02 Oktyabr 2022 01:37
3813
SİYASƏT
A- A+

DEDİ və ETDİ!

 

ÜÇ İL ÖNCƏ "VALDAY" KONFRANSINDA "QARABAĞ AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ" DEYƏN İLHAM  ƏLİYEV  "DƏMİR YUMRUĞ"U  İLƏ ƏDALƏTİ BƏRPA ETDİ

 

Söz  eşidilən, əməl isə  gözlə görünəndir!

Biz bir işə  başlamazdan əvvəl  beynimizdə müəyyən  planlar cızır, qərarlar qəbul  edir,  sonra  düşüncələrimizi  dilimizə gətiririk!

Aydın məsələdir ki, hər  düşüncə, söz  əmələ çevrilmir!

Bəzən isə sözlə əməl  arasında  "böyük məsafə" olur!

Amma sözün də, əməlin də  ləzzəti, şirinliyi ondadır ki, dediyin tez başa gələ,  həm də söylədiyindən  də artıq!

Müzəffər Ali Baş Komandan İlham Əliyev  kimi!

Dedi və il tamam olmamış vədinə əməl  etdi!

Kriminal "hərbi xunta"nın korrupsiya cinayətlərini, xalqa zidd siyasətini və Ermənistanı məhvə aparan əməllərini ifşa edən sorosçu Paşinyan meydandan ölkə rəhbərliyinə gəldi!

Siyasətdən bixəbər, dövlət idarəçiliyində naşı, diplomatiyada piyada olan Ermənistanın baş naziri Paşinyan yalan danışmaq ustası, lovğa, həm də özünü hamıdan ağıllı sayan, bütün fəaliyyətində "erməni hiyləgərliyi"nə arxalanan birisidir.

Özünü sələflərindən daha qətiyyətli, daha uzaqgörən, daha bacarıqlı olduğunu göstərmək üçün daim ağlına gələni edərək ağzına gələni danışırdı.

Gah Şuşada sərxoş vəziyyətdə yallı gedir, gah qondarma "dqr"in "parlamenti"ni Şuşaya köçürmək üçün orada yeni bina tikdirir, gah da müharibə başlayacağı təqdirdə Azərbaycandan yeni ərazilər qoparacaqları ilə hədələyirdi!

Sonda o qədər qudurdu, ağlını itirdi ki, "Qarabağ Ermənistandır - nöqtə" deyərək sülh danışıqlarının, Azərbaycan torpaqlarının geri qaytarılması barədə otuz ildə görülən bütün işlərin, ilkin razılaşmaların üzərindən bir qara xətt çəkdi!

Bununla Azərbaycan Prezidenti İlham Əliyevin qəzəbinə də səbəb oldu!

***

Artıq bütün dünya bilir ki, İlham Əliyev sözü ilə əməli bir olan dövlət xadimi və sərkərdədir!

O zaman kimsə Paşinyanın bu bəyanatının nə ilə nəticələnəcəyini bilmirdi!

Nəinki bilmirdi, heç ağlına da gətirmirdi!

Amma görünən o idi ki, artıq Ermənistan Qarabağı öz ərazisi sayır və onu geri qaytarmaq niyyətində deyil!

O vaxtadək Ermənistanın Qarabağla bağlı belə açıq və "cəsarətli" bəyanatı olmamışdı.

Azərbaycan bu çılğınlığa necə cavab verəcəkdi - hamı bu barədə düşünür və hadisələrin sonrakı gedişini maraqla izləyirdi.

***

Dünya onu da gözəl bilir ki, İlham Əliyevin dili də var, əməli də!

"Dil" deyəndə biz Prezidentimizin sinədəftər, ağıllı, məntiqli, cəlbedici və maraqlı, eyni zamanda faktlarla zəngin nitq söyləmək məharətini nəzərdə tuturuq.

Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən kağızsız, yazısız, heç nəyə baxmadan saatlarla çıxış edə bilir.

İndiyədək nitq və çıxışlarında, jurnalistlərin suallarını cavablandıranda bir dəfə də olsun faktoloji, üslub və ifadə səhvinə (Maşallah!) yol verməyib!

İlham Əliyev həm də yüksək diskussiya, mübahisə mədəniyyətinə malikdir!

Opponentinin "fakt" və arqumentlərini özünün tutarlı fakt və rəsmi mənbələrə söykənən sitatları ilə darmadağın etməyi, mövqeyini sübut və dəlillərlə əsaslandıraraq qəbul etdirməyi məharətlə bacarır.

Biz bunu 44 günlük Vətən müharibəsi dövründə otuzdan çox dünya KİV-nin, tanınmış televiziya kanallarının və informasiya agentliklərinin müxbirlərinə verdikləri müsahibə zamanı gördük, onların qərəzli sual və yanaşmalarını necə bacarıqla, dəmir məntiq və özlərindən gətirdiyi misallarla darmadağın etdiyinin dəfələrlə şahidinə çevrildik!

Biz bunu Prezidentimizin 26 fevral 2021-ci ildə Xarici İşlər Nazirliyinin onlayn formada təşkil etdiyi və iştirakçılardan birinin qeyd etdiyi kimi, "Ginnesin rekordlar kitabına düşəcək beş saatlıq mətbuat konfransında"kı suallara verdiyi cavablarda da məmnuniyyətlə dinlədik və seyr etdik!

...Cavabın veriləcəyi şəksiz idi!

***

Bəli, İlham Əliyev həddini aşan, boyundan hündürə tullanmaq istəyən Paşinyana cavab verməli, necə deyərlər, ağzından vurmalı idi!

Əvvəla, Paşinyan başından böyük qələt eləmişdi və onu yerində oturtmaq lazım gəlirdi.

İkincisi, Ermənistanın rəhbərləri heç zaman öz ağızları ilə hürməyiblər, havadarlarına, müdafiəçilərinə arxalanaraq danışıblar.

Prezident İlham Əliyev isə "Valday" və Münhen konfranslarında təkcə Paşinyana yox, onun havadarlarına da xəbərdarlıq etdi.

Ən nəhayət, İlham Əliyev gözəl bilirdi ki, Paşinyan əyalət səviyyəli siyasətçidir. Onu sıxan kimi daha ciddi səhvlərə yol verəcək, özünə erməni xalqı qarşısında "Qarabağı özününküləşdirən lider" imicini qazandırmaqdan ötrü yanlış, Azərbaycanın xeyrinə işləyən addımlar atacaqdır!

Hadisələrin sonrakı gedişi də göstərdi ki, Ali Baş Komandan İlham Əliyev artıq işğal altındakı torpaqların hərbi yolla geri qaytarılması üçün hərbi hazırlıq məsələlərini tam başa çatdırıbmış!

Piyada erməni siyasətçisinin başına ip salıb oynadan siyasət qrossmeysteri İlham Əliyev Paşinyanı dalbadal yanlış, əslində Azərbaycana sərf edən hərəkətlərə sövq etdi, Ermənistan isə yeni müharibənin başlanmasının səbəbkarı və təhrikçisi kimi dünya ictimaiyyətinə təqdim olundu.

***

İlk cavab kəskin və tutarlı oldu!

Sonrakı addımlar da göstərdi ki, Azərbaycan Prezidenti cavabın "sürətli" yox, daha əsaslı və faktlarla zəngin olmasına, üstəlik, daha böyük "auditoriya"da bütün dünyanın görəcəyi və eşidəcəyi şəkildə verilməsinə xüsusi diqqət yetirib.

Beləliklə, 2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" cəfəng açıqlamasına İlham Əliyev həmin ilin oktyabrın 3-də Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar iclasında cavab verdi:

"Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday" Forumu çərçivəsində müvafiq cavab verilib.

Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə".

Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Ancaq zaman göstərdi ki, Azərbaycan Prezidentinin qətiyyətli mövqedən söylədiyi fikir düşmənə verilən cavabın yalnız birinci hissəsidir.

Cənab İlham Əliyev ikinci dəfə bu mövzuya 15 fevral 2020-ci ildə Almaniyada keçirilən Beynəlxalq Münhen Təhlükəsizlik Konfransında qayıtdı.

Həm də necə?!

Əslində bu, iki düşmən dövlət başçısının dünyanın gözü qarşısında baş tutan söz və ağıl dueli idi!

Burada dilbilmə qabiliyyətindən tutmuş məntiqli mübahisə, tarixi fakt və hadisələrdən yerində, bacarıqla istifadə, opponentinin yalanını çıxarma və onu çaşdırma, gülünc vəziyyətinə salmağa qədər hər şey açıq-aşkar görünürdü.

Cənab İlham Əliyev bu açıq qarşıdurmada keçmişə çox qısa bir ekskurs edərək Paşinyana Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələrini xatırlatdı, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərarından, 1923-cü ildə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdiyindən söhbət açaraq ona tarix dərsi keçdi.

Həm də beynəlxalq tədbirdə yalanlar söylədiyini ifşa etdi!

Bu söz duelinin nəticəsində biz dövlət başçımızla sonsuz qürur duyduğumuz halda, ermənilər pərt oldular və bütün utancgətirən məqamları öz aralarında, sosial şəbəkələrdə bölüşərək açıq-açığına etiraf etdilər.

Əməl cavabını isə Ermənistan və onun havadarları bir qədər sonra - 27 sentyabrda başlanan və 10 noyabrda üçtərəfli Bəyanatla Azərbaycanın tam qələbəsini əks etdirən 44 günlük Vətən müharibəsinin doğurduğu real nəticələrdən aldı:

* Ermənistan ordusu 44 günlük müharibədə məhv edildi;

* Düşmən Azərbaycan torpaqlarından birdəfəlik və it kimi qovuldu;

* Ermənistan bütün dövlət başçılarına yalvararaq onları Azərbaycan Prezidentinə minnətçi salsa da, düşmən öz qoşunlarının Qarabağdan çıxarılmasına dair qrafiki verməyənədək hərbi əməliyyatlar dayandırılmadı;

* Ermənistan Azərbaycan qarşısında diz çökərək onun bütün tələblərini yerinə yetirəcəyinə söz verərək üçtərəfli Bəyanata imza atdı;

* “Qarabağ Azərbaycandır və nida işarəsi” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev əslində bu möhtəşəm qələbəsi ilə iki əsr ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu bəyan etdi.

Beləliklə, “nöqtə” ilə başlayan növbəti söz davası “nida” işarəsilə - müharibə formasında davam etdi və İlham Əliyevin qətiyyət və qəhrəmanlığı, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri sayəsində tam qələbə ilə başa çatdırıldı!

Ermənistanın baş naziri desə də, sonradan dediyini yedi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə dedi, dediklərini Ermənistana yedirtdi və “dəmir yumruğ”u ilə Ermənistan ordusunu məhv edərək Qarabağı və Şərqi Zəngəzuru murder ləpirlilərdən təmizlədi!

***

İndiyədək dünyada baş verən hadisələr göstərir ki, dövlət başçılarının, siyasətçilərin söz dueli real həyatda heç nəyi dəyişərək həll etmir!

Bu daha çox dünya ictimaiyyətinə ünvanlanan mesajlar olur.

Amma belə “əyani” görüşlər kimin kim olduğunu da ortaya qoyur.

Həmin dövrədək Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etmiş, BMT-nin, Avropa Şurasının, Davos İqtisadi Forumunun islaslarında dəfələrlə yaddaqalan nitqlər söyləmiş, dünyanın ən böyük dövlətlərinin rəhbərləri ilə çoxsaylı görüşlər keçirmiş, bütövlükdə yeni dünyanın yeni liderlərindən biri kimi tanınaraq qəbul edilmişdi.

Paşinyan isə bu sahənin ibtidai mərhələsindəydi.

Ən əsası, cənab İlham Əliyev sözü ilə əməli eyni olduğundan müstəqil Azərbaycanı qüdrətli dövlətə çevirmişdi.

Başqa sözlə, İlham Əliyev Azərbaycanı iqtisadi gücə, yüksək siyasi nüfuza, qüdrətli orduya, müasir, çevik və hücumçu diplomatiyaya, müasir müsbət beynəlxalq imicə, ölkə daxilində isə milli birliyə malik dövlət səviyyəsinə yüksəltmişdi.

Və hamıdan da yaxşı özü bilirdi ki, yeni müharibənin başlayacağı təqdirdə Azərbaycan Ordusu Ermənistanı qısa müddətdə məğlubiyyətə uğradaraq işğal altındakı torpaqları azad edəcəkdir!

Başqa sözlə, Azərbaycanın haqq işinin ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğunluğunu, tarixi baxımdan bütün Qarabağın və Şərqi Zəngəzurun Azərbaycana məxsusluğunu təkzibolunmaz faktlarla sübut edirdisə, sözdə dediklərini güc yolu ilə real həyatda da gerçəkləşdirməyə qadir olduğuna əmin idi.

Müzəffər Ali Baş Komandanımız dediklərini 44 günlük Vətən müharibəsi ilə həyata keçirdi.

Dedi və etdi!

Danışdı və göstərdi!

Azərbaycanı qalib dövlətə çevirdi, öz gücü ilə haqqı, ədaləti bərpa etdi!

Rəhbər qətiyyəti, Sərkərdə iradəsi, diplomat məharəti, informasiya müharibəsində döyüşmək bacarığı, ən nəhayət, kişi sözü belə olur!

***

Əsl gülən, sonuncu gülən olur - demişlər!

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Paşinyanın yalanlarını ifşa edərək onu gülüş hədəfinə çevirdi.

İkinci Qarabağ müharibəsində isə bu rişxənd gülüşünü məmnun qələbə gülüşü ilə əvəz etdi!

Əvvəldə də güldü, sonda da!

Bu gün isə hamımız Prezidentimizin həm söz duelindəki, həm də Vətən müharibəsindəki möhtəşəm qələbələrini xatırlayaraq sonsuz qürur və sevinc hissi keçiririk!

Əsl rəhbər, dövlət xadimi, diplomat, siyasətçi və qəhrəman Sərkərdə belə olur!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video