17 Mart 2022 01:04
2241
SİYASƏT
A- A+

Diktəni yalnız Müzəffər Komandan edir

 

İlham Əliyevin sülh danışıqları üçün təklif etdiyi 5 maddəlik baza prinsipi Ermənistan üçün son şansdır

 

*  Dövlətlərin bir-birilərinin suverenliyinin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

* Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

* Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

* Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

* Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

 

İkinci Qarabağ savaşının qalib Komandanı İlham Əliyevin Ermənistana sülh danışıqlarına başlanılması üçün göndərdiyi 5 şərtdən ibarət baza prinsipi məğlub ölkəni təşvişə salıb. Çünki Azərbaycan bəyan edib ki, yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə sülh müqaviləsi imzalana bilər. Yəni Azərbaycan Prezidentinin təklifinə əməl olunarsa, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

Amma hadisələrin gedişatı göstərir ki, Ermənistan hələ də köhnə ampluasında qalaraq kimdənsə yardım, dəstək gözləyir. Sülh danışıqlarına başlamaq üçün müxtəlif bəhanələr gətirir. Hətta bu azmış kimi “təkliflər” də irəli sürür. Ötən ay rəsmi İrəvan Azərbaycanla sülh danışıqlarının Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət etdiyini bildirmişdi. 

Əlavə edək ki, Helsinki Yekun Aktında ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı, “öz müqəddəratını təyinetmə” məsələsi də əks olunur. O cümlədən Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanır. Bu da təbii ki, İrəvanın sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyətindən xəbər verir.

Digər tərəfdən Ermənistan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına razılığını bildirir, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir.  “Müqəddəratını təyin etmə” prinsipi üzrə aparmaq istədiyi sülh sazişi danışıqlarını həmsədrlərə həvalə etməklə Qarabağdakı ermənilər üçün “status” hüququna nail olmağa “çalışır”.

Amma cəmi 44 günə Azərbaycan qarşısında diz çökən məğlub ölkə indiyədək başa düşmək istəmir ki, “status” artıq yoxdur. Onun yerini qalib komandan kimi İlham Əliyev bəyan edib.  Əgər bu məsələyə baxılarsa, Qarabağdakı ermənilərin vəziyyəti Ermənistanın yox, Azərbaycanın daxili məsələsidir.

Göründüyü kimi, İkinci Qarabağ müharibəsindən ötən müddət ərzində aparılan danışıqlarda hələ də yekdil qərarın qəbul edilməməsinin səbəbi məğlub ölkənin yenə də öz məqsədi naminə addımlar atmasıdır. Ermənistanın nəinki sülh danışıqlarına getməməsi, heç 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına da tam olaraq əməl etməkdən boyun qaçırması prosesin bu günə qədər ləngiməsinin əsas səbəbidir.

Prezident İlham Əliyev dəfələrlə Ermənistana mesaj göndərərək Zəngəzur dəhlizinin bərpasında rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliyin icrasını tezləşdirməsini tələb etsə də, bu məsələdə də qarşı tərəf bəhanələr uydurdu. Ancaq sonu yenə də Ermənistan üçün pis oldu. Azərbaycan Zəngəzur dəhlizinə alternativ yolun açılması məqsədilə İranla Anlaşma Memorandumu bağlayaraq İrəvana kommunikasiyanın açılması ilə bu ölkənin əldə edə biləcəyi dividendləri itirmək riski yaratdı. Yəni Azərbaycan Prezidenti məğlub ölkəyə göstərdi ki, artıq Zəngəzur dəhlizi Azərbaycan üçün o qədər də əhəmiyyətli sayıla bilməz. Bu dəhliz bizim üçün gediş-gəliş imkanlarımızı yaxşılaşdırmaq imkanı yaradar. Yəni Ermənistan bu dəhlizdən əldə edə biləcəyi iqtisadi dividendləri də itirir. 

Atdığı bütün addımlarla, verdiyi qərarlarla ölkəsini səfalətə sürükləyən Nikol Paşinyan hələ də dinc yanaşı yaşamaq variantını seçmək əvəzinə fəaliyyətsizliyi ilə Azərbaycanın gözündən düşmüş, münaqişəni 30 il ərzində həll edə bilməyən ATƏT-in Minsk qrupuna müraciət edir və bununla da sülh müqaviləsini növbəti dəfə uzatmağa çalışır.

Amma Azərbaycanın irəli sürdüyü beş bəndlik şərtlərində vasitəçilik məsələsi barədə bir kəlmə də yoxdur. Daha dəqiq desək, şərtlər və təkliflər birbaşa Ermənistan rəhbərliyinə çatdırılıb, eyham vurulub ki, müzakirələr yalnız ikitərəfli formatda baş tutmalıdır. Əgər Ermənistan bu dəfə də Azərbycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 şərtə qarşı spekulyasiyalı davranış nümayiş etdirəcəksə, onda Ermənistan nəqliyyat blokadasında qapalı vəziyyətdə saxlanılacaq, Azərbaycan birtərəfli qaydada ölkənin yeni sərhədlərinin mövqelərini müəyyən edəcək.

Bir sözlə, bu gün regionda bütün proseslərin, danışıqların diktəsi Azərbaycana, onun liderinə məxsusdur. İlham Əliyevin 5 baza prinsipinin yerinə yetirilməsində Ermənistan tələsməlidir, çünki artıq zaman vaxt itkisidir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video