21 Avqust 2022 00:09
1097
CƏMİYYƏT
A- A+

Dəryaların sirri

 

Yer kürəsinin 75 faizini əhatə edən su gölləri, dənizləri, okeanları əmələ gətirir. Su təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Rəngsiz, dadsız və iysiz mayenin kütləcə 11,19 faizini hidrogen, 88,81 faizini isə oksigen təşkil edir.

Suyun əmələ gətirdiyi dənizlər isə okeanların bir hissəsi olaraq onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnirlər. Dənizlər yerləşdikləri ərazilərə görə, üç yerə bölünürlər ki, bunlar da daxili, kənar və adalararası dənizlərdir. Dəniz duzunun əsasını xlorid təşkil edir. Duzluluq temperaturdan, illik yağıntıdan, okean cərəyanlarından, ərazinin relyefindən, flora və faunadan, buxarlanmadan və günəşin düşmə bucağından asılı olaraq dəyişir. Ekvatorial enliklərdə yağıntı çox olsa da, temperatur yüksək olduğundan buxarlanma yüksək olur. 
Dənizlər həmçinin ölçülərinə görə də fərqlənir. Dünyanın ən böyük dənizləri sırasında Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi yer alır. 
Dünyanın ən böyük dənizi olan Filippin Böyük Zond Arxipelaqının şimal-şərqində, Sakit okeanda yerləşir. Dənizin sahəsi 5 milyon 726 min kvadratkilometrdir. Onun ən dərin yeri 11022 metr, orta dərinliyi isə 4108 metrdir. 
Aralıq dənizi qərbdən Cəbəlüttariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir. Təxminən 4 milyon kvadratkilometr  ərazini əhatə edən dəniz özü də daxilində bir sıra dənizlərə bölünür. Bunlar Balear dənizi, Liquriya dənizi, Alboran, İon, Kipr, Egey, Livia, Adriatik dənizləridir. 
Böyük dənizlərdən biri olan Berinq Sakit okeanın şimalında yerləşir. Berinq boğazı bu dənizi Çukot dənizi və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi sahilində yerləşən ölkələr isə Rusiya və ABŞ-dır. Dənizin sahəsi 2 milyon 315 min kvadratkilometr, uzunluğu isə 2400 kilometrdir. 
Atlantik okeanına daxil olan Karib dənizi Qərb yarımkürəsində yerləşən tropik dənizdir. Sahəsi 2 milyon 754 min kvadratmetrdir. Cənubi Amerikanın sahilində yerləşən dənizin ən dərin yeri 7686 metrdir. 

 

Sualtı muzeyi olan dəniz

Məlumatlara görə, qədim insanlar dünyanın bəzi cəhətlərini müəyyən etmək üçün  rənglərdən istifadə ediblər. Məsələn, cənub  qırmızı, şimal qara rənglə işarələnirmiş. Buna görə cənubda yerləşən dənizi Qırmızı, şimala doğru uzanan dənizi isə Qara dəniz adlandırıblar. 
Alimlər bildirirlər ki, Qırmızı dənizi sularını qırmızı-qəhvəyi rəngə boyayan yosunlara görə belə adlandırıblar. Tarixçilər və tədqiqatçılar isə hesab edirlər ki, Qırmızı dənizə bu adı qədim zamanlarda dənizçilər veriblər. Bu, dənizin sahilində yerləşən  qırmızı qayalarla bağlıdır. Qırmızı qayaların rənginin dənizin sularında əks olunması insanları elə valeh edib ki, səyyahlar onu Qırmızı dəniz adlandırıblar. Digər məlumatlara görə, yalnız avropalılar onu Qırmızı dəniz adlandırırlar. İvrit dilində isə Qırmızı dəniz "Yam Suf" adlanır, bu da  "qamışlıq"  deməkdir. Tədqiqatlara görə, Qırmızı dənizin bəzi çökək yerlərində su öz rəngini və temperaturunu dəyişir və müsbət 61 dərəcəyədək yüksəlir. Suyun temperaturunun qalxması ilə əlaqədar burada duzluluq artaraq bir litr üçün 256 qram təşkil edir. 
Qırmızı dənizin maraqlı cəhətlərindən biri də orada sualtı muzeyin olmasıdır. Burada "batmış gəmilər muzeyini" görmək mümkündür, amma bu muzeyə yalnız dalğıclar və dayverlər baş çəkə bilirlər. İkinci Dünya müharibəsi illərində almanlar tərəfindən partladılaraq batırılmış ingilis yük gəmisi "Tistleqorm" ("mavi qanqal") ən maraqlı  eksponatlardan biri sayılır.
Qara dənizə gəlincə, ilk olaraq qədim yunanlar tərəfindən öyrənilən bu dənizdə səyahət edənlər güclü fırtınalarla rastlaşmış və dənizi "qonaqsevməz" mənasını verən "Aksinos Pontos" adlandırmışlar. Daha sonra cənuba doğru irəlilədikcə mülayim iqlimin üstünlük təşkil etdiyini görən yunanlar dənizi "qonaqsevməz" sözünün əksini bildirən "Evksinos Pontos" adlandırıblar. Lakin bugünümüzə qədər ona Qara dəniz deyilir. Bununla bağlı müxtəlif fikirlər mövcuddur. Mülahizələrə görə, dənizin adını türklər qoyduğu üçün ona Qara, yəni böyük dəniz deyiblər. Digər mülahizəyə görə isə, Qara dənizin suyunun tərkibində hidrogen-sulfid maddəsinin həddindən artıq çox olması dənizə düşmüş bütün metalların rəngini qaraltdığı üçün o, belə adlandırılıb. 
Qara dənizdə suyun yuxarı və aşağı təbəqəsi bir-birinə qarışmır. Dənizin 150 metr dərinliyində isə hidrogen-sulfidin çoxluğu həyatı iflic edir, yəni burada canlıların yaşaması mümkünsüzdür. Qara dənizin sahəsi 422 min kvadratkilometrdir. Dənizin sahilində yerləşən Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə və Gürcüstan Qara dəniz ölkələri adlandırılır. Mütəxəssislər Qara dənizin suyunun müxtəlif xəstəliklərin müalicəsi üçün yararlı olduğunu deyirlər.

 

Hidrosferin əsasını  təşkil edən "dörd"lük

Hidrosferin 96.5 faizini təşkil edən dünya okeanı 4 yerə bölünür. Bunlar Sakit, Şimal Buzlu, Hind və Atlantik okeanlarıdır. Sahəsi 161.8 milyon kvadratkilometr olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Okean şərqdən qərbə 19 min kilometr, şimaldan cənuba doğru isə 16 min kilometr məsafədə uzanır.
Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunan Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş tutur. 
Sakit okeanın tədqiqi qədim dövrlərdən başlamışdır. Bu tədqiqatda  Fernando Magellanın ilk dünya səyahətinin (1519-1522-ci illər) böyük rolu olub. Okeanda üzdükləri zaman heç bir fırtınaya rast gəlmədiklərinə görə, ona Sakit okean adı verilib. Lakin okean göründüyü qədər sakit deyil. Sakit okeanın öyrənilməsi istiqamətində günümüzə qədər araşdırmalar aparılır, müxtəlif səyyahlar, alimlər onun haqqında yeni məlumatlar öyrənir, flora və faunasını araşdırırlar. Sakit okean ən dərin okean hesab olunur və onun orta dərinliyi 4.028 metr, maksimum dərinliyi isə Marian çökəkliyində 11.022 metrdir. Sakit okean sahillərində quruda çoxlu vulkan var ki, bunlar  fəaliyyətdə olan vulkanlardır. Okean dib relyefinin  mürəkkəbliyi ilə də seçilir. İri qalxmalar, ayrı-ayrı dağlar və dağ silsilələri okean yatağını çökəkliklərə bölür. Sakit okeanda vaxtaşırı dağəmələgəlmə prosesləri vaxtaşırı vulkan püskürmələri və zəlzələlərlə müşayiət olunur. Zəlzələ zamanı okeanda güclü sunami dalğaları yaranır. Otuzdan çox ölkənin ərazisi Sakit okeanla əhatələnir. Məlumatlara əsasən, dünya əhalisinin təxminən yarısı bu okeanın hövzəsində məskunlaşıb. Dünyada tutulan balığın üçdəbir hissəsini Sakit okean verir. Okeanda güclü dalğalar mütəmadi olaraq müşahidə edilir. Bu dalğaların gücündən enerji mənbəyi kimi istifadə olunması sahəsində ABŞ-da, Yaponiyada tədqiqatlar aparılır. 
Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən ən kiçik okean isə Şimal Buzlu okeanıdır. Rusiya, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsi ilə digər okeanlardan ayrılır.  Sahəsi 13 milyon kvadratkilometrdir. Şimal Buzlu okeanında bir çox adalar var, amma ən əsası dünyanın ən böyük adası olan Qrenlandiyanın bu okeanda yerləşməsidir. 
Sahəsinə görə ikinci böyük okean - Atlantik okeanı ona bitişik dənizlərlə birgə 93 milyon kvadratkilometrdir.  Ən dərin yeri Puerto-Riko çökəkliyi - 8742 metrdir. "S" hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə okeanın adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adına ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun "Tarix" əsərində rast gəlinib. Atlantik okeanının və onun tərkibinə daxil olan dənizlərin sahillərində 94 ölkə yerləşir. 
Atlantik okeanının ta qədim zamanlardan öyrənilməsinə başlanılıb. Bu istiqamətdə ilk elmi məlumatları Xristofor Kolumb, Fernando Magellan, Ceyms Kuk və başqa səyyah və tədqiqatçılar verib. Hazırda okeanın öyrənilməsi istiqamətində müxtəlif alimlər tərəfindən araşdırmalar aparılır. Atlantik okeanının heyvanlar aləmi digər okeanlara nisbətən azlıq təşkil edir. Bu da okeanın nisbətən cavan olması və buzlaşma zamanı onun iqliminin kəskin dərəcədə soyuqlaşması ilə izah olunur. Növlərin azlığına baxmayaraq okean balıq və digər su heyvanları ilə zəngindir. 
Yerin təxminən 20 faizini əhatə edən, sahəsinə görə üçüncü yerdə olan Hind okeanı qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hind-Çin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Okeanda suyun orta temperaturu 17 dərəcədir ki, bunun səbəbi dalğaların şimaldan gələn küləklərin qarşısını kəsməsidir.

 

Şəffaflığı ilə seçilən dənizlər

Dünyanın ən şəffaf, təmiz sulu dənizi Antraktidada yerləşən Ueddell dənizi sayılır. Dənizin şəffaflığı 79 metr dərinliyə kimi uzanır. Şəffaf suyun sahəsi 2920 min kvadratmetrdir. Dənizin maksimum dərinliyi 6 min metrdir. Qeyd edək ki, Ueddell  həm də dünyanın ən soyuq dənizidir. Dənizin səthi demək olar ki, bütün il boyu iki metr qalınlığında Antarktika buzlaqları ilə örtülü olur. Burada qış fəslində suyun temperaturu  mənfi 2 dərəcəyə çatır. 
Təmizliyi ilə seçilən digər dəniz isə Ölü dənizdir. Adı ilə o qədər uyğunluğu olmasa da, dəniz həm təmiz, həm də ən duzlu dənizdir. İordaniya ilə İsrail arasında yerləşən dənizin ümumi sahəsi 810 kvadratmetrdir. Dənizin faunası mövcud deyil, hətta suyunda bakteriyalara belə rast gəlinmir. Yüksək sıxlıq səbəbiylə Ölü dəniz sularında boğulmaq mümkün deyil. 
Şəffaf dənizlərdən biri də Sarqas dənizidir. Atlantik okeanında yerləşən dənizin digər unikallığı həm də sahilinin olmamasıdır. Sarqas dənizi okean ilə sualtı tirələr vasitəsilə ayrılmasına görə fərqlənir. Ərazisinin böyük hissəsini qonur rəngli yosunlar örtüb. Dənizin suyu əsasən isti olur, hətta qış mövsümündə suyun temperaturu 26 dərəcədən aşağı düşmür. Sarqas dənizinin maksimum dərinliyi 7 min metr təşkil edir. Dəniz 1492-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilib, dənizə "Böyük üzümlər yığımı" mənasını verən "Sarqas" adı verilib. 

 

Təhlükəli çimərliklər

Yay aylarında asudə vaxt keçirməyimiz üçün çimərliklər ən ideal seçim olsa da, bütün çimərliklərin rahatlığı eyni deyildir. Hətta bəzi ölkələrdə də çimərliklər təhlükəli olması ilə yadda qalır. Bununla belə həmin plyajlara gedənlər də az deyil. 
Məsələn, İngiltərədə yerləşən "Burton Bradstock" çimərliyi sahilə paralel olan qayalıqlarla müşayiət olunur. Onlarca nəhəng qaya parçası sahilə düşür. İndiyə qədər bir çox insan bu çimərlikdə dünyasını dəyişib.
Digər təhlükəli çimərliklərdən hesab olunan Cənubi Afrikada yerləşən Qansbaydır. Dənizdə yaşayan yüzlərlə köpək balığı insanların dənizdə üzməsinə maneə yaradır. Köpək balıqlarının çoxalmasının əsas səbəbi isə burada 60 mindən çox suitinin olmasıdır. 
Mərcan adası gözəlliyi ilə insanları valeh etsə də, dünyada ən təhlükəli çimərliklər qrupuna aiddir. Belə ki, UNESCO tərəfindən qorunan bu çimərliyin sahili ABŞ-ın 1946-1948-ci illərdə nüvə silahı sınaqlarını keçirdiyi ərazi olub. Bu səbəbdən ərazi radiasiya şüaları ilə çirklənib. Eyni zamanda dəniz sahillərində köpək balıqları çoxdur. 
Braziliyada yerləşən Amazon sahillərində istirahət də insanların həyatı bahasına başa gəlir. Dəniz canlısı olan  elektrikli ilanlar insanları çalaraq, onların ölümünə səbəb olur.  
Digər təhlükəli çimərliklərdən biri  "Kilauea" isə vulkan dağının kənarında yerləşir. Vulkan hər püskürdükdə lava dəniz sularına axır, bu isə insanların həyatı üçün təhlükə yaradır. 
Avstraliyada yeləşən Freyzer (Fraser) adası sahilləri də təhlükəlidir, çünki dənizdə yüzlərlə köpək balığı və zəhərli meduzalar insanların həyatı üçün təhlükə yaradır.
Hindistanda Mumbayda yerləşən Covpatti çimərliyi də təhlükəli yerlərdən biridir. Digər çimərliklərdən fərqli olaraq, buranın təhlükəli olmasının səbəbi çirkliliyidir.
Meksikada yerləşən "Playa Zipolite" çimərliyi isə ən çox boğulma hadisəsinin baş verdiyi yer olaraq təhlükəli hesab edilir. "Zipolit" sözü Nahuatl dilində "ölüm çimərliyi" mənasını verir. 

 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video