24 Iyun 2022 00:45
547
İQTİSADİYYAT
A- A+

Əkinçinin gün doğandan batanacan çöldə olan vaxtıdır

 

Masallı fermerləri çəkdikləri zəhmətin bəhrəsini dərirlər

 

Masallı ölkəmizin qədim yaşayış məskənlərindəndir. Rayon ərazisindəki tarixi abidələrin, xalq yaradıcılığı nümunələrinin sorağı əsrlərin o tayından gəlir. Burada yaşayan insanlar, əsasən, əkinçilik, heyvandarlıq, fiziki və zehni əməyin vəhdətindən yaranan sənətkarlıqla məşğul olmuş, öz gün-güzəranlarını qurmuşlar.

Bu gün də Masallının ayrı-ayrı qəsəbə və kəndlərində xalça, palaz, həsir toxuyan, sandıq, kuzə, dolça, təndir və digər məişət əşyaları düzəltməklə məşğul olan neçə-neçə sənətkar var. Bütün bunlarla yanaşı, Masallıda adamların əsas məşğuliyyəti, gəlir yeri kənd təsərrüfatıdır və dövlətin göstərdiyi diqqət və qayğıkeşliyi nəticəsində rayonda taxılçılıq, çəltikçilik, baramaçılıq, tütünçülük, kartof, çiyələk becərilməsi xeyli dərəcədə inkişaf etmişdir.

Keçən il rayonda 64 fermer tərəfindən 281 hektarda çəltik becərilmişdir. Məlum olduğu kimi, çəltik ağır zəhmət tələb edən bitkidir. Onun becərilməsi, demək olar ki, suyun içərisində aparılır. Son vaxtlar xarici ölkələrdən alınıb gətirilən müasir texnikalar işləri xeyli dərəcədə asanlaşdırmışdır. Su təminatı da kifayət qədər olmuşdur. Nəticədə əkinçilər gözlədikləri məhsulu əldə edə bilmişlər. Hər hektarın məhsuldarlığı 34,4 sentner olmuşdur. Ən başlıcası isə fermerlər yetişdirdikləri düyünü münasib qiymətə sata bilmişlər. Bu işdə Masallı şəhərində yaradılmış Çəltik Emalı Zavodu onların köməyinə çatmışdır. Əvvəllər çəltik emalı üçün onlar qonşu Lənkəran, Astara rayonlarına getməli olurdular ki, bu da məhsulun maya dəyərini yüksəldirdi. İndi isə emal üçün bir çox yerlərdən Masallıya gəlirlər. Səbəbi müəssisədəki avadanlıqların müasir, keyfiyyətli olmasıdır.

Hər yerdə olduğu kimi, Masallıda da taxıl biçini davam edir. Qeyd edək ki, keçən ilin payızında 10 min 381 hektara toxum səpilmişdir. Bunun 3 min 5 hektarı arpa, 7 min 276 hektarı buğdadır. Torpaq mülkiyyətçiləri və fermerlər hər hektardan yüksək məhsul əldə etmək üçün aqrotexniki tədbirlərə əməl etmişlər. İndi hər kəs yetişdirdiyi məhsulu tez və itkisiz yığmağa çalışır. Kombaynlar səhər şeh götürülən kimi işə salınır. 34 kombayn hər gün 350 hektar sahənin taxılını biçir.

Kartofu ikinci çörək adlandırırlar. Qonşu Cəlilabad rayonunun əhalisi kimi Masallı camaatı da torpaqlar şəxsi mülkiyyətə keçəndən sonra kartof yetişdirilməsinə ciddi əhəmiyyət verməyə başlamışlar. Bu da kartofçuluğun yaxşı gəlir gətirməsi ilə bağlıdır. İndi hər bir fermer, torpaq mülkiyyətçisi gəlirini, çıxarını yaxşı bilir. Düzdür, kənd təsərrüfatı əsasən təbiətlə bağlıdır, amma toxum, mineral gübrələr, həmçinin başqa faktorlar da var. Elə il olur ki, kəndli çəkdiyi xərci güclə çıxarır, ya da ziyana düşür, heç xərcini də çıxara bilmir. İl uğurla gələndə isə məhsul aşıb-daşır. Belə vaxtlarda kənd adamının üzü gülür, xeyrini-şərini alnıaçıq, üzüağlıqla yola verir, yeri gələndə imkansıza əl tutur.

Bu ilin yanvar-fevral aylarında rayon üzrə 400 fermer 900 hektarda kartof əkmişdir. Aprel ayında düşən leysan yağışlar kartof əkinlərinə xeyli ziyan vursa da və yetişmədə müəyyən qədər gecikmə yaransa da, torpaq mülkiyyətçiləri gecəli-gündüzlü işləyib selin vurduğu zərəri aradan qaldırmışlar. Deyirlər, bir tərəfdən bağlayan, bir tərəfdən də açar. Kartofun əvvəlki illərlə müqayisədə münasib qiymətə satılması mülkiyyətçiləri sevindirmişdir. Onlar yetişdirdikləri kartofu elə sahədəcə sərfəli qiymətə satmışlar. Çoxunu da Rusiya Federasiyasının müxtəlif şəhərlərinə göndərmişlər. İndiyədək 405 hektardan 6 min 263 kiloqram kartof yığılmışdır.

Çiyələk istehsalı da sahibkarların vəsait qoyduqları başlıca sahələrdəndir. Rayonda çiyələk əkini ildən-ilə genişlənir ki, bu da onun yaxşı qazanc gətirməsi ilə bağlıdır. Ayrı-ayrı fermerlər xarici ölkələrdən - Türkiyədən, İtaliyadan, ABŞ-dan və s. yerlərdən müxtəlif məhsuldar növlərin şitillərini gətirmişlər. Məhsulu daha tez yetişdirmək və baha qiymətə satmaq üçün sellofan örtükaltı əkinçilik metodlarından da istifadə olunur. Çiyələk çoxillik bitkilər sırasına daxildir. Belə ki, bir dəfə əkib 3 il yaxşı məhsul götürmək olur. Hazırda rayonda 251 hektarda çiyələk yetişdirilir. Cari ilin bu vaxtınadak 1656 ton məhsul dərilmişdir. Əldə edilən bu məhsul da kartof kimi daxili bazarlarda satılmaqla yanaşı, Rusiyaya da ixrac olunur.

Baramaçılıq rayon əhalisinin məşğulluğunda müəyyən yer tutur.  Keçən il 65 kümçü 140 qutunun qurdunu becərmiş, 5 min 795 kiloqram yaş barama əldə etmişdir. Kümçülər hasilə gələn məhsulun hər kiloqramını "Azəripək" MMC-yə 4 manata satmış, əlavə olaraq dövlətdən hər kiloqram üçün 5 manat subsidiya almışlar. Bu il isə həmin subsidiya 6 manata qaldırılmışdır. Cari il rayonda 60 kümçü 132 qutunun ipəkqurdunu yetişdirir. Hələlik 3 min 954 kiloqram barama tədarük edilmişdir. Amma bu, son rəqəm deyil.

Tütünçülük də ildən-ilə inkişaf edir. Ötən il 52 hektar tütün sahəsinin hər hektarından 17,1 sentner yaş yarpaq toplanmışdır. Bu il hələlik 21 hektarda əkin aparılmışdır. Əkin isə davam edir.

Çay Masallı üçün ənənəvi bitkidir. Sovet dövründə rayonda bir neçə çay emalı müəssisəsi fəaliyyət göstərmişdir. Lakin sonralar məlum səbəblər üzündən çay plantasiyaları otlaq sahələrinə çevrilmişdir. Bu gün isə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində görülən tədbirlər çərçivəsində rayonda yeni çay plantasiyaları salınır. Hazırda rayonda 132 hektar çay plantasiyası var və onun 49 hektarı məhsul verir. İyun ayının 1-dən həmin sahələrdən 3 tondan çox yaşıl çay yarpağı yığılmışdır.

Bundan başqa, cari ilin yazında 1882 hektar tərəvəz, 310 hektar bostan, 685 hektar dənli-paxlalı bitkilər, 55 hektar qarğıdalı, 38,5 hektar dən üçün günəbaxan və başqa bitkilər əkilmişdir. Həmin nemətləri yetişdirmək, yığmaq, tədarük təşkilatlarına təhvil vermək böyük zəhmət tələb edir. Buna görə də yayın istisinə baxmayaraq, hər kəs gün doğandan batanacan işinin başındadır.

 

Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video