07 Iyun 2022 00:43
1846
SİYASƏT
A- A+

“Cənub qaz dəhlizi"nin genişləndirilməsi əhatəli dialoq tələb edir

 

Prezident İlham ƏLİYEV: "Biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik"

 

"Cənub qaz dəhlizi" getdikcə daha böyük önəm kəsb edir. Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Artıq onun genişləndirilməsi günün tələbinə çevrilib. Son dövrlər bu mövzuda çox danışılır və təsadüfi deyil ki, 1-4 iyun tarixlərində keçirilən "Bakı Enerji Həftəsi"ndə də dəhliz haqqında geniş söhbət gedib.

Dünyanın ən iri karbohidrogen yataqlarından olan "Şahdəniz"in kəşfi və işlənməsi 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsinə və Azərbaycandan mavi yanacağın ilk dəfə Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql edilməsinə imkan yaratdı. Qaz ehtiyatlarından daha geniş istifadə etmək üçün isə yeni kəmər lazım idi. Odur ki, "Cənub qaz dəhlizi"nin yaranması bir ehtiyaca, bir zərurətə çevrildi.

Ötən il ölkəmiz xaricə ümumilikdə 22 milyard kubmetr təbii qaz ixrac edib. Bu il həmin rəqəmin 24 milyard kubmetr olacağı gözlənilir. Təbii ki, gələn il daha çox olacaq. Artıq ilyarımdır Azərbaycan öz qaz ehtiyatlarının Avropaya nəqlində tamamilə yeni, müasir infrastrukturdan istifadə edir. Prezident İlham Əliyevin dediyi kimi: "XXI əsrin boru kəməri - "Cənub qaz dəhlizi"nin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib".

Belə ki, "Cənub qaz dəhlizi" layihəsi gerçəkləşərkən boru xətti ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə sıx əməkdaşlıq qurduq. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının hər ilin fevral ayında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də şuranın növbəti toplantısında dəhlizin artıq işlədiyi bir daha vurğulandı. Çıxarılan nəticə isə bu oldu ki, yenə də işləmək, yeni körpülər salmaq, yeni əlaqələri qurmaq, interkonnektorlar yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək lazımdır. Çünki indi Azərbaycanın karbohidrogenlərinə tələbat heç zaman görünmədiyi kimi böyükdür. Bununla bağlı Prezidentimiz demişdir ki, məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır". Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin eyni zamanda potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik".

Yəni bu, əvvəlcədən planlaşdırılmamış məsələdir. Məlumdur ki, "Cənub qaz dəhlizi" üç boru kəmərindən ibarət vahid bir sistemdir. Onun sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi bu kəmərin genişləndirilməsinə ehtiyac yaranıb. Bu isə vaxt və çoxlu maliyyə vəsaiti, sıx əlaqələndirmə və əməkdaşlığın daha da güclənməsini, bütün iştirakçı ölkələrlə fəal dialoqun olmasını tələb edir. Yeri gəlmişkən qeyd edək ki, Energetika Nazirliyi və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) artıq bu istiqamətdə danışıqlar aparırlar. 

Bununla yanaşı, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) və TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) genişləndirilməsi də gündəmə gəlir. Deməli, Azərbaycan qazına tələbat artdıqca, onun nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirilməməlidir. Dövlət başçısı qeyd etmişdir ki, hazırda yeni çağırışların və tələbatın olduğunu nəzərə alaraq, artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Əlbəttə, bunun üçün yalnız birtərəfli səylər kifayət deyil. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir. Çünki qaz biznesində əvvəlcə satış məsələsi həll olunur, bunun üçün müqavilələr imzalanır, sonra isə sərmayə yatıraraq hasilata başlanır.

"Bakı Enerji Həftəsi"ndə də məhz bütün bu məsələlər barədə geniş söhbətlər oldu, fikirlər, təkliflər səsləndi. Prezident İlham Əliyev "Cənub qaz dəhlizi"nin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməyin lazım olduğunu dedi. Bu layihəni maliyyələşdirmiş bütün banklara təşəkkürünü edərək həm də ümidvar olduğunu bildirdi ki, onlar yeni planların həyata keçirilməsinə, xüsusilə də TAP-ın genişləndirilməsinə maliyyə dəstəyi verəcəklər.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero bir daha vurğuladı ki, "Cənub qaz dəhlizi" Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol onların qaz təchizatının şaxələndirilməsi səyləri baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu, enerji qiymətlərinin sabitliyi, həmçinin təchizat təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və biz bunu yüksək qiymətləndiririk. Bizim Azərbaycanla enerji sahəsində münasibətlərimiz uzunmüddətli müsbət enerji dialoqu üzərində qurulub".

Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreqori Uilyam Hends Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışındakı videomüraciətində dedi: "Bu gün Azərbaycan Gürcüstan, Türkiyə və Avropadakı tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır. Azərbaycandan başlayan "Cənub qaz dəhlizi" mühüm nailiyyəti əks etdirir. "Cənub qaz dəhlizi"nin genişlənməsi Avropaya qaz təchizatının şaxələndirilməsini dəstəkləyəcək. Biz kömürdən imtina edərək təmiz enerjiyə keçərkən təbii qaz həlledici rol oynamaqda davam edəcək".

Ən başlıcası isə bütün bu məsələlərin həlli üçün Azərbaycanın qaz potensialının olmasıdır. Həm də bizim mavi yanacaq ehtiyatlarımız təkcə nəhəng "Şahdəniz"lə məhdudlaşmır. Digər perspektivli yataqlarımız da var ki, bəzilərindən elə gələn il hasilata başlanacaq. Bu da, Prezidentimizin dediyi kimi, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video