idi;

* Ermənistan sülh danışıqlarına gəlmir,  ATƏT öz vəzifəsini icra etmir,  BMT  Təhlükəsizlik Şurasının  4 qətnaməsi  həyata keçirilmirdi  və s.

Qurucu rəhbər adını qazanan cənab İlham Əliyev prezidentliyi dövründə yuxarıda sadalanan bütün problemləri  çox böyük uğurla həll etdi, ölkə daxilində,  xarici siyasətdə, ordu quruculuğunda  möhtəşəm nailiyyətlər qazandı.

Azərbaycan xalqı öz sınanmış oğluna, görkəmli dövlət xadiminə dəfələrlə yüksək etimad göstərdi, dövlət sükanını böyük əminliklə ona etibar etdi.

Bu gün dünya müstəqil Azərbaycanı büsbütün dəyişmiş, yenidən tikilib qurulmuş, güclü iqtisadiyyatı, müstəqil daxili və xarici siyasəti,  demokratik təsisatları, müasir beynəlxalq imici, qudrətli ordusu, milli birliyi və tolerantlığı olan ölkə kimi tanıyır!

Hətta bəzən ona  "İlham Əliyevin Azərbaycanı" da deyirlər!

***

Sonuncu prezident seçkilərindən 4 il keçir!

Prezident İlham Əliyev bu müddətdə də Azərbaycanı inkişaf etdirmiş, ölkə qarşısında duran ciddi problemləri müvəffəqiyyətlə  yoluna qoymuş, dövlətin möhkəmlənməsi, xalqın rifahının yüksəlməsi, insanların arzu və istəklərinin həyata keçirilməsi yolunda əsaslı dəyişikliklərə nail olmuş, apardığı islahatları daha da dərinləşdirmişdir.

Axırıncı 4 ildə baş verən  mühüm hadisələrdən ikisi haqqında ayrıca danışmağa ehtiyac duyulur.

Bunlardan biri COVID-19  adını almış,  dünyanın yaşam tərzini, insanların həyatını dəyişmiş pandemiyadır!

Heç kim təsəvvür  belə etməzdi ki,  XXI əsrdə qəflətən meydana çıxan hansısa yoluxucu xəstəlik pandemiyaya çevriləcək, qısa müddətdə  dünyanı caynağına alacaq,  milyonlarla insanın ölümünə səbəb olacaq,  dünyanı özünə qapadacaq, iqtisadiyyata  böyük zərbə vuracaq,  tibb elmini aciz durumda qoyacaqdır!

Amma bütün bunlar baş verdi!

Həm də ildırım sürəti ilə!

Çoxları başını itirdi...

Bir çox dövlətlər  bu bəlanın öhdəsindən  gələ bilmədiklərinə, vaxtında zəruri addımlar atmadıqlarına görə  pandemiyaya çevrilmiş  COVID-19-un əlində girov qaldılar, ciddi iqtisadi və insan tələfatı verərək çətin və çıxılmaz vəziyyətə düşdülər!

İlham Əliyevin uzaqgörənliyi və xarizması, hadisələri qabaqlamaq bacarığı və zamanında düzgün qərarlar qəbul etmək məharəti  bu məqamda da kara gəldi!

Pandemiyanın genişlənməsinin,  vüsətlənməsinin  qarşısına sipər çəkildi, ağırlaşmaların  hər dövründə öncədən  qabaqlama işləri aparıldı, insanlar və iqtisadiyyat  ağır  nəticələrdən,  sonrakı fəsadlardan uğurla qorundu!

Dövlət rəhbəri xalqa müraciət etdi,  vəziyyətin ciddiliyini və çətinliyini  insanlara anlatdı,  hamını əlbir, əlaqəli və  mütəşəkkil  fəaliyyətə səslədi, Azərbaycan səhiyyəsini  qısa müddətdə  ekstremal  vəziyyətə köklədi.

Prezident  İlham Əliyevin  pandemiyanın qarşısını almaq, xalqı bu bəladan sovuşdurmaq üçün gördüyü işlərin sayı-hesabı yoxdur!

İnfeksiyanın aşkarlandığı ilk gündən təxirəsalınmaz addımlar atıldı:

* Dövlət başçısının sərəncamı ilə  Nazirlər Kabineti yanında  Operativ Qərargah  fəaliyyətə başladı;

* Xəstəliyin yayılmasının qarşısının alınmasına dair "Fəaliyyət Planı" və "Tədbirlər  Planı"  təsdiq edildi;

* 19 mart 2020-ci ildə dünyada ilk olaraq  Azərbaycanda  Koronavirusla Mübarizəyə  Dəstək  Fondu  təsis edildi və Prezidentin Ehtiyat Fondundan  oraya 20 milyon  manat  vəsait köçürüldü;

* Dövlət başçısının  tapşırığı əsasında qısa zamanda səhiyyə infrastrukturu  koronavirusla mübarizəyə  istiqamətləndirildi, yoluxmuş xəstələrin  müalicəsi üçün 46 xəstəxana müəyyən edildi, 11 modul tipli  yeni  xəstəxana istifadəyə verildi;

* Bu bəlaya qarşı mübarizə məqsədilə dövlət büdcəsindən 4 milyard manat vəsait ayrıldı;

* Koronavirusla mübarizə çərçivəsində məşğulluq və sosial rifahın dəstəklənməsinə 610 mln. manat, səhiyyə məqsədlərinə 754,2 mln. manat, iqtisadi artım və sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə 1,1 mlrd. manat,  verilmiş kredit portfeli üzrə 1,5 mlrd. manat, beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsinə 39,3 mln. manat vəsait xərcləndi. 

* Prezident İlham Əliyevin göstərişi ilə minlərlə Azərbaycan vətəndaşı, xüsusən də xaricdə təhsil alan tələbələrimiz müxtəlif ölkələrdən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə Vətənə qaytarıldı;

* Cənab İlham Əliyevin dünya miqyasında rəğbətlə qarşılanan mühüm təşəbbüsləri də oldu.  Belə ki, 2020-ci ilin aprel ayında koronavirusa qarşı mübarizə ilə bağlı Türk Şurasının Zirvə görüşü, may ayında isə  Qoşulmama Hərəkatının  Təmas Qrupu formatında  videokonfrans vasitəsilə  Zirvə görüşü keçirildi;

* 2021-ci il dekabrın 16-da BMT  Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında Qoşulmama Hərəkatının Sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal  əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin (179 dövlət) dəstəyi ilə qəbul edildi;

* Peyvəndlərə çıxışla əlaqədar dövlətlər arasında dərinləşən qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycan ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdi ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım oldu;

* Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdi, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etdi. Son olaraq 2021-ci il dekabrın 6-da Azərbaycan Burkina-Faso dövlətinə 100 min doza “Sinovac” peyvəndi ianə edib.

Prezident İlham Əliyevin zamanında atdığı addımlar  gərəkli və faydalı olmaqla yanaşı, Azərbaycanın  və onun  rəhbərinin beynəlxalq  nüfuzunun  və imicinin  yüksəlməsinə də töhfə vermiş oldu.

***

İlham Əliyevin böyüklüyü  həm də ondadır ki,  ən çətin, ən ağır, ən mürəkkəb vəziyyətdən belə qələbə ilə çıxmağı bacarır!

2020-ci il  dünya üçün mürəkkəb, qorxulu, iqtisadi  cəhətdən  sarsıdıcı bir il idi!

COVID-19  insanları  çöl-bayırdan məhrum etmiş,  iqtisadiyyatın  normal ritmini pozaraq inkişaf sürətini aşağı salmış, ümidsiz vəziyyət yaratmışdı!

İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi, nəyi, nə vaxt və necə etmək məharəti dünya üçün ən ağır keçən ili Azərbaycan üçün möhtəşəm qələbə, zəfər  ilinə çevirdi!

İqtidara gəldiyi ilk gündən işğal altındakı torpaqları azad etməyi qarşıya məqsəd qoyan, hər gün, hər saat bu barədə düşünən, əməli iş görərək zəruri, hesablanmış addımlar atan cənab İlham Əliyev  pandemiyanın tüğyan etdiyi  2020-ci ili Azərbaycan tarixinin ən şərəfli ili etdi!

Öz adını da qızıl hərflərlə  tariximizin ən böyük sərkərdələri  sırasına yazdı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük  Vətən müharibəsi dövründə:

* Ermənistan ordusunu məhv etdi!

* Azğın düşməni qarşısında diz çökdürdü!

* “Dəmir yumruğ”u ilə başını əzərək  kapitulyasiya aktına imza atdırdı!

* Ağdam, Laçın, Kəlbəcər rayonlarını döyüşsüz geri aldı!

* "Məğlubedilməz"  erməni ordusunu fərarilər, qorxaqlar yığnağına çevirdi!

* XXI əsrin  ən yeni müharibəsini apardı!

* Bu müharibədə tətbiq etdiyi silahlar, taktika və strategiyanı dünya üçün örnəyə çevirdi!

* Azərbaycan xalqını dünyaya məğrur, qalib, qəhrəman xalq kimi tanıtdı!

Bu müharibədə İlham Əliyevin tərbiyələndirdiyi,  idman meydanlarında erməniləri  dəfələrlə məğlub edən  yeni gənc nəsil  əsl rəşadət, qəhrəmanlıq göstərdi!

Bu müharibədə multikultural ənənələrə sadiq  Azərbaycanın bütün millətlərinin və etnik qruplarının nümayəndələri  hünərlə döyüşərək  Vətən sevgisini hərb meydanında da nümayiş etdirdilər!

Yüzlərlə gənc qəhrəmancasına çarpışaraq ərazi bütövlüyünün bərpası,  Vətən torpaqlarının urder düşməndən  təmizlənməsi uğrunda  ağır döyüşlərdə şəhidlik zirvəsinə ucaldılar!

İlham Əliyev Azərbaycan xalqının  milli birliyinə nail oldu, ölkə vətəndaşlarını Vətən sevgisi, azğın düşmənə qarşı müharibədə  yumruq kimi birləşdirdi, indiyədək görmədiyimiz həmrəylik yaratdı!

***

Son illərdə Azərbaycanın  qlobal dünyanın həssas problemlərinin müzakirə olunduğu məkana çevrilməsi, belə görüş və müzakirələrin təşkilində ölkəmizin aparıcı rol alması, dövlət başçısının  beynəlxalq  səviyyəli nüfuzlu tədbirlərə daim dəvətli olması və çıxış etməsi iftixar doğuran  hadisələrdir!

Artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya miqyasında daha aydın görünən, mövqeyinə, fikirlərinə və təkliflərinə hörmətlə yanaşılan dövlət başçıları sırasındadır!

Prezidentimizin  Qoşulmama Hərəkatına uğurlu rəhbərliyi, sədrlik dövrünün daha bir il artırılması böyük sevinc və fərəh doğuran haldır.

Azərbaycan-Türkiyə  dostluğu və qardaşlığının yeni, indiyədək görünməmiş səviyyəyə yüksəlməsi tarixi əhəmiyyətli hadisələrdəndir.

Bu yaxınlaşma həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə cənab İlham Əliyevin şəxsi dostluğundan və səmimi münasibətlərindən  qaynaqlanır.

Hər iki dövlətə böyük  fayda gətirir, güclərinə güc qatır.

44 günlük Vətən müharibəsində biz türk  qardaşlarımızı daim yanımızda gördük, bütün sahələrdə və məsələlərdə köməklərini  aldıq.

Şuşa  Bəyannaməsi isə iki qardaş dövləti strateji müttəfiqə çevirərək münasibətləri ən uca zirvəyə yüksəltdi!

İki görkəmli liderin qurduğu möhtəşəm  birlik artıq hamı tərəfindən etiraf   və qəbul  olunur:

Türkiyə deyəndə Azərbaycan, Azərbaycan deyəndə Türkiyə  yada düşür və atılan  addımlarda bu vəhdət daim diqqətdə saxlanılır.

Prezident  İlham Əliyevin ən böyük  uğurlarından biri də Rusiya-Azərbaycan  dostluğunu daha yüksək  səviyyəyə qaldırmaqla  müttəfiqlik qarşılıqlı əlaqələrinin yeni imzalanan Moskva Bəyannaməsi ilə daha da möhkəmləndirməsidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin  Vətən müharibəsindəki Zəfəri, əslində, 3 qat qələbədir!

Cənab İlham Əliyev təkcə hərb meydanında düşmənin başına od ələyərək onu məhv etmədi!

Həm də diplomatiya sahəsində və informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdı!

***

Müharibədən sonrakı dövr isə bu zəfərin müxtəlif sahələrdə  və ayrı-ayrı müstəvidə davamıdır:

Yeni yollar çəkilir, dəmir yolu xətti salınır, şəhərlərin baş planı tutularaq təsdiq edilir, bir-birindən maraqlı, baş müəllifi cənab İlham Əliyev olan  layihələrin  icrasına start verilir, mina sahələri təmizlənərək Böyük qayıdışın tezliklə baş tutmasına şərait yaradılır.

Bir sözlə, Qarabağa azadlıq gətirən Prezident İlham Əliyev onun dirçəldilməsi və cənnətə çevrilməsi üçün mümkün olanların hamısını fədakarlıqla edir.

Regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət  Proqramı uğurla icra olunur.

Qeyri-ənənəvi enerji istehsalı sahəsində bir-birindən uğurlu layihələr reallaşdırılır.

Şəhid ailələrinə, müharibə əlillərinə xüsusi  diqqət və qayğı göstərilir,  onlara dövlət hesabına tikilmiş təmirli mənzillər,  minik avtomobilləri verilir,  sosial ehtiyacları qarşılanır.

Pandemiyadan uğurla çıxmış,  torpaqlarını erməni işğalçılarından azad edərək  böyük zəfər qazanmış Azərbaycanı qarşıda daha böyük işlər, yerinə yetiriləsi vəzifələr gözləyir.

Azərbaycan xalqı əmindir ki,  bütün hədəflərə ən tez vaxtda və ən qısa yolla çatacaqdır!

Çünki müstəqil dövlətimizin sükanı arxasında əsl rəhbər, qüdrətli sərkərdə, müasir dünya liderləri sırasında özünə layiqli yer qazanmış cənab İlham Əliyev dayanıb!

Onun güclü əlləri, iti zəkası, müstəqil və uzaqgörən siyasəti, xalqına xidmət amalı ilə döyünən vətənpərvər qəlbi vardır.

Belə rəhbərlə yalnız uğur qazanmaq, qalib gəlmək mümkündür!

Sözünün sahibi olan, nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı bilən, doğma Azərbaycanı daim ucaldan, xalqın hər bir arzu və istəyini  reallaşdıran Prezidenti olmaq özü də bir xoşbəxtlikdir!

İlham  Əliyev kimi qüdrətli, müdrik, işıqlı qəlb sahibi olan Prezidenti!

 

Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video