20 May 2022 22:27
394
PARLAMENT

“Ələt azad iqtisadi zonası haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasda 9 məsələnin müzakirəyə çıxarıldığını deyib.

Əvvəlcə, “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Komitə sədri Tahir Mirkişili məsələ ilə bağlı məlumatında qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olan layihədə Azad Zonanın fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar yeni maddələr öz əksini tapıb. Komitə sədri Ələt İqtisadi Zonasının açılışı zamanı dövlətimizin başçısının zonanın gələcək inkişaf fəaliyyəti, investorların cəlb olunması üçün görüləcək işlər, qanunvericiliklə bağlı qarşıda duran tələblər barədə verdiyi tövsiyələrdən bəhs edib. O qeyd edib ki, bu gün Qərblə Şərq arasında ticarət əlaqələrinin genişlənməsində Azərbaycanın rolu artmaqdadır. Bu yeni əlaqələrin inkişafında Ələt İqtisadi Zonası da əhəmiyyətli yer tutur. Bildirilib ki, aparılan təhlillər nəticəsində əsas məsələ ondan ibarət olub ki, Azərbaycan müəssisələri və Ələt İqtisadi Zonasında fəaliyyət göstərən xarici ölkələrin müəssisələri üçün bərabər şəraitin yaradılmasını özündə ehtiva edən dəyişikliklərə ehtiyac yaranıb. Bu və digər məqamları nəzərə alaraq mövcud qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur.

Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və Zonanın səlahiyyətli qurumunun səlahiyyətlərində, onun hüquq və vəzifələrində, Azad zonada vergi və gömrük tənzimləməsində, investorların hüquqlarının qorunmasında və mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələri nəzərdə tutur.

Dəyişikliklərdə Azad Zonada vergi tənzimlənməsinin dəqiqliyini təmin etmək, güzəşt və azadolmaların hədlərini və səmərəliyini artırmaq üçün “əsas iqtisadiyyatın vergi ödəyicisi” anlayışının daxil edilməsi, 4-cü maddənin adının “Azad Zonada tətbiq edilən əsas iqtisadiyyat qanunvericiliyi” olaraq dəyişdirilməsi və Azad Zonada tətbiq ediləcək əsas iqtisadiyyat qanunvericiliyi sırasına Azərbaycan Respublikasının cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin əlavə edilməsi təklif olunur. Layihədə, həmçinin Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi, vergitutma məsələlərinin dəqiqləşdirilməsi, maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiq edilməsi, gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, sənəddə Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir, mübahisələrin həlli ilə bağlı müddəalarda bəzi düzəlişlər aparılıb.

Qanuna edilən düzəlişlərin əsas mahiyyəti Azad Zona ilə Azərbaycanın əsas iqtisadiyyatının vergi ödəyiciləri arasında münasibətlərin tənzimlənməsi, vergiqoyma və vergitutmada həmin müəssisələrin digər ölkələrdən olan müəssisələrlə rəqabətdə uduzmaması, gömrük məsələlərində rəsmiləşdirmənin daha rahat olması və Azad Zonanın dünyanın istənilən bir ölkəsi ilə rahat formada ticarət əlaqələrinin qurması ilə bağlı məsələlərin həlli ilə əlaqədardır.

İclasda iştirak edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış edərək bildirib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycan müəssisələri üçün çox əhəmiyyətlidir. O, Azərbaycan məhsullarına, xidmətlərinə tələbatın artırılması baxımından dəyişikliklərin vacibliyindən danışıb. Qeyd edib ki, məqsəd Azərbaycan müəssisələri üçün yeni imkanlar yaratmaqdan ibarətdir.

Valeh Ələsgərov öz çıxışında, habelə İqtisadi Zonada investorların cəlb olunması üçün münbit şəraitin yaradılmasından bəhs edib. Bu istiqamətdə Azad Zonanın fəaliyyəti ilə bağlı mükəmməl normativ hüququ bazanın olduğunu söyləyib. Azad Zonada tətbiq olunan daxili qaydalardan danışıb.

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə çıxış edən komitə sədrinin müavini Əli Məsimli, deputatlardan Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, Razi Nurullayev, Fazil Mustafa, Vüqar Bayramov, Mahir Abbaszadə, Aydın Hüseynov dəyişiklikləri müsbət qiymətləndiriblər, qanun layihəsinin ümumilikdə ölkə iqtisadiyyatının inkişafına xidmət edəcəyini söyləyiblər. Milli Məclisin deputatları bəzi qeyd və təkliflərini də diqqətə çatdırıblar.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva səsləndirilən fikirlərə münasibət bildiriblər, deputatların toxunduğu bəzi məqamlara aydınlıq gətiriblər, onların suallarını ətraflı cavablandırıblar.

Müzakirələrin sonunda “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra birinci oxunuşda təqdim olunan digər üç məsələyə baxılıb.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq hazırlanıb. Belə ki, Miqrasiya Məcəlləsinə və adları çəkilən qanunlara təklif olunan dəyişikliklər həmin qanunlarla müəyyən olunan fəaliyyət sahələrində sahibkarlara münasibətdə yoxlamaların keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirir, bu yoxlamaların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun keçirilməsini təsbit edir və bununla da müvafiq qanunlar arasında uzlaşma təmin edilir. Mülki Məcəlləyə təklif olunan dəyişiklik isə dəqiqləşdirmə xarakteri daşıyır və sahibkarlıq fəaliyyəti anlayışının “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda təsbit olunan anlayışa uyğunlaşdırılmasını nəzərdə tutur.

Diqqətə çatdırılıb ki, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” 2020-ci il 20 oktyabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Təklif olunan dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

“Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar qeyd olunub ki, bu sənəd “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə" və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2018-ci il 30 noyabr tarixli qanunlara əsasən hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

Bu sənədlər də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Daha sonra komitə üzvləri gündəlikdəki digər məsələləri - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), ''Əhalinin sağlamlığının qorunması haqqında'', ''Özəl tibb fəaliyyəti haqqında'', ''Lotereyalar haqqında'' və ''Bədən tərbiyəsi və idman haqqında'' qanunlarda dəyişiklik edilməsi barədə, (üçüncü oxunuş), Şəhərsalma və Tikinti Məcəlləsində, ''Elektroenergetika haqqında'', ''Qaz təchizatı haqqında'', ''Energetika haqqında'', ''Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında'' və ''Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında'' qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrini müzakirə ediblər.

Bu qanun layihələri də Milli Məclisin iclasında baxılmaq üçün tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video