14 Avqust 2022 01:11
1264
Mədəniyyət
A- A+

Büllur qəsrin şahzadəsi  - XAN QIZI NATƏVAN

 

Xurşidbanu Natəvan...
Şuşanın zərif təcəssümü, Şuşa ilə qoşa andığımız əfsanəvi qadın...
O da Şuşa kimi təkrarolunmaz gözəlliyə, zərafətə, qürura, ən ümdəsi məğlubedilməz ruha sahib idi...
O, sıldırımlar üzərində bina olmuş Şuşa adlı büllur qəsrin yeganə şahzadəsi, damarlarında Qarabağın qəhrəman xanı Pənahəlinin, Gəncənin cəngavər xanı Cavad xanın cəsurluq, igidlik qanını daşıyan əsilzadə Azərbaycan qızı idi...
Könüllərdə lirik şeirləri ilə sevgi taxtı qurmuş incəqəlbli şairə özünü "Natəvan", ailəsi "tək inci", xalq isə "Xan qızı" adlandırardı...

 

El üçün yanan şam 

 

Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının son vərəsəsi, Azərbaycan mədəniyyəti tarixində lirik şair kimi şöhrət qazanan Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada anadan olub. Dünyaya gəlişi ilə xan ailəsini, bütün el-obasını, qarabağlıları sevincə boğan Xurşidbanu hələ uşaqlıq illərindən fitri istedadı ilə seçilir, şeirlər yazır, rəsm və tikmə sənəti ilə məşğul olurdu. Dini biliklərlə yanaşı, dünyəvi təhsil də alan Xurşidbanu ərəb və fars dillərini mükəmməl bilir, Nizami, Füzuli və Nəvai kimi görkəmli klassiklərin əsərlərini mütaliə edir, onların yaradıcılığından bəhrələnirdi. O da təsadüfi deyil ki, xalq şairi Səməd Vurğun Natəvanı Füzuli məktəbinin layiqli davamçısı adlandırıb. 
1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları o zaman cəmi 13 yaşı olan yeganə övladı Xurşidbanuya keçmişdi. Həmin vaxtdan etibarən Xan qızı zərif çiyinlərinə məsuliyyətli bir yük götürmüş, taleyinin  erkən dövrlərindən ömrünü Şuşaya, onun abadlaşdırılmasına, şuşalıların güzəranının xoş keçməsinə həsr etmişdi...
Natəvan el-obasını sevir, hər zaman insanlara arxa-dayaq durur, maddi dəstək göstərir. El-obasının sakinləri də onu ürəkdən sevərək hər fürsətdə Xan qızına olan məhəbbətlərini izhar edirdilər... 
Deyilənlərə görə, Xurşidbanu Natəvan "Məclisi-üns"ün fəal üzvlərindən biri, "Fəna" təxəllüslü Mirzə Rəhimi döydüyü üçün Şuşanın qəza naçalniki Dubrovskinin çiynindən poqonlarını dartıb sökmüşdü. Başqa bir vaxt isə, vergini ödəyə bilmədiyi üçün rəiyyətini döyən pristavı Xan qızı yaxşıca əzişdirtdirmişdi. Şahidlərin yazdıqlarına görə, bu kimi nümunələr Xan qızının həyatında çox yaşanmışdı... 
Xurşidbanu bu davranışlarının çar hökumətinə xoş gəlməyəcəyini bilə-bilə hər zaman haqqı tələb edir, vəzifəsindən sui-istifadə edərək azğınlıq edən çar məmurlarını işdən uzaqlaşdırmağa da nail olurdu... 
Bəli, heç kim Xan qızının torpağında onun el-obasını, camaatını təhqir edə, alçalda, döyə bilməzdi... Kimliyindən, hansı mənsəb sahibi olmasından asılı olmayaraq qarşısında Şuşanın aslanürəkli qızını - Xurşidbanunu görər, onun qəzəbi ilə qarşılaşar, ədalət qılıncının altından keçməli olardı... 

 

Düşmən Xan qızının timsalında Şuşadan Azərbaycan ruhunu silməyə çalışmışdı

 

Görünür, elə buna görədir ki, Şuşaya göz dikərək, ona sahib olmağa çalışan mənfur düşmənin də, bu tarixi şəhərimizə yiyələndiyinin eyforiyasına qapıldığı o məşum dövrdə ilk gördüyü tədbir Xan qızı Natəvanın özünü, sözünü, izini daşıyan bütün nəsnələrdən dərhal can qurtarmaq çabası olmuşdu.
Erməni barbarları Xan qızının Şuşaya çəkdirdiyi bulağı "kor" qoymuşdular, Ağdamdakı məzarını dağıtmışdılar... 
1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Xurşidbanu Natəvana Şuşada ucaldılmış büstü düşmən güllələyərək zədələmiş, sonra isə tamahkarlıqla bu mədəniyyət nümunəsini əritmək, ondan qazanc əldə etmək iştahasına düşmüşdü. Amma bu iyrənc əməllərinə çata bilməmişdilər və Üzeyir bəyin, Bülbülün büstləri ilə yanaşı, Natəvanın da "yaralı" büstü Ulu Öndər Heydər Əliyev tərəfindən mənfurlardan xilas edilərək, bir gün mütləq Şuşaya qaytarılacağı qətiyyəti ilə Bakıya gətirilmiş və müvəqqəti olaraq İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdi. 
Erməni vandalları sadaladığımız bu murdar əməlləri ilə Xan qızı Natəvanın timsalında Şuşadan, Qarabağdan Azərbaycan ruhunu silməyə çalışmışdılar...
Amma unutmuşdular ki, qəhrəman Azərbaycan xalqı heç zaman Şuşasızlıqla, Qarabağda at oynatmaq istəyən düşmənin azğınlığı ilə barışmayacaq... 
2020-ci ilin 8 noyabrında Azərbaycanın qəhrəman oğulları hünər sərgiləyərək doğma Şuşanı azadlığa qovuşdurdular. 2021-ci ilin 14  yanvarında isə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Üzeyir bəyin, Bülbülün, eləcə də Natəvanın büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi.

 

Taleyin keşməkeşlərində

 

Yaşadığı 65 illik qısa zamanda Xurşidbanu Natəvanın taleyi nə yazıq ki, keşməkeşlərdən uzaq olmamışdı. Atası Mehdiqulu xanın vəfatından sonra yeganə vərəsə olan Xurşidbanu çox keçmədən həyatı ilə bağlı daha bir ciddi qərar verməyə məcbur olmuşdu. O, 1850-ci ildə Dağıstan zadəganlarından olan general Xasay xan Usmiyevlə ailə qurmuşdu. Milliyyətcə kumık olan Xasay xan Qafqaz canişini Vorontsov-Daşkovun şəxsi yavəri idi. Tarixçilər belə ehtimal edirlər ki, həmin dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmişdi və Xurşidbanu Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da var ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib. 
1850-ci ilin payızında Şuşada baş tutan toylarından sonra Xasay bəy Xurşidbanunu Dağıstandakı öz kəndinə, oradan isə Tiflisə aparır. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərə qoşulur, özünün də milli ənənəsi, kübarlara məxsus davranışı və bir neçə dildə sərbəst danışması ilə həmin cəmiyyətlərdə böyük maraq oyadır. Lakin hər nə qədər Tiflis mühiti, bu şəhərin təbiəti Natəvana xoş gəlsə də, o, burada qəriblik çəkir, Şuşa üçün çox darıxırmış. 
Xasay xanla izdivacından 1855-ci ildə Xurşidbanunun oğlu Mehdiqulu, 1856-cı ildə qızı Fatmabikə (Xanbikə) dünyaya gəlib. Natəvanın özü kimi övladları da şairliyə könül verib. "Vəfa" təxəllüslü oğlu Mehdiqulu fars dilində qəzəllər, qızı Xanbikə isə əsasən Azərbaycan dilində qəzəl və rübai janrında şeirlər yazıb. 
Həyat yoldaşı Usmiyevlə birlikdə Natəvan bir sıra vilayət və şəhərlərə - Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfər edib, bu yerlərdə yüksəkrütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb. 
1858-ci ildə Xan qızı Bakıda şəhər hakimi Piquliyevskinin evində qonaq qalarkən məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşüb tanış olur. Bu, hələ də dillərə dastandır. Həmin vaxt Düma ilə şahmat oynayan Natəvan rəqibini məharətlə mat edir, iti ağlı ilə avropalı yazıçını heyran qoyur. 
Düma bu görüşü 1859-cu ildə Parisdə çapdan çıxan üç cilddən ibarət "Qafqaz səyahəti" əsərində də təsvir edir. Müəllif kitabda Natəvanın ailəsini dərin hörmət hissi ilə yad edir, Xan qızının xeyriyyəçilik məqsədilə Bakıdan Şıxlar kəndinə daş yol çəkdirməsi haqqında məlumat verir. 

 

Kasıbların hamisi

 

Tarixi mənbələrdə də yer aldığı kimi, Xan qızı həm də xeyriyyəçiliyi ilə tanınırdı. O, hər zaman kasıb ailələrin qayğısına qalardı. Hətta hansı kasıb ailəyə baş çəkərmişsə, durub gedəndə mütləq oturduğu döşəyin altına pul qoyarmış... 
Xurşidbanu Natəvanın oğlu Mehdiqulu xana qırx gün qırx gecə toy çaldırması və toy ərəfəsində Qarabağın bütün kasıb kəndlilərinə yemək paylayıb, plov verməsi, hər dəvətliyə bəxşiş bağışlaması haqqında məlumatlar da var. Bu ehtişamlı toyda xələt yığılmamış, əksinə, Xurşidbanu özü qonaqlara hədiyyələr vermişdi.
Xan qızı Şuşanın abadlığı üçün xeyli işlər görmüşdü. 1872-ci ildə 6 kilometrlik məsafədən su kəməri çəkdirərək şəhər əhalisini illərlə korluq çəkdikləri içməli su ilə təmin etmişdi. Həmçinin şəhərdə  su anbarı, hamam, buzxana tikdirmiş və park saldırıb camaatın istifadəsinə vermişdi. 
Tədqiqatçıların yazdığına görə, müəyyən səbəblərdən Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar. 
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı şuşalı papaqçı ilə ailə qurur. Onların beş övladı dünyaya gəlir. Natəvanın Mir Həsən adlı övladı da "Mir" təxəllüsü ilə şeirlər yazıb.

 

Könül dünyası

 

"Xüsusən Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton vermişlər. Xurşidbanu Natəvan da bu şairlərdəndir". Bu fikirləri görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli deyib. 
Həqiqətən də, Tanrı tərəfindən fitri istedad kimi bəxş edilən şairliyi Natəvanın əsl könül həmdəmi idi. Sevincini də, kədərini də ürəyindən süzülərək ağ kağızda inci kimi düzülmüş misralara çevrilən şeirləri ifadə edirdi. 
Şeir yazmağa 1850-ci illərdən başlayan şair ilk illərdə əsərlərini "Xurşid" imzası ilə yazmış, 1870-ci ildən etibarən isə "Natəvan" təxəllüsünü götürmüşdü. Elə bu imzalardan da aydın göründüyü kimi, şeirlərini "Xurşid" kimi parlaq Günəş ruhu ilə yazmağa başlayan Xan qızı, əfsus ki fələyin dözülməz zülmünə tuş gəldikdən sonra şairliyini "Natəvan" kimi "köməksiz", "zəif", "xəstə" əhvalla davam etdirmişdi... 

Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən
Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər.
Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür bu
Və lakin əmr elər, mən kimi zarü Natəvan eylər.

1872-ci ildə "Məclisi-üns" (dostluq, ülfət məclisi) adlı ədəbi məclisə qoşulan Natəvan bu məclisin bütün xərclərini də öz üzərinə götürür. Elə şairin yaradıcılığının ən qaynar dövrü də məhz bu məclislə bağlı olduğu dövrə təsadüf edir. Natəvanın xüsusilə qəzəl janrında yazdığı misilsiz əsərlər hələ öz dövründə dillərə dastan olur. İlhamla qələmə aldığı "Eylər", "Gətirir", "Mən idim", "Sən idin", "Bənzətdim" və sair  rədifli qəzəlləri Azərbaycan şairləri arasında böyük şöhrət tapır, əsərlərinə nəzirələr, təxmislər yazılır. 

 

Yanar canım, oğul, daim sənin nari-fərağında

 

Oğlu 17 yaşlı Mir Abbasın vəfatından dərin sarsılan və bir daha özünə gələ bilməyən yaralı ananın çarəsiz ürək çırpıntıları şeirlərinə hopur. Xurşidbanu Natəvanın ağrı-acı içərisində qələmə aldığı bu qüssəli şeirlərdən bala dağı ilə qovrulan matəm libaslı bir ananın hönkürtüsü eşidilir... 

Yanar canım, oğul, daim sənin nari-fərağında,
Neçə pərvanələr hər dəm yanar şəmin ayağında.
Sənin hicrin odu, Abbas, dəxi çıxmaz ki, canımdan,
Səməndər tək yanar daim anan nari-fərağında.

Oğlunun ölümündən sonra özü də bu dünyadan əl üzən Xurşidbanu xəstəliyə düçar olur və uzunsürən mərəzdən sonra 1897-ci il oktyabrın 
1-də Şuşada vəfat edir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairin cənazəsini Şuşadan Ağdama qədər piyada apararaq "İmarət" adlandırılan ailə qəbiristanlığında dəfn edirlər. Ölümü ilə bütün el-obasını, Azərbaycanın və Qafqazın qabaqcıl, maarifpərvər şəxslərini dərin yasa boğan Xan qızının vəfatı ilə əlaqədar "Qafqaz", "Tərcüman" və başqa qəzetlərdə nekroloqlar, həyatı və fəaliyyəti haqqında yazılar dərc edilib. 
Xurşidbanu Natəvanın 1886-cı ildə 227 səhifədən ibarət tərtib etdiyi "Gül dəftəri" adlı məşhur albomunda şeirləri, naturadan çəkdiyi təsvirlər və müasirlərinin lirik parçaları toplanıb.
Dahi Azərbaycan şairinin misilsiz xidmətləri xalqımız, dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilib, uca tutulub. Natəvanın şeirlərinə musiqilər yazılıb, görkəmli bəstəkar Vasif Adıgözəlov Xan qızının şərəfinə "Natəvan" operasını yaradıb, Məmməd Rahim "Natəvan" poemasını, İlyas Əfəndiyev "Natəvan" pyesini yazıb. Şairin adına küçə, klub, kitabxana, məktəb var. Bakıda heykəli, Şuşada büstü qoyulub. 2012-ci ildə Prezidentin sərəncamına əsasən Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi keçirilib. 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterloo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. 2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə Xurşidbanu Natəvanın əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Bu il isə Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi qürurla azad Şuşada qeyd ediləcək.

 

Tarixdə adı, izi, sözü qalan Xan qızı

 

Bəli, o, bu dünyaya gəlişi ilə xanzadə nəslinə, elinə-obasına böyük bir sevinc bəxş etdi...
Örnək yaşamı, xeyirxah əməlləri ilə xalqına, doğma yurduna böyük xidmətlər göstərdi...
Ruha xitab edən eşq ətirli, hicran yanğılı zərif şeirləri ilə könüllərimizin şah taxtında əyləşdi...
Gözəl, zərif, kübar, milli ruhlu, geniş dünyagörüşlü, itiağıllı, dərinzəkalı, hünərli, qoçaq qarabağlı, şuşalı Azərbaycan qadını kimi yaddaşlara həkk olundu...
Günəş kimi parlayaraq tarixdə adı, izi, sözü olan dahi şəxsiyyətlərimizdən birinə çevrildi...
Bu xalq, bu el-oba hər zaman səni rəhmətlə, böyük ehtiramla  anır, Xan qızı! 
Ruhun şad olsun, Xurşidbanu Natəvan!

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video