Qlobal miqyasda 2,6 milyard insan adekvat və sağlam qidadan məhrumdur
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ötən ilin sonuna qədər dünyada təxminən 673 milyon insan aclıqla üzləşib.
Hər il oktyabrın 16-da qeyd edilən Ümumdünya Ərzaq Günü sağlam qidadan məhrum olan, təhlükəsiz ərzaq mallarına çıxışı məhdudlaşmış milyonlarla insanın aclıq probleminə diqqəti yönəldir.
FAO 80 illik yubileyini Romada xüsusi Ərzaq və Kənd Təsərrüfatı Muzeyinin açılışı ilə qeyd edir. Muzey oktyabrın 16-da ilk ziyarətçilərini qarşılayacaq və qlobal qida və kənd təsərrüfatı sistemlərində ənənələri və yenilikləri nümayiş etdirən interaktiv eksponatlar təqdim edəcək.
Builki Ümumdünya Ərzaq Gününün mövzusu “Daha yaxşı qidalanma, daha yaxşı gələcək üçün birlikdə” adlanır.
Proqnozlara əsasən, 2024-cü ildə dünya üzrə təxminən 2,6 milyard insanın adekvat və sağlam qidaya çıxışı olmayıb. Bu, artan piylənmə və geniş yayılmış qida tullantıları ilə birlikdə bolluq və qıtlıq arasındakı balanssızlığı vurğulayır.
Məsələn, FAO Haitidə təxminən 100 min insana toxum, alətlər və xırda mal-qara paylamaqla, həmçinin quraqlıq və qasırğaya meyilli ərazilərdə su anbarları, suvarma sistemləri və qoruyucu infrastruktur tikməklə dəstək göstərib.
Sudanda təşkilat 2,8 milyon insana təcili kənd təsərrüfatı yardımı edib, o cümlədən bamya toxumlarının tədarükü və 2,8 milyondan çox heyvanın peyvənd edilməsini həyata keçirib.
Ukraynada FAO kənd ailələrinə ərzaq istehsalının bərpa olunması və 32 339 hektar ərazini minalardan təmizləməyə kömək edib.
Yəməndə 140 mindən çox ailə toxum, alətlər, malqara yemi və quşçuluq dəstləri, həmçinin baytarlıq, suvarma və balıqçılıq vasitələri ilə təmin olunub.
FAO vurğulayır ki, kənd təsərrüfatı sistemləri istixana qazı emissiyalarının əhəmiyyətli mənbəyi olsa da, qida istehsalı, yığılması və paylanması üsullarında dəyişikliklər onların azaldılmasına kömək edə bilər.
Hamı üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkələr, sektorlar və nəsillər arasında daha sıx əməkdaşlıq, daha çox investisiya, yeni ideyalar və praktiki, uzunmüddətli həllər tələb edir.
Görünməmiş çağırışlar - münaqişələr, ekstremal hava şəraiti, iqtisadi şoklar və artan bərabərsizlik fonunda kənd təsərrüfatı torpaqları, su ehtiyatları və həyatı təmin edən biomüxtəliflik təhlükə altında qalır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”