21 Iyun 2022 01:37
672
SİYASƏT

"Dəmir yumruq", yoxsa sülh?

 

İlham Əliyev Qarabağa əsassız "status" iddiaları ilə çıxış edən Ermənistana sonuncu sərt xəbərdarlığını etdi

 

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması hər iki tərəf üçün prioritet olsa da, məğlub ölkənin yeni iddiası səbəbindən proses yubanır. Brüssel görüşlərindən sonra məsələnin tezliklə həll olunacağı ehtimal edilsə də, Ermənistanda baş verən proseslər tam fərqli mənzərə yaratdı.

Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə Qarabağın Azərbaycan torpağı olduğunu xalqına bəyan etməklə yanaşı, İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən ibarət təklifini də qəbul etdiyini bildirdi. Sonra sərhədlərin delimitasiyasına başlanılması üzrə işçi qrupu da yaradıldı. May ayında Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası baş tutdu və hər iki tərəfin nümayəndələrinin sərhəddə görüşməsi rəmzi xarakter daşıdı. Bu, əlbəttə ki, prosesdə irəliləyişin olacağına dair mühüm mesaj idi. Lakin Ermənistanın son günlər mövcud olmayan "Dağlıq Qarabağ"a əsassız status iddiası demək olar ki, həllini tapmış prosesə əngəl yaratdı. Rəsmi Bakı haqlı olaraq bəyan edir ki, məğlub ölkə belə sərsəm iddialarla çıxış etməklə yalnız özünə ziyan vurur.  

İyunun 16-da isə İlham Əliyev IX Qlobal Bakı Forumunda dünyanın 50 ölkəsinin tanınmış siyasi xadimləri qarşısında Qalib Sərkərdə kimi bununla bağlı Ermənistana sonuncu sərt xəbərdarlığını ünvanlayaraq bəyan etdi ki, məğlub ölkənin rəhbərliyi İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Çünki bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq.

 

Ermənistanın əsassız iddiaları bölgədə yeni qarşıdurma riskləri yaradır

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-18-də "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Bakı Qlobal Forumunda çıxış edən Prezident İlham Əliyev müharibədən sonrakı proseslərə bir daha aydınlıq gətirərək hər iki ölkənin sülh danışıqlarına verdiyi töhfəni dəyərləndirdi və hər kəsə bəlli oldu ki, sülh sazişinin imzalanması məsələsinə əngəl yaradan tərəf Ermənistandır.

Öncə Prezident Azərbaycanın postmüharibə dövründəki səylərinə və ortaya qoyduğu mövqeyə toxunaraq vurğuladı ki, Cənubi Qafqazda sabit, dayanıqlı inkişaf üçün sülh müqaviləsinin imzalanması mütləqdir. Hazırda bunun üçün nadir fürsət yaranıb. Amma son hadisələr, yeni iddialar göstərir ki, Ermənistan köhnə ənənəsindən əl çəkə bilmir. Azərbaycan bu ölkə ilə münasibətlərin normallaşması prosesinə müsbət töhfə verməyə çalışdığı halda rəsmi İrəvan müxtəlif bəhanələr gətirməklə məsələdən yayınmağa can atır.

İlham Əliyevin söylədiyi kimi, Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və eyni addımın Ermənistan tərəfindən atılmasını gözləyir. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlaya bilər.

Eyni zamanda Azərbaycan kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata əməl edəcəyini də gözləyir. Bu razılaşmaya əsasən, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Yəni Zəngəzur dəhlizinin açılması tək Azərbaycana deyil, Ermənistana da iqtisadi dividendlər vəd edir.

Lakin Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri ilyarımdan çox vaxt keçsə də, əfsuslar olsun indiyədək heç bir çıxış təmin olunmayıb. Bu da əlbəttə ki, qəbuledilməzdir. Eyni zamanda bu, üçtərəfli Bəyanatın müddəalarının Ermənistan tərəfindən pozulmasıdır və regionda sanki bir disbalans yaradır. Çünki eyni bəyanata əsasən, ölkəmiz Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürüb. Beləliklə, ilyarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, yəni Zəngəzur dəhlizindən istifadə edə bilmirlər.

İlham Əliyev bunu haqlı olaraq ədalətsiz adlandıraraq bəyan edir ki, Azərbaycan  bununla razılaşmayacaq. Digər tərəfdən Ermənistanın Azərbaycana belə bir əlaqə yolunun verilməsi məsələsini məqsədyönlü şəkildə gecikdirməsi səmərəsizdir. Çünki Azərbaycan gec-tez istəyinə nail olacaq. Necə ki, Vətən müharibəsindən öncə İlham Əliyevin Ermənistana etdiyi təkliflərin sonradan güc yolu ilə həll olunduğu kimi.

 

Zəngəzur dəhlizi açılmayacaqsa, sülh haqqında danışmaq çətin olacaq

 

Azərbaycan Prezidenti dünya siyasətçiləri qarşısında qətiyyətli şəkildə vurğuladı ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir.

Əgər Azərbaycana bu əlaqə yolu təqdim edilməyəcəksə, onda sülh haqqında danışmaq da çətin olacaq və birgəyaşayış, normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səylər uğursuz olacaq.

İlham Əliyev həmçinin Azərbaycanda yaşayan ermənilərlə bağlı məsələyə də aydınlıq gətirərək Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatına diqqət çəkib. Həmin bəyanatda aydın şəkildə deyilir ki, Qarabağda yaşayan erməni əhalisinin də hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycan da bunu tam şəkildə dəstəkləyir. Çünki ölkəmizin əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Yəni Azərbaycan Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər də. Yəni bundan sonra da Azərbaycan torpaqlarında yaşayan ermənilərin  hüquqları və təhlükəsizlik məsələləri təmin ediləcək.

Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı iddiaların səsləndirilməsi Azərbaycanda ciddi etirazla qarşılanır. Çünki müharibədən sonra İlham Əliyev qətiyyətlə bəyan edib ki, Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib.

Əlbəttə, erməni xalqı da yaxşı anlayır ki, ikinci variant onlar üçün çox ağır nəticə verəcək. Prezident də dedi ki, Ermənistanın başqa yolu yoxdur: "Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq".

İndi söz Ermənistanındır. Bu ölkə son qərarını verməlidir, sülh, yoxsa müharibə?!

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video