10 Yanvar 2023 01:02
682
Mədəniyyət
A- A+

Böyük ömrün səhifələri

 

İstər bir azərbaycanlı, Azərbaycan  Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi  inkişafına xidmət olmuşdur.

 

Heydər  ƏLİYEV

 

Böyük şəxsiyyətlər böyük, mənalı ömür yaşayırlar!

Ömrün böyüklüyü görülən işlərin miqyası, nəhəngliyi ilə  ölçülür.

Ömrün mənasını isə insanlara, bütövlükdə xalqa fayda, rahatlıq, xoş  güzəran  bəxş edən  əməllər təşkil  edir.

Bəşər tarixində əldə qılınc at belində, top-tüfənglə, tank-təyyarə ilə müharibələr apararaq qalib  gələnlər çox olub.

Dünyaya  ölkələr fəth edən, imperiya  quran  çoxlu  sərkərdələr də  gəlib gedib.

Ancaq  bu fateh  və sərkərdələrin bir qismi böyük  dövlətlər  yaratsalar da, xeyirxah və mərhəmətli insanlar  kimi  tanınmayıblar.

Bəlkə də əksinə...

Ulu Öndər Heydər Əliyev dünyada görkəmli şəxsiyyət və siyasi xadim kimi qəbul olunub, ölkəmizdə isə qurucu rəhbər, mərd və xeyirxah insan, müasir Azərbaycan dövlətinin banisi və yaradıcısı kimi ürəklərdə yaşayır və daim yaşayacaqdır.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan olunan 2023-cü ildə biz sevimli rəhbərimizi daim xatırlayacaq, onun dövlətimiz,  xalqımız naminə  gördüyü işləri bir daha  minnətdarlıqla yada salacağıq.

***

Heydər Əliyev xarizmatik şəxsiyyət idi!

Onun fitri istedadı, nadir işgüzarlıq qabiliyyəti, yüksək  təşkilatçılıq  bacarığı, qeyri-adi yaddaşı, parlaq və sinədəftər nitq  söyləmək məharəti vardı.

Bütün bunların sayəsində Ulu Öndər hələ yeniyetməlik və gənclik dövründən başqalarından fərqlənmiş, sadə və zəhmətkeş ailədən çıxsa da, ən yüksək vəzifəyə  çatmış, - superdövlət  sayılan  SSRİ-nin  rəhbərlərindən birinə çevrilmişdi.

Moskvada, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ  Nazirlər  Soveti sədrinin   birinci müavini  kimi çalışdıqda da  fərqlənmiş, dünyada   tanınıb məşhurlaşmışdır.

Həyatı, böyük  ömrü müxtəlif çətinliklər və  təlatümlərlə dolu  olmuşdur.

Heydər Əliyev vəzifə  olimpinin ən yüksək zirvəsinə çatan, sonra hər şeydən ədalətsizcəsinə məhrum edilən, bir kənara çəkilən, amma  yenidən Günəş kimi  parlayaraq Vətəninə və xalqına sonsuz  faydalar gətirən  nadir  şəxsiyyətlərdəndir!

Dünyada  belə görkəmli  simalar  barmaqla  sayılacaq  qədər az  olub!

Fəxr edirik ki,  Azərbaycan  xalqının  böyük  oğlu da  xalqının  ən  çətin, ən sınaqlı və ən ağır  günlərində  daim  onunla birgə  olub, dövləti və milləti  təhlükələrdən qoruyub, onun  müstəqillik arzusunu əbədiliyə və dönməzliyə çevirib.

***

Ulu Öndər Heydər Əliyev  iki dəfə Azərbaycana  rəhbərlik edib: sovet  dövründə  və müstəqillik illərində!

Hər iki  dövr bir-birindən kəskin  şəkildə  fərqlənir!

Təkcə  ayrı-ayrı ictimai-siyasi formasiya olmaları baxımından deyil, həm də  həmin dövrdə Azərbaycanda baş verən qeyri-adi hadisələr, inkişaf və təlatümlər, dövlətin  və  xalqın taleyi sarıdan da!

Dövr və zaman, hədəf və məqsədlər müxtəlif olsa da, Ulu Öndərimizin məramı bir olub: xalqa sədaqətlə xidmət, dövləti qorumaq və inkişaf etdirmək, insanları rifaha və  xoş günlərə  çatdırmaq!

***

Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə  rəhbər  seçiləndə ölkə geridə qalmış, aqrar respublika idi.

Heydər Əliyev Azərbaycan  KP MK-nın birinci  katibi vəzifəsinə  gələnədək  uzun bir həyat yolu keçmişdi.

Maraqlı və diqqətçəkən məqamlardan biri də  odur ki, Ulu Öndər Heydər Əliyev çalışdığı bütün vəzifələrdə  müəyyən  "korrektələr" aparmışdır. Yenilik və dəyişikliklər isə  mahiyyətcə xalqın  mənafe və maraqlarına xidmət etmişdir.

Dövlət Təhlükəsizliyi Komitəsi - təkcə  bu ad  adamların  canına  üşütmə salır, boğazlarını qurudurdu.

Bu ad həmişə repressiya, sürgün, həbsxana və digər cəzalandırma növlərinin sinoniminə çevrilmişdir.

Sovet hakimiyyəti yarandığı ilk gündən "proletariatın diktaturası" olduğunu elan etmiş,  insan  taleyini uşaq oyuncağına çevirmiş, kütləvi repressiya, terror və güllələnmə cəzasından gen-bol istifadə etmişdi.

Belə cəzaların icraçısı isə birbaşa bu qurumun adı ilə bağlı idi!

Ulu Öndər Heydər Əliyev gənc yaşlarından bu  "qorxulu qurum"da çalışmışdı.

Bir məqama da diqqət çəkirik ki,  adətən,  Dövlət Təhlükəsizlik Komitələrində yüksək  posta  qeyri-millətin nümayəndələri təyin  edilmirdi.

Ulu Öndər  Heydər Əliyev isə bəsirət və bacarığı  sayəsində  bu sahədə general  rütbəsinə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri  vəzifəsinə  yüksəlmişdi.

Həmin dövrdə kütləvi həbslərə və sürgünlərə son  qoyulsa da, "dissident" ovu davam edirdi.

Mövcud quruluşdan narazı olanlar, başqa cür düşünənlər müxtəlif bəhanələrlə həbsxanalara atılır, cəmiyyətdən təcrid  olunurdular.

Ulu Öndərin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə bir nəfər belə dissident damğası ilə həbsxanaya atılmadı!

Halbuki  gənclər  arasında kifayət qədər  başqa cür düşünən və bunu müxtəlif  formada ifadə edənlər az deyildi!

***

Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə də xalqına və millətinə daim  fayda verməyi bacardı.

SSRİ-də bütün  imkanlar mərkəzin - Kremlin maraqlarının təmininə xidmət edirdi.

Dövlətin - 14 müttəfiq respublikanın bütün qazancı  mərkəzdə  yerləşən "ittifaq büdcəsi"nə toplanır, sonra  oradan respublikalara "pay"  ayrılırdı.

"Pay"  ayırmalarının da xüsusi  qayda və prinsipləri vardı.

Ulu Öndər Heydər Əliyev sovet quruluşunun incəliklərini dərindən bildiyindən ondan  Azərbaycanın  və  Azərbaycan xalqının  necə  bəhrələnməsini də təmin edirdi.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə gördüyü  nəhəng işlərin bir  qismini  qısa  şəkildə xatırlayaq:

*  Dövlət planlarının yerinə yetirilməsini təmin  edərək daim ittifaq  büdcəsindən ölkəyə nəzərdə tutulan, bəzən  daha artıq  vəsaitin ayrılmasına nail olurdu;

* Neft sənayesindəki gerilik aradan qaldırıldı və yeni  inkişaf  dövrünə qədəm qoyuldu;

* Kənd təsərrüfatının  sürətli inkişaf dövrü başladı;

* Azərbaycan kəndinin  siması əsaslı şəkildə  dəyişdi, kənddə  həyat  səviyyəsi və rifah halı xeyli yüksəldi;

* Bakıda çoxsaylı yaşayış binaları tikildi, yeni  mikrorayonlar salındı;

* Yeni ali təhsil ocaqları yaradıldı, mədəniyyət obyektləri, kitabxanalar, muzeylər tikildi;

* Nadir ixtisaslar üzrə SSRİ-nin digər şəhərlərindəki ali məktəblərdə dövlət hesabına mütəxəssis  hazırlığı həyata  keçirildi.

* Zabit  kadrlarının hazırlanması işinə başlandı;

* Yüzlərlə insan orden və medallar, fəxri adlar, dövlət  mükafatları ilə təltif edildi və s.

***

Azərbaycanın dövlət müstəqilliyi çox çətin və ağır dövrə düşdü!

Vəziyyəti gərginləşdirən səbəblərdən biri  də xalqın öz  sınanmış oğlundan  ayrı düşməsi, maymaq, qorxaq, naşı və səriştəsiz rəhbərlərin əlində qalması idi.

Dünyanın işinə bax ki, respublikanın ozamankı rəhbərləri Heydər Əliyevə öz əli ilə tikib qurduğu Bakıda yaşamağa belə imkan və şərait  yaratmadılar.

Lakin Azərbaycan fəlakət həddinə çatanda, xalq  dövlətin və müstəqilliyin xilası üçün öz rəhbərinə  müraciət  edəndə Ulu Öndər Heydər Əliyev bu  çağırışa  biganə qalmadı!

Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə də tarixə yazılacaq bir çox uğur və nailiyyətlərə imza atdı:

* Azərbaycanı kiçik xanlıqlara parçalanmaqdan, müstəqilliyini itirməkdən, xaos və anarxiyadan  xilas etdi;

* Müstəqilliyimizi əbədiliyə çevirdi;

* "Əsrin müqaviləsi" neft kontraktını imzalamaqla Xəzər neftini dünya üçün  yenidən kəşf etdi;

* Bakı-Tibilisi-Ceyhan əsas ixrac  boru  kəmərinin çəkilişini reallaşdırmaqla Azərbaycan neftinin qeyri-ənənəvi marşrutla dünya bazarına çıxarılmasına nail oldu;

* Bakı-Tbilisi-Ərzurum qaz ixracı boru kəmərinin çəkilişinə start verilməsi, əslində, Azərbaycanın Avropaya  qaz  ixracının  başlanmasının əsasına çevrildi;

* Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul olundu;

* Ordu quruculuğu prosesinə başlanıldı;

* Yeni Konstitusiya  hazırlanaraq qəbul edildi;

* Sərbəst bazar iqtisadiyyatına keçidi şərtləndirən əsaslı islahatlar aparıldı və s.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə  gördüyü nəhəng işlər arasında iki mühüm  məqamı xüsusi  qeyd etmək istəyirik:

* Azərbaycanın  sürətli, davamlı və sabit inkişafını təmin  edən doğru  istiqamətin  - Heydər Əliyev siyasi kursunun müəyyən  edilməsi;

* Ulu Öndərin siyasi varisinin yetişdirilərək xalqın və dövlətin gələcək taleyinin etibarlı əllərə tapşırılması!

***

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  34 il ərzində saysız-hesabsız işlər  görülmüş, fabrik və zavodlar, yeni  müəssisələr tikilib istifadəyə verilmiş, kəndlər, şəhərlər  yenidən qurulub abadlaşdırılmış, yüz minlərlə gənc  təhsil  alıb əmək  fəaliyyətinə  başlamış, insanların həyatı əsaslı şəkildə yaxşılaşmış, vəzifə pillələri  ilə irəliləmiş, özlərinə xoş güzəran  qurmuşlar.

Heydər Əliyevin bilavasitə rəhbərliyi altında işləyənlər, onunla haçansa təmas quranlar, səxavət və comərdliyindən bəhrələnənlər böyük rəhbəri heç zaman unutmamış, onun xeyirxahlıqlarını və gördüyü işləri daim minnətdarlıqla xatırlamışlar.

Bütövlükdə  Heydər  Əliyevin ictimai-siyasi və dövlət  rəhbərliyi ilə bağlı çoxsaylı məqalələr, əsərlər yazılmış,  cild-cild kitablar buraxılmışdır.

Yeni Azərbaycan Partiyası uzun illər boyu yazılan məqalələrin toplanaraq ayrı-ayrı kitablara çevrilməsi sahəsində səmərəli işlər görmüşdür.

Heydər Əliyev  Fondu da bu  məsələyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Heydər Əliyevin bir insan kimi fəaliyyəti, böyük ürək sahibi və qayğıkeş rəhbərliyi, ayrı-ayrı insanlara xüsusi mərhəməti, çətinliyə düşənlərə daim əl  uzatması  ilə bağlı saysız-hesabsız faktlar da  mövcuddur.

Bu tip xatirələrin toplanması, qələmə alınması və  kitablara çevrilməsi missiyasına "Azərbaycan" qəzeti xüsusi həssaslıqla yanaşmışdır.

Qəzetimizdə "HEYDƏR ƏLİYEV MƏNİM  HƏYATIMDA" adlı  xüsusi  rubrika açılmış, müxtəlif insanların müxtəlif dövrdə Ulu Öndərlə bağlı xatirələri sistemli şəkildə dərc edilmişdir.

Çox keçmədən "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" adlı ilk  kitab (Bakı, "Təhsil" nəşriyyatı, 2005, 372 səh.) işıq üzü  görmüşdür.

Kitab  böyük maraqla qarşılanmış, cəmiyyətdə  güclü əks-səda  doğurmuşdur.

Ayrı-ayrı insanlar  redaksiyaya gəlir,  məktublar  vasitəsilə Ulu Öndər haqqında  ən qiymətli və əziz xatirələrini bölüşür, həyatlarında xüsusi rolu olmuş  bu böyük şəxsiyyət barəsində ürək sözlərini və minnətdarlıq duyğularını  oxucularımıza  çatdırmaq  istəklərini söyləyirdilər.

Uzun illər davam edən bu rubrikada gedən materialların məzmunu və dəyəri, Ulu Öndərin bir insan kimi əzəmətini göstərən real faktların insanlar tərəfindən məhəbbətlə anılması "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" adlı daha bir  ikicildliyin (Bakı, 2013, 396 səh. və Bakı, 2013, 184 səh.)  yaranması ilə  nəticələndi.

***

Bu il  Azərbaycanda və dünyanın bir sıra ölkələrində Ulu Öndər Heydər Əliyevin  100 illik yubileyi təntənə ilə  qeyd ediləcəkdir.

Dövlət başçısı cənab İlham Əliyev bu münasibətlə xüsusi tədbirlər planı  imzalamışdır.

Qələm əhli olaraq biz də Ulu Öndərimiz haqqında xatirələrin oxuculara çatdırılmasını özümüzə mənəvi borc sayırıq.

Heydər Əliyevlə görüşmüş, rəhbər səxavətindən bəhrələnmiş və bu barədə  işıqlı xatirələrini yazmış insanların  bir çoxu artıq əbədiyyətə qovuşmuşdur.

Faktlar və hadisələr isə daim tarixdə yaşayır.

"Azərbaycan"  qəzeti yubiley ilində yenidən "HEYDƏR  ƏLİYEV  MƏNİM HƏYATIMDA" rubrikasını davam  etdirərək  ayrı-ayrı  insanların müxtəlif dövrlərdə söylədiklərini  yeni  nəsillərə də çatdırmaq  məramındadır.

Beləliklə, oxucu marağını nəzərə alaraq "HEYDƏR ƏLİYEV MƏNİM HƏYATIMDA" kitablarında  çap olunmuş bəzi  xatirələri yenidən dərc edirik. Bu silsilədə ilk məqalə olaraq Ulu Öndər Heydər Əliyevin 87 il öncə Naxçıvan Pedaqoji Texnikumunda birgə təhsil aldıqları Zərqələm Əliyevanın xatirələrini çap edirik.

Ən böyük istəyimiz isə bu xatirələrin ingilis, rus, ərəb dillərinə tərcümə olunaraq yenidən  kitab halında nəşr edilməsidir.

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video