11 Oktyabr 2025 08:45
888
İQTİSADİYYAT
A- A+
Bu həm enerji layihəsi, həm də qarşılıqlı etibar idi

Bu həm enerji layihəsi, həm də qarşılıqlı etibar idi


BTC-nin Azərbaycan və Gürcüstan hissələrinin birləşməsindən 21,  Gürcüstan hissəsinin istifadəyə verilməsindən 20 il keçir


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin salnaməsində oktyabr ayı iki hadisə ilə mühüm yer tutur. Belə ki, kəmərin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi, eləcə də qonşu respublikadakı hissəsinin istifadəyə verilməsi həmin aya təsadüf edib. Bunlardan biri 2004-cü, digəri 2005-ci ildə olub. 

Boru xəttinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi münasibətilə tədbir 2004-cü il oktyabrın 16-da Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində - Gürcüstanın Qardabani rayonu ilə sərhəddə keçirildi. Bu iki hissənin birləşdirilməsi BTC-nin çəkilişi boyu həyata keçirilən 15 min qaynaq əməliyyatından biri idi. Lakin bu, adi qaynaq deyildi. Bununla zəmanəmizin möhtəşəm layihələrindən biri, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC-nin tamamlanmasına doğru növbəti mühüm addım atılırdı. Bir də axı BTC daşıdığı iqtisadi önəmlə yanaşı, həm də ölkələri, xalqları yaxınlaşdıran, birləşdirən bir kəmərdir. Odur ki, xəttin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi həm də dostluğun, tərəfdaşlığın, qarşılıqlı inamın daha bir təsdiqi idi. 

Prezident İlham Əliyev tədbirdəki çıxışında tikilməkdə olan kəmərin əhəmiyyətini vurğulayaraq demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır. Eyni zamanda bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə də layihə öz töhfəsini verəcəkdir". 

Həmin vaxt Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisində kəmərin tikinti dəhlizi tamamilə təmizlənmiş və açılmışdı. Boruların 97 faizi qaynaqlanmış və 70 faizi torpaqla örtüklənmişdi. BTC-yə vurulacaq ilk nefti "Mərkəzi Azəri" platforması verəcəkdi ki, onun da üst modulları artıq dənizdə quraşdırılmış dayaq bloku üzərində yerləşdirilmişdi. Səngəçal və Ceyhan terminallarında nefti qəbul etmək üçün hazırlıq işləri gedirdi və onların əsas hissəsi görülmüşdü. 

Üç ölkə ərazisində kəmərin çəkilişində 21 min insan çalışırdı. BTC uğurla irəliləyirdi. BTC demək olar ki, startda idi.

Beləliklə, 2005-ci il mayın 25-də Səngəçal terminalından kəmərə ilk neft vuruldu. Başqa sözlə, boru xəttinin Azərbaycan hissəsi istifadəyə verildi, növbə Gürcüstan hissəsinin idi.

2005-ci il oktyabrın 12-də Gürcüstanın Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində BTC-nin bu ölkədəki hissəsinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Yeri gəlmişkən, xatırladaq ki, BTC-nin 8 nasos stansiyasının 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü isə Türkiyədə yerləşir.  2005-ci ilin payızında kəmərin iki ölkədəki hissəsi neftlə doldurulmuşdu, Türkiyə hissəsinə də artıq neft vurulurdu. Xətti tam doldurmaq üçün 10 milyon barel neft tələb olunurdu. 

Qeyd edək ki, BTC tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verildi. Layihənin əməliyyatçısı BP şirkətinin məlumatına görə, 1768 kilometr uzunluğunda olan bu kəmər istismara daxil olandan bu il iyun ayının sonunadək ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edib və həmin neft həcmləri Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

20 il əvvəl oktyabrda və 21 il əvvəl həmin ayda BTC-nin salnaməsinə yazılmış iki sözügedən hadisə Gürcüstanın tranzit ölkə kimi statusunu möhkəmləndirdi və daha neçə qlobal layihəyə yol açdı. Söhbət daha sonra istifadəyə veriləcək Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, Bakı-Tbilisi-Qars dəmir yolundan, TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) və digər layihələrdən gedir. Bu layihələr indi bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.

Məlum olduğu kimi, hazırda dünya "yaşıl enerji"yə keçid edir. Azərbaycanın "yaşıl gündəliy"i hər yanda rəğbət doğurur. Bu sahədə də Gürcüstanla sıx əməkdaşlıq edirik. Belə ki, yaxın gələcəkdə ölkəmizdən Avropaya uzanacaq "yaşıl enerji" dəhlizinin də uzun yolu Gürcüstandan keçəcək. Bu layihə 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"ə əsasən reallaşmaqdadır.

Bir sözlə, qonşu və dost ölkə olan Gürcüstanla enerji əməkdaşlığının tarixi zəngin, gələcəyi böyükdür. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin də dediyi kimi: "Bu işlər davam etdiriləcək... Biz bu əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan karateçiləri İslamiadaya iki medalla başladılar

23:30
11 Noyabr

COP30-da öz pavilyonuna malik Azərbaycan irs, liderlik və milli ambisiyalarını nümayiş etdirir  

23:16
11 Noyabr

Azərbaycan XİN hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib  

22:57
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin qəzaya uğradığı yerin aşkarlandığını açıqlayıb  

22:18
11 Noyabr

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Gürcüstana gəlib

22:17
11 Noyabr

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib  

22:17
11 Noyabr

Zəfərdən qüdrətə gedən yol

21:20
11 Noyabr

Gürcüstanın daxili işlər naziri təyyarə qəzası baş verən əraziyə gedib  

20:36
11 Noyabr

Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb  

20:13
11 Noyabr

Türkiyə və Gürcüstanın XİN başçıları arasında təyyarə qəzası ilə bağlı telefon danışığı olub  

19:40
11 Noyabr

Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb  

19:39
11 Noyabr

Nazir: FHN-in qüvvələri təyyarə qəzası ilə bağlı axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa tam hazırdır  

19:39
11 Noyabr

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər  

19:38
11 Noyabr

Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarədə 20 nəfər olub  

19:37
11 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə tərəfinə başsağlığı verib

18:26
11 Noyabr

Burhanettin Duran: Təyyarə qəzasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb  

18:24
11 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
11 Noyabr

Ukrayna ordusu Zaporojye vilayətində bir neçə istiqamətdə mövqelərindən geri çəkilib

18:22
11 Noyabr

Ombudsman Aparatı və ENOC uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı gücləndirir  

18:22
11 Noyabr

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

18:06
11 Noyabr

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb

18:01
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!