08 Dekabr 2021 00:44
1026
İQTİSADİYYAT
A- A+

Dövlətin sosial-iqtisadi siyasətinin güzgüsü

 

2022-ci ilin büdcəsi Azərbaycanın daha böyük hədəflərə kökləndiyini göstərir

 

İqtisadi inkişafın davamlılığının və əhalinin  sosial müdafiəsinin təmin edilməsi həmişə olduğu kimi, yenə də  Azərbaycan dövlətinin başlıca prioritetləri sırasındadır. Bunu növbəti ilin Milli Məclisin komitələrində və plenar iclaslarında ətraflı və geniş müzakirə olunduqdan sonra qəbul edilən dövlət büdcəsi bir daha təsdiqləyir.

Bunlarla yanaşı, makroiqtisadi sabitliyin qorunması və milli valyuta məzənnəsinin dayanıqlılığının artırılması, koronavirus pandemiyası ilə mübarizə, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işləri və bir çox digər məsələlər də diqqət mərkəzindədir.

Belə ki, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar və atılan qətiyyətli addımlar nəticəsində cari ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində artım müşahidə olunub və bu, gələn  il iqtisadiyyatımızın həmin artım mərhələsini davam etdirəcəyini proqnozlaşdırmağa imkan verir. Dövlət büdcəsində makroiqtisadi sabitliyin, zəruri təhlükəsizliyin və sosial şəraitin inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitləri böyük  razılıq doğurur.

2022-ci ilin  dövlət və icmal büdcəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlanıb. O, qarşıda duran çağırışlara və ölkənin təhlükəsizliyinə cavab verən, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sənəd kimi qiymətləndirilir. Eləcə də işğaldan azad olunmuş ərazilərin sürətlə iqtisadiyyatımıza inteqrasiya olunması üçün büdcədə nəzərdə tutulan maliyyə vəsaiti  olduqca müsbət rəy doğurur. Başqa sözlə, ölkəmiz  yeni ilə yeni reallıqlarla daxil olur. Bu baxımdan  2022-ci ilin büdcəsində məhz işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinə xüsusi əhəmiyyət verilməsi tamamilə obyektiv, önəmli və təqdirəlayiqdir və dövrün, zamanın çağırışlarına adekvatdır.

2022-ci ilin büdcə gəlirləri 26,8 milyard, xərcləri 29,9 milyard manata çatdırılıb. Bu da növbəti ildə ölkəmizin qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə, o cümlədən sosial təhlükəsizlik istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Nəzərdə tutulan büdcə gələn il sosial müdafiəyə ehtiyacı olan bütün vətəndaşlarımızın sosial rifahının qorunub saxlanılmasına və yaxşılaşmasına imkan verəcək. Eləcə də 2022-ci ildə pensiyaların, müavinət və təqaüdlərin, ünvanlı sosial yardımın həcminin və digər sosial ödənişlərin artırılmasına, bir sözlə, vətəndaşların sosial rifahının daha yaxşı təmin olunmasına şərait yaradacaq.

2022-ci ildə işsiz vətəndaşlarımızın böyük bir qrupunun özünüməşğulluqla təmin edilməsi mümkün olacaq. Belə ki, büdcədə 17 minə yaxın ailənin özünüməşğulluq proqramını maliyyələşdirmək üçün imkanlar var. Onların arasında əsas yeri şəhid ailələri, Qarabağ qaziləri və digər sosial müdafiəyə ehtiyacı olan insanlar tutacaq.

Ehtiyac meyarının həddi də artırılıb (17,6 faiz). Yəni bu meyar 30 manat artırılaraq 200 manata çatdırılıb. Bu artım dolanışıq səviyyəsi aşağı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, ünvanlı sosial yardım alan insanlar üçün həm adambaşına, həm də ailəyə düşən vəsaitin həcminin artırılmasına imkan verəcək. Bu proqrama cəlb olunan vətəndaşların sayını artırmaq da mümkün olacaq. Eləcə də yaxın zamanlarda ehtiyac meyarını yaşayış minimumuna bərabərləşdirməyə imkan yaranacaq.

Baş nazir Əli Əsədov növbəti ildə bunlarla yanaşı, təhsil, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsinin, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasının prioritet vəzifələr kimi müəyyənləşdirildiyini qeyd edib. Baş nazir vurğulayıb ki, ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyin daha da gücləndirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşımızda qoyulan əsas vəzifələrdən biridir. Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, ordumuzun müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər üçün maliyyə təminatının yaradılması hökumət üçün əsas prioritet xərclər sırasındadır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gələn ilin dövlət büdcəsi xərclərinin 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə artırılmasının ölkədə aparılan sosial-iqtisadi inkişaf strategiyasına uyğun olduğunu deyib. Belə ki, sosial xərclərin ilk dəfə olaraq dövlət büdcəsi xərclərinin 46,4 faizini təşkil etməsi, təhsil, səhiyyə, sosial müdafiə, müdafiə və təhlükəsizlik kimi prioritet xərc istiqamətləri üzrə xərclərin artırılması bu sahələrdə aparılan dövlət siyasətinin maliyyə təminatının yaradılmasına xidmət edir. Eyni zamanda Prezident İlham Əliyevin sosial ödənişlərin artırılması üçün imzaladığı sərəncamın maliyyə təminatı məqsədi ilə büdcədə nəzərdə tutulan vəsait 1,6 milyona yaxın vətəndaşın sosial rifahına birbaşa müsbət təsirini göstərəcək.

Nəhayət, ən başlıca məqamlardan biri odur ki, 2022-ci ilin dövlət büdcəsi miqyasına, istər gəlir və xərclər həcminə, istərsə də sosialyönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir. Bunun özü də bir daha göstərir ki, gələn ilin büdcəsi  dövlətimizin ali siyasətinin ən bariz nümunəsidir.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video