23 Yanvar 2022 00:44
490
İQTİSADİYYAT

Cəlilabadda mövsümdə üç dəfə kartof yığılır

 

Elgün və ona kömək edən cavan oğlanlar sahənin kənarında dayanmış yük maşınından kartof dolu taxta yeşikləri bir-bir yerə qoyur, sonra isə qızların yanına daşıyırlar. Xuraman Məmmədova, Tamara Bayramova, Gülnarə Cavadova, Aytac Məmmədova və başqaları gətirilən toxumları 15 - 20 santimetrdən bir səliqə ilə çəkilmiş barazaların arasına düzürlər.

Mülkiyyətçi Nazim Şahbazov isə vedrəyə doldurulmuş ammofos gübrəsini əl ilə üstü örtülməmiş kartof toxumlarının kənarına səpir. Digər tərəfdə ata qoşulmuş xışla kartof toxumlarının və mineral gübrənin üstü örtülür. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Mübariz Nadirovla birlikdə bu mənzərəni bir neçə dəqiqə seyr edirik.

 Sahibkar N. Şahbazov bizi görüb yanımıza gəlir. Salamlaşıb hal-əhval tuturuq. Söhbət zamanı məlum olur ki, kolzoz-sovxoz quruluşu dağılandan sonra, əsasən, kartof əkib-becərməklə məşğuldur. Ailəsini, balalarını, üstəlik nəvələrini də buradan qazandığı halal zəhməti ilə saxlayır. Əkdiyi sahə yaşadığı Sabirabad kəndindən çox da uzaqda deyil. İcarəyə götürdüyü torpaqda keçən il də kartof yetişdirib, yaxşı məhsul götürüb, hər hektardan 30 ton. Əvvəlki illərlə müqayisədə satışda problem olmayıb. Özünün dediyinə görə, qiyməti onu qane edib. Elə ona görə həmin sahəni bu il də icarəyə götürməyi qərara alıb. Oğlu Elgünü, digər ailə üzvlərini işə cəlb etdiyindən xərci o qədər də çox çıxmır.

Beş addımlığımızdakı kartofla dolu taraları nəzərdən keçiririk. Kartof toxumları artıq bir neçə yerdən cücərti vermişdir. Nizami kişi onu keçən ilin noyabr ayında alaraq lazımi temperatur olan yerdə saxlamışdır ki, əkinə kimi cücərti verə bilsin. Çoxillik təcrübəsi onu artıq bu işlərin ustasına çevirmişdir. Söhbət zamanı qiymət artımından narazılıq edən müsahibim kartof toxumunun keçən illə müqayisədə bahalaşdığını bildirdi: “Mineral gübrələrin satışında da fərq özünü göstərir. Dövlət, cənab Prezident isə istəyir ki, hər bir vətəndaşına, o cümlədən kəndliyə, əkinçiyə kömək etsin. Son illər kənd təsərrüfatına göstərilən diqqət və qayğıkeşlik bunu aydın göstərir. Verilən subsidiyalar, edilən güzəştlər hamı kimi məni də torpağa bağlayıb. Amma ürəyimdən keçən bir sözü də deməyi özümə borc bilirəm. Prezident tək adamdır. Gör nə qədər işi var. Onun siyasəti, planı ilə torpaqlarımız düşməndən təmizləndi. Mənfur düşmən yenə sakit dayanmır. Qarabağda, ölkədə bu işləri görmək, xarici ölkə başçıları ilə söhbət aparmaq, özünü-sözünü bilməyənləri yerində oturtmaq elə-belə iş deyil. Gərək hər bir vicdanı olan adam bunları görsün, kor olmasın. Məmurlar da gərək öz vəzifə borclarına vicdanla yanaşsınlar, xalqa xidmət etsinlər. Yuxarıdakılar öz işlərini  internetlə, nə bilim nə ilə görürlər. Amma istehsalçının yanına getmək, onunla görüşüb söhbət etmək, dərdini-sərini bilmək, problemini öyrənmək internetlə olmur axı...”

Kartofçuluq bu gün Cəlilabad rayonunun iqtisadiyyatında mühüm yer tutur. Keçən il 5 min 400 hektardan 149 min 690 ton məhsul əldə olunub. Hər hektarın məhsuldarlığı 277 sentnerə çatıb. Tədarük olunan məhsulun 60 faizi Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilib. Ağaqasımlı kənd sakini Vahid Ağayev, Maşlıq kəndində yaşayan Eldəniz Novruzov, Söyüdlü kəndindən olan Əhliman Nəcəfov, Cəlilabad şəhər sakini Xanlar Mirzəyev və onlarca başqaları hər hektardan 320 sentner kartof götürüblər.

Mülkiyyətçilər ötən il məhsullarını yaxşı qiymətə sata bilmişlər. Sellofan örtük altında yetişdirilən kartof daha tez, yəni aprel ayının ikinci ongünlüyündən yığıldığı üçün daha baha qiymətə - kiloqramı 1 manata realizə olunub.

Cari il rayon üzrə 5 min 700 hektarda kartof əkilməsi nəzərdə tutulmuşdur. Buna görə iş adamları tərəfindən Rusiyadan “Nevskiy”, “Arizon”, “Aleqriya”, “Udaçi” və digər toxum sortları gətirilmişdir. Şum işləri aparmaq üçün kifayət qədər texnika vardır. Hazırda 4 min hektardan çox sahədə əkin işləri başa çatdırılmışdır. Qalan 1700 hektarda isə işlər fevral ayının 10-dək yekunlaşdırılacaq.

 

Seyran CAVADOV, 

“Azərbaycan” 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video