30 Noyabr 2021 01:00
782
Mədəniyyət
A- A+

Biləsuvarda keçirilən bu festival fərqli bir tədbir idi

 

Səhər saat 9 radələridir. Payızın küləkli, yağışlı-çiskinli havasından sonra doğan günəş öz zərrin şüalarını ətrafa səpələyir. Havanın belə ürəyəyatan olması insanlarda xoş ovqat, yüksək əhvali-ruhiyyə yaratmışdır.

Biləsuvar şəhərindən, rayonun qəsəbə və kəndlərindən adamlar axın-axın Heydər Əliyev parkına gəlirlər. Burada isə hər kəs öz işi ilə məşğuldur. Hamı birazdan başlanacaq tədbirdə milli mətbəximizin dadlı-ləzzətli nümunələrini təqdim etmək üçün hazırlıq görür. Kişilər samovara od salır, kabab çəkmək üçün manqaldakı kömürü yandırır, hindquşu ətini kəsib-doğrayaraq şişə çəkir, qadınlar isə yaydıqları yuxaları bişirmək üçün sacın altını qalayırlar. Rayon musiqi kollektivlərinin Qarabağ, Qələbə, vətənpərvərlik haqqında ifa etdikləri nəğmələr ətrafa yayılır. Bakıdan gələn bir neçə şirkət öz məhsullarını, eləcə də yerli qadınlar hazırladıqları salat və xörəkləri nümayiş etdirirlər. Məktəbyaşlı uşaqlara şirin içkilər, döş nişanları, şirniyyatlar, Amerika guşəsində isə qələmlər paylanır. “Aznar” QSC-nin məhsulları qonaqların diqqətini daha çox cəlb edir. Şirkətin nümayəndəsi İlqar Quliyev maraqlananlara məlumat verir ki, guşədəki şirələr, mürəbbələr, narşərablar hamısı Göyçayın meyvələrindən hazırlanıb.

Tədbirin başlanmasına müəyyən qədər vaxt qaldığını bildikdə festivalın keçirilməsi haqqında məlumat əldə etmək istədik. Bir xanımı işarə verdilər. Həmin xanım isə ərazi boyu çalışan adamlara göstərişlər verirdi. Özümüzü təqdim edərək festival haqqında məlumat almaq istədiyimizi bildirdik. “İndi açılış olacaq. Birazdan boş vaxt tapan kimi mən özüm sizə yaxınlaşaram”, - dedi.

Bir neçə dəqiqədən sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və həmin xanım - Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyinin yaradıcısı Fəxrəndə Həsənzadə festivalı açaraq qonaqlara xoş istirahət arzuladılar. Açılışdan sonra F.Həsənzadə işlərinin çox olmasına baxmayaraq, bizə ətraflı məlumat verdi. Öyrəndik ki, Bakıdan festivala 50 həvəskar aşpaz gəlib.

Fəxrəndə xanım dedi ki, təşkilat 2017-ci ildə yaranmışdır və düz bir il öncə təsis etdiyi təşkilatın rəhbəri kimi Biləsuvar rayonuna gəlib, Vətən müharibəsində həlak olan şəhid ailələri, habelə qazilərlə görüşüb, onlara imkanı daxilində kömək etməyə çalışıb: “Burada olarkən rayon rəhbərliyi ilə söhbət zamanı Biləsuvarda yetişdirilən hindquşuların dadlı-ləzzətli olduğu barədə eşitdim. Rayon rəhbərliyinə təklif etdim ki, növbəti il noyabr ayının sonunda hindquşu festivalı keçirək. Rayon icra hakimiyyətinin başçısı da etiraz etmədi. Bu gün həmin tədbirimizi reallaşdırırıq. Bakıdan gələn həvəskar aşpazlar, habelə şirkətin nümayəndələri hindquşundan hazırlanmış müxtəlif xörəklər təqdim edirlər. Bildiyimiz kimi, digər yayonlarda da milli mətbəximizlə əlaqədar belə festivallar keçirilir. Biləsuvardakı bugünkü festival isə sırf hindquşundan hazırlanan yeməklərin nümayiş etdirilməsi məqsədilə təşkil olunub. Yeri gəlmişkən bildirim ki, tədbirimizə ABŞ-ın Azərbaycandakı səfirliyi sponsorluq edir”.

Fəxrəndə xanım onu da vurğuladı ki, hər il noyabrın sonuncu həftəsinin cümə axşamı Amerikada Şükranlıq bayramı qeyd olunur və həmin bayramda 47 milyon hindquşu kəsilir.

Orta yaşlı bir qadın bizə yaxınlaşır. Fəxrəndə xanıma: “Çox yaxşı tədbirdir. Minnətdaram ki, məni də dəvət etmisiniz. Mən də Biləsuvardan olan şəhid ailələrinə, qazilərə təmənnasız xidmət etməyə həmişə hazıram”, - deyir. Tanış oluruq. Məlum olur ki, İradə xanım Abdullayeva həkim-oftalmoloqdur.

Bu arada Bakıdan gələn evdar qadınlardan Yuliya Əsgərova və Rəna Səlimova Fəxrəndə xanıma hindquşu ətindən hazırlayıb gətirdikləri yeməklər barədə məlumat verirlər.

Saat 12 radələridir. Qonaqlar musiqi sədaları altında rəqs edir, şənlənir, deyib-gülürlər. Yerli həvəskar aşpazların bişirdikləri hindquşu kababının qoxusu ətrafı bürüyüb. Festivala gələnlər kababdan götürüb parkdakı ağacların altında qoyulmuş masaların arxasında əyləşir, şirin söhbət edə-edə kababdan dadırlar.

İki azyaşlı oğlan uşağı diqqətimizi cəlb edir. Onlara yaxınlaşırıq. Ataları da yanlarındadır. Öyrənirik ki, Nəsimikənd sakini Elnur Kazımdır. Vətən müharibəsi iştirakçısıdır. Hər iki oğlunun gələcəkdə Azərbaycan Ordusunda xidmət etməsini görmək arzusundadır.

Parkın bir tərəfində nərd yarışı keçirilir. Başqa bir tərəfdə isə kənd adamları ev təsərrüfatlarında bəslədikləri hindquşlarını nümayiş etdirirlər.

Axşamacan davam edən festival onu göstərdi ki, başa çatmaqda olan 2021-ci ili uğurla yola salan biləsuvarlılar yaxşı işləməklə yanaşı, yaxşı istirahət etməyi də bacarırlar.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video