01 Oktyabr 2022 01:54
532
DÜNYA
A- A+

Əfqanıstanda terrorçuluq yenidən baş qaldırır

 

UNICEF  və Türkiyə əfqanlara yardım edir

 

Taliban hərəkatının ötən il Əfqanıstanda hakimiyyətə qayıdışı 20 il davam edən müharibəyə son qoysa da, son aylarda ölkədə təhlükəsizliklə bağlı vəziyyət yenidən pisləşməyə başlayıb. Dünən paytaxt Kabilin qərbindəki Dəşti-Bərçi rayonunda yerləşən təhsil mərkəzində baş vermiş partlayış nəticəsində azı 32 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Bu barədə Əfqanıstan hökumətindəki mənbəyə istinadən "Əl-Cəzirə" telekanalı xəbər verib.
Bundan əvvəl Kabildə kamikadzenin törətdiyi partlayış zamanı azı 20 tələbənin öldüyü və 27 nəfərin yaralandığı barədə məlumat yayılmışdı. "France 24"  telekanalının xəbərinə görə, bu qeyri-insani terror aktı tələbələr imtahana hazırlaşarkən həyata keçirilib. Yerli polis idarəsinin nümayəndəsi Xalid Zadran bildirib ki, partlayış xəzərlərin azlıq təşkil etdiyi, Dəşti-Bərçi rayonunun əsasən şiə müsəlmanlarının yaşadığı məhəlləsində baş verib.
Əfqanıstanda şiə xəzərlər onilliklər ərzində təqib olunub, Taliban isə sui-istifadədə ittiham edilib. Taliblər  hakimiyyətə qayıtdıqdan sonra bu cür ittihamlar yenidən qızışıb. Xəzərlər həmçinin tez-tez Talibanın düşməni olan İŞİD  qruplaşması üzvlərinin hücumlarının hədəfinə çevrilirlər.
Saysız-hesabsız hücumlar ərazini viran edib. Keçən il, Taliban hakimiyyətə qayıtmazdan  əvvəl, Dəşti-Bərçidə orta məktəbin yaxınlığında törədilən üç bombalı hücumda əksəriyyəti şagird olan  azı 85 nəfər həlak olmuş, 300-ə yaxın adam yaralanmışdı. Bu il sentyabrın 5-də isə Kabildə, Rusiya səfirliyinin konsulluq şöbəsinin girişinin yaxınlığında terrorçu üstündəki partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub. Ölənlər və yaralananlar arasında Əfqanıstan vətəndaşları da olub.

 

UNICEF  3 su təchizatı obyektinin tikintisinə başlayır

 

Təhlükəsizliklə bağlı vəziyyət gərgin olsa da bəzi beynəlxalq təşkilatlar Əfqanıstanda humanitar fəaliyyətlərini davam etdirirlər. Belə ki, ölkənin Herat əyalətində UNICEF tərəfindən 18 milyon əfqanidən çox dəyəri olan üç su şəbəkəsinin tikintisinə başlanılıb. Bu barədə "8 Sobh" qəzeti yazır. Bu layihələr İncil rayonunun Tubarian və Nəvbadam kəndlərində və Quzara rayonunun Bərqanək kəndində həyata keçiriləcək. Bu layihənin başa çatması ilə Tubarian kəndində 500, Nəvbadam kəndində 1200, Bərqanək kəndində 400 ailə təmiz içməli su ilə təmin olunacaq.
UNICEF artıq Heratın digər ərazilərində də su təchizatı layihələrini həyata keçirib. Son quraqlıqlar isə kənd yerlərində ciddi su qıtlığı problemlərinə səbəb olub və təmiz içməli suyun əldə edilməsi çətinləşib.

 

Türkiyə zəlzələdən zərər çəkmiş yüzlərlə evi bərpa edəcək

 

Türkiyə Qızıl Aypara Cəmiyyəti Əfqanıstanda  baş vermiş zəlzələdən zərər çəkənlərə kömək məqsədilə Paktika vilayətinin Qayan və Barmal rayonlarında 100 evi tezliklə bərpa edəcəyini açıqlayıb.
Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin rəsmisi Maylavi İlyas Naseri "Anadolu" Agentliyinə bildirib ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin daha əvvəl verdiyi yardım zəlzələdən sonra baş qaldıran vəba xəstəliyinin yayılmasına nəzarət etməyə kömək edib.
Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Əfqanıstandakı nümayəndəliyinin rəhbəri Fərid Əhməd Ziya da insanların qışda sığınacaq ala bilməsi üçün işləri sürətləndirməyə çalışdıqlarını bildirib. O əlavə edib ki, qurum əhalinin suya olan tələbatını ödəmək üçün ərazidə on quyu da qazacaq.
Lakin yolların keçilməz olması və Qayan qəzasının çay yatağı boyunca dağlıq ərazidə yerləşməsi zəlzələdən zərər çəkənlərə yardım göstərməyi çətinləşdirir. Buna baxmayaraq, cəmiyyət öz humanitar missiyasını tam yerinə yetirmək əzmindədir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video