20 Yanvar 2022 00:40
939
CƏMİYYƏT
A- A+

Ehtiramla anılan kəşfiyyatçı

 

Şəhidlik vətənpərvərliyin ən ali, ən mötəbər zirvəsidir. Bu ucalığa yüksəlmək, belə şərəfli adı daşımaq hər kəsə nəsib olmur. Torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullardan biri də kəşfiyyatçı gizir Şahmar Vidadi oğlu Mənəfovdur. Şahmar 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngən kəndində dünyaya göz açıb, evin sonbeşiyi, iki bacının bir qardaşı olub. Atası Vidadi kişi təsərrüfat adamı, anası Gülnisə evdar qadın idi...

Şahmar Mənəfov ilk təhsilini Cəbrayil Əhmədov adına Cəngən kənd tam orta məktəbində alıb. Məktəbin direktoru Yəhya Rzayevin dediklərindən: “Şahmar 11-ci sinfi bitirənədək bizim məktəbdə oxuyub, həmişə dərslərinə hazırlıqlı olardı, hafizəli və intizamlı uşaq idi. Sinif yoldaşlarının və müəllimlərin sevimlisiydi, fiziki cəhətdən yaşıdlarından seçilirdi, boy-buxunlu, idmançı görkəmi vardı”.

Qonşuları Mehman İbadov bildirir ki, Şahmar uşaqlıqdan istiqanlı, xeyirxah, vətənpərvər, el-oba təəssübü çəkən idi. Ağsaqqalla, ağbirçəklə salam-kalamsız ötüşməzdi. Ədəb-ərkanına görə camaat xətrini çox istəyirdi. Hərdən mənimlə həmsöhbət olurdu. Orta məktəbin sonuncu sinfində oxuyanda anasına demişdi ki, hərbçi olmaq istəyirəm. O vaxtlardan hərb sahəsində çalışmağı özünə həyat yolu seçən Şahmar həqiqi hərbi xidmətə çağırılanda sevincinin hədd-hüdudu olmadı. 2008-ci ilin aprelindən 2009-cu ilin oktyabrınadək Ağdam rayonunun Quzanlı kəndində yerləşən “N” saylı hərbi hissədə düşmənlə təmas xəttində xidmət etmişdi.

Şahmar hərbi xidməti başa vurduqdan sonra bir neçə il basqa sahədə çalışıb. Sonra arzuladığı peşəyə yiyələnmək üçün 2012-ci ildə aidiyyəti quruma müraciət edərək istəyini bildirib və  Sülhməramlı Qüvvələrin hərbçisi kimi işə qəbul olunub. 2012-ci il yanvarın 1-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlığı kursuna göndərilib. Həmin kursu müvəffəqiyyətlə başa vurduqdan sonar “N” saylı hərbi hissədə manqa komandiri, 2012-ci ilin iyunundan 2014-cü ilin yanvarınadək əməliyyat imkanları konsepsiyası taborunun kəşfiyyat bölməsinin operatoru, 2014-cü il yanvarın 1-dən dekabrın 15-dək məxfi hissənin operatoru vəzifəsində xidmətini davam etdirib. 2014-cü il dekabrın 15-dən sonra “N” saylı hərbi hissədə “Təməl” Xüsusi Təyinatlı kursda bir il müdavim olub. Kursu kəşfiyyatçı ixtisasi üzrə bitirib. Aldığı nəzəri bilikləri təcrübədə sınaqdan keçirməklə daha da bilgilənmək, püxtələşmək üçün 2015-ci il aprelin 10-dan 2017-ci il iyunun  15-dək Cəlilabad rayonundakı “N” saylı hərbi hissədə kəşfiyyatçı-atıcı vəzifəsində, 2017-ci il iyunun 15-dən 2019-cu il aprelin 30-dək baş atıcı vəzifəsində, 2019-cu il aprelin 30-dan manqa komandiri vəzifəsində xidmətini davam etdirib, hərbi kursantlara və əsgərlərə Dağ təlimlərində kurs keçib.

Öz üzərində işləməyi sevir, seçdiyi peşənin daha mürəkkəb qatlarına dərindən bələd olmaq üçün əlavə ədəbiyyatlar oxuyurdu. Hətta bu məqsədlə bir sıra xarici ölkələrdə, o cümlədən Bolqarıstan, Macarıstan, Əfqanıstan və Türkiyə Respublikasında da olur, Xüsusi Təyinatlı təlimlərdə iştirak edir, 6 kurs keçir və hər birindən  fərqlənmə sertifikatına layiq görülürdü.

XTQ giziri Şahmar Mənəfov 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalına, 2018-ci ildə isə “Azərbacan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb və Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən hərbi paradın iştirakçısı olub.

Şahmar Mənəfov 2016-cı ilin Aprel döyuslərində böyük şücaətlər göstərib,  soyuq silahla erməni  hərbçilərini məhv edib və mühasirədə olan əsgər yoldaşlarının həyatını xilas edib. Qələbə tariximizin ilk yazılan səhifəsi olan bu döyüşlərdə 6 erməni postunu keçərək əsgər yoldaşları ilə birlikdə Lələtəpə yüksəkliyinə ilk bayraq sancanlardan biri olub.     

Şahmar ötən il sentiyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşə ruh yüksəkliyi ilə qatılıb, şücaət və qəhrəmanlıqlar göstərib. Füzuliyə, Cəbrayıla, Qubadlıya, Xocavəndə, Şuşaya ilk ayaq basan kəşfiyyatçılardan olub.

Şahmar kəşfiyyatçı peşəsinə yiyələnəndə erməni dilini də mükəmməl öyrənmişdi. Cəbrayılın mərkəzində şanlı Azərbaycan bayrağını sancan da Xüsusi Təyinatlıların manqa komandiri, kəşfiyyatçı-gizir Şahmar Mənəfov idi. Şahmarın komandiri olduğu manqa Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində döyüşlərdə düşmənin bir neçə tankını, zirehli texnikasını, “Ural” markalı hərbi masınını, silah-sursatını qənimət kimi ələ keçirmiş, 100-dən çox  erməni silahlısını əsir götürmüşdür.

Şahmar Vidadi oğlu Mənəfov 2020-ci il oktiyabrın 21-də Şuşa şəhəri istiqamətində gedən  döyüşlərdə ürəyindən güllə yarası alaraq qəhrəmancasına şəhid olmuşdur. O, oktyabrın 23-də hərbçi yoldaşları, rayon ictimaiyyəti və el-oba camaatının iştirakı ilə boya-başa çatdığı Neftçala rayonunun Cəngən kəndində torpaga tapşırılmısdır.

Respublikamızın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal edilmiş ərazilərin azad olunması üçün qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsinin icrası zamanı igidliyə görə  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 12 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən, kəşfiyyatçı-gizir Şahmar Mənəfov ölümündən sonra “Qarabağ” ordeni, 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda” medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə  24 iyun 2021-ci il tarixli sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı, habelə həmin tarixli sərəncamla “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şahmar ailəli idi. Sevib-seçdiyi Bəyimlə 2020-ci ilin avqustunda ailə həyatı qurmusdu. Bəyim xanımın dediklərindən: “Xoşbəxt idik, bir-birimizi çox sevirdik, hər gün Allaha şükür edirdik ki, nə yaxşı ki  Tanrı bizi qarşılasdırıb. Müharibədən iki gün əvvəl evdə günorta naharına yığışmışdıq. Şahmar birdən başladı Xocalıda, Malıbəylidə, Daşaltıda və digər yerlərdə ermənilərin törətdikləri vəhşiliklərdən, qətl və qarətlərdən yana-yana danışmağa. Sonra ani olaraq dayandı və nə fikirləşdisə, gözünü gözümə zilləyib müharibə olsa, onların hamısının qisasını alacam,  elə vuruşacam ki, bütün Azərbaycan məni tanısın, həm də ermənilər bilərlər ki, Azərbaycanda necə oğullar var, nəsə olsa, mənimlə fəxr edərsən”. 

Kəşfiyyatçı-gizirin gənclərə vətənpərvərlik nümunəsi olan həyat və döyüş yolu unudulmur. Rayon ictimaiyyəti, kənd camaatı və hərbçi yoldaşları tarixi bayramlarda, anım günündə Şahmar Mənəfovun məzarını etiramla ziyarət edir, üzərinə  gül dəstələri qoyurlar.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video