25 May 2022 00:45
439
DÜNYA
A- A+

Dünyada qaçqınların sayı 100 milyonu keçib

 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə İdarəsi (Qİİ) acınacaqlı statistika açıqlayıb:  dünyada evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı ilk dəfə olaraq 100 milyonu keçib. Bu statistikaya həm qaçqınlar, həm də sığınacaq axtaranlar və 53 milyondan çox məcburi köçkün daxildir.

 

Bəşəriyyətə sülh və sabitlik lazımdır

 

Ekspertlər bu artımı Ukraynadakı xüsusi hərbi əməliyyatla və digər münaqişələrlə əlaqələndirirlər. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı "həyəcan təbili" çalaraq, münaqişələrin sülh yolu ilə həlli üçün daha çox addım atmağa çağırıb.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandi bildirib  ki, 100 milyon əhəmiyyətli rəqəmdir və  narahatlıq doğurur: "Bu rekord bəşəriyyətə oyanış çağırışı kimi xidmət etməli, dağıdıcı münaqişələrin həlli və qarşısının alınması, təqiblərə son qoyulması və günahsız insanları evlərini tərk etməyə sövq edən səbəblərin aradan qaldırılması istiqamətində hərəkətlərə yol açmalıdır".

Xatırladaq ki, hələ ötən ilin sonunda məcburi köçkünlərin sayı dünyada 90 milyon nəfərə çatmışdı. Bu da Efiopiya, Burkina Faso, Myanma, Nigeriya, Əfqanıstan və Konqo Demokratik Respublikasında vəziyyətin kəskinləşməsi ilə bağlı idi. İlin əvvəlindən Ukraynadakı münaqişə 14 milyon insanı evlərini tərk etmək məcburiyyətində qoyub: səkkiz milyon ukraynalı öz ölkələrinə sığınıb, daha altı milyona yaxın insan isə vətənini tərk edib.

100 milyon nəfər dünya əhalisinin bir faizindən çoxunu təşkil edir. Məcburi köçkünlər eyni ölkədə yaşasaydılar, bu, əhalisinın sayına görə dünyada 14-cü dövlət olardı.

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandinin fikrincə, beynəlxalq ictimaiyyət Ukraynadakı müharibədən qaçan insanlara son dərəcə isti yanaşır. Bu isə o deməkdir ki, biz başqasının dərdinə şərik olmağı unutmamışıq. Dünyadakı bütün böhranlara cavab olaraq eyni səfərbərliyə ehtiyac var. Amma son nəticədə humanitar yardım müalicə deyil, müvəqqəti yardımdır. Ona görə bəşəriyyətə sülh və sabitlik lazımdır.

 

2022-ci il üçün bir milyard dollardan çox vəsait vəd olunub

 

Bir müddət əvvəl BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı Filippo Qrandi onu da bildirmişdi ki, koronavirus pandemiyası, iqlim dəyişikliyi və münaqişələr zorakılıqdan və ya dözülməz həyat şəraitindən xilas olmaq üçün evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insanın vəziyyətini daha da çətinləşdirir.

Onun sözlərinə görə, BMT Qİİ-nin bütün dünyada gördüyü nəhəng işi qəbul edən BMT-yə üzv ölkələrin hökumətləri cari ildə idarəyə 1,054 milyard dollar ayırmağı vəd ediblər. 2023-cü il əməliyyatları üçün daha 808 milyon dollar vəd olunub. Bu vəsait qaçqınlara, məcburi köçkünlərə və vətəndaşlığı olmayan insanlara kömək etmək üçün lazımdır.

Eyni zamanda Qrandinin dediyinə görə, çətin vəziyyəti nəzərə alsaq, hətta hökumətlər tərəfindən vəd olunan bu məbləğ də kifayət etməyə bilər. Belə ki, milyonlarla insan öhdəsindən gələ bilmədiyimiz üç fəlakət - münaqişə, iqlim dəyişikliyi və COVID-19 səbəbindən evlərini tərk etmək məcburiyyətindədir. Vəziyyəti dəyişmək  üçün daha qətiyyətli hərəkətlər etmək zəruridir.

BMT Qİİ-nin 2022-ci il üçün ümumi büdcəsi 8,994 milyard dollar olan qlobal sorğusuna görə, 136 ölkəyə əməliyyatlar üçün pul ayrılmalıdır. Bu məbləğin demək olar ki, yarısı Yaxın Şərq və Afrikada, eləcə də Əfqanıstan, Efiopiya, Myanma və ya Venesuelada evlərini tərk etmiş milyonlarla insana xərclənəcək.

Qİİ ən həssas ailələri qida və nağd pulla təmin edir, gender əsaslı zorakılığın qurbanlarının qarşısını alır və onlara kömək edir, habelə səhiyyə xidmətlərinə çıxışı təmin edir. Bu, idarənin əməkdaşlarının gördüyü xoşməramlı işlərin heç də tam siyahısı deyil. Üstəlik, ehtiyaclar durmadan artır. Məsələn, ötən il dünyada 84 milyon insan evlərini tərk etməyə məcbur olub, lakin bir il əvvəlki xərclər bu göstəricinin proqnozlaşdırıla bilən artımı nəzərə alınmaqla planlaşdırılıb.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video