Noyabrın 11-dən 22-dək Azərbaycan ilin ən əlamətdar hadisələrindən birinə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bakının bu mötəbər tədbirə hazırlaşması üçün cəmi 11 ay vaxtı olmasına baxmayaraq, hökumət öz vəzifələrinin öhdəsindən layiqincə gəib. Ölkə on minlərlə qonağı, o cümlədən ekspertləri, hökumət strukturlarının nümayəndələrini və dövlət başçılarını qəbul etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “EU Today” nəşrinin dərc etdiyi məqalədə deyilir.
Məqalənin müəllifi, Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina yazır ki, 2015-ci il Paris Sazişi iqlim dəyişikliyi ilə mübarizədə aparıcı dünya dövlətlərinin səylərini birləşdirdi və 9 il sonra iqlim maliyyələşdirməsinin əsas müzakirə mövzusu olacağı effektiv platforma qismində Bakı şəhəri seçildi.
Məqalədə qeyd olunur: “Bundan əlavə, COP29 zamanı Azərbaycanın atəşkəs təşəbbüsünü 127 ölkə dəstəkləyib. Azərbaycanın namizədliyini dəstəkləmək üçün Ermənistanın COP29-a ev sahibliyi etməklə bağlı namizədliyini geri götürməsi də mühüm amil olub. Bakı bütün ölkələri, o cümlədən Ermənistanı konfransda iştirak etməyə dəvət edib. Çoxları bunu təxminən otuz ildir münaqişədə olan ölkələr arasında münasibətlərin normallaşması prosesi istiqamətində yaxşı əlamət kimi qiymətləndirib. Amma Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən, yeni müharibənin qızışdırılmasında maraqlı olan qüvvələr də var. Açıq desək, bir sıra Qərb ölkələrində Qafqazda sülhə açıq şəkildə qarşı çıxan, Azərbaycanı qaralamağa çalışan da məhz erməni diasporu və onların lobbisidir. COP29-a bir aydan da az vaxt qalıb və sosial şəbəkələrdə, bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar mənfi tendensiya müşahidə olunur. Ölkənin imicinə xələl gətirmək məqsədi daşıyan bu kampaniyaya dezinformasiya, faktların təhrif edilməsi və ictimai rəyin manipulyasiyası daxildir”.
Lavrina qeyd edir ki, Qarabağdan olan separatçıların həbsi ilə əlaqədar hadisələr kontekstində guya etnik təmizləmə ilə bağlı dezinformasiyalar yayılır. Bu cür rəvayətlərin formalaşması çox vaxt faktların şişirdilməsi və ya təhrif edilməsinə, habelə münaqişə vəziyyətinin emosional aspektlərinin manipulyasiyasına əsaslanır. Separatçıların həbsinə diqqət çəkməklə yanaşı, onların müharibənin planlaşdırılmasında, beynəlxalq hüququn pozulmasında, terrorizmdə və bir sıra digər cinayətlərdə iştirakı barədə məlumatlar isə gözardı edilir. Azərbaycanın Rus İcması sədrinin birinci müavini vurğulayıb ki, qondarma “Dağlıq Qarabağ Respublikası” heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb və orada fəaliyyət göstərən separatçı rejim qeyri-qanuni hesab edilib.
Müəllif əlavə edir ki, Ermənilərin Qarabağı tərk etmək barədə könüllü qərarını etnik təmizləmə adlandıran erməni lobbisi Azərbaycanı dünya ictimaiyyətinin gözündə nüfuzdan salmağa çalışır. O, BMT-nin həmin hadisələrdən dərhal sonra bölgəyə səfər etmiş rəsmi missiyasının hesabatında məlumatın öz təsdiqini tapmadığını xatırladır. Əksinə, mülki ictimai infrastruktura heç bir ziyan dəyməyib və mülki şəxslərə qarşı hər hansı zorakılıq halları olmayıb.
“Erməni diasporu Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün Azərbaycana qarşı qara qarayaxma kampaniyasında öz lobbiçilərindən istifadə edir, halbuki, hazırkı şəraitdə Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması üzrə yaxşı imkanlar mövcuddur. Məhdud dairələrdə geniş tanınan Ani Boyacyanın vitse-prezident postunu tutduğu “Freedom House” təşkilatı “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” sərlövhəli hesabat hazırlayıb. Eyni zamanda, heç bir bəyanatda deyilmir ki, ermənilərin hamısı Qarabağı tərk etməyib; bəziləri qalıb və Azərbaycan vətəndaşlığını qəbul edib. Geri qayıtmaq istəyən ermənilərə də Azərbaycan vətəndaşlığını qəbul etmək kifayətdir. Nəzərə alsaq ki, münaqişə zamanı ölkədə etnik ermənilər yaşayıb, Bakıda erməni kilsəsi fəaliyyət göstərib, onda Azərbaycanın səmimi niyyətinə şübhə etmək olmaz. Öz növbəsində, uzun illərdir ki, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır. Münaqişənin əvvəlində yüz minlərlə insan zorla deportasiya edilib”, -deyə məqalədə qeyd olunur.
Materialda qeyd olunur ki, ABŞ Konqresinin hər iki palatasındakı erməni lobbisi bu günlərdə xeyli fəallaşıb; gah Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsləri irəli sürür, gah da Ermənistana yüz milyonlarla dollar dəyərində yardım paketinin ayrılmasına nail olmağa cəhd edir. Həmin kampaniyanın əsas təşkilatçısı öz ardıcıllarını və lobbiçilərini bu prosesə cəlb edən Amerika Erməni Milli Komitəsidir (ANCA). Sistem vasitəsilə daxil olan tezislər əsasında avtomatik olaraq anti-Azərbaycan məqalələri yazan botlar ordusu ilə yanaşı, Fransadakı erməni diasporu da xeyli fəallaşıb.
“COP29-un əsas vəzifələrindən biri ətraf mühiti qorumaq üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin maraqları kontekstində kompromis əldə etməkdir. Azərbaycan çətin geosiyasi şəraitdə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və demək olar ki, dərhal Ermənistanla sülh sazişinin bağlanması üçün işə başladı. Erməni lobbisi Azərbaycanı ləkələmək cəhdləri ilə yalnız öz siyasi məqsədlərini güdür. Konfrans istənilən halda baş tutacaq, lakin bunun regionda çoxdan gözlənilən sülhün bərqərar olması yolunda yaxşı imkan olub-olmayacağı məhz Ermənistanın düşünməli olduğu sualdır”, - deyə müəllif məqalənin sonunda vurğulayıb.