Kəndlinin işi heç vaxt bitmir. Hər fəsildə qayğıları var. Pambıq əkilən rayonlarda yığım və kənd təsərrüfatının başqa sahələrində işlər davam edir, eyni zamanda taxıl əkini günbəgün sürətlənir.
Cəlilabad
Cəlilabad əvvəldən taxılçılıq rayonu kimi şöhrət tapıb. Onun kəhrəba dənli buğdası 1941-1945-ci il müharibəsi zamanı insanların, əsasən də, cənub bölgəsi əhalisinin dadına çatıb, onları aclığın, səfalətin, ölümün pəncəsindən xilas edib.
Keçən əsrin 60-70-ci illərində rayonda taxılçılıq sahəsində daha çox göstəricilər əldə olunub. Buna görə Cəlilabada "Azərbaycanın Ukraynası" deyiblər. Əldə edilən uğurlara görə neçə-neçə zəhmət adamı o dövrün Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adına layiq görülüb, orden və medalları, böyük mükafatlarla təltif edilib. Sonralar burada kənd təsərrüfatının digər sahələri - üzümçülük, kartofçuluq inkişaf edib, çiyələk, noxud, lərgə, qarğıdalı, günəbaxan bitkilərinin əkinləri genişlənib.
Lakin bunlar taxılçılığın inkişafını kölgədə qoymayıb. Əksinə, Cəlilabadda bu qiymətli nemətin əkilib-becərilməsi daha da təkmilləşib. Yeni məhsuldar toxum sortlarının əkilməsi, müasir texnologiyaların tətbiqi nəticəsində cəlilabadlılar keyfiyyət və kəmiyyət göstəricilərini yaxşılaşdırmağa nail olublar. Hər bir fermer çalışır ki, daha çox məhsul əldə etsin. Bol məhsul isə xoş güzəran, firavan həyat deməkdir.
Cari il rayonda hər hektar buğda zəmisindən orta hesabla 35,6 sentner olmaqla, ümumilikdə 118 min 324 ton, arpa zəmilərinin hər hektarından orta hesabla 31,5 sentner olmaqla, ümumilikdə 42 min 335 ton məhsul götürülmüşdür. Fermerlərdən Lətif Ağayev, Xaqani Abuşov, Həsənxan Babayev və başqaları rayon səviyyəsindən çox - hər hektardan 38,5 sentner taxıl tədarük etmişlər. Bunlar onu göstərir ki, cəlilabadlılar öz ənənələrinə sadiqdirlər.
İşə belə münasibət növbəli əkin üçün də şərait yaradır. Bu il kartof, qarğıdalı, günəbaxan və digər bitkilər əkilən sahələrə növbəti il taxıl əkəndə yüksək məhsul əldə edilir və ya əksinə. Belədə həm də bitkilər xəstəliyə qarşı davamlı olur.
Rayonda gələn ilin taxıl məhsulu üçün hazırda qızğın iş gedir. Hər yanda traktorların işlədiyini, torpağa toxum səpdiyini görmək mümkündür. Hər kəs istəyir ki, şaxtalar düşməmiş bu mühüm kampaniyanı başa çatdırsın. Gələn ilin məhsulu üçün bu payız 65 min hektarda səpin aparılması nəzərdə tutulub. Təxminən 16 min fermer taxıl səpini işinin gedişi ilə məşğuldur. 50 min hektar sahədə buğda, 15 min hektarda arpa əkilməsi nəzərdə tutulur. İndiyədək 53 min hektarda əkin aparılmışdır. İmkanlı fermerlər torpaq altına kifayət qədər mineral və üzvi gübrələr vermişlər. Toxumla birlikdə sahəyə ammofos gübrəsi verənlər də var. Əkində, əsasən, "Bərəkətli-95", "Qobustan", "Əzəmətli-95" yerli toxum sortlarından istifadə edilir. Səpinə 300-ə yaxın traktor, 92 səpin aqreqatı, bir o qədər də mala və digər texnikalar cəlb olunub.
Salyan
Salyanın kənd təsərrüfatı işçiləri taxılçılığın inkişafına xüsusi diqqət yetirirlər. Bu həm çörəyin müqəddəs nemət, həm də taxıl əkilən sahələrin digər bitkilər, xüsusilə rayonda çox əkilən pambıq üçün sələf olmasından irəli gəlir. Növbəli əkin sistemini tətbiq etməklə onlar həm taxıl, həm də pambıq tarlalarından yüksək məhsul götürürlər.
Fermerlərdən Əli Novruzov, Cavidan Bəşirli, Mərdan Cəlilov, Qulu Novruzov keçən ilin payızında əkdikləri sahələrdən bu il 55-60 sentner buğda biçmişlər. Ümumilikdə cari ilin yayında 12 min 696 hektar sahənin hər hektarından orta hesabla 42,3 sentner məhsul götürülmüşdür. Ayrı-ayrılıqda isə 5 min 202 hektar buğda sahəsinin hər hektarından 48,5, 7 min 494 hektar arpa sahəsinin hər hektarından 38 sentner taxıl biçilmişdir ki, bu da əvvəlki illərdəkindən çoxdur.
Hazırda gələn ilin məhsulu üçün səpin aparılır. Rayondakı fermerlərin 9 min nəfəri 15 min hektar sahəyə buğda və arpa toxumu səpməyi qarşılarına məqsəd qoymuşlar. Son məlumata görə, 5 min hektara yaxın sahədə səpin işi başa çatıb. Arpa buğdadan daha çox əkilib ki, bu da aqrotexniki səbəblərlə bağlıdır. Arpa buğdaya nisbətən şaxtaya az davamlı olduğundan onun səpini də tez başa çatmalıdır. Sahələrə, əsasən, "Qarabağ-33", "Cəlilabad-19", "Qarabağ-22" arpa, "Qobustan", "Bərəkətli-95", "Aran" buğda növləri səpilir.
Neftçala
Bu payız Neftçalada 32 min 800 hektarda taxıl əkilməsi planlaşdırılıb. Onun 5 min 100 hektarı buğda, 27 min 700 hektarı arpadır. Artıq 21 min hektardan çox sahədə səpin aparılıb. 2 min hektar sahə isə səp-suvar edilib.
Oktyabr ayında yağan yağışlar əkilən sahələrin çoxunda toxumların cücərməsinə səbəb olub. İndi həmin sahələr yaşıl xalını xatırladır. Zəmilərə "Qarabağ-22", "Ramata", "İosif-2" arpa, "Qızılgül", "Qobustan", "Murov-2", "Bərəkətli-95", "Əzəmətli" buğda növləri səpilib. Səpin zamanı toxumla birlikdə torpağın hər hektarına 150 kiloqram ammofos gübrəsi verilib.
Neftçala fermerlərinin taxılçılıqda yaxşı təcrübəsi var. Onlar suvarılan sahələrdə olduğu kimi, dəmyə şəraitində də yüksək məhsul yetişdirməyin yollarına bələddirlər. Bu il keçən ilin payızında əkilən 32 min 706 hektardan 83 min 880 tondan çox məhsul əldə etmişlər. Taxılçı fermerlər gələn il daha yüksək nəticələrə nail olmaq üçün əkini daha keyfiyyətli aparırlar.
Taxıl elin sərvətidir. Bu sərvət nə qədər çox olsa, o qədər yaxşıdır. Taxıl bol olanda xarici ölkələrdən taxıl almağa ehtiyac qalmır. Alimlərimiz, elmi-tədqiqat institutlarımız bu sahədə daha səmərəli fəaliyyət göstərməli, qida sənayesi üçün lazım olan yeni, məhsuldar növlər yetişdirməlidirlər. Bunun üçün ölkəmizdə hər bir şərait var.
Seyran CAVADOV,
"Azərbaycan"