28 Noyabr 2021 00:05
1268
DÜNYA
A- A+

Dünya yenidən qapanmaya gedə bilər

Ümumdünya Səhiyyə Təşkilatı CAR-da tüğyan edən koronavirusun yeni variantı - “Omikron”un sürətlə yayılmasından ciddi narahatdır

 

Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni variantı ilə bağlı dünyada narahatlıq artır. Bir sıra ölkələr artıq bu regionla hava əlaqəsini kəsib. Bəs, yeni mutasiya haqqında nə bilinir və o nə dərəcədə təhlükəlidir?

Hazırda CAR-da sürətlə yayılan koronavirusun yeni SARS-CoV-2 B. 1.1.529 variantı bütün dünyada, o cümlədən Avropa İttifaqında böyük narahatlıq doğurur. Artıq Avropanın 6 ölkəsi bu regiona uçuşları dayandırıb. Noyabrın 26-da Avropa Komissiyası Aİ-nin bütün üzv ölkələrinə eyni addımı atmağı təklif edib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen videomüraciətində bildirib ki, yeni ştam növbəti bir neçə ay ərzində bütün dünyaya yayıla bilər.

Böyük Britaniya, Sinqapur və İsrail də bəzi Afrika ölkələrinə səfərlərə məhdudiyyətlər qoyub. Bu arada, noyabrın 26-da günün ikinci yarısında Avropada koronavirusun “Cənubi Afrika” variantı ilə ilk təsdiqlənmiş yoluxma halı barədə məlumat verilib. İnfeksiya noyabrın 11-də Misirdən Belçikaya qayıtmış ölkə sakinində tapılıb.

 

CAR-da koronavirusa yoluxma sayı niyə artır?

2021-ci ilin yayında Avropa İttifaqının ekspertlərini daha çox koronavirusun  “Delta” adlanan xüsusilə yoluxucu variantı, eləcə də onun AY.4.2 növü - “Delta plus” narahat edirdi. İndi planetin simal yarımkürəsində qış gəlir,  cənub yarımkürəsində isə yay başlayır.

Əslində istiləşmə fonunda infeksiyaların sayı azalmalıdır, lakin Cənubi Afrikada əks mənzərə müşahidə edilir: orada koronavirus xəstələrinin sayı sürətlə artır. Hazırda COVID-19-un yeni variantı ilə bağlı 100-ə yaxın xəstə qeydə alınıb. Bu, CAR-ın vacib iqtisadi mərkəzi olan Qautenq əyalətində xüsusilə nəzərə çarpır.

Bu, CAR-ın şimalında yerləşən Botsvanada iki həftə öncə ilk dəfə aşkar edilmiş koronavirusun yeni variantı ilə bağlı ola bilər. Lakin bunu tam təsdiqləmək hələ mümkün deyil.

Hazırda koronavirusun yeni variantı ilə yoluxmuş ən çox xəstə - 77 nəfər CAR-dadır. Daha 4 hal Botsvanada və bir hal Honkonqda Cənubi Afrikadan qayıdan səyyahda qeydə alınıb.

Bundan əlavə, İsraildə Malavidən qayıtmış olkə vətəndaşında  B.1.1.529 ilə  yoluxma halı təsdiq edilmişdir. Daha iki israilli testin nəticələrini gözləyir. Hər üçünün peyvənd aldığı bildirilir.

 

Mutasiyaların qeyri-adi sayı var

Virusoloqlar, ilk növbədə, koronavirusun bu variantında çoxlu mutasiyalardan narahatdırlar. Onların sayı 32-dir. “Delta” variantının isə  cəmi 8 mutasiyası mövcud idi.

Məhz bu səbəbdən immun sisteminə koronavirusun bu variantına qarşı mübarizə aparmaq çox çətindir: o, sözün əsl mənasında, immun hüceyrələrindən yayınır və İmmune Escape adlanan proses  baş verir. Buna baxmayaraq, virusun yüksək yoluxuculuğu xəstəliyin daha ağır formada keçəcəyinə dəlalət etmir.

Kembric Universitetində kliniki mikrobiologiya üzrə professor Ravi Qapta deyir ki, “aşkar edilmiş mutasiyalar böyük narahatlıq doğurur”. Hələ fevral ayında Qapta ilk laboratoriya analizləri ilə müəyyənləşdirmişdir ki, B.1.1.529 variantının mutasiyalarının ikisi virusun yoluxuculuğunu artırır və immunitet hüceyrələrinin onu tanımaq qabiliyyətinə mənfi təsir göstərir.

“UCL Genetics İnstitute” tədqiqat mərkəzinin rəhbəri professor Fransua Ballu da analoji narahatlıqları bildirir. “Mən hər halda “Alfa” və “Delta” variantlarına nisbətən koronavirusun bu variantının neytrallaşdırıcı anticisimlər tərəfindən daha zəif tanınacağını  gözləyirəm”, - deyə ekspert vurğulayıb.

Bununla yanaşı, koronavirusun yeni variantının nə dərəcədə yoluxucu olması barədə sanballı epidemioloji məlumatlar hələ yoxdur. Ballunun dediyinə görə, bu mutasiyanı diqqətlə izləmək lazımdır, lakin yaxın gələcəkdə  yoluxma hallarının sürətlə artacağından  həddindən artıq narahat olmaq üçün heç bir əsas yoxdur.

Professorun fikrincə, yeni variantda çoxlu sayda mutasiyalar  güman ki, xroniki infeksion xəstəlikdən əziyyət çəkən və zəifləmiş immun sisteminə malik xəstələrin orqanizmində formalaşıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen videomüraciətində bildirib ki, yeni ştamm növbəti bir neçə ay ərzində bütün dünyaya yayıla bilər.

 

Bu ştamlar yüksək yoluxucudur, onlar daha asan yayılır

Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə iclasında Cənubi Afrika Respublikasından olan koronavirusun yeni variantı ilə bağlı yaranmış vəziyyət müzakirə edilib. Bildirilib ki, alimlərin  “gördüklərimizin ən pisi” kimi qiymətləndirdiyi koronavirusun yeni variantının yayılması barədə məlumatlar cümə günü bir çox sərhədin bağlanmasına, uçuşların ləğv edilməsinə və dünya miqyasında

bazarların düşməsinə səbəb olub. ÜST-ün fövqəladə toplantısında rəsmi olaraq yeni variant “narahatlıq doğuran” kimi təsnif edilib və ona “Omikron” adı verilib.

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “Bu ştamlar yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır. Mövcud vaksinlər, demək olar ki, virusun yeni variantına qarşı daha az effektiv olacaq. Bundan belə görünür ki, “Omikron”un yayılması üçün böyük perspektivlər ola bilər”.

Bu səbəblərə görə təşkilat bütün ölkələrə yoluxmaya nəzarəti  gücləndirməyi tövsiyə edib.

 

Rizvan CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video