21 May 2022 01:01
621
İQTİSADİYYAT
A- A+

BTC-dən TAP-adək…

 

Nəhəng  neft-qaz layihələri Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşib

 

May Azərbaycanın yeni neft-qaz strategiyası tarixində əlamətdar hadisələrlə zəngin olan aydır. Belə ki, dünyaya səs salan qlobal layihələrimizdən bir  neçəsinin açılış və təməlqoyma mərasimləri məhz son iki onilliyin müxtəlif vaxtlarında həmin aya təsadüf edib.

2005-ci il mayın 25-də   Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin Azərbaycan hissəsi istifadəyə verilib.  Həmin gün Səngəçal terminalındakı baş nasos stansiyasından BTC-yə ilk neft axıdılıb.  Bütün regionun həyatı üçün mühüm  əhəmiyyət kəsb edən bu hadisə ilə bağlı Bakıda və Səngəçalda keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak ediblər.

BTC-ni üçüncü minilliyin nəhəng mühəndis qurğusu adlandırırlar. Çünki bu boru xətti bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər arasında öz unikallığı ilə seçilir. BTC haqlı olaraq dünya enerji təhlükəsizliyinin əsas elementlərindən biri sayılır.

Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçərək 1768 kilometr məsafə qət edən bu xəttin boruları bütün marşrut boyu torpaq altında basdırılıb. Bu da onun təhlükəsizliyini təmin edir. Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası da var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə də Azərbaycanın ərazisində - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə  Türkiyə ərazisindədir.

BTC-ni "Üç dənizin əfsanəsi", yəni Xəzəri, Qara dənizi və Aralıq dənizini birləşdirən polad kəmər də adlandırırlar. O, eləcə də xalqları və ölkələri bir-birinə yaxınlaşdırır. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik yol boyu uzanır.

Xatırladaq ki, BTC Ko.-nun səhmdarları bp (həm də operatordur, 30, 10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir.

BTC  tam sistem kimi 16 ilə yaxındır - 2006-cı ilin ortalarından fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. Kəmər istismara veriləndən bu ilin birinci rübünün sonunadək  ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Birinci rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə vurulub  və yola salınıb.

Hazırda BTC,  əsasən, "Azəri-Çıraq-Günəşli"  nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

İllər keçdikcə  BTC  daha böyük əhəmiyyət kəsb edir. Əvvəla ona görə ki, təkcə ölkəmizə deyil, bütün regiona gəlir, xeyir-bərəkət gətirir. Kəmər istismara veriləndən sonrakı illərdə ölkəmiz böyük həcmdə valyuta ehtiyatları əldə edib. Azərbaycan dövləti bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəldib.

Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişini tarixi hadisə adlandıran  Prezident İlham Əliyev  demişdir: "Əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi.  Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir".

BTC-nin bir əhəmiyyəti də ondan ibarətdir ki, özündən  sonra neçə-neçə digər layihəyə yol açıb. Başqa sözlə, BTC-dən başlanan yol geniş dəhlizlərə qovuşub. Yeri gəlmişkən, elə "Cənub qaz dəhlizi"nin açılış mərasimi də may ayında keçirilib. 2018-ci il mayın 29-da açılışı olan bu  layihə  Azərbaycana Avropanın enerji xəritəsini yenidən çəkməyə imkan verib.

"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti - TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) təməli isə 2016-cı il mayın 17-də qoyulub.  TAP  Avropaya yeni mənbədən və yeni marşrutla qaz axınıdır.  Kəmərin çəkilişi bir neçə il davam edib və onun istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi işə düşüb. 3500 kilometrlik bu dəhliz Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

TAP-ın təməli  Yunanıstanın Saloniki şəhərində qoyulub. Təməlqoyma mərasimində Azərbaycanın, Yunanıstanın, ABŞ-ın, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksəkvəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

TAP uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Belə ki,  TAP  uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

TAP-la ilk dövrlərdə Avropaya ildə 10 milyard kubmetr qaz çatdırılması nəzərdə tutulmuşdu. Sonrakı illərdə ixrac olunan mavi yanacağın həcminin artırılacağı da istisna deyil. Bunu  həm də istehlakçıların qaza  tələbatının artması gündəmə gətirir. Odur ki, son dövrlər  ən çox müzakirə olunan  məsələlərdən biri  TAP-ın genişləndirilməsidir.

Qeyd edək ki, TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir.

5 il əvvəl təməli qoyulan TAP-ın işə düşməsi və artıq ahəngdar fəaliyyət göstərməsi ölkəmiz üçün mühüm tarixi hadisədir. Regionun və Avropanın enerji təhlükəsizliyində önəmli əhəmiyyətə malik "Cənub qaz dəhlizi"nin sonuncu hissəsinin yekunlaşması həm də Azərbaycan qazını gözləyən bütün ölkələr, layihədə tərəfdaşlıq edən şirkətlər üçün böyük hadisə kimi dəyərləndirilir.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video