05 Iyul 2022 00:34
426
SİYASƏT
A- A+

"Dəmir yumruq" Minsk qrupunu tarixin arxivinə atdı

 

Azərbaycan döyüş meydanındakı uğurunu siyasi-diplomatik sferada layiqincə davam etdirir

 

İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti hərb meydanındakı uğurunu hazırda siyasi-diplomatik sahədə davam etdirməkdədir.

Bu istiqamətdə ən böyük nailiyyət odur ki, bütün dünya 44 günlük müharibənin nəticələrini tanıyır, regionda yaranmış yeni reallıqları bölüşür. Azərbaycanın yürütdüyü qətiyyətli siyasətin nəticəsi olaraq ermənipərəst mövqeyi ilə tanınan Qərb siyasi dairələrinin də müharibənin nəticələrini qəbul etməkdən başqa yolları qalmadı.

 

Bakıya təzyiq etmək mümkün deyil

 

Xatırladaq ki, müharibənin başa çatmasından sonra  da Azərbaycanın haqlı qələbəsinə qarşı çıxanlar olmuşdu.  Yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bu barədə danışaraq bildirib ki,  ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq onların yeni reallıqlardan tamamilə uzaq olduqlarını görərik. 2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu da bu ölkənin Ermənistanın işğal siyasətinə dəstəyinin və Azərbaycana təzyiqinin bir forması idi. O cümlədən Avropa Parlamenti uydurma faktlar əsasında qətnamə qəbul etdi. Heç bir əsası olmayan, yalan və saxta iddialara söykənən qətnamənin qəbulu ilə AP bir daha təsdiq etdi ki, erməni təəssübkeşi olan siyasi mərkəzlər üçün alət rolunu oynamaqda davam edir.

Təbii ki, torpaqlarını döyüş yolu ilə azad etmiş Azərbaycanla təzyiq və təsir dilində danışmaq faydasız və yersizdir. Təsadüfi deyil ki, tarixi qələbəmizin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibədən sonra da Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanı öz yolundan heç bir qüvvə dayandıra bilməz və dövlətimiz istənilən vasitə ilə milli maraqlarını təmin etməyə qadirdir. "Nəticədə bu gün beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük", - deyə Prezident İlham Əliyev bildirib.

Müharibədən sonra Azərbaycan siyasi-diplomatik istiqamətdə də fəal iş apardı. Diplomatik korpusun, respublikamıza gələn xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olundu. Döyüşlərin başa çatmasından sonra dünya erməni vəhşiliyinə, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə şahidlik etdi. Bütün bunlar Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdı. Döyüşlərin başa çatmasından sonra həm də Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa işlərinə başlanıldı. Beynəlxalq ictimaiyyət Azərbaycanın işğaldan azad etdiyi torpaqlarını yenidən qurmaq əzmini gördü. Möhtəşəm layihələrin həyata keçirilməsinə başlanılması və qısa müddətdə onların başa çatdırılması ilə dünya birliyi bir daha Azərbaycanın  44 günlük müharibədə haqlı tərəf olduğunu gördü.

 

Minsk qrupu ilə bağlı spekulyasiyalar faydasızdır

 

Hazırda müharibədən sonra yaranmış yeni reallıqlar zəminində bütün proseslər Azərbaycanın milli və dövlət maraqlarına uyğun cərəyan edir. Bu prosesdə artıq müharibədən əvvəlki formatlara yer yoxdur. Məlumdur ki,  müharibə günlərində də Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayırdılar. Hansı ki o sülhü onlar heç vaxt təmin edə bilmədilər. Lakin sülhü əldə etmək üçün kifayət qədər aydın və konkret mexanizmlər var idi və bu, beynəlxalq hüquqla da dəqiq təsbit olunmuşdu. Ona görə də özünü doğrultmayan, qarşısında qoyulmuş vəzifəni icra edə bilməyən Minsk qrupu bundan sonrakı proseslərə heç bir müsbət töhfəsini verə bilməz.

Prezident İlham Əliyev  həm IX Qlobal Bakı Forumunda, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında bir daha bu barədə danışaraq Minsk qrupunun fəaliyyətinə artıq ehtiyacın olmadığını bəyan edib. "Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq - bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır", - deyə Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda bildirib.

Minsk qrupu tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan prinsiplər öz həllini tapıb. Ermənistan və onun bəzi təəssübkeşləri onu həyata qaytarmağa çalışsalar da, bu, mümkün deyil. Minsk qrupu ilə bağlı spekulyasiyalar  da  faydasızdır. Ötən ayın 24-də Azərbaycanda səfərdə olan  Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Minsk qrupunun fəaliyyətinin itirildiyini vurğulayıb. Xatırladaq ki, hələ bir neçə ay əvvəl Rusiya xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayevi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndə təyin edib.

Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib. Bu formatın gündəmdən çıxması da Azərbaycanın yaratdığı yeni reallıqların bir tərkib hissəsidir. Bütün bunlar bir daha təsdiq edir ki, müharibədən sonra regionda yaranmış yeni reallıqların gündəliyini və məzmununu İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət təşkil edir. Bu siyasət həm də özündə sülhə nail olmağı ehtiva edir. Hələlik buna müsbət cavab verməyən Ermənistanın başqa yolu da yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır. Bəli, 44 günlük müharibədən nəticə çıxarmaması Ermənistana yenidən baha başa gələ bilər.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video