08 Iyun 2022 00:44
1590
Mədəniyyət
A- A+

Beşbarmaq mistikası Peyğəmbərlərin görüş məkanı, müqəddəs ziyarətgah, tarixi istehkam...

 

Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun mövcud durumu hələ ki, ürəkaçan deyil

 

Paytaxtdan üzü şimala doğru gedəndə yollar, əsasən, düzənliklərlə dövrələnir. Lakin çox da uzaq olmayan məsafəni qət etdikdən sonra yolun solunda sanki səmaya uzanan əlin beş barmağını xatırladan dağ silsiləsi diqqəti çəkir. Magistral yoldan dağa kifayət qədər məsafə olsa da, əzəmətindən adama elə gəlir ki, bircə əlini uzatsan zirvəyə toxunub göylərə ucalacaqsan....

Söhbət Bakıdan cəmi 95 kilometrlik məsafədə yerləşən Beşbarmaq dağından gedir. Bu dağ haqqında çoxlu fərziyyələr, maraqlı tədqiqatlar var. Dağ silsiləsi eyni zamanda  müqəddəs ziyarətgah hesab olunsa da, tarix və mədəniyyət nümunəsi kimi də önəm daşıyır. 2020-ci il iyunun 8-də isə Prezident İlham Əliyevin sərəncanımına əsasən, həmin ərazidə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb.

Bu gün qoruğun yaradılmasından 2 il ötür. Elə biz də bu minvalla yolumuzu qoruqdan salıb  hazırkı vəziyyəti ilə maraqlandıq.

 

Beşbarmağın tarixinə qısa nəzər

 

Beşbarmaq dağı və onun adının etimologiyası haqqında bir çox fərziyyələr, hekayələr mövcuddur. Bəlkə də onların heç biri həqiqəti əks etdirmir. Belə ki, yazılı mənbələrdə bu toponimin mənşəyi Bərməki tayfasının adı ilə izah olunur. Məsudinin "Qızıl yuyulan yer və cəvahirat mədənləri" əsərində "Bərməki" adı ilə tanınan daş səddən bəhs edilir. Abbasqulu ağa Bakıxanov isə "Gülüstani-İrəm" əsərində Quba nahiyəsinin cənubunda yerləşən Bərməki mahalı haqqında məlumat verir. Deyilənlərdən də aydın olur ki, bu dağlarda yaşayan Bərməki tayfasının adı ilə bağlı olan məkan sonralar dəyişikliklərə uğrayaraq Beşbarmaq ifadəsi kimi dillərdə dolaşıb.

Dağın müqəddəsliyi barədə isə Quranın "Kəhf" surəsində məlumat verilir. Bu surənin ayələrində Musa peyğəmbərin Xızır peyğəmbərlə görüşü haqqında qeydlər öz əksini tapıb. Burada Xızır peyğəmbərin adı çəkilməsə də, Quranın dilimizə edilən tərcümələrində və 1987-ci ildə Ankarada nəşr edilmiş "Dünya və islam tarixi" kitabında da Həzrəti Məhəmməd peyğəmbərdən Musa peyğəmbərin kiminlə görüşdüyü sual ediləndə həmin şəxsin Xızır olduğu yazılıb. İncildə "Musa qayası" adlandırılan Beşbarmaq dağı xalq arasında "Xızır baba", "Xıdır zində" piri kimi də tanınır.

Dağın tarixi əhəmiyyətinə gəlincə isə ilkin Orta əsr yazılı qaynaqlarda Beşbarmaq səddi haqqında bir sıra məlumatlar yer alır. Tarixçilər Yegişe və L.Parpetsinin qeydlərində bu müdafiə divarlarının albanlar və hunlar arasında salınmış istehkam olduğu nəzərə çatdırılır. V əsrin birinci yarısında Albaniya və Sasani dövlətləri tərəfindən inşa edilən səddin 452-ci ildə hunlar tərəfindən dağıdıldığı ehtimal edilir. Sədd dağıdıldıqdan sonra yerində yenisi inşa edilməyib, əvəzində isə Gilgilçay boyunca Şabran müdafiə qalası tikilib.

1925-ci ildə Beşbarmaq müdafiə səddinin qalıqlarını tədqiq edən arxeoloq Yevgeni Paxomov müəyyən etmişdir ki, bu tikili Abşerondan şimal hissədə yerləşib, sahil boyu 1,75 milometr uzunluğunda məsafəni əhatə edərək dənizə yaxın ərazidədir. Bu yerdə dağın ətəyindən başlayaraq bir-birindən 220 metr aralı iki paralel gil sədd uzanır. V əsrdə I Qubad onları Xəzər dənizi ilə Qafqaz dağlarının qolları arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirib. Yazılı mənbələrin verdiyi məlumatlar onu deməyə əsas verir ki, Beşbarmaq dağı və ətraf əraziləri maddi mədəniyyət nümunəsi kimi xalqımızın sərvətlərindəndir.

 

Müqəddəs görüş zirvəsində

 

Xəzərin sahili ilə getdiyimiz yoldan burulub Beşbarmaq dağına qalxan yoxuşla dağın ətəklərinə çatırıq. İndi qarşıda daha nəhəng sinəsi sıldırım qayalı  bir dağ görünür. Lakin bura hələ yolun başlanğıcıdır...

Səmaya və dənizə eyni anda baxmaq hər nə qədər qəliz olsa da, Beşbarmaq dağının yamacından bu xariqənin seyrinə çıxmaq həqiqətdir. Bura elə bir hizada yerləşir ki, sanki buludlarla suyun uzanıb bir-birinə qovuşduğu o üfuq çılpaqlığı ilə göz qabağında canlanır. Buranın hər zaman bir qonağı da var. Dənizdən gələn bu həzin mehin ahəngi ilə ətrafdakı otlar titrəyir, saçlar dalğalanır, dualar səmaya qalxır. Burada saatlarca yorulmadan durmaq olar. Ancaq zirvəni də görmək lazımdır.

Dağın uca qatına çıxmağı qərara aldıqda bizə bu yolda qoruğun bələdçisi Mirsaleh Həsənov yoldaşlıq edir. Dik pillələrlə qalxdıqca hər addımda səmaya bir az da yaxınlaşırıq və yaz günəşinin hərarəti yuxarılarda daha çox alovlanmağa başlayır. Nəhayət, gəlib o müqəddəs zirvəyə çatırıq...

İçəri girdikdə fərqli bir enerjinin cərəyanı ilə qəflətən sükut çökür. Elə bu andaca Mirsaleh Həsənov söyləyir ki, diləkləri etmənin tam zamanıdır. Gözlər yumulur, arzu, istəklər bir-birini qabaqlayaraq, birləşib səmaya doğru yol alırlar.

Bu məqamın müqəddəsliyindən elə yerində söhbət açan Mirsaleh Həsənov bildirir ki, Nuhun dövründə dünya suyun içində olduğu vaxtda Qara dənizlə Xəzərin bu hissədə qovuşduğu söylənilir: "Həmin vaxtdan, su tədricən çəkildikdən sonra Musa ilə Xızır peyğəmbər məhz bu hissəyə gələrək görüşüb ibadətlər ediblər. Məqamın isə bura, yəni iki qayanın arası olduğu qeydlərə əsasən təxmin edilir. Bununla da Beşbarmaq müqəddəs ibadətgaha çevrilərək günümüzün inanclı yerlərindən biri hesab edilir".

Bələdçi qeyd edir ki, əvvəlcə iki qayanın arasındakı bu hissəyə çıxmaq, dayanıb ibadət etmək olduqca çətin idi. Xüsusilə dağın bir tərəfi maili olduğundan buraya qalxdıqda riskli vəziyyət yaranırmış. Otağın tikilməsi onun təşəbbüsü ilə olsa da, xeyirxah insanların ianələri hesabına işlər davam etdirilib və 2009-cu ildə tikinti tamamlanıb. Ziyarətgah otağının yanında iki qayanın təbii əmələ gətirdiyi boşluqda isə qadınlar üçün namaz otağı hazırlanıb.

Belə uca bir yerə asanlıqla çıxa bilməkdə qayaların üzərində tikilən pilləkənlər yardımçı olur. Mirsaleh Həsənov vurğulayır ki, 2000-ci ildən başlayaraq ardıcıl olaraq lazımi vasitə olan pillələrin tikilməsi yönündə tədbirlər görülüb. Son olaraq, əl tutacaqları  2017-ci ildə quraşdırılıb. Bununla da insanların ali məqama qalxıb ibadətlərini etməyə uyğun şərait yaradılıb. Buradakı əsas məsələ isə bütün bu işlərin məhz əhalinin, Beşbarmaq dağını ziyarətə gələn şəxslərin ianələri hesabına görülməsidir.

Ziyarətə gələnlərdən söhbət açmışkən, bələdçi deyir ki, ildən-ilə gələnlərin sayında azalmalar müşahidə edilir: "Əsasən, 2012-ci ildən etibarən bu halla daha çox rastlanılır. Həmin vaxtlarda gündəlik ziyarətçilərin sayı 5-6 minə qədər idisə, hazırda 10-15 nəfər səviyyəsinə enib. Həftəsonları sayda qismən artım olsa da, əvvəlki maraq hiss edilmir. Əslində, bu problemə bir yox, bir neçə nüans səbəb olub. İnsanlar arasında aparılan antitəbliğat, buradakı dilənçilərin gələn ziyarətçiləri narahat edib xoşagəlməz vəziyyət yaratması və digər məsələlər bir növ gələnləri "küsdürüb".

Beşbarmaq dağının soraqları xarici ölkələrə qədər yayılıb. Bunun nəticəsində də turistlərin seçim etdiyi dini inanc yerlərindəndir. Dağa ən çox gələn ziyarətçilər arasında ruslar, hindistanlılar və pakistanlılar yer alır. Yəhudilər isə Beşbarmaq dağına xüsusi rəğbətlə yanaşır, ölkəmizə səfərləri zamanı Xızır peyğəmbərin məqamına baş çəkmədən geri qayıtmırlar.

 

Erkən Tuncdan yadigar məskən

 

Müqəddəs zirvədə dualarımızı edib gəldiyimiz yolla aşağı enirik. Beşbarmaq dağının qoruq statusunu aldıqdan sonra tarixi əhəmiyyətli yer kimi arxeoloji cəhətdən tədqiq olunmasına şərait yaranıb.

Öncəliklə onu bildirək ki, Erkən Orta əsrlər dövrünə aid Beşbarmaq dağına paralel müdafiə səddi "Xəzər sahil mühafizə konstruksiyaları" daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi-mədəni irsin ilkin siyahısına daxil edilib. Yəni bura müqəddəs bir məkan kimi əhəmiyyətindən savayı, əslində, Son Tunc - İlk Dəmir dövrünə aid yaşayış yeri, İlk Orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları ilə olduqca önəm kəsb edir. Məhz bu kimi amillər Beşbarmaq dağına diqqətin ayrılmasının nə qədər mühüm olduğunu aydın şəkildə göstərir.

2020-2021-ci illər ərzində dağın ətəyində arxeoloji qazıntılar aparılıb və bir sıra əhəmiyyətli nümunələr aşkar edilib. Qazıntılara rəhbərlik edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sevinc Hüseynova məlumat verir ki, qazıntılar həm 1-ci terrasda, həm də 2-ci terrasda aparılaraq nəticədə qala divarları, qala bürcləri və qala divarları daxilində yaşayış evləri aşkar edilib. Tədqiqatlar nəticəsində Orta əsrlərdə verilən məlumatlardan (4 qala bürcünün olduğunu qeyd edirdilər) fərqli olaraq, buradan birinci terrasda 4, ikinci terrasda isə 1 qala bürcü olmaqla, 5 qala bürcü tapılıb. Quruluşa gəldikdə, bu qala düzbucaqlı formada tikilib, şimal və şərq tərəflərdən dik qaya ilə, cənub və qərb tərəflərdən isə qala divarları ilə əhatə olunub. Qala divarları Erkən Orta əsrlərdə tikilsə də, xarici hücumlar nəticəsində dağıdılmış və yenidən bərpa edilmişdir. Zamanla qala divarlarındakı müşahidə edilən dəyişiklikləri onların tikintisindən də aydın izləmək olur.

Qala divarlarına bitişik evlərdə su tüngləri, təsərrüfat küplərinin hissələri və təndirlər də üzə çıxıb. Bunlar da onu deməyə əsas verir ki, təsərrüfat və sənətkarlıqdan geniş istifadə edilib. Tədqiqatçı vurğulayır ki, tapıntılar arasında Orta əsrlərə aid şirli və şirsiz keramika nümunələri tunc bəzək əşyaları (medalyon, üzük), dəmirdən hazırlanmış əşyalar da aşkar olunub. Bunlar arasında əsas diqqəti cəlb edən Erkən Tunc dövrünə aid olan saxsı qabların fraqmentləridir. Buna əsasən qeyd etmək olar ki, burada daha qədimdə, yəni Erkən Tunc dövründə yaşayış olub.

Sevinc Hüseynova həmçinin bildirir ki, tədqiqatlar Beşbarmaq dağından cənub tərəfdə də aparılıb. Nəticədə qalıqlardan məlum olub ki, tikili XIX-XX əsrin əvvəllərinə aiddir. Burada digər bir xüsusi məqam isə evlərin divarlarının tikintisində daha əvvəlki dövrlərə məxsus olan sənduqələrdən (qəbirüstü daş) tikinti materialı kimi istifadə olmasıdır. Tapılan həmin sanduqələrdən bir qismi isə 2-ci terrasda tikilmiş məscidin yanında qoyularaq nümayiş etdirilir.

Qeyd edək ki, hazırda tədqiqat işləri dayandırılıb, davam etdirilməsi gözlənilir. Son olaraq, arxeoloq xüsusilə diqqətə çatdırır ki, aparılan araşdırmalar Beşbarmaq dağının hələ Tunc dövründən etibarən müqəddəs məkan olduğu ehtimalını yaradır. Geriyə isə tədqiqatların nəticələri ilə həqiqətləri üzə çıxarmaq qalır.

 

Beşbarmağa sahib çıxmağa gecikirik

 

Beşbarmaq dağının arxeoloji əhəmiyyətli hissələrinə üz tuturuq.  Havalar istiləşdiyi üçün ilanların olması  riski ərazidə hərəkəti bir qədər məhdudlaşdırır. Həqiqətən də ətrafdakı ot, kol-koslardan heç nə görünmürdü. Düşündük ki, ayaq dalayan otların arası ilə hələ çox getməli olacağıq.

Amma birdən qarşımızda otlar arasında olan qala divarlarını, evləri görüb duruxduq. Çətinliklə də olsa, müəyyənləşdirə bildik ki, bura arxeoloqun söylədiyi tarixi əhəmiyyətli divarların qalıqları olan ərazidir. Qala divarlarının ətrafında alaq otları məskən salıb. Evlərdə aşkarlanan təndirlər onların arasından güclə seçilir, saralıb qurumuş otlar isə imkan vermir ki, qalanın bürcləri görünsün. Digər tərəfdəki arxeoloji qalıqlara baxmağa isə boy-boy uzanıb arasında ilanların gəzişdiyi alaqlar mane olur. Şahidlik etdiyimiz mənzərə heç də xoş təəssürat yaratmır.

Ümumiyyətlə, yenicə aşkar edilən tarixi sərvətə belə yanaşma doğru sayıla bilməz.  Nəticədə bu gün qoruğun yaradılmasından 2 il ötür, ancaq məlum olan odur ki, görülən işə də dəyər verilməyib.

Prezidentin sərəncamına əsasən, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradıldığı gündən etibarən Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində qoruğun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli idilər. Lakin hələ də qoruğun sərhəd müəyyənləşdirilməyib.

Hətta bir faktı da qeyd etmək yerinə düşər ki, 2 il ərzində qoruğun işçilərinin inzibati binası belə tikilməyib. Direktor, müavin və digər nümayəndələr hər dəfə qoruğa gəlmək üçün 95 kilometrlik yolu qət edib həmin gün də geri qayıtmalı olurlar.

Bütün dünya hazırda Azərbaycanın iqtisadi qüdrətinə şahidlik edir. Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycan yalnız öz qüdrətinə 8 aya beynəlxalq hava limanı tikir, bir ilə Füzulidən Şuşaya Zəfər yolu çəkir və ən əsası il yarım müddətə müasir "ağıllı kənd" layihəsini reallaşdırıb Böyük qayıdışa start verir, amma bəzi dövlət qurumları 2 il müddətinə Beşbarmaq qoruğunun sərhəddini müəyyənləşdirə bilmir... 

Hər halda inanmaq istərdik ki, tezliklə bu məsələ həllini tapacaq və növbəti reportajımızda bu ürəkdağlayan mənzərəyə şahidlik etməyəcəyik.

 

Yamac paraşütü ilə Beşbarmaq dağında

 

Birdən dağın ətəklərindən havaya qalxan paraşüt diqqətimizi çəkir. Sən demə, Beşbarmaq dağı qoruq və müqəddəs məkan olmaqla yanaşı, həm də səmaya yüksələcək yerin başlanğıcıdır. Yəni ərazi sahib olduğu imkanlarla turizm baxımından da kifayət qədər uğurlu məkandır. Turizm Agentliyindən də bildirilmişdir ki, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin abadlaşdırılması yönündə bir çox layihələr planlaşdırılıb. Ehtimal edilir ki, burada yaradılacaq şəraitlə geniş insan axınına nail olunacaq. Əslində, məkanın təqdim etdiyi imkanlar və xüsusilə paytaxta yaxın ərazidə yerləşməsi deyilənləri təsdiq edir, geriyə isə verilən vədləri reallaşdırmaq qalır.

Uçuşların edildiyi vaxtda həmin istiqamətə gedib paraşütçü Fərid Məmmədovla həmsöhbət oluruq. O söyləyir ki, buranı kəşf etməzdən əvvəl uçuşları Qubada həyata keçirirlərmiş: "Beşbarmaq dağının küləyindən və mənzərəsindən qısa zaman öncəyə qədər xəbərsiz idik. Burada 450 metr hündürlükdən qalxış edirik, təyin edilən trayektoriya ilə uçuş etdikdən sonra enişə doğru istiqamətlənirik. Havada 6-8 dəqiqə qalaraq dənizin sahili ilə enişə hazırlaşırıq".

Fərid söhbətini bitirib yoldaşları ilə birlikdə uçuşu həyata keçirmək üçün hazırlıq görməyə başlayır.

Qaçırlar, qaçırlar və göyə ucalırlar...

Paraşütçülərin quştək səmada süzməsinə baxa-baxa biz də Beşbarmaq dağına səfərimizi yekunlaşdırırıq...

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video