27 Sentyabr 2022 01:43
626
CƏMİYYƏT
A- A+

Bir kəndin iki şəhidi

 

2003-cü il iyunun 16-sı səhərin gözü Lənkəranın Şağlaser kənd sakinləri üçün qara xəbərlə açıldı. Ağadadaş kişinin oğlu İqbalın cəbhə bölgəsində həlak olması xəbəri böyükdən-kiçiyə bütün kənd əhlini sarsıtmışdı. 
Ağadadaş kişi halal adam olub. Uzun müddət yerli təsərrüfatda sürücü işləyib, zəhmətlə dolanıb və övladlarını da bu yolla böyüdüb. Hamı onu el-oba təəssübünü çəkən, xeyrə-şərə yarıyan yaxşı insan kimi tanıyıb.
Günün ikinci yarısında Şağlaser camaatı daha bir şəhid övladını son mənzilə yola salırdı. "Daha bir şəhid" ifadəsini mən əbəs yerə işlətmədim. Şağlaserin sayseçmə oğullarından Rəfael Ağayev 1988-ci ilin dekabr ayında, Asif Əsədullayev 1990-cı ilin müdhiş 20 yanvar gecəsində, Mütəllim Fərəcov isə 1998-ci il may ayının 15-də Qarabağ uğrunda döyüşlərdə şəhid olublar. İndi budur, şəhidlik qisməti boylu-buxunlu, pəhləvan cüssəli İqbalın qismətinə düşmüşdü. Kənd qəbiristanlığında baxışlar kədərli, üzlər qəmli, gözlər nəmli idi...
İqbal Həsənov 1983-cü il sentyabrın 30-da anadan olmuşdu. Tanıyanlar, bilənlər söyləyirlər ki, İqbal özünə, sözünə güvənən oğlan idi. Mayası zəhmətdən yoğrulmuşdu. Beş qardaş, altı bacı idilər. Ailədə sonbeşik olan İqbal heç kimə yük olmaq istəmirdi. Sərbəstliyə, müstəqilliyə can atırdı. Elə bu məqsədlə də orta məktəbin 9-cu sinfində təhsilini yarımçıq saxlayıb Rusiyaya qazanc dalınca yollandı. 18 yaşı tamam olanda Vətənə qayıdıb könüllü əsgər getdi. Evə ancaq xoş sorağı gəlirdi. Bir neçə dəfə komandirlərindən alınan məktublarda İqbalın nümunəvi və intizamlı bir əsgər olduğu, döyüş tapşırıqlarına layiqincə əməl etdiyi bildirilirdi. Tərxis olunacağı barədə sərəncamın verilməsinə cəmi bir həftə qalırdı...
İyunun 15-də Milli Qurtuluş günü səhər erməni daşnakları atəşkəs sazişini xaincəsinə pozaraq İqbalın qulluq etdiyi Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonundakı hərbi hissəsinin mövqelərini atəşə tutdular. Düşmənlə əsl ölüm-dirim mübarizəsinə girişən əsgərlərimiz ermənilərin cavabını layiqincə verərək onları susdurmağa müvəffəq oldular. İqbal bu döyüşdə fədakarlıq göstərib, düşmən tərəfə sarsıdıcı zərbələr endirdi. Amma çox təəssüf ki, o, namərd erməni snayperindən yayına bilmədi. Düşmən gülləsinə tuş gələn İqbal Həsənov qəhrəmancasına həlak oldu. Vətən torpağı, xalqının qeyrəti uğrunda şəhid olan lənkəranlı balasının həyat yolu beləcə əbədiləşdi, sonsuzluğa qovuşdu və müqəddəsləşdi...
***
İqbalın vəfatının düz 40-cı günündə daha bir faciəli xəbər Şağlaser camaatını sarsıtdı. Kənd qəbiristanlığı bu dəfə Milli Ordunun baş leytenantı Zaur Qubad oğlu Nurullayevi öz ağuşuna aldı. 
Zauru yaxşı tanıyırdım. Düz iki il - 1994-1995-ci illərdə Şağlaser kənd tam orta məktəbində onun oxuduğu 9-10-cu siniflərdə Azərbaycan dili və ədəbiyyatı fənlərindən dərs demişdim. Zaur müəyyən xüsusiyyətlərinə görə həmyaşıdlarından bir qədər fərqlənirdi. O, boy-buxununa, qədd-qamətinə görə sinif yoldaşlarından yaşca böyük görünürdü. Erkən siqaret çəkməyi də bəlkə bundan irəli gəlirdi. Sinifdə ara-sıra Qarabağdan söhbət düşəndə Zaur böyüklərə məxsus ciddi görkəm alaraq: "Darıxma, müəllim, bir gün gələr, gedib ermənilərin dədəsini yandıraram!", - deyərdi.
Onuncu sinifdə Zaur artıq öz gələcək həyat yolunu müəyyənləşdirmişdi: o, Həzi Aslanov adına Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbinə daxil olmaq fikrində idi.
Elə Zaurun öz istədiyi kimi də oldu. 1995-ci ildə orta məktəbi bitirərək hərbi məktəbə imtahan verib kursant adına layiq görüldü.
Yuxusuz gecələr, gərgin keçən məşğələlər, təlim-məşq toplantıları bu lənkəranlı balasının iradəsini heç cür qıra bilmədi. O, çətinlikləri, əzab-əziyyətləri kişi kimi dəf etməklə daha da mətinləşdi, bərkidi.
1999-cu ildə Zaur, nəhayət ki, komandir diplomu ilə birbaşa cəbhəyanı bölgəyə göndərildi. Tezliklə burada onu bacarıqlı istehkamçı zabit kimi tanımağa başladılar. Zaur  mərdliyi və şücaəti ilə həm komandirlərin, həm də əsgərlərin diqqətini özünə cəlb etdi, hamının hörmətini qazandı. 
Zaur Nurullayev torpaqlarımızn tezliklə azad olunacağına inanırdı. Təəssüf ki, özü həmin günlərə qədər yaşaya bilmədi. 2003-cü il iyulun 22-də hərbi tapşırığı yerinə yetirərkən minaya düşərək həlak oldu.
Zaurun parlaq gələcəyi vardı. O, bəlkə də haçansa general olacaqdı. Amma 25 yaşında vaxtsız ölüm ona bu imkanı vermədi. İndi ruhu Vətən göylərində dolaşan Zaurun generaldan da ali rütbəsi var: şəhidlik rütbəsi! Bu rütbəni qazanmaq isə hər kişinin işi deyil. 
Haradasa oxumuşdum: "Elə yaşamaq lazımdır ki, öləndən sonra da yaşaya biləsən". Şəhidliyi ilə xalqın ürəyində özlərinə əbədi məskən salan İqbal Həsənov və Zaur Nurullayev kimi Vətən övladları məhz belələrindədir. Qədirbilən Azərbaycan xalqı özünün qəhrəman övladlarının xatirəsini həmişə əziz tutub yaşadacaq.

Ağaddin BABAYEV,
"Lənkəran" qəzetinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video