19 Yanvar 2022 00:29
945
DÜNYA
A- A+

Dünyanın koronavirus bəlası

 

İşsizlik və işçi çatışmazlığı, Çində yeni qaydalar və yaşlı yunanlar üçün cərimələr...

 

Çində ölkə üzrə yerdəyişmə qaydaları sərtləşdirilir, hökumət vətəndaşlara xaricdən mal almamağı təklif edir. Beynəlxalq Əmək Təşkilatı məşğulluq səviyyəsinin bərpasına illərin keçəcəyini proqnozlaşdırır. Avropada isə ötən qışda demək olar ki, az rast gəlinən qrip yenidən yayılır.

 

Çində yeni yoluxma sayı iki ilin maksimumuna çatıb

 

Çində koronavirusa yeni yoluxma hallarının sayı iki ilin maksimumuna çatıb və hakimiyyət orqanları insanları xaricdən mal idxal etməməyə çağırır. Pekinin Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşları belə qənaətə gəliblər ki, şəhər sakinlərindən biri bağlamanı açdıqdan sonra “Omikron” variantına yoluxub.

Rəsmilər dondurulmuş ərzaqların idxalı zamanı koronavirusun dövlətlər arasında səyahət edə biləcəyini də bildiriblər. Ancaq bir çox alimlər bu nəzəriyyəni şübhə altına alırlar.

Pekindəki bir qadının son zamanlar şəhəri tərk etməməsinə baxmayaraq, “Omikron” ştamına verdiyi testin cavabı müsbət çıxıb. Hələlik o, COVID-19-un bu yüksək yoluxucu variantının tapıldığı yeganə şəhər sakinidir.

Mərkəzin əməkdaşlarının dediyinə görə, virusun izləri digər ölkələrdən gələn bağlamalarda aşkar edilib. Çin xaricindən gələn bağlamalar yeni qaydalara əsasən küçədə, əlcəklərdə açılmalı və qabları dərhal tullanmalıdır.

 

Yeni səyahət qaydaları

 

Bazar ertəsi Çində Yeni il bayramı mövsümü start götürüb - Ay təqviminə əsasən ölkədə yeni il fevralın 1-də başlayır. Bu günlərdə adətən yüz milyonlarla insan səyahət edir. Bir neçə şəhər

COVID-19-un yayılması ilə əlaqədar olaraq təhlükə səviyyəsini qaldırıb: səyahət edənlər şəhərlərə gəlməmişdən bir neçə gün əvvəl səfər barədə məlumat verməlidirlər.

Ötən həftəsonu Pekində və Şenzjendə “Omikron” ştamına 2 yoluxma halı qeydə alınıb.

Yüksək peyvəndlənmə səviyyəsinə baxmayaraq (86 faizdən çox), Çin hələ də virusun aşkarlandığı yerlərdə ciddi karantinlər tətbiq etməklə “sıfır yoluxma” siyasətinə sadiq qalır. Bu strategiya fevralın 4-də Pekində və qonşu Hebey əyalətində başlanacaq Qış Olimpiya Oyunları ərəfəsində xüsusi aktuallıq qazanıb.

Bazar ertəsi Çin Pekin Qış Olimpiya Oyunlarına bilet satışı planlarını ləğv edib. Yarışları izləmək yalnız dəvət əsasında mümkün olacaq.

 

Avropaya yenidən qrip gəlib

 

Keçən il Avropada mövsümi qripə yoluxma halı çox aşağı idi, lakin bu qış xəstəlik Avropaya qayıdıb, özü də gözləniləndən daha tez. Bu isə koronavirus pandemiyası ilə qripin  üst-üstə düşməsi ilə bağlı narahatlıqlara səbəb olub.

Avropa İttifaqının məlumatına görə, COVID-19-a görə tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi və özünütəcrid  hər il bütün dünyada 650 min nəfərə yaxın insanı öldürən qrip virusunun ötən qış yayılmasına imkan verməyib. Ancaq vaksinasiya genişləndikcə, hakimiyyət məhdudiyyətləri zəiflədir və bu, qripin yayılmasına rəvac verir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə  Mərkəzi bildirir ki, dekabrın ortalarından etibarən qrip virusları gözləniləndən daha sürətli yayılır.

Mərkəzin baş eksperti Pasi Penttinen hesab edir ki, avropalılar yayadək uzanan qeyri-adi qrip mövsümünü gözləməlidirlər.

Vəziyyəti çətinləşdirən odur ki, bu il dövr edən qripin dominant ştamı A virusunun H3 variantıdır. Bu ştam xüsusilə yaşlı insanlarda ağır fəsadlar yaradır.

 

Koronavirus məşğulluğu “vurur”

 

COVID-19 bütün dünyada iş yerlərinə ciddi şəkildə təsir göstərməyə davam edir. Bu barədə məlumat verən Birləşmiş Millətlər Təşkilatı məşğulluq səviyyəsinin bərpası üçün illər lazım olduğunu bildirib.

Yeni tədqiqatda BMT Beynəlxalq Əmək Təşkilatı özünün əvvəlki “dünya əmək bazarı artıq bu il pandemiyadan sonra, demək olar ki, tamamilə bərpa olunacaq” proqnozuna yenidən baxıb.

BƏT- in rəhbəri Qay Rayder jurnalistlərə bildirib ki, qlobal əmək bazarları böhrandan sonra gözlənildiyindən xeyli ləng bərpa olunur: “Biz artıq yoxsulluğun və bərabərsizliyin artması ilə yanaşı, əmək bazarına potensial uzunmüddətli ziyan görürük”. Hesabatda 2019-cu illə müqayisədə dünyadakı əmək günlərinin sayının iki faiz azalacağı proqnozlaşdırılır ki, bu da təxminən 52 milyon iş yerinin ixtisarına bərabərdir.

Eyni zamanda, dünyada işsizliyin rəsmi səviyyəsi pandemiyanın başlanmasından əvvəlki dövrlə müqayisədə xeyli yüksək olaraq qalır.

Bu il dünyada işçilərin 5,9 faizinin və ya təxminən 207 milyon insanın işsiz kimi rəsmi olaraq qeydiyyatdan keçəcəyi gözlənilir. Bu, əvvəlki iki ilin göstəricilərindən azdır, lakin 2019-cu ildə qeydə alınmış 186 milyondan çoxdur.

BƏT-in hesabatında deyilir ki, qlobal işsizlik səviyyəsi, ən azı 2023-cü ilə qədər böhrandan əvvəlki səviyyədən 5,4 faiz yuxarı olacaq.

Məşğulluğa ümumi təsir isə bu rəqəmlərin nəzərdə tutulduğundan xeyli çoxdur, çünki bir çox insanlar, ümumiyyətlə, işləmirlər.

Hesabatda həmçinin qeyd olunur ki, vaksinə əlçatanlıq və iqtisadiyyatın bərpası tədbirlərində fərqlər böhranın müxtəlif işçi qruplarına və müxtəlif ölkələrə fərqli təsir göstərdiyini bildirir.

Rayder deyib ki, daha yüksək gəlir səviyyəsinə malik olan ölkələrdə əmək bazarları daha sürətli bərpa olunur, baxmayaraq ki, bəziləri indi işçi qüvvəsi çatışmazlığı ilə bağlı problemlərlə üzləşməyə başlayıb. Bu ölkələr sırasında bəzi sahələrdə kadr çatışmazlığının hiss olunduğu Böyük Britaniya da var.

 

Vaksin almayan yaşlı yunanlar cərimələnir

 

Koronavirusdan peyvənd edilməmiş altmış və yuxarı yaşlı yunanlar bazar ertəsindən hər ay 100 avro cərimə olunmaq riski ilə üzləşiblər.

Yunanıstan hökuməti bu cərimələrin pensiya və ya maaşlardan çıxılmayacağını bəyan edib. Tibbi göstəricilərə görə, vaksinasiyadan keçə bilməyən insanlar da cərimədən azad edilirlər.

Bu şəkildə toplanan pullar səhiyyə sisteminin dəstəklənməsinə yönəldiləcək.

Yunanıstanda əhalinin üçdə iki hissəsi tamamilə vaksinləşdirilib ki, bu da Avropa İttifaqı üzrə orta göstəricidən bir qədər aşağıdır.

 

Rizvan HİLALOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video