01 Iyul 2022 01:44
2413
SİYASƏT
A- A+

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

 

İlham Əliyev Kəlbəcərdən Ermənistan rəhbərliyinə və revanşistlərə sonuncu xəbərdarlığını etdi

 

"Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın".

Müzəffər Komandan kimi Şərqi Zəngəzura növbəti səfəri zamanı İlham Əliyev bir daha Ermənistanla sülh danışıqları ərəfəsində bu ölkənin rəhbərliyinin son günlərdəki davranışı, əsassız "status" iddiaları və Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətsizliyinə toxunaraq bəyan etdi ki, heç kim Azərbaycanın qabağında dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir.

Sözü imzası qədər keçərli olan İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırdı. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə çatdırdı ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Çünki Azərbaycan  Qarabağ məsələsini artıq həll edib. Nə "status" var, nə də "Dağlıq Qarabağ".

 

Komando hərbi hissələrimiz Ermənistana gözdağıdır

 

Ali Baş Komandan bu mesajları 26 İyun - Silahlı Qüvvələr Günü Kəlbəcərdəki Komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə səsləndirdi. Təbii ki, bunu təkcə məğlub Ermənistanın rəhbərliyi deyil, o ölkənin əhalisi də seyr etdi və deyilənlərə şahid oldu.

Düşmənə gözdağı verən növbəti Komando hərbi hissəsinin Kəlbəcərdə yaradılması Ermənistandakı revanşistlərə həm də mesaj idi: istənilən an "dəmir yumruq" işə düşə bilər.

Hadrutdan sonra Kəlbəcərdə bu tipli hərbi hissənin açılması təbii ki, Azərbaycanın Vətən müharibəsindən sonra ordu quruculuğunu daha da gücləndirdiyini təsdiq edir. Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Tezliklə digər rayonlarımızda da Komando hərbi hissələrinin yaradılması planlaşdırılır.

Hazırda bütün sərhəd boyunca yerləşən Azərbaycan Ordusunun arsenalındakı ləvazimatlar modernləşdirilib. Həm öz istehsalımız, həm də xaricdən alınan texnikalar, silah-sursatlar ordumuzun gücünü xeyli artırıb. Müharibədən ötən ilyarım ərzində dövlət Silahlı Qüvvələrimizin daha da müasir silahlarla təchiz edilməsi istiqamətində yeni müqavilələr imzalayır. Artıq həmin müqavilələrin bir hissəsi icra olunur, ölkəmizə yeni silahlar, ən müasir texnikalar gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə mövqelərimiz daha da möhkəmlənəcək.

 

Məğlub ölkə yenə də özünə "quyu qazır"

 

Hərbçilər qarşısında çıxışında Ali Baş Komandan Azərbaycanın müharibə istəmədiyini bir daha bəyan edərək dedi ki, bölgədə təhlükəsizliyin təminatı yalnız sülh müqaviləsindən keçir. Əgər sülh müqaviləsi imzalanarsa, yaranacaq bütün imkanlardan Ermənistan da yararlanacaq və düşdüyü iqtisadi, sosial bataqlıqdan qurtulma şansı yaranacaq.

Zəngəzur dəhlizinin açılması bölgənin nəqliyyat-tranzit imkanlarını genişləndirəcək. Bölgə Asiya ilə Avropa arasında nəqliyyat habına çevriləcək və "3+3" əməkdaşlıq platformasında təmsil olunan ölkələrə əlavə iqtisadi dividendlər qazandıracaq.

Lakin görünən odur ki, Ermənistan hələ də 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəliklərin icrasını yerinə yetirməkdən boyun qaçırmaqdadır. Çünki Azərbaycan böyük xərclər tələb edən öhdəliyini yerinə yetirdiyi halda, bu ölkə cəmi bir neçə kilometrlik yolun çəkilişini reallaşdırmır. 

İlham Əliyev də haqlı olaraq bəyan edir ki, əgər Azərbaycana Naxçıvanla əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgəyaşayış, normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Yəni məğlub ölkə yenə də əməlləri ilə özünə "quyu qazır".

İlham Əliyevin söylədiyi kimi, bu yanaşma Ermənistanı çıxılmaz vəziyyətə gətirib çıxaracaq. Ona görə də məğlub Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir.

Çünki İrəvan hakimiyyətinin destrukriv siyasəti Azərbaycanda dəhlizlə bağlı sərt addımların atılması imkanlarını gündəmə gətirir. Siyasi müzakirələrdə Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizinin ermənilərin istifadəsinə bağlanması təklifi də irəli sürülür. Niyə də yox!

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video