05 Fevral 2023 01:37
788
Mədəniyyət
A- A+

Dərs dediyi tələbələr ona oxşamaq istəyirdilər

 

O, 1926-cı ildə Şuşada məşhur Cavanşirlər nəslinin nümayəndəsi olaraq  dünyaya gəlib. Cavanşirlər soyadı nəinki Qarabağda, bütöv Azərbaycanda tanınan, sayılıb-seçilən qədim isimlərdəndir. Əsilzadədirlər! Bu soydan gəlmələr Azərbaycan xalqına onlarca sərkərdə, şair, yazıçı, musiqişünas, aktyor bəxş edib. Belə məşhurlardan biri də teatr qurucusu, rejissor, pedaqoq, müəllim və istedadlı aktyor Nəsir Sadıqzadədir.
Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra - 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alsa da, arzusu aktyor olmaq idi. Elə bu arzu da onu 1964-1965-ci illərdə Moskvada A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq kursuna aparıb.
O həm istedadlı aktyor, həm də bacarıqlı teatr təşkilatçısı idi. Bu bacarığı ona  Gəncə, Füzuli, İrəvan, Sumqayıt, Xankəndi, Naxçıvan teatrlarında quruluşçu rejissor və baş rejissor işləməyi nəsib edib.
Görkəmli səhnə ustası müxtəlif illərdə C.Cabbarlının "Aydın", M.İbrahimovun "Kəndçi qızı", Ə.Nesinin "Bura gəlin", B.Vahabzadənin "Yağışdan sonra", İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər", M.F.Axundzadənin "Hacı Qara", O.İoselianinin "Araba hələ aşmayıb" və digər əsərlərə quruluş verib. 
İstedadlı aktyor "Mən ki, gözəl deyildim",  "Şeytan göz qabağında", "Qətl günü",  "Zirzəmi", "Qara Volqa", "Qəzəlxan" filmlərində rol alsa da, yaddaşlarda rejissor Ramiz Əzizbəylinin çəkdiyi "Bəxt üzüyü" filminin  veteranı Tanrıbəy obrazı ilə xatırlanır. 
Aktyorun sənət yoldaşı, uzun illər  Mədəniyyət və İncəsənət Universitetində onunla birlikdə çalışan əməkdar artist Azad Şükürov Nəsir Sadıqzadə haqqında xatirələrini bizimlə bölüşür: "Nəsir müəllim aktyor idi. Həyatda yox, səhnədə oynamağı sevirdi. O, çox ciddi, işinə olduqca məsuliyyətli, dəqiq adam idi. Cəsarətliydi, sözünü deməyi bacarırdı. Tələbənin, kasıbın dostuydu. Respublikanın mədəniyyət aləmində yaxşı tanınan, sözü keçən idi. Biz onunla respublikanın hər yerində səfərlərdə olmuşuq. Birlikdə Şuşaya da getmişik. 1980-ci illərdə ermənilərin başladıqları separatçılıqdan narahatlıq keçirirdi. Hətta Şuşanı ermənilər işğal edən zaman soyuqqanlılıqla dedi ki, bu, onların müvəqqəti qələbəsidir. Biz Şuşanı mütləq geri qaytaracağıq". 
Nəsir müəllim sözün düzünü deyərdi. Buna görə yuxarılar onu o qədər də sevməzdilər. 70 illik ömrünü sənətə həsr etsə də, nə bir fəxri ad, nə bir mükafat almışdı. Halbuki onun tələbələri çox fəxri adlarla, mükafatlarla fərqləndirilmişdi.
Azad müəllim söhbətini davam etdirib dedi: 
- 1991-ci il oktyabrın 18-də axşam Nəsir müəllim mənə zəng edib soruşdu:
- Azad, sabah universitetə gedəcəksən?
- Bəli, gedəcəyəm, - deyə cavab verdim.  
- Onda səhər saat 10-da "Baksovet" metrosunun qarşısında görüşək, birlikdə gedək, - dedi.
"Baksovet"də görüşüb birlikdə universitetə getməyə başladıq. Düzünü desəm, Nəsir müəllimin mənimlə "Baksovet"də görüşmək həvəsini heç başa düşə bilmədim. Onsuz da universitetdə bir yerdə olacaqdıq. Daha "Baksovet"ə getməyə nə hacət vardı ki?.. Fikirləşdim ki, Nəsir müəllim  məni ora elə-belə, şapdangəldi çağırmaz. Üzündə bir  məmnunluq var idi. Nə baş verdiyini anlaya bilmirdim. Biz "İstiqlal" küçəsi ilə addımlayırdıq. ADR-in Parlament binasına çatanda Nəsir müəllim dayanıb dedi: "Azad, ölmədik, müstəqil ölkənin müstəqil vətəndaşı olmağı da gördük. Bundan sonra ölsəm də, dərdim olmaz". Sonra gözləri doldu. 
Kinorejissor Rövşən İsax da Nəsir Sadıqzadənin dostluq etdiyi tələbələrindən olub. O da müəllimi haqqında düşüncələrini bizimlə bölüşdü:
- Nəsir müəllim olduqca məlumatlı adam idi. Özü ilə həmişə 8-10 kiloqram ağırlığında bir çanta gəzdirərdi. O çantanın içində bilirsiniz nə olurdu? O zaman ittifaq miqyasında nəşr olunan ən maraqlı qəzet və jurnallar. Elə bir əsər, pyes olmazdı ki, ondan söz açaydın, Nəsir müəllim məlumatsız olaydı. Nəsir müəllim həm də çox gözəl tərcüməçi idi. Türk yazıçısı Əziz Nesinlə möhkəm dost idi. Onun Azərbaycanda tamaşaya qoyulan əsərlərinin bəlkə də hamısını Nəsir müəllim tərcümə etmişdi.
Çox təmiz, saf, ürəyiyumşaq adam idi. Hətta o qədər kövrək idi ki, oxuduğu bir əsərdə qəmli, kədərli bir şey tapardısa, bir haqsızlıq görərdisə, onu adama danışanda  gözünün yaşına hakim ola bilməzdi.
Biz oxuyan vaxt ali məktəblərdə hələ təyinat var idi. Nəsir müəllim tələbələrindən kimin harada işləmək istədiyini öyrənib bir siyahı tutar, sonra Mədəniyyət Nazirliyinə gedib hər kəsin arzuladığı yerə təyinatını verdirərdi. 
Özü Ədil İsgəndərovun sinfində oxumuşdu, amma rəhmətlik Mehdi Məmmədov onun kumiri idi. Dərs dediyi tələbələr bilikdə, bacarıqda, səhnədə, insanlıqda Nəsir müəllimə oxşamağa çalışırdılar. Amma Nəsir müəllim olmaq mümkün deyildi.

Elşən QƏNİYEV,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video