01 Dekabr 2022 01:31
280
SİYASƏT
A- A+

Ceyhun Bayramov: "Ermənistanın öhdəliklərini yerinə yetirməsi vacibdir" 

 

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində "Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri" mövzusunda tədbirdə iştirak edib. 
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Avropadan 30-a yaxın düşüncə və tədqiqat mərkəzinin nümayəndələrinin qatıldığı tədbirdə nazir Ceyhun Bayramov çıxış edib.
Nazir Azərbaycanın xarici siyasətinin prioritetləri, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla regionda sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib. C.Bayramov eyni zamanda Ermənistanla sülh gündəliyi üzrə təkliflər, aparılan danışıqlarda Azərbaycanın mövqeyi və yanaşması barədə iştirakçıları məlumatlandırıb.
Azərbaycanın bölgədə apardığı bərpa və quruculuq işlərinin, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin bütün bölgənin rifahı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərinə və təkliflərinə baxmayaraq, Ermənistanın 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatdan və Azərbaycan-Ermənistan liderləri arasında digər razılıqlardan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, normallaşma prosesinə və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törətdiyi bildirilib. Bölgədə davam edən mina təhdidləri və Ermənistan tərəfindən bu istiqamətdə həyata keçirilən təxribatlara diqqət yönəldilib.
Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən Ceyhun Bayramov enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Alternativ enerji mənbələrindən istifadə sahəsində geniş potensiala malik ölkə kimi Azərbaycanın bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verdiyi qeyd olunub. Bu xüsusda cari ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Şərq-Qərb Orta Dəhlizi boyunca bağlantıların gücləndirilməsi istiqamətində Azərbaycanın bir sıra uğurlu layihələr icra etdiyini, Vətən müharibəsindən sonra nəqliyyat-kommunikasiya yollarının bərpası istiqamətində işlər həyata keçirildiyini vurğulayıb. O, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsinin vacibliyini, bölgədə bütün nəqliyyat və kommunikasiyaların açılmasının inkişafa mühüm töhfə olacağını bildirib.
Daha sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video